İnsan hüquq və
azadlıqlarının yüksək səviyyədə təminatı
dövlətin ali məqsədidir
İnsan hüquq və azadlıqları müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi, siyasi ideallarının ali təzahürünə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarına çevrilmişdir. Müasir dünyada miqyasına və əhəmiyyətinə görə insan hüquqları sahəsində ən mühüm sənəd isə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisinin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi sayılır. Bəyannamədə insan hüquq və azadlıqlarının ümumbəşəri səciyyə daşıdığı, heç bir dövlətin daxili işi olmadığı vurğulanmış, həmçinin yaşamaq, azadlıq, bərabərlik, mülkiyyət və təhlükəsizlik haqqı sivil cəmiyyətlərin ali məqsədləri kimi önə çəkilmişdir.
2008-ci il dekabrın 10-da bəyannamənin qəbulunun 60-cı ildönümü tamam olmuşdur. BMT Baş katibi Pan Qi Mun 10 dekabr - İnsan Hüquqları Günü və İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin 60 illiyi münasibətilə dünya ölkələrinə müraciət göndərmişdir. Müraciətdə deyilir ki, İkinci dünya müharibəsindən sonrakı məhrumiyyət və dağıntı dövründə hazırlanan bəyannamə özündə insanlığın gələcək tərəqqi, ləyaqət və dinc yanaşı yaşama cəhdlərini əks etdirir. Hələ də dünya ölkələri ərzaq çatışmazlığı və qlobal maliyyə böhranı ilə üzləşir, insanların təbiəti amansızcasına istismarı davam edir, həddən artıq çox ölkədə siyasi təqiblər mövcuddur, bu ehtiyac və təqiblərdən isə əhalinin ən həssas təbəqələri əziyyət çəkir. İnsan hüquqları və xüsusilə onların pozulması halları bütün dünyanı həmrəyliyə gətirməlidir.
"İnsan Hüquqları haqqında Ümumi Bəyannamə"nin qəbuluna qədər BMT Nizamnaməsində, bir sıra ölkələrin konstitusiyalarında insan hüquqları daha çox cəmiyyətin özülü kimi qəbul edilmişdir. 1946-cı ildə çıxarılmış Nürnberq tribunalının qərarında isə göstərilmişdir ki, insan hüquqları heç bir dövlətin müstəsna daxili siyasəti deyildir. Heç bir dövlət suverenliyini bəhanə gətirərək vətəndaşları ilə istədiyi kimi rəftar edə bilməz. Bu məqsəd sonralar da inkişaf etdirilmiş, sözügedən bəyannamənin qəbulu ilə nəticələnmişdir. "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" İkinci dünya müharibəsinin törətdiyi dəhşətli cinayətlərə cavab kimi qəbul edilmişdir.
Həmin bəyannamənin prinsiplərini əsas tutan müstəqil Azərbaycanın ilk müstəqil Konstitusiyasının da əsasında "İnsan hər şeyin meyarıdır" ideyası durur. Azərbaycan Respublikası son 15 ildə beynəlxalq birliyin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi prosesi geniş vüsət almışdır. Azərbaycanda xaos və anarxiya mühitinə son qoyulmuş, hüquqi, siyasi və iqtisadi islahatlara start verilmişdir.
Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquqi islahatları və insan haqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verilməsi Azərbaycan dövlətinin demokratik ənənələrə, insan hüquqları ideyasına əməl etmək istəyinin ifadəsidir.
Konstitusiyanın qəbulundan sonra Azərbaycanda hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi başlanmış, dövrün tələblərinə cavab verən bir sıra yeni qanunvericilik aktları hazırlanaraq qəbul edilmişdir. 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı mühüm beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Ulu öndərin 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm hökmü 1998-ci il fevralın 10-da tamamilə ləğv edilmiş, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə olmuşdur. O vaxt hətta Avropa Şurasının üzvü olan bir sıra dövlətlər də analoji addımı hələ atmamışdılar. Yüksək humanizmin və insanpərvərliyin bariz ifadəsinə çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş, 2001-ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlü üzv qəbul edilmişdir. Təşkilatla səmərəli əməkdaşlıq Azərbaycanın milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasına, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasına ciddi təkan vermişdir.
1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev "Azərbayan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalamış, bu mühüm sənəddə insan hüquqlarının təminatı yönümündə həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası səhih şəkildə müəyyən edilmişdir. İnsan hüquqları sahəsində proqram rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır. Sözügedən fərmanın müəyyənləşdirdiyi mühüm məqsəd və vəzifələrə, ümumilikdə, Azərbaycanın yeni inkişaf mərhələsinə adekvat olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti 18 iyun 1998-ci il tarixdə xüsusi sərəncam imzalamışdır. Strateji əhəmiyyətli bu sərəncamla "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin 17 iyun 2007-ci il tarixli fərmanı ilə 18 iyun tarixinin - "İnsan Hüquqları Günü" elan olunması da məhz bu əlamətdar tarixdən qaynaqlanır.
Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum olmuşdur. Bu memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir.
Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev qısa müddətdə insan hüquq və azadlıqlarının təminatı istiqamətində də kompleks tədbirlər həyata keçirmişdir. Dövlət başçısının "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 3 mart 2004-cü il tarixli, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi haqqında" 3 sentyabr 2004-cü il tarixli sərəncamlarının əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Bu mühüm sənədlər əsasında ötən 5 ildə insan hüquqları sahəsində böyük maneəyə çevrilən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə hüquqpozmaların qarşısının alınması, aşkar olunması və nəticələrinin aradan qaldırılması, habelə vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliyinin təmin edilməsi istiqamətində bir sıra ciddi tədbirlər həyata keçirilmişdir.
Bu müddətdə respublikamızda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının qayəsində insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət kimi ali dəyərlər dayanmışdır. Ötən müddətdə "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər olunmuş, "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun qəbul edilmişdir. Məhkəmə-hüquq islahatlarının davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev 19 yanvar 2006-cı il tarixdə "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalamışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində ötən 5 ildə həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn bu mühüm fərman əsasında bölgələrdə yeni apellyasiya və iqtisad məhkəmələri yaradılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planının təsdiq edilməsi haqqında" sərəncamında isə Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətə çəkilir. Sərəncamda Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına, məhkəmələrinə və Baş Prokurorluğuna normativ hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi tövsiyə olunur. Həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinə qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında, habelə respublikamızın tərəfdar çıxdığı beynəlxalq sənədlərdə əks etdirilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi məsləhət görülür.
Qloballaşan dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi ilk növbədə onun insan hüquqlarına munasibəti ilə müəyyən olunur. Azərbaycan Prezidenti İlham Əliyevin insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı həyata keçirdiyi kompleks tədbirlər respublikamızın Avratlantik məkana inteqrasiya siyasətinin səmimiliyini əyani surətdə üzə çıxarır. Şəxsiyyətin toxunulmazlığı, söz, mətbuat, vicdan azadlığı, bütün vətəndaşların bərabər hüquqlara malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmuşdur. Bu gün ölkədə təqribən 50 yaxın siyasi partiyanın sərbəst fəaliyyəti, 3500-dən çox qəzet və jurnalın mövcudluğu, dini etiqad azadlığı ictimai həyat reallıqları kimi diqqəti çəkir.
Azərbaycan Prezidenti İlham Əliyev insan hüquqlarının qorunmasını təmin edən mütərəqqi islahatların aparılmasını demokratiyanın daha da möhkəmləndirilməsinə, vətəndaş cəmiyyəti quruculuğunun uğurla həyata keçirilməsinə istiqamətlənmiş siyasətin tərkib hissəsi kimi nəzərdən keçirir. Dövlət başçısının sərəncamı ilə 18 iyun tarixinin Azərbaycanda İnsan Hüquqları Günü elan olunması da respublikamızın prioritet seçdiyi bu mütərəqqi yolun dönməzliyini və əbədiliyini, insan hüquq və azadlıqlarının üstün tutulduğunu bir daha təsdiqləyir.
Samir ELMANOĞLU
Azərbaycan.-2008.-
7 dekabr.-S.3-4.