Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın
daha da genişləndirilməsi
üçün çox
böyük imkanlar mövcuddur
İqtisadi inkişaf
naziri Şahin Mustafayev AzərTAc-a bildirmişdir ki, Azərbaycan
ilə Türkiyə arasında iqtisadi əlaqələrin
genişləndirilməsi, bu sahədəki problemlərin
operativ həlli məqsədi ilə 1996-cı ildə
xüsusi Dövlət Komissiyası
yaradılmışdır.
Komissiyanın indiyədək
keçirilmiş iclaslarında ticarət əlaqələri,
azad ticarət zonalarının təşkili, neft və qaz,
energetika, kənd təsərrüfatı, nəqliyyat,
standartlaşdırma, turizm və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi, hər iki ölkənin özəl
sektoru arasında əlaqələrin gücləndirilməsi,
yarmarka və sərgilərin təşkili ilə
bağlı müzakirələr aparılmışdır.
Hazırda Türkiyə
ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın
daha da genişləndirilməsi üçün çox
böyük imkanlar mövcuddur. Belə ki, türk şirkətləri
Azərbaycanda infrastruktur layihələri, o cümlədən
yolların çəkilməsi, elektrik stansiyalarının,
soyuducu anbarların inşası, tekstil, dərman, gübrə,
qablaşdırma, şüşə qablar istehsalı, kənd
təsərrüfatı məhsullarının emalı, turizm
infrastrukturunun inkişaf etdirilməsi layihələrini həyata
keçirə bilərlər.
Azərbaycan.-2008.-7 dekabr.-S.9.