Prezident İlham Əliyevin Azərbaycanın
uğurlu hərbi əməliyyatlara hazır
olması bəyanatı
Ermənistanda çaxnaşma
yaradıb
Prezident İlham Əliyevin
İtaliyaya rəsmi səfərində bu ölkənin
"Rai İnternational" telekanalının "Foks
neks" proqramına verdiyi müsahibədə Dağlıq
Qarabağ münaqişəsinin hərbi yolla həll edilə
biləcəyini bir daha bəyan etməsi Ermənistanda ciddi
narahatlıq doğurub. Bunu həmin müsahibədə səslənən
fikirlərin bu gün də Ermənistanda əsas müzakirə
mövzularından birini təşkil etməsi aydın
sübut edir. Hələ Moskva Bəyannaməsi imzalandıqdan
sonra Ermənistan rəhbərliyi iddia edirdi ki, bu sənəd
münaqişənin sülh yolu ilə həllini nəzərdə
tutur.
Ancaq Azərbaycanın
dövlət başçısının İtaliyanın
"Rai İnternational" telekanalına verdiyi müsahibədə
gətirdiyi arqumentlər ermənilərin bu iddialarını
tamamilə alt-üst edib. Həmin telekanala müsahibəsində
Prezident İlham Əliyev açıq şəkildə
bildirib ki, Azərbaycan işğal olunmuş ərazilərinin
hərbi yolla geri qaytarılması hüququnu özündə
saxlayır və Moskva Bəyannaməsi problemin yalnız
sülh yolu ilə həll olunmasına dair Azərbaycanın
üzərinə heç bir öhdəlik qoymur: "Moskva Bəyannaməsində
Azərbaycanı hərbi yoldan çəkindirən öhdəliyi
heç kim tapa bilməz. Bəyannamədə "hesab edirik
ki, siyasi həll yolu olmalıdır deyilməsi" fundamental
hüquqlarımızdan imtina etməyimiz demək deyildir. Bütün
beynəlxalq normalara əsasən, hər bir ölkənin
özünü müdafiə etmək hüququ var.
Siyasi həll ümidilə
biz eyni zamanda istənilən tədbiri görməyə daim
hazır olmalıyıq. Burada hərbi yol istisna deyil, heç
vaxt olmayıb və ərazi
bütövlüyümüzü bərpa etmək
üçün heç vaxt istisna olmayacaqdır. Biz
özümüzü əhəmiyyətli dərəcədə
gücləndirmişik. Son beş il ərzində Azərbaycanın
hərbi potensialı, iqtisadi inkişafı və siyasi
gücü bir neçə dəfə artmışdır. Lakin
təxminən iki onillik ərzində aparılan
danışıqlar prosesində olmağımız faktı
onu göstərir ki, bizim məqsədimiz sülh yolu
tapmaqdır. Qafqazda heç kim müharibə istəmir. Lakin
eyni zamanda biz bu vəziyyətlə barışa bilmərik. Ermənistanın
iki onillikdən çox xalqımızın fundamental
hüquqlarını pozması faktı ilə və heç
nə baş verməməsi ilə razılaşa bilmərik".
Azərbaycan
Respublikası Prezidentinin bu fikirləri hazırda Ermənistan
siyasi dairələrində əsas müzakirə
mövzularından birinə çevrilib. İndi erməniləri
narahat edən məsələ Azərbaycanın hər an
müharibəyə başlayacağı və Ermənistan rəhbərliyinin
Moskva Bəyannaməsinin mahiyyəti barədə xalqa
yanlış məlumatlar verməsi olub.
Ermənistan parlamentinin
deputatı Rafik Petrosyan qeyd edir ki, Prezident İlham Əliyevin
hərbi bəyanatları münaqişənin yenidən hərbi
müstəviyə keçə biləcəyindən xəbər
verir ki, bu da Ermənistan üçün acınacaqlı nəticələrə
gətirib çıxara bilər.
Erməni deputatın
fikrincə, indi İrəvan hökuməti hər vəchlə
çalışmalıdır ki, beynəlxalq ictimaiyyət Azərbaycanın
müharibəyə əl atmasına imkan verməsin: "Yeni
müharibə Ermənistan üçün fəlakət deməkdir.
Nəzərə almaq lazımdır ki, Azərbaycanın hərbi
büdcəsi son bir neçə ildə dəfələrlə
artıb. Bu ölkə açıq şəkildə silah
aldığını gizlətmir. Bütün bunların
fonunda Prezident İlham Əliyevin hərbi bəyanatları Azərbaycanın
müharibəyə başlaya biləcəyinin istisnalıq təşkil
etmədiyini göstərir. Hər halda biz
çalışmalıyıq ki, beynəlxalq ictimaiyyətin,
o cümlədən ATƏT-in Minsk qrupunun yardımı ilə
Azərbaycanın müharibəyə başlamasına yol verməyək.
Çünki nəticə bizə yaxşı heç nə
vəd etmir".
Ermənistanın xarici
işlər naziri Edvard Nalbandyanı da qorxudan məqam Azərbaycanın
hərbi gücünü artırmasıdır. Helsinkidə
ATƏT xarici işlər nazirlərinin toplantısında
çıxışı zamanı Edvard Nalbandyan qeyd edib ki,
Azərbaycanın gündən-günə öz hərbi
potensialını artırması bölgədə hərbi əməliyyatların
baş qaldırması ilə nəticələnə bilər:
"Bakının addımları belə deməyə əsas
verir ki, hərbi gücdən istifadə istisna edilmir".
Erməni siyasi ekspert
Aleksandr Kananyan isə bildirir ki, əslində Azərbaycan hərbi
yola əl atarsa, Ermənistan rəhbərliyi heç beynəlxalq
ictimaiyyətin köməyilə də bunun
qarşısını ala bilməyəcək: "Etiraf etmək
lazımdır ki, Azərbaycan beynəlxalq aləmdə Ermənistan
üzərində qələbə əldə edib. İndi
Dağlıq Qarabağ münaqişəsindən
danışılanda ərazi bütövlüyü prinsipi
birinci olaraq göstərilir. Bu isə Ermənistanın əleyhinədir.
İkinci bir tərəfdən, Serj Sarkisyanın legitim yolla
prezident seçilməməsi bu gün Ermənistanın beynəlxalq
aləmdə dəstəklənməsində ciddi problemə
çevrilib. İndi Serj Sarkisyan beynəlxalq ictimaiyyətin
dediyinə də hər hansı ciddi müqavimət göstərə
bilmir.
Beynəlxalq ictimaiyyət
isə artıq daha çox Azərbaycanın dedikləri ilə
hesablaşır.
Belə vəziyyətdə
Azərbaycanın müharibəyə başlamasına
heç bir müqavimət təşkil etmək mümkün
olmayacaq. Moskva Bəyannaməsi imzalandıqdan sonra verilən
ilkin açıqlamalarda problemin yalnız sülh yolu ilə həll
olunacağına dair ümidlər yaranmışdı. Ancaq
Prezident İlham Əliyevin Azərbaycanın hərb yolundan istifadəsinin
istisna olunmadığını Bəyannamənin
imzalamasından sonra elə Avropanın özündə bildirməsi
bizə yaxşı heç nə vəd etmir. Azərbaycanla
müharibə aparmağa isə Ermənistanın iqtisadi
gücü yoxdur. Müharibə başlasa, bu əvvəlki
Qarabağ döyüşlərindən fərqlənəcək.
Etiraf etməliyik ki, Azərbaycan indi mütəşəkkil
orduya və bizdən xeyli güclü olan hərbi potensiala
malikdir. Azərbaycan rəhbərliyi bunu yaxşı başa
düşür".
Ermənistanın sabiq
prezidenti Levon Ter-Petrosyana görə də indi münaqişə
ətrafında yaranan vəziyyət sürətlə Azərbaycanın
xeyrinə işləməkdədir: "Bütün
bunların məsuliyyəti ölkənin indiki prezidentinin
üzərinə düşür".
Göründüyü
kimi, artıq Ermənistanda olduqca pessimist əhval-ruhiyyə
formalaşıb. Bu, artıq Azərbaycanın Ermənistan
siyasətçiləri və bütövlükdə erməni
cəmiyyəti üzərində tam psixoloji qələbə
əldə etdiyini təsdiqləyir. Psixoloji qələbənin
hərbi qələbə ilə əvəzlənməsinin
artıq hər an mümkün ola biləcəyi elə ermənilərin
özü tərəfindən açıq etiraf olunur.
Azərbaycan Prezidentinin
mövqeyi isə təkcə Ermənistanda yox, dünyanın
bir sıra tanınmış araşdırma mərkəzlərində
də geniş təhlil olunmaqdadır. Rusiya Siyasi və Hərbi
Analiz İnstitutunun millətlərarası problemlər
şöbəsinin müdiri, tanınmış rusiyalı
politoloq Sergey Markedonovun fikrincə, Azərbaycan Prezidentinin
İtaliya televiziyasına müsahibəsində səsləndirdiyi
fikirlər Cənubi Osetiyada "beşgünlük müharibə"dən
sonra ermənilərdə yaranmış mifi
darmadığın etdi: "Cənubi Osetiya müharibəsindən
sonra Ermənistanda belə hesab olunurdu ki, Azərbaycan Dağlıq
Qarabağın və onun ətrafındakı rayonların
geri alınması üçün hərbi yola əl
atmayacaq. Ancaq Prezident İlham Əliyevin Moskva Bəyannaməsilə
bağlı verdiyi açıqlamalar ermənilərdə bu
ümidi alt-üst etdi".
Rusiyalı politoloq qeyd edir ki, Prezident İlham Əliyev Moskva Bəyannaməsində gücdən istifadəni qadağan edən birbaşa fikrin olmadığını bildirməkdə haqlıdır. Politoloqun fikrincə, burada Ermənistanı qorxuya salan məqamlardan biri Rusiya faktoru ilə bağlıdır. Çünki Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlaması Rusiyanın Cənubi Osetiya müharibəsindən sonra daha çox neytral mövqedən çıxış etməsini şərtləndirir: "Rusiya burada daha çox müşahidəçi rolu oynamaqda və bu statusda qalmaqda maraqlıdır. Qərb ölkələri isə əvvəllər də Azərbaycanın hərbi çağırışlarına tolerant yanaşıb".
R.BAYRAMOV
Azərbaycan.-2008.-7 dekabr.-S.4.