İnformasiya resurs kompleksinin açılışı olmuşdur

 

AzərTAc xəbər verir ki, dekabrın 5-də Azərbaycan Dillər Universitetinin (ADU) əsas binasında İnformasiya resurs kompleksinin açılışı olmuşdur.

Kompleksin yaranması zərurəti, onun əsas istiqamətləri, perspektivləri barədə məlumat verən ADU-nun rektoru, Milli Məclisin deputatı Səməd Seyidov bildirmişdir ki, İnformasiya resurs kompleksi ölkənin ali məktəblərinin Avropa ali təhsil sisteminə inteqrasiyasına yardım etmək, Azərbaycanın dünya standartlarına uyğun təhsil sistemini inkişaf etdirmək məqsədilə yaradılmışdır.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqini yüksək qiymətləndirmiş, kompleksin istifadəyə verilməsini sahənin inkişafında yeni bir mərhələ olduğunu qeyd etmişdir.

Təhsil nazirinin müavini Elmar Qasımov qeyd etmişdir ki, kompleks milli səviyyədə qlobal informasiya cəmiyyəti quruculuğuna yardımçı olan elm mədəniyyətin informasiyalaşdırılması proseslərini himayə etmək bu sahədə maarifləndirici fəaliyyət göstərməyi nəzərdə tutur.

Sonra rəmzi qırmızı lent kəsilmiş kompleksə baxış keçirilmişdir.

İki mərtəbədən ibarət böyük kompleksin tərkibinə 120-dən artıq internet şəbəkəli kompüter, zəngin kitabxana, resurs mərkəzləri, ayrı-ayrı ölkələr üzrə mərkəz, innovasiya mərkəzi daxildir. Bundan başqa, "British Council"un 3000-ə qədər məlumat kolleksiyası, Amerikaya dair 4 min nəşr, amerikaşünaslığa dair 7 min 500 adda, həmçinin başqa elm sahələrinə aid tam mətnli elektron bazalar yaradılmışdır. Kompleksin elektron kitabxanasında dünyanın nüfuzlu elmi jurnallarının tam mətnli bazası ilə tanış olmaq mümkündür. Kompleksdəki müasir avadanlıq videokonfranslar keçirmək imkanı yaradır.

Sonda Norveç, Fransa ABŞ-la video-bağlantı yaradılmışdır.

Tədbirdə Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, Milli Məclisin deputatları, hökumət qurumlarının, xarici səfirliklərin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan.-2008.-6 dekabr.-S.5.