Milli inkişaf strategiyasının müəllifi

 

Hər bir xalqın müstəqil dövlət qurması ilk növbədə lider amili ilə bağlı olub, onun yaradıcı təfəkkürü, siyasi əzmi, yüksək intellekti, qətiyyəti və dövlətçilik səriştəsi sayəsində gerçəkləşir. Bəşər övladının əsrlər boyu ədalətli, sivil və hüquqi dövlətdə yaşamaq idealının gerçəkliyə çevrildiyi ictimai-iqtisadi formasiya kimi üstün mövqeyini bu gün də qoruyan demokratik idarəetmədə lider fenomeninin müasir fəlsəfi-siyasi fikirdəki yeri və mövqeyi qətiyyən zəifləmir. Hər bir xalqın tarixi də müəyyən mənada ona rəhbərlik etmiş böyük sərkərdələrin, qətiyyətli liderlərin, parlaq şəxsiyyətlərin əzmkar fəaliyyətində təcəssümünü tapır.

Bu gün Azərbaycan ictimai fikrində birmənalı etiraf olunan həqiqətlərdən biri də məhz odur ki, ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilməsi xalqı milli müstəqilliyə doğru aparan nurlu yolun başlanğıcına çevrilmişdir. 35 ilə yaxın müddətdə ulu öndər daim xalqının milli maraq və mənafeləri uğrunda əzmkar mübarizə aparmış, uzaq hədəflərə hesablanmış siyasət yeridərək insanlarda müstəqil dövlətçilik şüurunun formalaşmasına çalışmışdır. Heydər Əliyev hətta hakimiyyətdə olmadığı qısa vaxt ərzində belə xarizmatik keyfiyyətləri ilə ictimai rəyə təsir imkanlarını qoruyub saxlamış, cəmiyyətdə mütləq çoxluğun tərəddüdsüz etimad göstərdiyi siyasi lider olmuşdur. Həmin illərdə ümummilli liderin fədakar fəaliyyəti nəticəsində xalqda tədricən azərbaycançılıq məfkurəsi formalaşmağa başlamış, milli ruh hədsiz dərəcədə yüksəlmiş, özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması istiqamətində əməli tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də milli dövlətçilik arzularının və hisslərinin güclənərək real siyasi amilə çevrilməsidir.

Xalqına, onun keçmişinə, tarixinə, adət-ənənələrinə, milli dəyərlərinə daxilən bağlı bir şəxsiyyətin respublikaya rəhbərliyə başlaması o ağır imperiya dövründə Azərbaycanda bütün sahələr üzrə yüksəlişə ciddi zəmin yaratmışdır. Ulu öndər heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Böyük strateq ideoloji baryerlərin son dərəcə sərtliklə işə düşdüyü bir dövrdə Azərbaycanın müstəqilliyi üçün iqtisadi-siyasi zəmin formalaşdırmağa çalışmış, milli ruhun yüksəlişinə xidmət edən bir sıra addımlar atmışdır. Müdrik xalqımız liderinin rəhbərliyi altında milli yaddaşını, zəngin mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumuş, dövlət müstəqilliyi üçün siyasi-hüquqi və iqtisadi zəmin formalaşdırmışdır. Heydər Əliyevin o dövrdə repressiya qurbanlarına bəraət verilməsi istiqamətində gördüyü işlər də azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət etmişdir. Ulu öndər ötən əsrin 60-cı illərində milli düşüncə sahibi olduqlarına görə təqibə məruz qalmış görkəmli Azərbaycan yazıçı və şairlərini, tarixçilərini məhv olmaq təhlükəsindən hifz etmişdir.

Həmin illərdə eyni zamanda xalqın qərinələr boyu yaşatdığı mənəvi dəyərlərə nihilist baxış tədricən aradan götürülməyə başlanmış, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan ünsiyyət milli düşüncənin düzgün məcrada inkişafına səbəb olmuşdur. Böyük strateq Azərbaycanın dahi şəxsiyyətlərinin adının əbədiləşdirilməsi, əsərlərinin təkrar nəşri, heykəllərinin ucaldılması, muzeylərinin yaradılması, eləcə də xalqın tarixinin, mədəniyyətinin, ədəbiyyatının yaşadılması, bütövlükdə milli yaddaşın qorunub gələcək nəsillərə çatdırılması naminə ardıcıl tədbirlər həyata keçirmişdir. Təkcə bir faktı demək kifayətdir ki, görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 100 illik yubileyini qeyd etmək, onun heykəlini ucaltmaq üçün Heydər Əliyev keçmiş sovetlər imperiyasının rəhbərliyi ilə mübarizəyə iki ilə yaxın vaxt sərf etmişdir. Nəticədə Azərbaycan KP MK Bürosunun 1972-ci il 24 may tarixli iclasında görkəmli dövlət xadimi, sağlığında milli təmayüllü kommunist kimi müxtəlif təqiblərə, təzyiqlərə məruz qalan, ölümündən sonra isə unutdurulan Nəriman Nərimanovun Bakı şəhərində heykəlinin ucaldılması barədə qərar qəbul edilmişdir.

Azərbaycan xalqının türk mənşəyi daha çox qədim yazılı abidə olan "Kitabi-Dədə Qorqud"da əksini tapdığından sovet ideologiyası 1920-1950-ci illərdə dastanın öyrənilməsini qadağan etmiş, uzun illər bu abidənin unutdurulmasına çalışmışdı. Ulu öndər həmin qadağanı da aradan götürərək dastanın araşdırılması və tədqiqinə normal şərait yaratmışdır. "Kitabi-Dədə Qorqud"la bağlı tarixi və ədəbi araşdırmaların sayı çoxalmış, bu mövzuda bədii film çəkilmişdir. Eləcə də repressiyaya məruz qalaraq 1937-ci ildə Sibirə sürgün olunmuş görkəmli ziyalı və dramaturq Hüseyn Cavidin nəşini 1981-ci ildə uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizə də ulu öndərin milli irsə nə qədər sayğı və ehtiramla yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Həmin illərdə Heydər Əliyev dini abidələrə, məscidlərə ehtiyatla, böyük məharətlə qayğı göstərir, əsl funksiyalarını daşıtdırmaq çətin olduğundan, onları tarixi-mədəniyyət abidələri kimi bərpa etdirərək xalqın ixtiyarına verirdi. Ötən əsrin 70-80-ci illərində məscidlərin bərpa olunaraq dindarların istifadəsinə verilməsi məlum səbəblərdən mümkün olmadığından, həmin məbədgahlar tarixi abidələr adı altında bərpa edilərək muzey kimi xalqın istifadəsinə verilirdi. Xalqın qədim milli bayramı olan Novruz məhz ulu öndərin xeyir-duası ilə keçirilirdi. Bütün sovet tarixi ərzində bu bayramın Azərbaycanda rəsmən qeyd olunması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bütün bunlar Azərbaycan xalqının milli ruhunu yüksəldir, tarixi irsə böyük məhəbbət yaradır, milli özünüdərki gücləndirirdi.

Müstəqil dövlətin qurucusu, ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmaqla ilk nöbvədə xalqın intellektual sabahını düşünmüşdür. Sivil dünya gerçəklikləri ilə çuğlaşan fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlərdən olmuşdur. Unudulmaz rəhbər hələ Azərbaycana rəhbərliyinin birinci dövründə uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində milli ziyalı elitasının intellektual potensialının yüksəlməsində özünü göstərməklə aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. Ötən əsrin 70-80-ci illərində ulu öndərin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması milli müstəqilliyimiz üçün zəruri intellektual zəmin yaratmışdır. Heydər Əliyev peşəkar strateq olaraq daim qeyd etmişdir ki, intellektual baza istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir.

Ulu öndərin yeritdiyi siyasət məhz onun dərin elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənir. Həmin illərdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsas leytmotivini təşkil etmişdir. Təsadüfi deyildir ki, 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Ulu öndərin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi nəticəsində həmin illərdə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilmişdir. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır.

Həmin illərdə milli-mütərəqqi fikrin və ictimai düşüncənin əsas mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi ulu öndərin xüsusi diqqət mərkəzində olmuşdur. Böyük rəhbər Sovet Azərbaycanına hakimiyyətə gəlişindən dərhal sonra universitetin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə iştirak etmişdir. Heydər Əliyev yubiley mərasimində totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində nitq söyləmişdir: "Bu gün Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi təntənə ilə qeyd edilir. Azərbaycan elminin həyatında, onun mədəniyyətinin tərəqqisində, Azərbaycan elminin inkişafında, iqtisadiyyatının yüksəlişində yubilyarımız böyük və səmərəli rol oynamışdır. Azərbaycan xalqının torpağında birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır. Bu gün Azərbaycan Dövlət Universitetinin keçdiyi yarım əsrlik yola yekun vurarkən tam əsasla deyə bilərik ki, yubilyar bu yüksək ada layiq olduğunu özünün bütün fəaliyyəti ilə sübuta yetirmişdir. Azərbaycan Dövlət Universitetinin tarixi xidməti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı, elm və mədəniyyəti üçün yüksək ixtisaslı mütəxəssislərin böyük bir dəstəsini hazırlamışdır".

Ümumiyyətlə, ulu öndər Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə böyük strateq kimi dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirləri uğurla həyata keçirmiş və bu istiqamətdə ciddi nailiyyətlər əldə etmişdir. Həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini də dövlət müstəqilliyinə təminat yaradan başlıca faktor kimi nəzərdən keçirmək lazımdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır. Həmin dövrün statistikasına əsasən, Azərbaycan, Ukrayna və Rusiya SSRİ büdcəsindən dotasiya almadan öz problemlərini həll etməyə qadir respublikalar idi. 1991-ci ilin dekabr ayında Türkiyənin "Zaman" qəzetinə müsahibə verən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri Heydər Əliyev SSRİ-nin süqutunu əvvəlcədən gördüyünü bəyan etmişdir: "Mən SSRİ respublikalarının nə vaxtsa müstəqillik əldə edəcəklərini düşünürdüm. O illərdə Azərbaycanın da müstəqil bir müsəlman dövləti olmasını arzu edirdim. Məni istefaya getməyə məcbur edənlərin əsas məqsədləri də Azərbaycanın müstəqillik qazanmasının qarşısını almaq idi".

Azərbaycanda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə atılmışdır. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş birinci sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş və keçmiş Naxçıvan MSSR-in adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olan üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında da yekdilliklə qərar qəbul edilmişdir. Eyni zamanda, yeni gerb və himnin hazırlanması üçün müsabiqə elan olunmuşdur. Ulu öndər Heydər Əliyev həmin sessiyadakı tarixi çıxışında demişdir: "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edir və bu qərarımızı Azərbaycanın ali hakimiyyət orqanına çatdırırıq. Eyni zamanda, Azərbaycanın ali hakimiyyət orqanı qarşısında məsələ qoyuruq ki, Azərbaycanın dövlət rəmzləri haqqında qərar qəbul etsin".

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqın müstəqillik mücadiləsi ilə bağlı konstitusion müstəvidə ilk həlledici addımı atmış, bu qərarlarla Naxçıvan Muxtar Respublikası faktiki olaraq keçmiş SSRİ-nin yurisdiksiyasından çıxarılmışdır. Sonrakı mərhələdə muxtar respublika rəhbərliyinin çıxardığı digər tarixi qərarlar da Azərbaycan xalqının həqiqi müstəqilliyə qovuşmasını sürətləndirmişdir. Bu baxımdan təkcə 1991-ci il martın 17-də Azərbaycanda keçirilən və keçmiş SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun Naxçıvanda boykot edilməsi faktını xatırlatmaq kifayətdir. Bu referendum aşkar saxtakarlıqla keçirilmiş, respublikanın o vaxtkı rəhbərliyi Moskvadan tələb edilən rəqəmi məmnuniyyətlə rəsmiləşdirmişdir. Fəqət xalq və onun ziyalı nümayəndələri bu siyasi tamaşaya kəskin etirazını bildirmiş, demokratiya və müstəqillik tərəfdarları içərisində Heydər Əliyev, həmişəki kimi, öndə olmuşdur. 1991-ci il iyulun 19-da Sov.İKP sıralarını tərk edən ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırmışdır.

1991-ci il avqustun 30-da isə keçmiş Azərbaycan SSR Ali Soveti demokratik qüvvələrin, o cümlədən Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevin səyləri ilə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyanat qəbul etmişdir. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin Nizamnaməsində, digər beynəlxalq hüquqi paktlarda və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdır. Ali Sovetin 30 avqust tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktı layihəsinin iki həftə müddətində hazırlanması barədə qərar qəbul edilmişdir. Respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitsə də, xalqın müstəqillik arzusuna qarşı çıxa bilməmişdir. Nəhayət, 1991-ci il oktyabrın 18-də Heydər Əliyevin də imza atdığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı" ilə Azərbaycanın istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir.

Bütün bunlar ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsindəki misilsiz xidmətlərini bir daha aşkara çıxarır. Lakin tarixi təcrübədən o da məlumdur ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-ci ilin 18 oktyabrında Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, ilk illərdə bu, əslində formal səciyyə daşımışdır. Dövlət müstəqilliyinin ilkin mərhələsində - 1991-1993-cü illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Həmin illərdə hakimiyyətdə olan qüvvələrin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Bu təlatümlü hadisələr təsdiqlədi ki, yalnız böyük iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşunə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər.

1993-cü ildə ulu öndər xalqının səsinə səs verərək hakimiyyətə qayıtmış, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır.

Ulu öndər müdrik siyasi addımları ilə sübuta yetirmişdir ki, demokratiya əsla hərc-mərclik olmayıb qanunların aliliyinə, qarşılıqlı məsuliyyət hissinə əsaslanan idarəetmə forması və böyük siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır. Heydər Əliyevin böyük müdrikliklə yaratdığı milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə, xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir. Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modelini özünəməxsus uzaqgörənliklə əsaslandıran ümummilli lider bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini də xüsusi diqqətə çəkmişdir.

Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin idarəçiliyinin ikinci mərhələsində də qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması onun zəngin mənəviyyatından, demokratizmindən rişələnmişdir. Heydər Əliyev gücün siyasətinə qarşı qanunun gücünü qoyaraq "haqlı həmişə güclüdür" düsturundan çıxış etmiş, hakimiyyətin daim hər bir fərdin maraq və mənafeyini uca tutmasına çalışmışdır.

Son 15 ildə Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi-siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də məhz ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Böyük öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində bu problem öz həllini tapmış və beynəlxalq təşkilatlarda bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilmişdir.

Ulu öndərin müəllifliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi dövlət imicini təsbit etmiş, vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilmişdir. Məhz bu mərhələdən hüquq-mühafizə, məhkəmə sistemində mütərəqqi islahatların həyata keçirilməsinə başlanmış, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Respublikada əfvetmə institutunun bərpası, ölüm hökmü üzərində moratoriumun qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv olunması, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) institutunun yaradılması, hüquq-mühafizə orqanlarında dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılması - bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir. Eyni zamanda Heydər Əliyev respublikamızın Avratlantik məkana sürətli inteqrasiyasına çalışmış, bu məqsədlə müxtəlif demokratik institutlarla, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Birliyi və digər təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur.

Ölkəmizdə elmə, təhsilə, yüksək ixtisaslı kadrların hazırlanması məsələlərinə daim ciddiliklə yanaşmış ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə bu mütərəqqi ənənəyə sadiqlik nümayiş etdirmişdir. Ümummilli lider vaxtı ilə məzunu olduğu Bakı Dövlət Universitetini də qətiyyən unutmamış, ilk gündən bu ali təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. Ulu öndərin dəfələrlə universitetə gəlişi bu böyük təhsil müəssisəsinə sanki yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində kadr hazırlığına sövq etmişdir. Heydər Əliyev BDU-ya olan rəğbətini büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Görkəmli dövlət xadimi ilə Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür etmək qətiyyən mümkün deyildir. Ən azı bu səbəbdən ki, universitet təhsildə, elmin inkişafında, maddi bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır.

Hər bir Azərbaycan vətəndaşı kimi, BDU-nun professor-müəllim heyəti də ulu öndərin xatirəsini əziz tutur. İllər keçdikcə Heydər Əliyevin Azərbaycan tarixində necə böyük rol oynayan şəxsiyyət olduğunu hamı daha aydın dərk edir, böyük strateqin müəyyənləşdirdiyi siyasi kursun alternativsizliyini başa düşür. Ulu öndər Heydər Əliyevin mənəvi irsinin, zəngin dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin öyrənilməsi və gənc nəslə çatdırılması mühüm vəzifə kimi qarşımızda durur. Bu gün universitetdə fəaliyyət göstərən "Heydər Əliyev muzeyi" bu istiqamətdə ciddi araşdırmalar aparır. Ulu öndərin həyatının şərəfli səhifələrinin dolğun şəkildə ictimaiyyətə çatdırılması, onun zəngin ideya-fəlsəfi dünyagörüşünə əsaslanan müasir dövlətçilik konsepsiyasının təbliği və bu konsepsiyadan irəli gələn vəzifələrin tələbələrə aşılanması yönündə mühüm işlər görülür.

Heydər Əliyev böyük şəxsiyyət olaraq Azərbaycan dövlətçiliyinin əbədi mövcudluğu üçün zəruri əsaslar formalaşdırmaqla kifayətlənməmiş, həmçinin bu dövləti yeni əsrdə inamla irəli aparacaq, əzmlə inkişaf etdirəcək, bir sözlə, alternativsiz siyasi kursun davamlılığını bütün sahələrdə təmin edəcək lider yetişdirmişdir. Son beş ildə ulu öndərin siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev 5 ilə yaxın müddətdə xalqın layiqli rəhbəri və lideri olduğunu əməli işi ilə sübuta yetirmiş, hər bir azərbaycanlının Prezidenti olmuşdur. Cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə edilmiş böyük nailiyyətlər Azərbaycan xalqının seçimində qətiyyən yanılmadığını bir daha təsdiqləyir. Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktoru odur ki, ulu öndərin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən lideri var. Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən işlər, əldə olunan uğurlu nəticələr hələ ötən əsrin 90-cı illərinin ortalarından böyük rəhbər Heydər Əliyev tərəfindən başlanmış çoxşaxəli islahatlar kursunun məntiqi davamıdır.

Müdrik və uzaqgörən Azərbaycan xalqının 2008-ci il 15 oktyabr tarixli seçimi də məhz bu reallıqla şərtlənmiş, ölkə vətəndaşları son beş ildə hər vədini əməli işi ilə doğruldan, əzmkar fəaliyyəti ilə ölkə həyatının ən müxtəlif sahələrində inkişaf və tərəqqiyə zəmin formalaşdıran, insan və şəxsiyyət amilini uca tutan layiqli siyasi liderə səs vermişlər. Ölkədəki islahatların davamlılığı, ardıcıllığı, uğurla başa çatdırılması zərurəti Heydər Əliyev siyasi kursunun davam etdirilməsini, hakimiyyət estafetinin bu xətti uğurla başa çatdırmağa qadir liderə - cənab İlham Əliyevə ötürülməsini diktə etmişdir. Xalqına və dövlətinə qəlbən bağlı olan cənab İlham Əliyevin ikinci müddətə Azərbaycan Prezidenti seçilməsi dünyanın tərəqqipərvər, sabitlik, demokratiya, sülh, rifah və inteqrasiya şəraitində yaşamağa üstünlük verən bütün mütərəqqi qüvvələri tərəfindən həm Azərbaycanda, həm də regiondakı ictimai-siyasi proseslərin məntiqindən doğan labüd hadisə kimi qarşılanmışdır.

Hər zaman milli mütərəqqi ictimai düşüncənin əsas mərkəzinə çevrilən Bakı Dövlət Universitetinin təhsil sistemindəki müstəsna yeri və rolu, kadr hazırlığı prosesindəki əvəzsiz xidmətləri də bu gün ölkə rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilir. Son illərdə ali məktəblərə qayğı siyasətinin mühüm tərkib hissəsi olaraq universitetin inkişafına xüsusi diqqət yetirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əməli addımların atılması bunu bir daha təsdiqləyir. Yeni dərs ili qarşısında Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin müasir standartlara cavab verən tədris korpusunun açılış mərasimində iştirakı və dərin məzmunlu nitq söyləməsi bu ali təhsil ocağının tarixində əlamətdar hadisələrdən birinə çevrilmiş, çoxsaylı professor-müəllim və tələbə heyətində böyük ruh yüksəkliyi doğurmuşdur. Dövlət başçısı təntənəli mərasimdəki çıxışı zamanı Azərbaycanın ali təhsil sistemində özünəməxsus yeri, nüfuzu, sanbalı ilə seçilən Bakı Dövlət Universitetinin fəaliyyətinə bir daha yüksək dəyər vermiş, onun inkişafına bundan sonra da lazımi diqqət və qayğının göstəriləcəyini vurğulamışdır: "Bu gün universitetin yeni gözəl korpusu açılır və bu münasibətlə də sizi ürəkdən təbrik edirəm. Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanması işində çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır".

 

Azərbaycanda təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslardan səmərəli istifadə cənab İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Respublikanın yüksək iqtisadi inkişaf tempi, habelə təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda getdikcə möhkəmlənməsi milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır. BDU-nun çoxsaylı professor-müəllim heyəti də ürəkdən inanır ki, Azərbaycan xalqını firavan gələcəyə aparan siyasət bundan sonra da uğurla davam etdiriləcək, müstəqil respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru,

akademik, Milli Məclisin deputatı

 

Azərbaycan.-2008.-12 dekabr.-S.3.