"Bakı prosesi" mədəniyyətlərin
yaxınlaşması yolunda
atılan ən real və perspektivli
addımdır
Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən konfransının iştirakçıları məhz bu qənaətdədirlər.
Avropa Şurası və Azərbaycan tərəfindən təşkil olunmuş konfransın uğurla başa çatmasını tədbir iştirakçılarının hər biri tərəddüd etmədən təsdiqləyirdi. Bunu onların jurnalistlərə verdiyi müsahibələrdən, bir-biri ilə söhbətlərindən açıq-aşkar duymaq olurdu. Azərbaycan Prezidenti İlham Əliyevin konfransda nitq söyləməsinə isə mühüm önəm verilirdi və yüksək dəyərləndirilirdi. Dövlət başçısının nitqində səslənən bir sıra fikirlər qonaqların ölkəmiz haqqında əsl həqiqəti öyrənmələrinə, Azərbaycan haqqında, qədim mədəniyyətimiz və əsrin sınaqlarından çıxmış milli-mənəvi dəyərlərimiz barədə konkret fikrə gəlməyə əsas verirdi. Prezident İlham Əliyevin "...indiki zamanda bir çox hallarda sivilizasiyalararası, mədəniyyətlərarası dialoqdan danışılır, ancaq bununla bərabər, dünyada gedən proseslər, əfsuslar olsun ki, bəzi hallarda gərginliyin artmasına gətirib çıxarır. Mən çox istəyirəm ki, bu gün Azərbaycanda başlanan Bakı prosesi mədəniyyətlər arasında olan dialoqun, dostluğun, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə öz dəyərli töhfəsini versin" - fikri əslində konfransın leytmotivinə çevrilmişdi.
Azərbaycan dövləti ölkəmizdə yaşayan bütün xalqların mədəni irsinə, tarixinə böyük hörmətlə yanaşır. Ölkə başçısı nitqində bildirdi ki, Bakıda və ölkənin digər yerlərində qorunub saxlanılan bütün dinlərin məbədləri, abidələri və onların bərpası buna əyani sübutdur. Amma Avropa Şurasının bir neçə il əvvəl Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı qətnaməsində qeyd edildiyi kimi, hərbi təcavüz və işğalçılıq nəticəsində bizim mədəni irsimizə çox böyük ziyan vurulmuş, işğal olunmuş torpaqlarda hər şey yerlə-yeksan edilmişdir. Hələ 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgələrində monitorinq keçirmişdi. Monitorinqə əsasən hazırlanan məruzədə göstərilirdi ki, işğal olunmuş ərazilərdə hər şey dağıdılıb, bir salamat bina qalmayıb. Bütün binalar, bütün tarixi abidələr Ermənistan tərəfindən dağıdılıb. Muzey eksponatları oğurlanıb, talan edilib. Bütün bunları Ermənistan tərəfi edib. ATƏT-in faktaraşdırıcı missiyası da bunları təsdiqləmiş, hazırladığı məruzədə göstərmişdir.
Dekabrın 2-də keçirilən mətbuat konfransında Avropa Şurasının baş katibi Terri Devis də bu barədə danışmışdı. Amma o, jurnalistlərin bu haqda suallarını cavablandırarkən faktlardan və dəlillərdən daha çox diplomatik jestlərdən istifadəyə üstünlük vermişdi. Cənab Devis ingilislərin tez-tez işlətdiyi bir kəlamı xatırlatmışdı ki, "sən öz kirpiklərindəki tozu görmürsənsə, başqasının gözündə daş axtarma". Bu daşın haradan-haraya atıldığını yaxşı bildiyimizdən təfərrüata varmayacağıq. Amma dəvət alsalar da, Ermənistandan bu konfransa heç kimin gəlmədiyini xatırlatsaq, məsələnin mahiyyəti daha da aydınlaşar.
Bakı konfransının iştirakçıları Azərbaycan paytaxtında keçirilən tədbirə yüksək qiymət verirlər. Onlardan aldığımız müsahibələrdən də bu aydın görünür:
Ertuğrul GÜNAY, Türkiyə Cümhuriyyəti mədəniyyət və turizm naziri:
- Bu tədbirin Bakıda keçirilməsi ürəyimizcədir. Mədəniyyətlərin, dinlərin, dillərin yaxınlaşması, dialoqa girməsi çox önəmlidir. Azərbaycanın bu konfransa ev sahibliyi etməsini təbii sayırıq. Ölkəniz türk dövlətləri içərisində iqtisadi inkişafı, yüksək mədəniyyəti, siyasi nüfuzu ilə seçilir. Dövlət başçısı İlham Əliyevin tədbirin açılışında nitq söyləməsini də olduqca önəmli hesab edirik. Türkiyə və Azərbaycan iqtisadi, siyasi və mədəni sahələrdə çox sıx əlaqələr qurublar. Yəqin yaxşı bilirsiniz ki, 2009-cu ildə Bakı islam ölkələrinin mədəniyyət mərkəzi rolunu oynayacaq. Çox güman bu amil əlaqələrimizin sıxlaşması, mədəniyyətlərin yaxınlaşması üçün yaxşı imkanlar açır.
Oljas SÜLEYMENOV, Qazaxıstanın YUNESKO-dakı daimi nümayəndəsi:
- Bu mötəbər məclisin iştirakçısı olduğuma görə çox şadam. Avropa ölkələrinin, müsəlman dövlətlərinin təmsilçilərinin bu səviyyədə bir yerə toplaşması, sözün həqiqi mənasında, görünməmiş hadisə təsiri bağışlayır. Konfrans iştirakçıları bu tədbiri mədəniyyətlərin yaxınlaşması yolunda atılan real addım kimi dəyərləndirirlər. Biz indi bütün ziddiyyətlərə, qarşıdurmalara "yox" deməliyik. Bəşəriyyətin gələcəyi bunu tələb edir. Mədəniyyətlərarası dialoqda "Bakı prosesi" təkrarsız bir iş olacaq. Konfrans olduqca yüksək səviyyədə təşkil edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakı isə xüsusilə önəmlidir. Dövlət başçınızın baba olmasının belə yüksək səviyyəli məclislə üst-üstə düşməsi olduqca əlamətdar hadisə kimi qarşılandı. Mən İlham Heydər oğlunu təbrik edirəm, ona uğurlar, ölkə əhalisinin, xüsusən, uşaqların firavan yaşaması yolunda atdığı addımların sevindirici nəticələr verməsini arzulayıram.
Əbubəkir BAHADIR, Səudiyyə Ərəbistanı mədəniyyət və turizm nazirinin müavini:
- Bu toplantının Bakıda keçirilməsi ölkənizin inkişaf göstəricisi kimi qiymətləndirilməlidir. Dediklərim iqtisadi, sosial, mədəni və siyasi cəhətdən tərəqqi kimi başa düşülməlidir. Konfrans mədəniyyətlərin yaxınlaşmasına, xalqların əməkdaşlığının intensivləşməsinə güclü təkan olacaq. Azərbaycan və Səudiyyə Ərəbistanının paytaxtlarında ölkələrimizin mədəniyyət günlərinin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili yalnız müvafiq strukturların əlaqələrinin yaxşılaşdırılmasına deyil, ümumən xalqlarımızın bir-birini daha yaxşı tanımasına, milli-mənəvi dəyərlərin öyrənilməsinə və tətbiqinə çox kömək edir.
Aqosten Jizelen SLAÇO, Sloveniya mədəniyyət nazirinin müavini:
- Bu görüş ölkələrimizin daha da yaxınlaşmasına kömək edəcək. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə bağlanmış müqavilə əsasında mədəniyyət və incəsənət, musiqi sahəsində, muzey və arxeologiya işində yeni uğurlar qazanacağımıza inanıram. Bakıdan danışsaq, deməyə sözüm çoxdur. Bu şəhər son illər böyük inkişaf yolu keçib, tanınmaz dərəcədə dəyişib. Burada tələbəlik dostlarım da yaşayır. Söz vermişəm, Bakıya tez-tez gələcəyəm. Bu şəhərə vurğunam.
Hamat Əziz əl-KAVARİ, Qətərin mədəniyyət naziri:
- Azərbaycandakı inkişaf, paytaxtınızın gözəlliyi məni heyran etdi. Respublikanızda həqiqətən də çox böyük işlər görülüb, təqdirə layiqdir. Ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir, amma daha da inkişaf etdirilməlidir. Bakı bu cür tədbirlər üçün əsl məkandır. Şəhəriniz sivilizasiyalararası körpü rolunu oynayır, geopolitik mövqeyi ilə seçilir. Azərbaycanda Qətər mədəniyyəti həftəsi keçirmək niyyətindəyik. 2009-cu ildə Bakı islam ölkələrinin mədəniyyət mərkəzi olacaq. Bu bizim üçün əsl şans yaradır.
Dekabrın 3-də iclaslararası fasilədə keçirilən mətbuat konfransında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin geniş və obyektiv işıqlandırılmasına görə media nümayəndələrinə təşəkkürünü bildirdi. O, konfransın əhəmiyyəti barədə açıqlamasında bir sıra faktları yada saldı. Bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən bu tədbirə uzun müddət hazırlıq görülüb. Bakı konfransında 48 ölkənin nümayəndəsi bir araya gəlib. Konfrans mövzusu, iştirakçıların tərkibi, əhatə etdiyi regionlar və miqyasına görə Avropa və islam ölkələrinin mədəniyyətlərarası dialoq mövzusunda ilk beynəlxalq tədbirdir. Konfransda həm Avropa təşkilatları və dövlətlərinin, həm də islam təşkilatları və dövlətlərinin nümayəndələri iştirak edirlər. Burada təşkilatlarası mədəni əməkdaşlıq münasibətlərinin yeni mexanizmi formalaşır. Konfransın uğurlu nəticələrindən asılı olaraq yaranacaq format gələcəkdə beynəlxalq əhəmiyyətli tədbirlər üçün nümunə ola bilər.
Konfransda qəbul edilmiş mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi ilk sənəddir ki, konkret mövzuya həsr olunur və gələcəkdə bu tip tədbirlərdə ona istinad ediləcəyi gözlənilir. Sənədin layihəsi nəzəri cəhətdən Avropa Şurasının əvvəlki tədbirlərinə əsaslansa da, ilk dəfə olaraq sənəddə Avropa ilə onun qonşu regionları arasında dialoqun praktik vasitələrlə həyata keçirilməsi nəzərdə tutulur və bu əməkdaşlıq prosesinin əsasının Bakıda qoyulması xüsusi qeyd edilir.
Akif CABBARLI
Azərbaycan.-2008.-5 dekabr.-S.5.