Azərbaycan idmanının hamisi

 

 

İdman böyük qayğı və diqqət tələb edir. Hər hansı ölkədə onun kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı idman ənənəsi, idmanla məşğul olmağa şərait və imkan, idmançılara münasibət, idman mütəxəssislərinin yetişdirilməsi, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmini, idmanın təbliği, kütləviləşdirilməsi kimi amillərlə bağlıdır. Belə amillər sırasında dövlətin idmana münasibəti özünəməxsus yer tutur.

Sovet dövründə idmançılarımız beynəlxalq arenalarda indiki qədər fərqlənməsələr də, Azərbaycanda bütöv bir idman ənənəsi formalaşmışdı. İstər fərdi, istərsə də kollektiv idman növlərində fərqlənən idmançılarımız dünya və İttifaq miqyasında tanınırdılar. Amma müstəqilliyimizin ilk illərində ölkənin düşdüyü böhranlı vəziyyət idmandan da yan ötməmişdi. Belə bir vəziyyət idmanı da tənəzzülə uğratmışdı. Diqqətsizlik və laqeyd münasibət idman komplekslərinin dağılmasına, tanınmış idmançılarımızın başqa dövlətlərin bayraqları altında beynəlxalq yarışlarda iştirakına, bir sözlə, ölkənin idman potensialının məhvinə gətirib çıxarmışdı. O illərdə idman sanki unudulmuş sahələrdən birinə çevrilmişdi. Bunun obyektiv səbəbləri olsa da, subyektiv səbəbləri daha da çox idi.

 

1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından, Prezident seçilməsindən sonra ölkədə idmana münasibət kökündən dəyişdi. Azərbaycan xaos və anarxiya girdabından çıxdığı kimi, idmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Gənclər, bədən tərbiyəsi və idman sahəsində yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Heydər Əliyev idmanın xalqın və dövlətin həyatında böyük əhəmiyyət kəsb etdiyini diqqət mərkəzinə çəkərək, daim bu istiqamətdə mühüm tədbirlər həyata keçirməyin vacibliyini xatırladaraq bu sahənin inkişafını vəzifə olaraq qarşıya qoymuşdu. Ümummilli lider Azərbaycanda idmanın inkişafı üçün həyata keçirilməli əsas məsələlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunmasını, bərpasını və təyinatı üzrə istifadəsinin təmin edilməsini, yenilərinin yaradılmasını, zəruri avadanlıqla təchizatını, idman klublarının açılmasını, mütəxəssislərin yetişdirilməsini, ölkə birinciliklərinin və digər yarışların keçirilməsini, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsini, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsini, Azərbaycanda beynəlxalq yarışların keçirilməsini, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunmasını daxil etmişdi.

Məhz Heydər Əliyevin sayəsində tezliklə Azərbaycanda idmanın inkişafı sahəsində mühüm nailiyyətlər əldə edildi. İdmançılarımız ən mötəbər yarışlardan vətənə qızıl medallarla qayıtmağa başladılar. Qısa zaman kəsiyində Azərbaycan idmançılarının qazandığı qızıl medalların sayı 70 illik sovet dövründə qazanılan qızıl medalların sayını ötüb keçdi.

Ulu öndər ölkə həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər sırasında idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirirdi: "Ötən illərdə bizim itkilərimiz çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətlər içərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtmaqdan ibarətdir".

Azərbaycanda Olimpiya Hərəkatı da Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başladı. Bu hərəkatın genişlənməsinin təşəbbüskarı və ilhamçısı ulu öndər idi. 1993-cü ildən ümummilli liderin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya Hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu.

1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə cənab İlham Əliyev kimi yüksək idarəçilik və təşkilatçılıq keyfiyyətləri olan bir şəxsin seçilməsi isə idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. MOK prezidenti cənab İlham Əliyevin ölkədə Olimpiya hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Olimpiya hərəkatını sürətlə inkişaf etdirmək və onun Beynəlxalq Olimpiya Hərəkatına daha fəal qoşulmasını təmin etmək məqsədilə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də böyük işlərə start verildi. 2000-ci ildən etbarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başlandı. 2000-ci il oktyabrın 21-də Nərimanov rayonu ərazisində MOK-un idman-sağlamlıq kompleksinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyev deyirdi: "Milli Olimpiya hərəkatı Azərbaycanda yeni yaranmağa başlamışdır. Keçmişdə Azərbaycanda belə hərəkat, belə təşkilat olmamışdır. Milli Olimpiya hərəkatının və Milli Olimpiya Komitəsinin yaranması Azərbaycanın dövlət müstəqilliyinin, xalqımızın milli azadlığının bəhrəsidir, onun nəticəsidir".

Aradan keçən müddət ərzində keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Azərbaycan idmanının qazandığı uğurlar göstərir ki, cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsi ölkəmizdə idmanın inkişafına xidmət edən ən doğru addım idi. Bunu Azərbaycan idmançılarının son illərdə qazandıqları qızıl medalların sayı da təsdiq edir. Prezident İlham Əliyev demişdir: "Biz Azərbaycan idmanının şərəfini ləyaqətlə qorumağa, ölkənin şan-şöhrətini yüksəltməyə söz vermişdik. Biz bunu etdik. İndi idmançılarımız dünyanın ən mötəbər yarışlarında böyük qələbələr qazanırlar. Dünyanın müxtəlif ölkələrinin möhtəşəm idman saraylarında Azərbaycan himni səsləndirilir, Azərbaycan bayrağı qaldırılır".

Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının rəhbərliklərinin diqqətindən yayınmamış, məhz onların istəyi ilə Azərbaycanda dəfələrlə beynəlxalq turnirlər keçirilmişdir.

Həqiqətən də idmana dövlət qayğısının artması gənc nəslin sağlam ruhda tərbiyəsində, respublikamızda idmanın kütləviləşməsində mühüm rol oynamışdır. Azərbaycanın idman siyasətinin düzgün qurulduğunu bir vaxtlar maddi çətinliklər ucbatından respublikamızı tərk etmiş çoxlu sayda idmançının vətənə qayıtması, üçrəngli bayrağımız altında beynəlxalq yarışlara çıxması da sübut edir. Prezident İlham Əliyevin Olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldaca izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir.

Mənim də idmançı kimi yetişməyimdə ulu öndər Heydər Əliyevin idmana qayğısının böyük rolu olmuşdur. Bu qayğının nəticəsi kimi peşəkar idmana qədəm qoymuş, Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərliyi illərində ağırlıqqaldırmanın pauerliftinq növü üzrə dünya və Avropa miqyaslı yarışların qızıl mükafatçısı olmuşam. Azərbaycanın adını beynəlxalq idman arenalarında ucaltmaqla yanaşı, özümü həm də ona görə xoşbəxt sayıram ki, mənə də həyatda böyük öndərlə görüşmək qismət olub. Vaxtilə Heydər Əliyev təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinə gəlmişdi. Həmin vaxt mənə də dahi şəxsiyyətlə görüşmək müyəssər oldu. Ulu öndər idmanda qazandığım nailiyyətlərlə maraqlandı, müdrik tövsiyələrini verdi və yeni qələbələr arzuladı. İndiyə qədər bir neçə dəfə dünya və Avropa çempionatlarının qalibi olsam da, heç vaxt ulu öndərlə söhbət zamanı keçirdiyim xoş hissləri yaşamamışdım. Bu, həyatımın ən xoş və həyəcanlı anı idi. Bu görüşdən sonra bir idmançı kimi üzərimdə daha böyük məsuliyyətin dayandığını hiss etdim və daha bir neçə möhtəşəm qələbəyə imza atdım.

Qeyd etmək istərdim ki, məşğul olduğum ağırlıqqaldırmanın pauerliftinq növü üzrə yalnız peşəkarlar məşğul olur. Bu idman növü Olimpiya oyunlarına daxil edilməsə də, bütün dünyada, o cümlədən ölkəmizdə xeyli populyardır. Məhz dövlətimizin idmanın bütün növlərinə diqqət və qayğısının nəticəsidir ki, ölkəmizdə yalnız olimpiya idman növləri deyil, bütün idman növləri sürətlə inkişaf edir. Sovet dönəmində ölkəmizdə pauerliftinq populyar deyildi. Amma dünyada geniş yayılan bu idman növü müstəqillik illərində tezliklə Azərbaycanda da gənclər arasında populyarlaşdı. Ağır atletikanın bu növünün ABŞ-da yaranmasına, xüsusən amerikalı idmançıların bu sahədə uzun müddət hegemonluq edərək çempionluq titullarını özləri üçün təmin etmələrinə rəğmən Azərbaycan idmançıları tezliklə pauerliftinq idman növü üzrə dünya reytinq cədvəlində liderliyi ələ aldılar. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan pauerliftinqçilərinin qazandığı ən böyük nailiyyətlər məhz Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərliyi illərinə təsadüf edir.

Bu gün ölkəmizdə pauerliftinq idman növü ilə yüksək titullara sahib idmançılarımız var. Onların bir qismi artıq bu idman növü üzrə veteran, bir qismi isə hələ beynəlxalq yarışlarda mübarizəsini davam etdirən və nailiyyətlərini artıran təcrübəli peşəkarlardır. Eyni zamanda bu gün ölkədə pauerliftinqlə məşğul olan yeni nəsil yetişir. Pauerliftinq üzrə böyük təcrübəsi olan, dünya və Avropa çempionluğunu qazanmış bizlər, eyni zamanda ölkəmizdə bu sahənin veteranları yeni yetişən idmançılara öz töhfələrimizi verir, onlara çempion olmağın sirlərini öyrədirik.

Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan bütün işlər, eyni zamanda idmançılarımızın beynəlxalq yarışlarda qazandığı möhtəşəm qələbələr göstərir ki, ulu öndər Heydər Əliyevin Azərbaycan idmanı ilə bağlı arzuları həyata keçməkdədir. İdmançı üçün ən böyük nailiyyət yarışın ən yüksək mükafatını almaq, ən yüksək pilləyə qalxmaqla bərabər öz ölkəsinin himnini səsləndirməsi, bayrağını ucaltmasıdır. Heydər Əliyevin də biz idmançılardan gözlədiyi məhz bu idi. Öz praktikasında dəfələrlə bu nailiyyəti yaşamış idmançı kimi ulu öndər Heydər Əliyevin biz idmançılara göstərdiyi etimadı doğrultduğum üçün özümü həm xoşbəxt hiss edir, həm də mənəvi rahatlıq hissi keçirirəm. Eyni zamanda yeni-yeni qələbələr qazanmaqla ölkəmizin adını daim ucaltmağı ulu öndərin ruhu qarşısında özümün mənəvi borcum sayıram.

 

Vüqar NAMAZOV,

ağırlıqqaldırmanın pauerliftinq

növü üzrə dəfələrlə dünya və

Avropa çempionu

 

Azərbaycan.-2008.-12 dekabr.-S.4.