Türkiyə parlamentinin deputatları Milli Məclisdə oldular

 

Dekabrın 4-də Milli Məclisin Sədr müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Türkiyə parlamentinin deputatları ilə görüşdü.

Xanım vitse-spiker türkiyəli millət vəkillərini Azərbaycan parlamentində salamlamaqdan xüsusi məmnunluq duyduğunu ifadə etdi. Bahar Muradova böyük türk dünyasının təmsilçisi olan hər iki xalqın eyni dinə, eyni tarixi və milli adət-ənənələrə malik olduğunu bildirdi. Azərbaycan parlamentinin fəaliyyəti, qanunvericilik bazası, Dağlıq Qarabağ münaqişəsi prosesindəki mövcud vəziyyət barədə qonaqlara ətraflı məlumat verdi. Qonaqların ölkəmizə çox əlamətdar bir vaxtda gəldiklərini vurğulayaraq Azərbaycanın bu günlərdə bir neçə qlobal miqyaslı tədbirə ev sahibliyi etdiyini diqqətə çatdırdı.

Görüşdə iştirak edən Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova və deputat Məlahət Həsənova çıxış edərək qarşılıqlı əməkdaşlıq barədə öz fikirlərini açıqladılar.

Türkiyə parlamentinin deputatı Şenol Ball səmimi görüş üçün minnətdarlığını bildirdi. O, ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət!" deyiminin Türkiyədə dillər əzbəri olduğunu qeyd etdi. Dahi şəxsiyyətin vəfatının 5-ci ildönümü ərəfəsində, onun ruhuna ehtiram əlaməti olaraq ölkəmizə təşrif gətirdiklərini diqqətə çatdırdı.

Görüşdə türkiyəli deputatlar - Canan Aritman, Ərcan Turan, Ayşə Jalə Ağırbaş çıxış edərək ölkəmizdə gördükləri iqtisadi dirçəliş, parlamentlər arasında qarşılıqlı əməkdaşlıq, əlaqələrimizin inkişaf perspektivləri barədə danışdılar.

Sonra qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edildi.

 

Milli Məclisin

mətbuat xidməti

 

Azərbaycan.-2008.-5 dekabr.-S.5.