Nə yaxşı ki, Heydər Əliyev vardı...
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev siyasi hakimiyyətin olimpində qərar tutduğu az qala otuz dörd
illik zaman kəsiyində öz millətinə arzu, əməl və ideyalarının maddiləşmiş
yadigarlarını ərməğan
qoymaqla yanaşı, onu tanıyanların, ünsiyyəti olanların
da könül evində ən məhrəmanə, xas, isti duyğularla yoğrulmuş xoş və silinməz xatirələr buraxmışdır.
Ulu öndər
Heydər Əliyev dünyanın mövcud hikmətlərinin əxzini
mümkünləşdirən universal bir məktəb, ən saf və
ülvi mənəvi-əxlaqi
dəyərləri özündə
təcəllə etdirmiş
bəşəri məbəd,
harizması və kişiliyi ilə dostu da, düşməni
də tərksilah etməyi bacaran bənzərsiz bir şəxsiyyət idi. Bu gün haçansa onunla təmasda olmuş, işləmiş,
hətta kənardan müşahidə etmiş
insanlar belə, Yer üzünü özünün mövcudluğu
ilə şərəfləndirmiş,
real olduğu qədər
də əfsanəvi bir şəxsiyyəti tanımağın bəxtiyarlığını
yaşamaqdadırlar.
Heydər Əliyevin
dostu olubmu? Heç şübhəsiz,
bunu onun özündən başqa
heç kim dəqiq deyə bilməzdi. Ancaq 70 milyonluq türk xalqı və sayı 40 milyonu haqlamış azəri türkləri şahiddirlər
ki, bu iki
azman xalqın yetirdiyi iki nəhəng
sima - Türkiyənin
doqquzuncu cümhurbaşqanı
Süleyman Dəmirəl
və Azərbaycanın
Prezidenti Heydər Əliyev bir-birilərinə
həmişə - əziz
dostum və qardaşım!- deyə müraciət ediblər.
Heydər Əliyevsizlik
itkisini canından keçirib onun ağırlığı önündə
köks ötürən
insanlardan biri də Süleyman Dəmirəldir. Siyasi çəkidə, hakimiyyət
təcrübəsində, dövlətçilik
təfəkkürünün diapazonunda və rəhbər şəxs üçün vacib olan digər önəmli cizgilərinə
görə bu iki şəxsin biri digərini qəribə bir oxşarlıqla tamamlayırdı.
Onun Heydər Əliyevlə bağlı
söhbəti öz hikmətinə, fəlsəfi
siqlətinə görə
hardasa bir esse təsiri bağışlayırdı, şirinliyi
isə mənsur şeiri xatırladırdı:
- Heydər
Əliyev kimi insanlar bu dünyanın
naxışı, əşrəfidirlər.
Zatən, bu cür insanların varlığıdır dünyanı
çökməyə qoymayan.
Hələ böyük
Atatürk söyləyirdi
ki, Azərbaycanın ələmi bizim ələmimiz, sevinci bizim sevincimizdir. Bu ölkənin istər 18 oktyabr 1991-ci ilə qədərki taleyi, istərsə də
1993-cü ilin iyununa və sonrakı iki ili əhatə
edən taleyi çox sıxıntılı,
burulğanlı oldu.
Bu dövrdə Qarabağ
müharibəsi başladı,
bir milyona yaxın insan öz yurdundan didərgin düşdü.
Ölkə vətəndaş
müharibəsinin astanasına
sürükləndi. Eynən,
1920-ci ildəki bir
durum yaşanmaqda idi: Azərbaycan dövləti
yıxılacaqmı, yoxsa
küllər içindən
zühurmu edəcək?!
Bir xilaskar lazım idi. Belə bir vaxtda
Heydər Əliyev xalq tərəfindən Naxçıvandan Bakıya
dəvət edildi, əvvəl Milli Məclisin Sədri, sonra isə ölkə Prezidenti seçildi.
Bəşər tarixində
kişilər hər bir zaman millətinə
xidmət göstərir,
ancaq bəzən lazım olurlar. Necə ki, Ruzvelt
1942-ci ildə Amerikaya,
De Qoll 1958-ci ildə Fransaya, Adenauer 1946-cı ildə
Almaniyaya lazım oldu.
Heydər Əliyev
də Azərbaycan xalqına çox xidmətlər göstərmişdi,
amma 1993-cü ildə
lazım oldu. Onun görəcəyi işləri görə biləcək bir başqası yox idi. Nə yaxşı
ki, Heydər Əliyev vardı!
Biz bu cür düşündük
və haqlı çıxdıq.
1967-ci ildə
Türkiyənin Baş
naziri olaraq sovetlər birliyinə rəsmi səfərim zamanı Azərbaycanı
da ziyarət etdim. Bakıda çox böyük bir coşqu ilə qarşılandım.
Heydər Əliyevlə
sonrakı illərin möhkəm dostluq və qardaşlığına
çevrilmiş ünsiyyətimin
tarixi məhz həmin dövrə təsadüf edir. O, sovet idarəçilik sistemində çox böyük vəzifələrə
gətirilmiş, Azərbaycan
xalqının inanıb
güvəndiyi bir dövlət adamı idi.
Azərbaycana rəhbərliyinin
ikinci dövründə
Heydər Əliyevin qarşısında mahiyyət
və xarakteri etibarilə çox dəyişik və böyük vəzifələr
durmuşdu: qığılcımları
alışmaqda olan vətəndaş müharibəsini
ram etmək, ölkənin
məngənəsində boğulduğu
müharibədə atəşkəsə
nail olmaq. Bu vəzifələr
qan tökülmədən,
siyasətçi müdrikliyi
və diplomat səriştəsi
ilə həllini tapdı.
Siyasi plüralizmin,
söz və fikir azadlığının
bərqərar olduğu,
bazar münasibətlərinə
əsaslanan genişmiqyaslı
iqtisadi islahatların həyata keçirildiyi vətəndaş cəmiyyəti
qurulmalı idi. Bu yolda böyük addımlar atılır və müsbət nəticələri göz
qabağındadır.
Azərbaycan Heydər
Əliyevin zamanında
bütün dünyaya
açıldı. Birləşmiş
Millətlər Təşkilatından
sonra Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü
kimi səmərəli
fəaliyyətə başladı,
NATO-nun "Sülh naminə
tərəfdaşlıq" proqramına qoşuldu.
1996-cı ilin dekabrında
ATƏT-in Lissabon sammitində
54 üzv dövlətin
53-ü Qarabağın Azərbaycan
torpağı olduğunu
təsbit etdi. Avropa Şurası Parlament Assambleyasında Ermənistanın təcavüzkar
dövlət olduğu
tanındı.
Öhdəsinə götürdüyü
bütün vəzifələrdə
dostum Heydər Əliyev Azərbaycan xalqını, dövlətini
böyük dəyanətlə
təmsil etmiş, Azərbaycanın davasını,
haqq işini bütün dünyaya anlatmışdır. O, Azərbaycan
xalqına yeni bir ruh, yeni
bir şövq, yeni bir güvən
verdi.
Azərbaycan həm təbii sərvətləri,
həm də insan nemətləri ilə zəngin bir ölkədir. Ölkənin zənginliyi
millətin zənginliyinə
çevrilməli idi.
Əziz qardaşımın
memarı olduğu Bakı-Tbilisi-Ceyhan "Üç
dəniz əfsanəsi"ndən
reallığa çevrildi.
Bir çox dünya dövlətlərinin
köklü maraqlarının
birləşdiyi bu layihə Azərbaycan üçün çox mühüm geosiyasi və geoiqtisadi faktora çevrildi. Heydər Əliyev bunu görürdü və elə məhz bu cür
də düşünüb
qurmuşdu. O bilirdi ki, qara neft
Azərbaycana, Azərbaycan
xalqına ağ günlər yaşatdıracaq,
onu nəinki Türk dünyasının,
bütövlükdə dünya
birliyinin öncülləri
sırasına çıxaracaqdır.
Türkiyə-Azərbaycan ilişkilərinin
yeni keyfiyyət durumu və müsbət ovqatı məhz Heydər Əliyevin adı ilə bağlıdır.
"Bir millət, iki dövlət" fəlsəfəsi çox
uğurlu bir ifadədən iki ölkə arasındakı
xarakterindən və miqyasından asılı olmayaraq mövcud bütün münasibətlərin
dayandığı strateji
konsepsiyaya, strateji xəttə çevrilib. Türkiyə Azərbaycanla
əbədi dostluq və qardaşlıq haqqında bir anlaşma imzalamışdır.
Və belə bir anlaşmanın olub-olmamasından asılı
olmayaraq, bizim ölkələrimiz qonşudur,
xalqlarımız dostdur,
millətimiz qardaşdır.
Yanılmıramsa, Prezident
İlham Əliyevə
məxsus bir deyim var - Müstəqil
Azərbaycan Heydər
Əliyevin şah əsəridir. Çox düzgün və dəqiq tapılmış
bir ifadədir. Zatən, Heydər Əliyev Azərbaycanın
sevdalısı, pərvanəsi
idi. Yanaraq özünü şəhid
etdi. Unudulmaz dost və qardaşımın
qurduğu Müstəqil
Milli Dövlətin varlığı həm Azərbaycan xalqı, həm Türkiyə, həm də bütövlükdə Türk
dünyası üçün
möhtəşəm bir
olaydır.
Bu gün
də düşünürəm
ki, Heydər Əliyevin haqq dünyasına qovuşduğunda
Azərbaycan xalqına
buraxdığı ən
önəmli miras müstəqil Azərbaycan
və onun milli dövlətidir.
Əngin təcrübəsi,
qətiyyəti, sülhsevərliyi,
Azərbaycana və Azərbaycan xalqına sonsuz sevgisi, Türk tarixinə, mədəniyyətinə, Türklülüyə
bağlılığı və vətənpərvərliyi
Heydər Əliyevi fərqləndirən və
bütün dəyərlərin
fövqünə ucaldan
özgün və xas məziyyətləridir.
Mən unudulmaz
dostum və qardaşım Heydər Əliyevin yoxluğunu qəbul etməyən biriyəm. Heydər Əliyev uca Allahın can verdiyi o nadir insanlardandır ki, eyzən yerin ənginliklərindən su
içib güc almış azman çinar tək insanlara kölgə, dayaq, xeyirxahlıq, mənəvi şəfqət
paylayıb. O öz varlığı ilə bəşər övladının
adını şərəfləndirmiş
çox nadir şəxsiyyətlərdən
biri idi.
Xalid NİYAZOV
Azərbaycan.-2008.-6 dekabr.-S.2.