Ölkəmizin tibb elmi və tibb
təhsili sisteminin Heydər Əliyev mərhələsi
Azərbaycan səhiyyəsinin,
Azərbaycan tibb elmi və tibb təhsili sisteminin dərin
köklərinin, möhkəm dayaqlarının olması XX əsrin
ikinci yarısında özünü daha bariz şəkildə
göstərməyə başlamışdır. Bu köklər
əsrlərin, qərinələrin, illərin köksündə
məskən salaraq görkəmli şəxsiyyətlərin,
müdrik insanların, uzaqgörən düha sahiblərinin
dayağına çevrilmişdir.
Belə dayaqlar içərisində
uzunmüddətli bir dövr üçün Azərbaycan səhiyyəsinin,
tibb elmi və tibb təhsili sisteminin bütün
ağırlıqlarını öz çiyinləri üzərinə
götürərək onu inkişaf etdirən və gələcək
perspektivlərini müəyyənləşdirən dahi Heydər
Əliyev dəsti-xətti, qüdrəti öz möhtəşəmliyi
ilə kəskin surətdə seçilir və bənzərsizliyi
ilə fərqlənir. Müasir Azərbaycan
Respublikasının memarı, ulu öndər Heydər Əliyevin
siyasəti əbədidir, həmişəyaşardır,
qaranlıqlara nur çiləyən sönməz mayakdır.
1969-cu il iyul ayının
14-də ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycan
KP MK-nın birinci katibi seçildiyi gündən
respublikamızda xoş əhval-ruhiyyəli canlanma, gələcəyə
nikbinliklə baxmağa əsas verən sevincli anlar hökm
sürməkdə idi. O vaxtlar mən Azərbaycan Dövlət
Tibb İnstitutunun dördüncü kurs tələbəsi
idim və Azərbaycan xalqının bütün zümrələrindən
olan insanların bu seçimə ürəkdən sevinməsi
bizə - 60-cı illərin tələbələrinə də
sirayət etmişdi. Hamı tənəzzüllə üzləşən
Azərbaycana rəhbərliyə gəlmiş bu fövqəladə
insana, sözün həqiqi mənasında, inanır və
ümid çırağı kimi baxırdı. Çox
keçmədi ki, ümummilli lider zirvəsinə yüksələrək
dünya siyasətçiləri sırasında öncül
mövqeyə çıxan dahi Heydər Əliyev fenomeni ona bəslənən
ümidləri doğruldaraq əsl xarüqələr
yaratmağa başladı. Xalqın öz liderinə olan
inamının geniş vüsət alması yerinə yetirilən
əməli tədbirlərə, gərgin fəaliyyətin əyani
nəticələrinə əsaslanırdı.
Ulu öndər xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə ardıcıllıqla həyata keçirir, yeniliyə, tərəqqiyə sədd yaradan, keçmişdən miras qalmış maneələri, lüzumsuz stereotipləri inamla aradan qaldırırdı. Onun düşünən beyni sanki istirahət bilmədən daim fəaliyyət göstərir, Azərbaycanın gələcəyi naminə yeni-yeni ideyaların eskizlərini hazırlayır və dərhal da onların zəruriliyini hiss edib həyata keçirilmələrinə şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi müasir islahatların tətbiqi və həyata keçirilməsi meydanına çevrilmişdi.
O vaxtlar Azərbaycan Respublikasının SSRİ-nin tərkibində olmasına baxmayaraq ulu öndər çəkinmədən müstəqil addımlar atıb, böyük islahatlara başladı. Respublika rəhbəri bütün bunları diplomatik məharətlə yerinə yetirərkən Moskvanın ona nə isə irad tuta biləcəyinə də heç bir əl yeri qoymurdu. Əksinə, Moskva da onun yeniliklərini, Azərbaycanın rifahına yönəlmiş islahatlarını, inkişaf ritmini alqışlamaq məcburiyyətində qalırdı. O dövrdə Moskva qəzetlərində çap olunmuş "Qoy ədalət zəfər çalsın" məqaləsi nəinki keçmiş Sovetlər İttifaqı miqyasında, eləcə də bütün dünyada böyük rezonans doğurmuşdu. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan və Heydər Əliyev ifadələri birlikdə daha tez-tez səslənirdi. Moskvanın tibb təhsili müəssisələrində mühazirə oxuyan Metelitsa kimi professorlar öz çıxışlarında Heydər Əliyevdən sitatlar gətirir, onun təcrübəsinin geniş yayılmasını tövsiyə edirdilər.
Ulu öndər bütün sahələrdə olduğu kimi, Azərbaycanın səhiyyə sahəsini, tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. Böyük rəhbər ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbacana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışırdı. Bununla da respublikamızın səhiyyə sahəsində mövcud olan durğunluğunun aradan götürülməsinə səy göstərilirdi. Əvvəlcədən demək istərdim ki, ulu öndər buna böyük müvəffəqiyyətlə nail olmuşdu. Keçən əsrin 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkəmizin səhiyyə işçilərinin, tibb alimlərinin beynəlxalq miqyasa çıxmalarına əlverişli şərait yaradırdı.
XX əsrin 70-ci illərinin əvəllərindən etibarən ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşələr və ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, gələcəyin kadr hazırlığının təmininə istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi. Heydər Əliyev gənclərin təhsilinə, işlə təminatına, hərtərəfli inkişafına, onların dünyagörüşünün, beynəlxalq əlaqələrinin artmasına, dünya gənclərinin intellekt yüksəkliyinə inteqrasiya olunmalarına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və əqli cəhətdən sağlam böyümələrinə xüsusi diqqət yetirirdi. Ulu öndər "Gənclər bizim gələcəyimizdir" - deməklə Azərbaycanın gələcəyinin ağıllı, savadlı, bacarıqlı gənclərin əlində olmasını arzulayırdı. Hər bir ölkədə cəmiyyətin səviyyəsini müəyyənləşdirən gənclərdir. Bu baxımdan Heydər Əliyev Azərbaycanda yüksək səviyyəli cəmiyyət qura bilən, onu müasir tələbatların bütün atributları ilə beynəlxalq miqyasda təmsil etməyə qadir olan, vətəni, milləti göz bəbəyi kimi qorumağa, ictimai-milli mənafeyi öz şəxsi mənafeyindən üstün tutmağa hazır olan gənclər ordusunun təməlini qoydu. Bu təməl indi son dərəcə möhkəm və əzəmətli görünür.
Ümummilli lider gənclər haqqında düşündüklərini ardıcıllıqla həyata keçirə bildi. Bu gün ölkədə yaranan bir çox gənclər təşkilatı öz miqyasını genişləndirmişdir. Ulu öndərin xalqımız tərəfindən bəyənilən və dəstəklənən iqtisadi-siyasi kursu hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilir.
Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi Azərbaycanda aparıcı mütəxəssislərə çevriliblər. Onun qoyduğu təməllərin bəhrəsi Azərbaycan Tibb Universitetinin timsalında özünü daha qabarıq şəkildə göstərir. Bu ali təhsil ocağı yarandığı gündən həmişə milli kadr qıtlığından əziyyət çəkib. Lakin indi tam əminliklə demək olar ki, Azərbaycanda tibb sahəsinin, səhiyyənin bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar da öz məktəblərini yarada biliblər. Tibb sahəsində beynəlxalq səviyyəli mütəxəssis məktəbləri yaratmaq o qədər də asan məsələ deyildir. Belə məktəblər bir ilin, beş ilin ərzində yarana bilməz. Əgər Azərbaycanda səhiyyə sahəsində, tibb elmi sahəsində bu cür fundamental məktəblər yaranıbsa, demək, Heydər Əliyev ideyalarının çiçəklənməsi barəsində danışmağa haqqımız var.
İndi Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici dövlətlərinin məşhur tibb müəssisələrində də uğurla fəaliyyət göstərirlər. Bu, ilk növbədə Dünya Azərbacanlılarının mənəvi dayağının artmasına, diasporumuzun möhkəmlənməsinə zəmin yaradır.
Azərbaycan səhiyyəsi, tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 35 ilə yaxın bir dövrdə bilavasitə Heydər Əliyevin himayəsində olub, inkişaf edib, indiki yüksək səviyyəyə çatıb.
XX əsrin 70-ci illərində tibbi fənlərin tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı və digər köməkçi şöbələr yaradılmışdır. Ulu öndər hər sahədə olduğu kimi, Azərbaycanın səhiyyə sisteminin və Azərbaycan Tibb İnstitutunun da maddi-texniki bazalarının möhkəmləndirilməsini diqqət mərkəzində saxlayırdı. Bir-birinin ardınca yeni tədris binaları, xəstəxana və poliklinikalar tikilib istifadəyə verilirdi. 70-ci illərin sonu və 80-ci illərin əvvəllərində artıq respublikanın tibb ixtisaslı alimlərinin beynəlxalq əlaqələri xeyli genişlənməyə başlamışdır. 1980-ci ildə Azərbaycan Tibb İnstitutunun yaranmasının 50 illik yubileyi ulu öndərin iştirakı ilə keçirilmiş və rəhbər bu münasibətlə institutun əməkdaşlarının bir qrupunu fəxri adlara layiq görmüşdür. Akademik Mustafa bəy Topçubaşovun keçmiş SSRİ-nin ən yüksək təltiflərindən olan "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görülməsi ulu öndərin səyi nəticəsində mümkün olmuşdur. Belə alimlərin əvvəl SSRİ miqyasında, sonra isə beynəlxalq miqyasda tanınması Azərbaycan səhiyyəsinin, tibb elminin tanıdılması demək idi.
Ümummilli lider Heydər Əliyevin 1983-cü ildə Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, tibb elminə, tibb təhsili sisteminə olan nəzarətini, diqqətini daha da artırmışdı. Ulu öndər Moskvada çalışdığı illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edirdi və Sovetlər İttifaqının yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, bu sahədə olan problemlərin müzakirəsini aparır, problemlərdən irəli gələn məsələlərin həlli yollarını peşəkarcasına göstərirdi.
O vaxtlar SSRİ səhiyyə sisteminin və dünya tibb elminin görkəmli nümayəndələrindən olan akademik N.N.Bloxin həm də mənim çalışdığım SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin direktoru idi və o, hər dəfə Heydər Əliyevin toplantılardakı çıxışlarından sonra Onkoloji Elmi Mərkəzin işçilərinin müşavirəsini keçirərək onun tapşırıqlarını əməkdaşlara çatdırardı. Akademik N.N.Bloxin adətən ünsiyyətdə olduğu adamlar haqqında xoş sözlər deməkdə bir qədər "xəsislik" edərdi. Lakin o, Heydər Əliyev haqqında danışanda ürəkdən gələn ən səmimi sözlərini söyləməkdən çəkinməzdi. Ulu öndərin çıxışları akademikdə həqiqi mənada böyük təəssürat oyatmışdı. Akademik N.N.Bloxin deyirdi ki, Heydər Əliyev səhiyyənin problemlərini, onlardan çıxış yollarını ən titullu səhiyyə mütəxəssislərindən də gözəl bilir və ona görə də mən ona böyük hörmət və ehtiramla yanaşıram.
Ulu öndər akademik N.N.Bloxindən sonra Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin direktoru olmuş akademik N.N.Trapeznikovla da sıx əlaqə saxlayırdı. Akademik N.N.Trapeznikov bir neçə dəfə Bakıda olmuşdu və hər dəfə ulu öndər Heydər Əliyev onu qəbul etmiş, səhiyyənin, onkologiya elminin müasir səviyyəsi haqqında söhbətlər keçirmiş, müzakirələr aparmışdı. Heydər Əliyev səhiyyənin, tibb elminin başqa sahələrində fəaliyyət göstərən digər aparıcı mütəxəssislərlə də sıx əlaqə saxlayır, onların diqqətini Azərbaycana cəlb edir, bununla da səhiyyənin, tibb elminin, tibb təhsili sisteminin inkişafına güclü təkan verirdi.
Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkə səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin inkişafının yeni mərhələsi başlanmışdı. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etdikdən sonra respublikada yaranmış xaos dövründə, bütün sahələrdə olduğu kimi, ölkəmizin səhiyyə sistemində, tibb elmi və tibb təhsili sahələrində də tənəzzül yaranmışdı. İllərlə və böyük çətinliklə yaradılanlar baxımsızlıq üzündən asanlıqla dağıdılırdı. Xoşbəxtlikdən bu, uzun sürmədi və ulu öndərin hakimiyyətə gəlişi pərakəndəliyin, dağıntıların qarşısını aldı. Azərbaycanın özü ilə birlikdə onun səhiyyə sistemi də xilas edildi. Bu sistemi yenidən canlandırmaq üçün Azərbaycan iqtisadiyyatının dirçəldilməsinə böyük ehtiyac yaranmışdı. Heydər Əliyevin o vaxtlar ölkədəki siyasi-iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün reallaşdırdığı əvəzsiz xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. 1994-cü il may ayının 14-də imzalanın atəşkəs rejimi və həmin il sentyabr ayının 20-də imzalanan neft müqaviləsi "Əsrin müqaviləsi" kimi tarixə düşdü. Bundan sonra müstəqil Azərbaycan Respublikasında həm siyasi, həm də iqtisadi durum yüksələn xətt üzrə irəliləməyə başladı. Bu, dərhal özünü səhiyyənin, tibb elmi və tibb təhsili sisteminin tərəqqisində də büruzə verdi. Tezliklə Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələri genişləndi və ölkəmizin bu ali tibb ocağı 1996-cı ildə Londonda çapdan çıxan dünya təhsil birliyinin beynəlxalq reyestrinə daxil edildi. O vaxtlar MDB ölkələrindən yalnız Rusiya Federasiyası və Ukraynanın bir neçə ali məktəbi bu siyahıda var idi. Onu da qeyd etmək lazımdır ki, 90-cı illərin əvvəllərində Azərbaycan Tibb Universitetinin tədris bazalarının çatışmaması dərslərin gedişinə mənfi təsir göstərirdi. Bundan xəbər tutan ulu öndər bünövrəsi SSRİ dövründə onun tərəfindən qoyulmuş tədris binasının tikintisinin bərpa olunması üçün vəsait ayırdı və bu işi öz nəzarətində saxladı. 1998-ci il sentyabr ayının 28-də ATU-nun yeni tədris binasının açılışında şəxsən iştirak edən ulu öndər Heydər Əliyev Azərbaycanın tibb işçilərinə, tibb alimlərinə, tibb universiteti tələbələrinə sanki qol-qanad verdi. Əksər nəzəri kafedralar, ATU-nun kitabxanası, informatika mərkəzi, hərbi kafedra yeni tədris binasında yerləşdirilmişdir. Bu, müəllimlərə, həkimlərə, tələbələrə verilən ən böyük hədiyyə idi. Ulu öndər 2000-ci ildə yenidən Azərbaycan Tibb Universitetinə gəldi və burada 450 yerlik akt zalının açılışında, eləcə də ATU-nun yaradılmasının 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə iştirak etdi. Yenicə istifadəyə verilmiş unikal akt zalının tribunasından birinci olaraq ulu öndər Heydər Əliyevin tarixi nitqi səsləndi. Ümummilli liderin nitqi bizim üçün proqram sənədinə çevrildi və biz gələcək planlarımızı dahi Heydər Əliyevin nitqinin müddəaları əsasında qurduq. Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin nümayəndələri elmi və pedaqoji fəaliyyətlərində əldə etdikləri nailiyyətlərinə görə bir sıra beynəlxalq qurumlara üzv seçildilər. ATU-nun nəzdində strateji əhəmiyyət kəsb edən hərbi-tibb fakültəsi yaradıldı. Azərbaycan Tibb Universiteti Qaradənizətrafı ölkələrin ali məktəbləri Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçildi.
Dahi Heydər
Əliyevin qurduğu bünövrəyə söykənərək
ATU öz müzəffər yürüşünü
hazırda da müvəffəqiyyətlə davam etdirir.
Çünki Azərbaycana rəhbərlik edən cənab
İlham Əliyev ulu öndərin yolunun uğurlu davamına
yeni çalarlar gətirərək onu gündən-günə
genişləndirir, zənginləşdirir, bütün
zamanların dayağına, istinad nöqtəsinə
çevirir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2007-ci
ildə universitetimizin terapevtik kafedraları
qarşısında problem yarananda biz cənab İlham Əliyevə
müraciət edərək kömək istəmişdik. Cənab Prezident bizim
xahişimizi bir an belə ləngitmədən ona adekvat cavab
verdi. Qısa bir müddətdə həmin il sentyabr
ayının 11-də ATU-nun Terapevtik Klinikasının
yaradılması və tikintisinə başlanılması
haqqında sərəncam imzalandı. Bu tikintiyə sərf
olunacaq vəsaitin ilin əvvəlində büdcədə nəzərdə
tutulmamasına baxmayaraq, cənab İlham Əliyev Prezidentin
ehtiyat fondundan tikinti üçün vəsait ayrılmasını
da həmin sərəncama daxil etdi və 2007-ci il sentyabr
ayının 18-də tikintinin təməlqoyma mərasimi
keçirildi.
Təməlqoyma mərasimində
Prezident İlham Əliyevlə birlikdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva da iştirak edirdi. Mərasimdən
sonra cənab İlham Əliyev və Mehriban xanım Əliyeva
yaxınlıqdakı 11 mərtəbəli tədris
binasının dəhlizinə yaxınlaşdılar. Bu, ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
tikilən və 10 il əvvəl onun iştirakı ilə
istifadəyə verilən tədris binası idi. Yaxın
vaxtlarda ulu öndər Heydər Əliyevin tikdirdiyi 11 mərtəbəli
tədris binası ilə cənab İlham Əliyevin təşəbbüsü
və qayğısı ilə tikilən 14 mərtəbəli
Terapevtik Klinika yanaşı dayanacaqlar. Cənab İlham Əliyev
2008-ci il aprel ayının 13-də daha bir sərəncam
imzalamışdır. Bu sərəncamla Cərrahlıq
Klinikasının yaradılması və tikintisinə
başlanılmasına yaşıl işıq
yandırılmışdır.
Azərbaycan səhiyyəsinin,
tibb elmi və tibb təhsili sisteminin inkişafının
unudulmaz və bitib-tükənməz Heydər Əliyev mərhələsi
yenə də geniş yoldadır.
Əhliman ƏMİRASLANOV,
akademik, SSRİ Dövlət
mükafatı laureatı
Azərbaycan. -2008. -7 dekabr.-S.2.