Heydər Əliyev Fondu ilə tanışlıq beynəlxalq konfransın iştirakçılarında zəngin təəssürat yaratmışdır

 

AzərTAc xəbər verir ki, Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda Bakı konfransının iştirakçıları dekabrın 4-də Heydər Əliyev Fondunda olmuşlar.

Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar qonaqlarda zəngin təəssürat yaratmışdır.

Məlumat verildi ki, fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

Qonaqlar Heydər Əliyevin Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən genişmiqyaslı fəaliyyətini əks etdirən fotoşəkillərə, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraqla tamaşa etdilər.

Bildirildi ki, fond həm genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Qonaqlar fondun xatirə kitabına ürək sözlərini yazdılar

 

Azərbaycan.-2008.-5 dekabr.-S.3.