Azərbaycan qadını ictimai-siyasi həyatda layiqli mövqeyini təmin etmişdir

 

 

Tarixi təcrübə göstərir ki, bir çox taleyüklü məqamlarda məhz qadınlar daxildən gələn tələbatla, humanizm və insanpərvərliklə sülh, barış missiyalarını üzərlərinə götürmüş, həmrəyliyə və tərəqqiyə xidmət edən böyük təşəbbüslərin müəllifinə çevrilmişlər. Qadınların parlaq zəkası, müdrikliyi, təmkinli düşüncəsi bəzi hallarda, hətta insan tələfatı ilə nəticələnəcək böyük münaqişələrin, toqquşmaların qarşısını almışdır. Bu gün də dünyanın hər yerində qadınların bərabərlik, sülh və sabitlik uğrunda hərəkatı genişlənmişdir. Daim inkişafda olan tərəqqipərvər Azərbaycan qadınları bu hərəkatlara fəal surətdə qoşulur, millətimizin haqq səsini beynəlxalq tribunalardan səsləndirirlər.

Milli-mənəvi dəyərlərə tapınan Azərbaycan qadını daim yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış etmiş, bütün dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışmışdır. Bu gün qadınlarımız təkcə xeyirxah layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın genişlənməsində böyük işlər görürlər. Azərbaycan qadınlarının sentyabrda keçirilmiş III qurultayı da ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirilmiş, bu təbəqənin cəmiyyətdəki layiqli yerinin, mühüm proseslərə fəal müdaxilə imkanlarının təcəssümü olmuşdur. İki minə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Misir, Küveyt, Gürcüstan, Rusiya, Türkiyə, Litva, ABŞ, İordaniya və İsveçrədən nümayəndələrin iştirakı da tədbirin əhəmiyyətindən və mötəbərliyindən xəbər verirdi. Qadınların ali məclisində respublikada son beş il ərzində qadın hərəkatının inkişafı sahəsində görülən işlərə yekun vurulmuş, gender bərabərliyinin möhkəmləndirilməsi üzrə dövlət strukturlarının və qeyri-hökumət təşkilatlarının perspektiv fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdi. Qurultayda Azərbaycanda qadın hərəkatının bugünkü vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda geniş fikir mübadiləsi aparılmışdı.

Respublikada qadın hərəkatının genişlənməsi ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra mümkün olmuşdur. Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları ölkədə baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətcilik mövqeyindən cıxış etmişlər. Gənc nəsli Vətənə sədaqət, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək kimi ağır yükü şərəflə çəkmişdir.

Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir. Müstəqil Azərbaycanın 1995-ci ilin 12 noyabrında qəbul edilən Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır.

2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilmişdir. Bu proqram həm də birbaşa olaraq Azərbaycan Respublikasının qoşulduğu "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyanın və IV Ümumdünya Qadınlar Konfransında qəbul edilmiş Pekin Fəaliyyət Platformasının həyata keçirilməsi ilə əlaqədar olmuşdur. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, onların həlli ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapmışdır.

Azərbaycan beynəlxalq səviyyədə bir neçə çoxtərəfli və ikitərəfli sazişlər üzrə öhdəlikləri yerinə yetirir. Bu beynəlxalq müqavilələr arasında qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında BMT Konvensiyasını, BMT-nin Uşaq Hüquqları Konvensiyasını, Uşaqların Müdafiəsi və ölkələrarası övladlığa götürmə ilə bağlı əməkdaşlıq haqqında Haaqa Konvensiyasını misal göstərmək olar.

1998-ci ildə keçirilmiş Azərbaycan qadınlarının I qurultayı ilə qadınlarımız cəmiyyətin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək, fəallıqlarını artırmaq istəklərini bir daha nümayiş etdirdilər. Qurultayın qərarlarında diqqəti çəkən məqamlardan biri də qadın siyasətinin yetkinləşməsi və gerçəkləşməsi tələbatı olmuşdur. Məhz bu istək və zərurətin nəticəsi kimi ulu öndər Heydər Əliyev "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 3 mart 2000-ci il tarixli fərman imzalamışdır. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, kəşməkəşli mübarizə yoluna diqqətlə nəzər yetirilmiş, respublikamızın mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir. Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Fərman dövlət həyatının bütün sahələrində qadınların öz müqəddəratını təyin etməsinə əlverişli şərait yaratmış, həmçinin gender tarazlığına nail olmaq istiqamətində operativ tədbirlərin görülməsini təmin etmişdir. Son 15 ildə qadınların dövlət qurumlarında və ümumiyyətlə, ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi də məhz ulu öndərin əsasını qoyduğu gender siyasəti nəticəsində mümkün olmuşdur.

Cəmiyyətdə gedən demokratikləşmə proseslərindən irəli gələrək ölkədə çoxsaylı qadın təşkilatlarının yaradılması, ümummilli miqyasda fəaliyyət gostərən bu qurumların əsas məqsəd kimi Azərbaycanda qadının sosial statusunun yaxşılaşdırılması, onun sosial-iqtisadi problemlərinin həlli və sair bu kimi vacib məsələləri önə çəkməsi də həmin ictimai-siyasi fəallığın bariz təcəssümüdür. Bu baxımdan, YAP Qadınlar Şurasının əzmkar fəaliyyəti xüsusi vurğulanmalıdır. Partiyanın qadınlar şurası fəaliyyət göstərdiyi müddətdə qadınların partiya daxilində monolit qüvvə kimi birləşməsini, ictimai-siyasi proseslərdə fəal və səmərəli iştirakını uğurla təmin etmişdir. 2003-cü ildən ölkədə qadın siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, gender balansının qorunması istiqamətində mühüm addımlar atılmışdır. Bu sahədə əsası hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gender siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirilmişdir. Xatırlatmaq lazımdır ki, gender siyasətinin həyata keçirilməsi məqsədilə hələ 1998-ci il 14 yanvar tarixdə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. 2006-cı ilin fevralında isə Prezidentin fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni strukturda fəaliyyətə başlamışdı.

Respublikada həyata keçirilən qadın siyasəti bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyi, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunmasını, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını təmin etmişdir.

2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan qadını bu gün Milli Məclisin sədr müavini, İnsan Hüquqları üzrə Müvəkkil, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Konstitusiya Məhkəməsinin sədr müavini və digər yüksək postlarda təmsil olunur. Ölkə parlamentində 14 qadın deputat fəaliyyət göstərir. Minlərlə Azərbaycan qadını müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarında rəhbər vəzifələrdə çalışır.

Azərbaycanda "birinci xanım" institutunun 2003-cü ilin oktyabrından sonra formalaşması, bunun YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlı olması faktı da xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir. Heydər Əliyev Fondu ölkədə elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü çox fəal işlərlə yanaşı, gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.

2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə birgə layihəyə dair sənədlərin imzalanması da bunun bariz nümunəsidir. Əsas məqsədi əhalinin maarifləndirilməsi, qadın və uşaqların məişət zorakılığından müdafiə olunması, zərərli vərdişlərin aradan qaldırılması, erkən nikahların qarşısının alınması və ailədə baş verən zorakılığın uşaqlara təsirinə yol verilməməsi kimi əsl insani münasibətləri əks etdirən bu layihə çərçivəsində, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən beynəlxalq ekspertlərin cəlb edilməsi, əhali arasında insan hüquqları və gender bərabərliyi ilə bağlı genişmiqyaslı məlumatlandırma kampaniyasının, regional seminarların təşkili planlaşdırılır.

Azərbaycanın birinci xanımı nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə öz töhfəsini verir. Son illərdə məhz Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun iştirakı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qadın hüquqlarının qorunması, savadsızlığın, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib ideyalar üstünlük təşkil etmişdir.

Bu il Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Azərbaycanın birinci xanımının Azərbaycan qadınlarının III qurultayındakı dərin məzmunlu çıxışı isə ümumilikdə ölkədə qadın hərəkatının dünəni, bugünü və gələcəyi ilə bağlı ən dəyərli fikirləri, tövsiyələri özündə ehtiva etmişdir. Mehriban xanım Əliyeva demişdir ki, biz bu gün həyatımızın bir çox sahələrində qadınların əldə etdiyi uğurlarla haqlı olaraq fəxr edirik. Tarix boyu Azərbaycanda mədəniyyətimizin, ana dilimizin, dinimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunub saxlanmasında qadınların misilsiz xidməti olmuşdur. Azərbaycanda qadın, ana hər zaman uca, müqəddəs sayılmış, qadın övladlarını vətənpərvərlik, xeyirxahlıq, mərdlik, qonaqpərvərlik, tolerantlıq ruhunda tərbiyə edərək, xalqımıza xas olan bu gözəl xüsusiyyətləri qoruyub saxlamışdır: "...Azərbaycan qadınları çox çətin, eyni zamanda, şərəfli yol keçibdir. 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika quran Azərbaycan qadınlara seçmək və seçilmək hüququ verdi. Bu hüququ Azərbaycan qadınları bir çox Qərb ölkələrinin qadınlarından xeyli əvvəl qazanıblar. 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatını yaradan 51 ölkənin ancaq 30-unda qadınlar kişilərlə eyni hüquqlara malik idi. Bu faktın özü Azərbaycan cəmiyyətində qadının rolunun, demokratik dəyərlərinin qiymətləndirilməsinin göstəricisidir.

Sonrakı dövrdə Azərbaycan qadını ölkəmizin mədəniyyətinə, elminə, təhsilinə, səhiyyəsinə öz böyük və layıqli töhfələrini vermişdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra demək olar ki, qadınların qarşısında daha geniş imkanlar açıldı. Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. İqtisadi artım sürətinə görə Azərbaycan 4 ildir ki, dünyanın lider ölkəsidir. Bu inkişaf həyatımızın bütün sahələrində müşahidə olunur və bu uğurlarda Azərbaycan qadınının böyük rolu, böyük payı var" - deyə Mehriban xanım Əliyeva bildirmişdir.

Heydər Əliyev Fondunun prezidenti bu gün qadınların üzləşdiyi problemlərdən də geniş söz açmışdır. Onun sözlərinə görə, hazırda Azərbaycanda təhsilin, elmin inkişafı naminə dövlət səviyyəsində nəhəng işlərin görülməsinə baxmayaraq, qadınların öz təhsil hüququnu reallaşdırmasında müəyyən problemlər qalmaqdadır: "...Uğurlarla yanaşı, cəmiyyətimizdə hələ həllini tapmayan problemlər, məsələlər də var. Hesab edirəm ki, biz belə qurultayda bu məsələləri birgə müzakirə etməli və problemlərin həlli yolunu axtarmalıyıq. Mən bu gün sizin diqqətinizi məni narahat edən iki məsələyə cəlb etmək istərdim. Bunun birincisi təhsilə aiddir. Azərbaycanda təhsil sahəsində son illər çox böyük işlər görülüb, ölkəmizdə 1300-dən çox yeni məktəb tikilibdir. Bütün məktəblər ən müasir avadanlıqla, kompüterlə təmin olunub, internet şəbəkəsinə qoşulub, ali məktəblərin maddi-texniki bazası yenidən qurulur. Bizim yüzlərlə tələbəmiz dövlətin dəstəyi ilə dünyanın ən qabaqcıl universitetlərində təhsil alır. Bunlar hamısı bizi çox sevindirir. Çünki hər bir ölkənin ən böyük sərvəti intellektual potensialından ibarətdir.

Bununla yanaşı, bir sıra bölgələrdə bəzi ailələr qızlarına hətta orta məktəbi bitirməyə belə, icazə vermirlər. Hesab edirlər ki, qız uşağı üçün təhsil o qədər də vacib deyil. Fikrimcə, bu, dözülməz bir faktdır. Biz qadınlar bu məsələlərdə həmrəy olaraq öz qəti sözümüzü deməliyik".

Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkün uşaqlarının təhsili sahəsindəki obyektiv problemlərə də toxunmuş, Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi layihələrdən söz açmışdır: "...İkinci məsələ uşaq evləri və internat məktəblərində tərbiyə alan uşaqlara aiddir. Heydər Əliyev Fondu bu sahədə bir çox işlər görür. Bizim xüsusi proqramımız var və bu proqram çərçivəsində ölkəmizdə 30-dan çox uşaq evi və internat məktəbi yenidən qurulub, ən müasir avadanlıqla təmin olunubdur. Bu məktəblərdə, bu evlərdə yaşayan uşaqlar daim bizim diqqət mərkəzimizdədir. Mən özüm ölkəmizdə, demək olar, bütün internat məktəblərində və uşaq evlərində olmuşam və bu uşaqların bütün problemləri ilə çox yaxından tanışam. Bu gün məni narahat edən odur ki, son illər internat məktəblərində, uşaq evlərində uşaqların sayı artır. Araşdırmalar göstərir ki, bu uşaqların əksəriyyətinin valideynləri və ya heç olmasa, bir valideyni var. Hətta o qədər də ağır maddi vəziyyətdə olmayan bəzi ailələr də uşaqlarının ailədən kənarda, internatda tərbiyə olunmasını istəyirlər. Fikrimcə, bu, çox həyəcanlı bir faktdır. Çünki heç bir, hətta ən müasir, bütün tələblərə cavab verən internat, uşaq evi heç vaxt ailə mühitini, ailə tərbiyəsini əvəz edə bilməz. Axı, biz azərbaycanlılar üçün əsrlər boyu ailə, uşaqlar müqəddəs olubdur. Ona görə bu faktlar məni çox narahat edir".

Azərbaycan qadınlarının III qurultayı həm də kifayət qədər mühüm və məsuliyyətli dövrə təsadüf etmişdir. Son illər ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyada öncül mövqelərə çıxmış, ölkə həyatının bütün sahələrində yeni intibah mərhələsi başlanmışdır. Respublikamızın artan iqtisadi imkanları ölkədə gender siyasətinin daha da təkmilləşdirilməsinə, qadınların cəmiyyətdəki rolunun yüksəldilməsinə yaxşı imkanlar açır. İnanırıq ki, qarşıdakı illərdə qadın problemləri ilə bağlı qaldırılmış bütün aktual məsələlər yüksək səviyyədə həllini tapacaqdır.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.-2008.-5 dekabr.-S.3.