Tarixi faciəmiz: sonuncu deportasiya

 

Dekabrın 4- Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanda Atatürk Mərkəzində 1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasının 20 illiyi ilə əlaqədar "Tarixi faciəmiz: sonuncu deportasiya" adlı "dəyirmi masa" təşkil etmişdir.

Milli Məclisin deputatlarının, tanınmış alimlərin, siyasətçilərin iştirak etdikləri konfransı giriş sözü ilə açan YAP-ın sədr müavini, icraçı katibi Əli Əhmədov ötən əsrdə xalqımıza qarşı yönəldilmiş faciələri bir daha xatırlatmışdır. O demişdir ki, indi Ermənistan adlanan, əslində isə tarixi torpaqlarımız olan Qərbi Azərbaycandan sonuncu soydaşlarımızın da çıxarıldığı 1988-ci ildən 20 il ötür. Azərbaycan xalqının ayrı-ayrı dövrlərdə üzləşdiyi ən ağır faciələrdən biri ermənilərin etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımızın doğma dədə-baba torpaqlarından zorla, kütləvi şəkildə qovulmasıdır. Ermənilərin yüz illər boyu, düşünülmüş şəkildə həyata keçirdikləri etnik təmizləmə siyasətinin əsasında Azərbaycan xalqına qarşı dərin dözümsüzlük ideologiyası dayanırdı. Hazırda işğalçı təcavüzkar dövlət kimi tanınan Ermənistanda illərdən bəri baş verən hadisələrə diqqət yetirilsə, bir daha aydın olar ki, orada təkcə azərbaycanlılara deyil, digər millətlərə, mədəniyyətlərə qarşı da düşmənçilik siyasəti yeritmiş, dözümsüzlük nümayiş etdirmişlər. Onlar monodövlət qurmağı arzulayır buna nail olmaq üçün ən alçaldıcı əməllərə belə, əl atmaqdan çəkinmirlər. Vətən anlayışından uzaq olan ermənilərin dünyanın müxtəlif ölkələrinə yayılmasının da kökündə digər xalqlara qarşı nifrət hissinin həddindən artıq çox olmasıdır.

Ə.Əhmədov bildirmişdir ki, tarixdə böyük haqsızlığa ədalətsizliyə məruz qalan azərbaycanlılara qarşı törədilmiş faciələrə dünya ictimaiyyəti etinasız qalmış, cinayətkara layiqli cavab verilməmişdir. Belə ki, heç bir beynəlxalq təşkilat soydaşlarımıza qarşı törədilmiş cinayətlərə, hətta Xocalı soyqırımına da münasibət bildirməmiş, hüquqi qiymət belə, verilməmişdir. Müxtəlif mərhələlərlə həyata keçirilən deportasiyalar da dünya birliyinin hadisələrə biganə münasibətindən irəli gəlmişdir.

Bu haqsızlığın, cinayətin cəzasız qalmayacağına əmin olduğunu bildirən sədr müavini demişdir ki, gec-tez dünya ictimaiyyətinin bu hadisələrə münasibəti dəyişəcəkdir. Əsrlər boyu ədalətsizliyə məruz qalmış Azərbaycan xalqının haqq işini müdafiə edənlər səslərini ucaldacaqlar.

Ümummilli lider Heydər Əliyevin soyqırımı ilə əlaqədar imzaladığı fərmanı, dövlət səviyyəsində həyata keçirilən tədbirləri xatırladan Ə.Əhmədov bildirmişdir ki, həmin faciələrin davamı olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycan hökumətinin səylərinin artırılması göstərir ki, bir-biri ilə əlaqədar olan hadisələrin sülh yolu ilə həllinə çalışan Prezident İlham Əliyevin siyasəti uğurla nəticələnəcəkdir.

Milli Məclisin deputatları Nizami Cəfərov, Fəttah Heydərov, akademik Budaq Budaqov, professor Həsən Mirzəyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafayev, tarix elmləri doktorları Cəmil Həsənli, Fəzail İbrahimli başqaları çıxışlarında bildirmişlər ki, hadisələrə beynəlxalq səviyyədə qiymət verilməsi üçün səlahiyyətli təşkilat yaradılmalıdır.

"Dəyirmi masa"ya yekun vuran Əli Əhmədov Ermənistanın apardığı etnik təmizləmə siyasətinə beynəlxalq səviyyədə hüquqi qiymətin verilməsi üçün səylərin artırılacağını bildirmişdir.

 

Azərbaycan.-2008.-5 dekabr.-S.7.