Qurban bayramı münasibətilə Azərbaycan
xalqına təbrik
Hörmətli həmvətənlər!
Sizi dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.
Mübarək Qurban bayramı müsəlmanların Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmalarını, eyni zamanda onların mənəvi-əxlaqi dəyərlərə sadiqliyini, humanizm və qardaşlıq duyğularını təcəssüm etdirir.
Cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban mərasimləri hər il Azərbaycanda böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir. Dövlətimizin inkişafı, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunur, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad edilir. Əmin olduğumu bildirirəm ki, müqəddəs bayram günlərində edilən arzu və diləklər, xeyirxah niyyətlər gerçəkləşəcək, Ulu Tanrının mərhəməti xalqımızın və dövlətimizin üstündən əskik olmayacaqdır.
Əziz bacı və qardaşlar!
Bu müqəddəs gündə bir daha Sizə, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi bayram təbriklərimi yetirir, hamınıza möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
5 dekabr 2008-ci il
Azərbaycan.- 2008.-6 dekabr.-S.1.