Azərbaycan iqtisadiyyatı
artım sürətinə
görə dünyada
liderdir
Azərbaycan qanunların aliliyinə əsaslanan hüquqi və sivil dövlət quruculuğu yolu ilə inamla irəliləməkdədir. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin geniş surətdə bərqərar olması dövlətimizin siyasi, iqtisadi və hüquqi dayaqlarının daha da möhkəmlənməsinə gətirib çıxarıb. Ölkəmizin bütün sahələrdə dinamik inkişafının təmin edilməsi, beynəlxalq aləmdə getdikcə artan nüfuzu qarşıda daha yeni imkanlar açır. Son beş il ərzində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan çoxşaxəli islahatlar kursunun keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilməsi böyük nəticələr vermişdir.
Fundamental elmi əsaslara söykənən sosial-iqtisadi siyasət strategiyasının müvəffəqiyyətlə aparılması nəticəsində respublikamızın bölgələrinin siması dəyişmiş, iqtisadiyyatı dünya iqtisadi sisteminə sıx inteqrasiya olunmuşdur. Ötən beş ildə 735 minə yaxın yeni iş yeri açılmış, yüzlərlə təhsil, səhiyyə, mədəniyyət obyektləri tikilmiş, yoxsulluq həddi 49 faizdən 15,7 faizə enmişdir. Əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi üçün real resursların dayanıqlı mənbəyi yaradılmışdır. 2008-ci ilin yanvar-sentyabr aylarında əhalinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz, adambaşına düşən gəlirləri 34,1 faiz, əmək pensiyalarının orta aylıq məbləği 62,5 faiz artmışdır. Ölkəmizdə sığorta-pensiya sistemi yenidən qurulmuş, əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilmişdir. İqtisadiyyatın sürətli inkişafı üçün prioritet sahələrin müəyyənləşdirilməsi, tarazlı və davamlı regional tərəqqini təmin edən mühüm dövlət proqramlarının həyata keçirilməsi bugünkü uğurlarımızı şərtləndirmişdir. Prezident İlham Əliyev "Azərbaycan XXI əsrdə - uğurun strategiyası" mövzusunda bu günlərdə keçirilən beynəlxalq "dəyirmi masa"nın iştirakçılarını qəbul edərkən bildirimişdi: "İqtisadi baxımdan biz davamlı inkişaf edirik. Son dörd ildə Azərbaycan iqtisadiyyatı artım sürətinə görə dünyada liderdir. Bununla yanaşı, iqtisadi islahatlar həyata keçirilir. Bəzən bizim iqtisadi uğurlarımızı yalnız neft amili ilə əlaqələndirməyə çalışırlar, lakin bu, belə deyildir. Neft təkcə Azərbaycanda deyil, çox ölkələrdə çıxarılır. Neft qiymətinin artması təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də ÜDM-in artmasına müsbət təsir göstərir.
Ona görə də vəziyyəti bəsitləşdirmək və bizim iqtisadiyyatın inkişafını yalnız neftin qiymətinin artması ilə əlaqələndirmək, əlbəttə, düzgün deyildir. İqtisadiyyatın daha da liberallaşdırılması barədə çox ciddi planlarımız var. Bu il Dünya Bankı Azərbaycanı "Doing business" proqramında islahatlar üzrə lider hesab etmişdir. Biz həm də neft gəlirlərinin toplanması və xərclənməsində maksimum şəffaflığı təmin etmişik. Keçən il BMT Azərbaycanın Neft Fondunu məhz şəffaflıq göstəricisinə görə mükafata layiq görmüşdür".
Azərbaycanda aparılan uğurlu iqtisadi tədbirlər nəticəsində dünya iqtisadiyyatında baş verən maliyyə böhranından yan keçmək mümkün oldu. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər nəzərdə tutulub ki, bu da mövcud reallıqlar nəzərə alınmaqla atılan məqsədyönlü addımlardandır. Ölkəmizdə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunun yeni dövrün tələblərinə uyğun aparılması müsbət nəticələr vermişdir. Sosial-iqtisadi sahədə yüksəliş bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında xoş gələcəyə böyük inam və əminlik yaradır. Ölkə başçısının son beş il ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlar, qəbul etdiyi praqmatik qərarlar, obyektiv reallıqdan irəli gələn addımları ölkəmizin dinamik yüksəlişini təmin etmiş, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 4 il yarım müddətdə Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artmışdır.
Ötən 5 il ərzində ölkənin davamlı və sabit tərəqqisi təmin edilmiş, Azərbaycan sürətli inkişaf yoluna çıxmışdır. Bölgədə gerçəkləşdirilən qlobal və regional enerji layihələri ölkəmizin iqtisadi potensialını daha da gücləndirmiş, qarşıda yeni perspektivlər açmışdır. Bölgədə əsas söz sahibinə çevrilmiş Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artmaqdadır. Avropanın enerji təhlükəsizliyində də mühüm rola malik olan ölkəmizlin beynəlxalq aləmdə nüfuzu getdikcə artmaqdadır. Dövlət rəhbərinin ölkənin inkişafı üçün müəyyən etdiyi prioritetlərin icrası siyasi sabitliyin, iqtisadi inkişafın davamlı olmasını təmin edir. Azərbaycanın mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsi müsbət dəyişikliklərlə müşahidə olunmaqdadır. Ölkəmizin daha da qüdrətlənməsinə hesablanan siyasi kursun davam etdirilməsi daha böyük nəticələrə gətirib çıxaracaqdır.
E.HACIALIYEV
Azərbaycan.-2008.-6 dekabr.-S.1.