Azərbaycan Silahlı Qüvvələri istənilən an torpaqlarımızı işğaldan azad etməyə hazırdır

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyindəki "N" saylı hərbi hissəyə daxil olanda bölük və taqım komandirləri günün nizam qaydalarına uyğun olaraq şəxsi heyətə atəş hazırlığından nəzəri təlim keçirdilər. Bölüklərin birində təlimin aparılma metodu elə ilk baxışdan diqqətimizi cəlb etdi. İndiyə qədər Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsində olsaq da, hərbi təlimlərin burada olduğu kimi yüksək səviyyədə keçirildiyinə təsadüf etməmişdik. Ümumiyyətlə, bölükdə nəinki atəş hazırlığı, eyni zamanda taktiki hazırlıq və digər təlim və dərslər də tamamilə yeni standartlara uyğun aparılırdı. Bir qədər sonra hər şey aydın oldu.

 

Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır

 

1994-cü ildən ölkəmizlə Şimali Atlantika Alyansı (NATO) arasında əməkdaşlığın təməli qoyulmuşdur. Azərbaycanın Avratlantik məkana inteqrasiyası üçün nüfuzlu beynəlxalq təşkilatlarla çoxtərəfli əlaqələrin yaradılmasına nail olan ümummilli lider Heydər Əliyev eyni zamanda Avratlantik təhlükəsizlik institutları ilə əlaqələrə xüsusi diqqət yetirirdi. Bu baxımdan Azərbaycan Resrublikası ilk növbədə özünün suverenliyi və ərazi bütövlüyünü, ölkəmizə qarşı yönəlmiş təhlükələrin qarşısını almaq və daha etibarlı təhlükəsizlik təminatları əldə etmək məqsədilə Avratlantik təhlükəsizlik sistemi və onun əsas təminatçısı olan Şimali Atlantika Alyansı (NATO) ilə əməkdaşlığa qərar verdi. Alyansın beynəlxalq münasibətlər sistemindəki yeri və rolunu nəzərə alan ulu öndər Neydər Əliyev 1994-cü il mayın 4-də Brüsseldə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramını imzaladı. Çərçivə sənədi olan bu proqramın imzalanması ilə Azərbaycan-NATO əlaqələrinin hərtərəfli inkişafının əsası qoyuldu.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də Azərbaycan-NATO əlaqələrinə böyük diqqətlə yanaşır. Dövlət başçısı 2005-ci ilin oktyabr ayında Azərbaycan Resrublikasının NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq etmişdir. Hazırda ölkəmiz NATO-nun müxtəlif proqramlarında, hərbi təlimlərində, sülhyaratma missiyalarında fəal iştirak etməkdədir.

Azərbaycan-NATO əməkdaşlığı çoxtərəflidir və onun ölkəmiz üçün ən mühüm istiqamətlərindən biri Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasıdır. NATO ilə müxtəlif proqramlar çərçivəsində əməkdaşlıq ölkəmizə hərbi hissələrin müasir standartlar səviyyəsində modernləşdirilməsində, hərbçi kadrların hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək və başqa imkanlar yaratmışdır. Hazırda Azərbaycan Ordusunda təlim, tədris və məşğələlər bütünlüklə NATO standartlarına uyğunlaşdırılmaqdadır.

Baş çəkdiyimiz hərbi hissədə də tədricən NATO standartlarına keçmə prosesi gedir. Artıq hərbi hissənin ştat strukturu NATO standartlarına uyğunlaşdırılıb. Burada 2006-cı ilin sentyabr ayından NATO standartlarına uyğun yeni bölük də yaradılıb. "Əməliyyat imkanları konsepsiyası bölüyü" adlanan bu bölükdə təlim, tədris və məşğələlər zamanı ən müasir metodlardan istifadə olunur. Demək olar ki, bütün tədris otaqlarında kompüterlər qurulub. Nəzəri təlimlər zamanı zabitlər bu kompüterlərdən istifadə etməklə atəş və taktiki hazırlığın bütün incəliklərini əsgərlərə öyrədirlər. Bölüyün strukturu da keçmiş sovet ordusundan qalma strukturdan tamamilə fərqlənir.

Bölük komandiri baş leytenant Ramal Əzimovun sözlərinə görə, bu bölüyə rəhbərlik ona həm qürur, həm də böyük zövq verir. O dedi: "Azərbaycan Ali Hərbi Məktəbində yeni prinsiplərə uyğun hərbi təhsil almışam. Taqım komandiri kimi hərbi qulluğa başlamışam. Bu bölük yaradıldıqdan sonra onun komandiri vəzifəsinə təyin olunmuşam. Əməliyyat imkanları konsepsiyası bölüyünü digər bölüklərdən fərqləndirən cəhətlər var. Əvvəla, burada çalışan zabitlər gərək hərb elmini yaxından bilməklə yanaşı, həm də müasir informasiya-kommunikasiya texnologiyalarına, kompüterlərdən istifadə olunmasına mükəmməl bələd olsunlar. Çünki gördüyünüz kimi, bölükdə bütün nəzəri təlimlər kompüterlər vasitəsilə tədris olunur. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması məqsədilə yaradılan bu bölük təcrübədən uğurla çıxıb və yəqin ki, yaxın vaxtlarda bütün bölüklər yeni qaydalara keçəcəklər".

Bölükdə olduğumuz zaman taqım komandiri baş leytenant Ramiz Məmmədov atəş hazırlığından dərs keçirdi. Ondan bu texnologiyalardan istifadə etməyin çətin olub-olmadığını soruşduqda belə cavab verdi ki, Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olan hərbçilərin müasir avadanlıqlardan istifadə ilə bağlı problemi olmur.

Bu bölüyə sülməramlı bölük də deyirlər. Bölüyün yüksək səviyyədə keçirdiyi təlimlərə NATO-dan gələn peşəkar mütəxəssislər baxış keçiriblər. Komandirlərdən biri bu barədə fəxrlə danışaraq bildirdi ki, biz öz gücümüzə bu bölüyü yaratdıq. Qətiyyətlə deyə bilərik ki, bizə qonşu olan dövlətlərin heç birində indiyə qədər bu bölüyün keçirdiyi kimi yüksək səviyyəli, son dərəcə peşəkarcasına təlim keçirilməyib. Zabit və əsgərlərimiz təlim zamanı qarşıya qoyulan tapşırığın öhdəsindən elə məharətlə gəldilər ki, NATO mütəxəssisləri heyran qalmışdılar. 10 günlük təlim müddətində bölük 400-dən artıq tapşırığı uğurla yerinə yetirə bildi.

 

Müdafiə xərclərinin artması hərbi texnikanın müasirləşməsi ilə müşayiət olunur

 

Ümumiyyətlə, hərbi hissənin bütün tabor və bölükləri mütəmadi olaraq taktiki təlimlər keçirlər. Şəxsi heyət istənilən zaman çöl şəraitində ən ekstremal vəziyyətə hazırdır. Ən önəmli məsələlərdən biri odur ki, burada hər bir əsgərin həm gündüz, həm də gecə döyüşə bilməsi üçün hərbi hissə bütün texniki avadanlıqlara, ən müasir hərbi cihazlara malikdir. Zabitlər əminliklə bildirdilər ki, dünyanın ən peşəkar ordularında texniki imkanlar baxımından əsgərin döyüş qabiliyyəti və keyfiyyəti hansı səviyyədədirsə, bu hərbi hissədə də elədir.

Hərbi hissənin hərbi-texniki təchizatı da qürur doğurur. Hərbi texnika - tanklarla, piyadaların döyüş maşınları, zirehli transpartyorlarla tanışlıq zamanı Azərbaycanın artan hərbi xərclərinin ordumuzun maddi-texniki imkanlarının gücləndirilməsi ilə bağlı deyilən fikirlərin əyani şahidi olduq. Fərəhli haldır ki, son illərdə hərbi hissənin avtomobil parkı tamamilə yenilənib. Dövlət büdcəsinə hərbi məqsədlər üçün nəzərdə tutulan xərclərin artması ağır texnikadan tutmuş avtomobil parkına qədər bütün hərbi maşınların təzələnməsi ilə müşayiət olunur. Hərbi hissə çöl şəraiti üçün də lazım olan bütün texnika ilə təmin edilib. Ona görə də hərbi hissə balansında olan texnika vasitəsilə istənilən zaman qısa zaman kəsiyində Azərbaycanın ən uzaq nöqtəsinə yürüş edə bilər.

Arxa cəbhədə yerləşməsinə baxmayaraq, buradakı tank taborunda olan müasir tanklar hər an saz vəziyyətdə döyüşə hazırdır. Bu tanklar Azərbaycan Ordusunun 90 illiyi ilə əlaqədar keçirilən və hər birimizin fəxarətlə xatıldağımız hərbi paradda da yürüş ediblər. Hərbçi karyerasını tankçı kimi quran baş leytenant Rauf Məcidov: "Zabit şərəfli bir vəzifə olsa da, tankçı olmaq mənim üçün xüsusi bir şərəfdir. Hərbi qulluğa tankçı kimi başlamışam və bu günə qədər nöqsanım olmayıb. İnanıram ki, axıra qədər qüsursuz xidmət edəcəyəm. Mənim qüsursuz xidmət etməyimin əsas səbəbi ali hərbi məktəbdə müəllimlərimin verdiyi təhsildir". Baş leytenant Məcidov ordumuzun 90 illiyi münasibətilə keçirilən hərbi paradın iştirakçısıdır. "Hərbi paraddan keçmək mənim üçün əlamətdar hadisə idi. Çünki bu, hər zabitə müyəssər olmayan bir şeydir. Paraddan keçən zabitlər həmişə bunu xatırlayır və fəxr edirlər. İyunun 26-da tank kolonunda paraddan keçənlərin arasında mən də var idim. Parada əvvəldən böyük hazırlıq keçmişdik və missiyamızı uğurla başa çatdırdıq. Görürdüm ki, insanlar bizi necə salamlayır, necə alqışlayırlar. Biz hərbçilər üçün bundan yaxşı nə ola bilərdi?" - deyə Məcidov bildirir.

Hərbi hissənin tankları mütəmadi olaraq təlimlərdə iştirak edirlər. İndiyədək tanklar bütün təlimlərdən üzüağ çıxıblar. Onlara hər gün xüsusi qaydada xidmət göstərilir. Dövlətimizin hərbi məqsədlər üçün ayrılan xərclərinin ilbəil artırılması yeni texnikanın alınması ilə yanaşı, mövcud texnikanın ayrı-ayrı hissələrinin, müxtəlif detallarının dəyişdirilməsi, yenilənməsi yolu ilə daha da modernləşməsinə imkan verir.

Qeyd edək ki, hərbi hissənin əsgərləri də paradda iştirak ediblər və onlar bundan yüksək qürur hissi keçirirlər. Paradı yüksək səviyyədə başa vurduqları üçün əsgərlərə komandanlıq tərəfindən təşəkkür edilib və həm də mükafatlandırılıblar.

Hərbi hissədə çoxlu, üstəlik, üç-dördmərtəbəli əsgər yataqxanalarının olmasına baxmayaraq, NATO standartlarının tətbiqi yeni kazarmaların tikintisini zəruri edir. Ölkəmizin artan maliyyə imkanları isə təbii ki, bu işlərin aparılmasına tam imkan verir. Hərbi hissəyə yaxınlaşdıqda tikilməkdə olan iki bina diqqətimizi cəlb etmişdi. Bunlarla maraqlandıqda bildirdilər ki, NATO standartlarına uyğun tikilən yeni binalardır. Bu binalar öz xüsusiyyətlərinə görə mövcud yataqxanalardan tamamilə fərqlənəcəklər.

 

Silahlı Qüvvələr barədə

yalan informasiya yayanlar Azərbaycan dövlətçiliyini sevməyənlərdir

 

Hərbi hissədə əsgərlərin mənəvi-psixoloji durumları da yüksək səviyyədədir. Müxtəlif vaxtlarda hərbi xidmətə çağırılmalarına, hərəsinin ayrı-ayrı mühitlərdə böyümələrinə baxmayaraq, əsgərlər arasındakı münasibətlər ürəkaçandır. Ümumiyyətlə, axırıncı dəfə burada nə vaxt xoşagəlməz halın baş verdiyini söyləmək çətindir. Təbii ki, təmiz kazarmanın, yüksək maddi və mənəvi təminatın olduğu yerdə ləyaqətlə qulluq etməkdən başqa heç nə ola bilməz.

Hərbi hissə ərazisinin müxtəlif yerlərində - kazarmalarda, dərs otaqlarında əsgərlərə hərbi vətənpərvərlik hissləri aşılayan plakatlar, ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu ilə bağlı nitqlərindən çıxarılan sitatların əks olunduğu, eyni zamanda Azərbaycan Respublikasının dövlət atributlarından bəhs edən tablolar quraşdırılıb.

Hərbi hissənin şəxsi heyət bölməsinin hərbi mülki fəaliyyət üzrə zabiti mayor Ağagül Hüseynovun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri barədə yalan, qərəzli informasiyaları cəmiyyətə ötürənlər, şəxsi heyətin mənəvi-psixoloji durumun pis olduğunu, əsgərlər arasında nizamnamədən kənar münasibətlərin mövcudluğunu iddia edənlər Azərbaycan Ordusunu, dolayısı isə Azərbaycan dövlətçiliyini sevməyənlərdir. Son illərdə Azərbaycan Ordusu bütün istiqamətlərdə yüksəliş dövrü keçib. Bu gün mükəmməl hərbi təhsili, eyni zamanda hərb peşəsinin tələblərinə uyğun xarakterik keyfiyyətləri olmayan insanlar Azərbaycan Ordusunda heç bir vəzifə tuta bilməz. Eyni zamanda ordunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyəti ilə bağlı da xeyli dəyişikliklər baş verib. Bir vaxtlar Azərbaycan Ordusunda baş verən fərarilik hallarına indiki dövrdə, demək olar ki, rast gəlinmir. Azərbaycan dövləti əsgərin ləyaqətlə qulluq etməsi, hərbi xidmətini uğurla, şərəflə başa vurması üçün bütün hər şeyi edir və etməkdədir. Əsgərin maddi-mənəvi təminatı ən yüksək səviyyədə həyata keçirilir. Şəxsi heyət geyimindən tutmuş yeməyinə qədər yüksək səviyyədə təmin edilir. Üstəlik, ordudakı münasibətlərin hərbi nizamnamələrin tələbləri çərçivəsindən çıxmamasına böyük diqqət yetirilir. Belə olan yerdə əsgər niyə fərarilik etməlidir. Bizim hərbi hissədə axırıncı dəfə fərarilik halı 8 il bundan əvvəl qeydə alınıb. O da əsgərin ailə vəziyyəti ilə əlaqədar olub. Əsgərin məzuniyyətdən sonra hərbi hissəyə qayıtmaması halı baş verməyib.

Hərbi hissədə zabitlərlə söhbət zamanı o da aydın oldu ki, bəzən yeni gələn əsgərlərin ordu həyatına öyrənmələri ilə bağlı müəyyən çətinlikləri meydana çıxa bilər. Belə olan halda zabitlərin üzərinə böyük məsuliyyət düşür. Söhbət zamanı zabitlər bəzi hallarda əsgərlərin ordu həyatına çətin alışmalarını onlara orta məktəblərdə hərbi xidmətin özəllikləri, əsgər həyatı ilə bağlı mənəvi aşılanmanın olmaması ilə əlaqələndirdilər. Zabitlər onu da bildirdilər ki, hərbi hissədə ilk günlərdə mülki həyat, ailəsi üçün darıxan əsgər karantin müddətindən sonra valideynlərinin onun arxasınca hərbi hissəyə gəlməsini istəmir.

 

Əsgərin sağlamlığı, ərzaq təminatı yüksək səviyyədə təmin olunur

 

Hərbi hissə ilə tanışlıq zamanı tibb məntəqəsinə də baş çəkdik. Kənardan binanın əsgər yataqxanası olduğunu zənn etsək də, öyrəndik ki, bura tibb məntəqəsidir. Əslində bura adi tibb məntəqəsini yox, böyük xəstəxananı xatırladırdı. İkimərtəbəli binanın birinci mərtəbəsində xəstəxanalarda mövcud olan bütün müalicə otaqları vardı. Qəbul otağı, sarğı otağı, müayinə otağı, fizioterapiya otağı, stomatoloji kabinet və sair. Hər bir otaqda da tibbi müalicə üçün zəruri olan bütün avadanlıqlar quraşdırılıb. Tibb məntəqəsinin ikinci mərtəbəsində isə 10 palata var. Hər palataya 6 çarpayı yerləşdirilib. Hərbi hissənin tibb xidmətinin rəisi mayor İlfəddin Əliyevin sözlərinə görə, əsgərlər mütəmadi olaraq müayinədən keçirilmək üçün tibb məntəqəsinə gətirilirlər. Tibb məntəqəsində əsgərin müalicəsi üçün 15 gün müddət nəzərdə tutulur. 15 günə müalicə mümkün olmadıqda əsgər növbəti tibb məntəqəsinə göndərilir. Həkimlərlə söhbət zamanı onlar bildirdilər ki, çox az-az hallarda əsgərlər müalicə üçün hərbi hospitala göndərilirlər. Çünki hərbi hissədə şərait elədir ki, təsadüf hallarda əsgərdə ciddi xəstəlik baş qaldıra bilər. Soyuq aylarda əsgər yataqxanaları yaxşı qızdırıldığından belə xəstəlik tək-tük hallarda baş verir. İlk baxışdan görünürdü ki, həkimlər hər bir əsgərin sağlamlığının keşiyində mübariz dayanıblar. Məntəqədə olduğumuz zaman əsgərlər rentgen müayinəsindən keçirdilər.

Hərbi hissədə əsgərlərin ərzaq təminatı ilə də maraqlandıq. Burada əsgərin qida rasionuna çoxsaylı ərzaq növləri daxildir və yeməkxanada bunların əyani şahidi olduq. Yeməkxanada olduğumuz zaman lk baxışdan səliqə-sahman, təmizlik diqqətimizi cəlb etdi. Yeməkxana növbətçisinin sözlərinə görə, nümunəvi hərbi hissənin yeməkxanası da nümunəvi olmalıdır və əslində, burada təmizliyin yüksək səviyyədə olması adi normadır. Başqa cür ola da bilməz. Həmin gün əsgərlərə qıyma ilə birlikdə makaron və ətli lobya supu verilirdi. Yeməkxanada onu da bildirdilər ki, hər gün əsgərlərə müxtəlif cür yeməklər verilir.

Hərbi hissənin ərazisini gəzdikcə ilk növbədə ərazinin səliqə-sahmanı diqqəti cəlb edirdi. Bütün ərazisi asfaltla örtülü olan hərbi hissənin dörd bir yanındakı təmizlik göz oxşayırdı.

Hərbi hissənin idman meydanı da kifayət qədər genişdir. İdman meydanının yaxınlığında isə pentatlon yerləşir. Pentatlon müxtəlif süni maneələrin yaradıldığı təlim meydanıdır. Buradakı maneələri tələb olunan zamanda keçmək əsgərdən böyük fiziki hazırlıq tələb edir. Pentatlonu uğurla keçməyi bacaran əsgərin döyüş şəraitində hər hansı maneəni dəf edərkən çətinliyi olmur. Bu hərbi hissədə bütün əsgərlər pentatlondakı maneələri tələb olunan zamanda nöqsansız başa vurur. Lazım gəlsə, Azərbaycan əsgəri ən çətin maneələri dəf etmək iqtidarında olduğunu Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqlarımızı azad edərkən göstərəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2008.-5 dekabr.-S.4.