Azərbaycan TRASEKA layihəsinə mühüm töhfələr verir

 

Avropa İttifaqının 1993-cü ildə qəbul etdiyi TRASEKA (Trans-Europe-Caucasus-Asia) proqramı çərçivəsində tarixi İpək yolunun bərpası istiqamətində aparılan işlər bu gün uğurla həyata keçirilməkdədir. Xatırladaq ki, həmin ilin mayında Avropa Birliyi Komissiyasının təşəbbüsü ilə Brüsseldə Qafqaz və Mərkəzi Asiya dövlətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Avropa, Qafqaz və Asiyanı birləşdirən bütün növ kommunikasıya növlərinin inkişaf etdirilməsinə dair bəyannamə qəbul edilmişdir.

Bu bəyannamə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin əhəmiyyətini, onun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın konkret istiqamətlərini, forma və mexanizmlərini müəyyənləşdirən ilk beynəlxalq sənəd idi. Brüssel görüşündən sonra Aİ-nin dəstəklədiyi TRASEKA proqramının uğurla həyata keçirilməsi, qurumun və iştirakçı ölkələrin gördükləri böyük iş, əməkdaşlığın konkret müsbət nəticələri daha genişmiqyaslı layihələrin işlənib hazırlanmasına təkan verdi. Bunların arasında tarixi İpək yolunun bərpası layihəsi başlıca yer tutur. Tarixi İpək yolu üzərində yerləşən ölkələrin əksəriyyəti tərəfindən yolun bərpası, müasir nəqliyyat xəttinin yaranması məsələsi zəruri hal kimi irəliyə sürülmüş və başlanğıcını Şərqi Çin dənizi sahilindəki Sinan şəhərindən götürüb Avropa və Asiyanın bir çox şəhərlərini birləşdirən 13 min kilometrlik tarixi İpək yolunun yenidən bərpası ideyası region ölkələri tərəfindən dəstəklənmişdir.

Azərbaycan da tarixi İpək yolunun bərpasını dəstəkləmiş, bu məsələ ilə bağlı Avropa İttifaqı ilə sıx əməkdaşlıq etmişdir. Sirr deyil ki, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması və onun infrastrukturunun inkişaf etdirilməsi Azərbaycan üçün xüsusi önəm daşıyır. Bu baxımdan ölkəmizin böyük İpək yolunun yenidən canlanmasında əvəzsiz rolu və töhfələri vardır. Ulu öndər Heydər Əliyev Mərkəzi Asiyadan, Qafqazdan keçməklə Qara dənizə və daha sonra Avropaya çıxan nəqliyyat dəhlizinin yenidənqurulması, tarixi İpək yolunun yenidən fəaliyyətinin bərpası ideyasını dəstəkləyirdi. Bu beynəlxalq əhəmiyyətli layihənin uğurla reallaşmasında Heydər Əliyevin gərgin və çoxşaxəli fəaliyyətinin, qətiyyətinin əvəzsiz rolu olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Avropa Birliyi Komissiyası və TRASEKA proqramının iştirakçısı olan ölkələrin birgə qərarı ilə "Tarixi İpək yolunun bərpasına həsr edilmiş Beynəlxalq Konfrans" 1998-ci il sentyabrın 8-9-da Bakıda keçirilmişdir. 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin texniki və iqtisadi məsələlərini özündə əks etdirən "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş" (Əsas Saziş) adlanan çox mühüm sənəd imzalanmışdır. Sazişin prinsipləri çərçivəsində görülən tədbirlər "Avropa - Qafqaz - Asiya" nəqliyyat dəhlizi ilə yük daşımalarının həcminin ilbəil artırılmasına imkan verdi. Bu sənədin ərsəyə gəlməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Beynəlxalq konfransda çıxışı zamanı Heydər Əliyev böyük İpək yolunun bərpasının tarixi zərurət olduğunu qeyd edərək, region dövlətlərin bütün sahələrdə inkişafına təkanverici təsir göstərəcəyini bildirmişdi: "Tarixi İpək yolunun bərpası, yeni-yeni ölkələrin və regionların ona cəlb edilməsi xalqlarımızın yaxınlaşması və qarşılıqılı surətdə zənginləşməsi, yeni müstəqil dövlətlərin istiqlaliyyətinin və suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə demokratik islahatların, bazar islahatlarının uğurla aparılması üçün güclü təkan verəcək, hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcəkdir".

Konfransda, həmçinin Bakı Bəyannaməsi və konfransın yekun rəsmi məlumatına dair sənədlər imzalanmışdır. Tədbirdə Azərbaycan da daxil olmaqla 9 ölkə dövlət başçıları ilə, bir ölkə isə baş nazirlə təmsil olunmuşdu. Bunun özü böyük hadisə idi. Bu, həm də dövlət başçılarının Azərbaycana göstərdikləri münasibətin təzahürü idi. Beynəlxalq konfrans başa çatdıqdan 2 gün sonra onun yekunları ilə əlaqədar olaraq Heydər Əliyev müşavirə keçirmiş, XXI əsrdə Avrasiya nəqliyyat dəhlizinin əhəmiyyətinin daha da artacağını nəzərə alaraq respublikamızda bu sahədə ciddi hazırlıq tədbirlərinin həyata keçirilməsinin, yeni nəqliyyat vasitələri alınması və müasir xidmət sahələrinin yaradılmasının vacibliyini diqqətə çatdırmışdı.

Artıq konfransdan 10 ildən artıq bir müddət ötmüşdür. Bu müddət ərzində Azərbaycan İpək yolunun bərpası istiqamətində üzərinə düşən işlərin böyük bir qismini uğurla yerinə yetirib. İqtisadiyyatın dinamik inkişafı isə İpək yolunun Azərbaycan üçün vacibliyini ortaya qoymaqla yanaşı, ölkəmiz tərəfindən də bu layihəyə daha böyük töhfələrin verilməsinə imkanlar yaradıb.

1998-ci ildə Bakıda keçirilmiş beynəlxalq konfransdan sonra onun məntiqi davamı olaraq böyük İpək yolunun bərpası üzrə keçirilən müxtəlif tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün də əlverişli şərait yaradıb. Dekabrın 4-də isə ölkəmiz TRASEKA layihəsində iştirak edən dövlətlərin nəqliyyat nazirlərinin iştirak etdiyi daha bir beynəlxalq konfransa ev sahibliyi edib. Amma bu konfrans həmin silsilədən olan əvvəlki tədbirlərdən bir qədər fərqlənib. Belə ki, bu tədbir beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin 10 illiyinə və Avropa Komissiyasının TRASEKA layihəsi proqramının 15 illiyinə həsr olunmuş yubiley konfransı idi. Konfransda 20-dən artıq ölkənin, BMT, GUAM, Beynəlxalq Nəqliyyat Forumu, ATƏT, QİƏT, Avropa Komissiyası kimi beynəlxalq təşkilatların, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankının nümayəndələri iştirak ediblər.

Azərbaycan Prezidenti cənab İlham Əliyev yubiley tədbirinin iştirakçılarına ünvanladığı məktubda Bakı konfransından ötən 10 ildə görülən işlərdən razılıqla söz açıb: "Keçən dövr ərzində iqtisadi münasibətlərin, ticarət və nəqliyyat əlaqələrinin inkişafı, daşımaların təşviqi, nəqliyyat şəbəkələrinin dünya bazarlarına çıxışının təmin edilməsi istiqamətində bir sıra layihələr həyata keçirilmiş və nəticədə Avropa, Qafqaz, Asiya dövlətləri arasında beynəlxalq daşımaların həcmi əhəmiyyətli dərəcədə artmışdır. Bu müddətdə Əsas Çoxtərəfli Saziş institusional baxımdan genişləndirilmiş və təkmilləşdirilmiş, Sazişdə iştirak edən dövlətlərin nəqliyyat infrastrukturunun yeniləşdirilməsi və inkişafı, uzlaşdırılmış tarif siyasətinin aparılması, münbit investisiya mühitinin yaradılması, kadrların hazırlanması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və daşımaların təhlükəsizliyinin təmin edilməsi sahəsində vacib regional proqramlar icra olunmuşdur".

Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması ölkəmizin dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir. Eyni zamanda Avrasiya nəqliyyat dəhlizinin, Transqafqaz dəhlizinin intensiv fəaliyyəti Azərbaycanın sosial-iqtisadi həyatına müsbət təsiri ilə əlamətdardır. Belə ki, ilk növbədə Avrasiya nəqliyyat dəhlizinin aktiv iştirakçısı olmaqla Azərbaycan beynəlxalq yük daşımalarından çox böyük iqtisadi səmərə əldə edir, ölkəmizin dəniz, dəmir yolu və boru nəqliyyatı üçün uzun dövr ərzində etibarlı bazar yaranır, respublikamızda daşınmalarla bağlı infrastruktur sahələri yenidən qurulur və yeniləri yaradılır. Bununla yanaşı, beynəlxalq nəqliyyat dəhlizi Azərbaycanın iqtisadi təhlükəsizlik məsələlələrinin həll edilməsinə kömək edir, milli iqtisadiyyatın çoxtərəfli inkişafını təmin edir, Bakının bu magistral xəttin mərkəzində və Xəzər sahilində yerləşən ən iri liman kimi inkişafı üçün güclü stimul və maddi imkanlar yaradır.

Qeyd edək ki, tarixi İpək yolunun bərpası istiqamətində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın geostrateji və coğrafi əhəmiyyətini daha da artırmışdır. Ölkəmizin TRASEKA layihəsində oynadığı önəmli rolun nəticəsidir ki, TRASEKA hökumətlərarası komissiyasının daimi katibliyinin mənzil-qərargahı Bakıda yerləşir. Bu, bir daha Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin formalaşdırılmasında Azərbaycana necə böyük əhəmiyyət verildiyini təsdiqləyir.

Ölkəmiz tarixi İpək yolunun bərpasını nəzərdə tutan layihə çərçivəsində Aİ-nın təşəbbüslərini dəstəkləyir və təşkilatla sıx əməkdaşlığını davam etdirir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, bu nəqliyyat dəhlizinin mühüm məntəqələrindən biri kimi çıxış etməsi və dünya birliyinə inteqrasiyanı dəstəkləyən iqtisadi siyasət yürütməsi layihəyə öz töhfələrini verməkdədir. Tarixi İpək yolunun bərpasında oynadığı rol göstərir ki, ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Şərq ilə Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadirdir. Azərbaycan bu istiqamətdəki səyləri ilə yanaşı, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli üçün mühüm layihələrin təşəbbüskarı kimi çıxış etmiş və onların reallaşmasına nail olmuşdur. Bütün bunlar səmərəli beynəlxalq əməkdaşlığa təkan verməklə yanaşı, qlobal inkişafa müsbət təsir göstərməkdədir. "Biz Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin beynəlxalq əməkdaşlığa təşviq etməklə kommunikasiya vasitəsi olaraq formalaşması üçün əsas verən TRASEKA Proqramının həyata keçirilməsində Avropa İttifaqının təşəbbüsünü və dəstəyini yüksək qiymətləndiririk. Əminəm ki, Böyük İpək yolunun bərpası və TRASEKA nəqliyyat dəhlizinin fəaliyyəti regional inteqrasiya proseslərinə güclü təkan verərək, ölkələrimizin sosial-iqtisadi inkişafına bundan sonra da xidmət edəcəkdir" - deyə Prezident İlham Əliyev məktubunda bildirib.

Azərbaycan həm də Şimal-Cənub nəqliyyat dəhlizinin kəsişdiyi ərazidə yerləşir. Bu nəqliyyat dəhlizində iştirak etmək ölkəmizin iqtisadi və strateji maraqları baxımından mühüm əhəmiyyət kəsb edir. Rusiya-Azərbaycan-İran dəmir yolu xətlərinin birləşdirilməsi məsələsi yaxın perspektivdə reallaşmaq üzrədir. Ölkəmiz Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında iştirak etməklə yeni siyasi və iqtisadi dividendlər qazanacaqdır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2008.-6 dekabr.-S.2.