Qurban bayramı - milli-mənəvi həmrəyliyin, saflıq
və mərhəmətin
təntənəsi
Mübarək Qurban bayramı müsəlmanların Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olmalarını, eyni zamanda onların mənəvi-əxlaqi dəyərlərə sadiqliyini, humanizm və qardaşlıq duyğularını təcəssüm etdirir.
Cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin təntənəsinə çevrilən Qurban mərasimləri hər il Azərbaycanda böyük sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilir. Dövlətimizin inkişafı, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunur, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad edilir.
İlham ƏLİYEV
Böyük Yaradan onu sevənlərin, ürəkdən bağlananların və ümid edənlərin tərəfindədir. İnsanlar ən çətin anlarında əllərini ulu Tanrının dərgahına qaldırıb dua edəndə, ürəyindən keçənləri Onunla bölüşəndə toxtaqlıq tapır, qəlbən rahatlanırlar. Bir-birinə alqış edəndə, uzun ömür, həyatında və fəaliyyətində uğur arzulayanda insanların çoxu "Allahın kölgəsi üstündə olsun" deyir.
Tanrının ən sevimli bəndələrindən olan ümummilli lider Heydər Əliyev də Allahı ürəkdən sevən, Onun qoyduğu yola bütün ömrü boyu sadiq qalan halal-hümbət insanlardan olub. Ölkəyə rəhbərlik etdiyi illərdə cəmiyyətdə sağlam ab-hava yaranması, tolerantlıq mühitinin formalaşması, insanlarda öz dininə, dilinə sadiqliyin qorunub saxlanılması, gənclərin milli-mənəvi dəyərlər ruhunda böyümələri, tərbiyə və təhsil alması yolunda atdıqları hər addımda məhz yerin-göyün Əbədi Sahibinin bəşər qarşısında qoyduğu pozulmaz qanunlara əsaslanırdı.
Ümummilli lider hələ 2003-cü ildə ölkəyə rəhbərlik edərkən Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyirdi: "Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!"
Böyük şəxsiyyət insanlara daim humanist, bəşəri duyğular aşılayırdı. Heydər Əliyev dühasının ən bariz cəhətlərindən biri ölkədə sülh, cəmiyyətdə sabitlik, ailələrdə firavanlıq istəyinin prioritet olması idi. Ulu öndər siyasi və dövlətçilik fəaliyyətində daim bu məqamları önə çəkirdi. Xalq bunu aydın görür, öz rəhbərinin bir çox xarakterik keyfiyyətilə yanaşı məhz insanpərvərliyi, adamlara məhəbbəti, islami dəyərlərə üstünlük verməsinə görə xətrini əziz tuturdu. Qurban bayramında, digər dini ayinlər vaxtı böyük şəxsiyyətin ayaqları altında qurban kəsilməsi də məhz bu sevginin, inamın ifadəsi idi.
Prezident İlham Əliyev 2008-ci il dekabrın 5-də Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlamışdır. Təbrikdə belə bir inam ifadə olunurdu: "müqəddəs bayram günlərində edilən arzu və diləklər, xeyirxah niyyətlər gerçəkləşəcək, ulu Tanrının mərhəməti xalqımızın və dövlətimizin üstündən əskik olmayacaq".
Milyonlarla azərbaycanlı bu günlərdə ölkə başçısının arzusuna qoşulur, ulu Tanrıdan onu diləyirlər ki, ailələrdən xoşbəxtlik, süfrələrdən ruzi-bərəkət əskik olmasın! Qoy soydaşlarımız daim sülh və əmin-amanlıq şəraitində yaşasınlar!
Azərbaycan.-2008.-7 dekabr.-S.1.