Heydər Əliyevin
"qızıl fond"u
Hər bir xalq öz keçmişinə qayıtmalı, yaşadığı tarixdən ibrət almalı və ötən uğurlardan gələcəyin təməlinin qurulması üçün istifadə etməlidir. Bu baxımdan ən maraqlı nümunələr bu tarixin yaranmasında, inkişafında və tərəqqisində əvəzsiz rol oynayan dahi şəxsiyyətlərdir. Azərbaycan tarixində hamıdan güclü, hamıdan uzaqgörən və siyasi-iqtisadi gedişlərində hamıdan cəsarətli və hamıdan iradəli şəxsiyyət ulu öndər Heydər Əliyev olub. Zaman keçdikcə onun siması və gördüyü işlər Azərbaycan tarixində möhtəşəm bir abidə kimi ucalır, ölkənin gələcəyini düşünənlərin yoluna mayak kimi işıq salır, tarixin qaranlıq yollarına nur çiləyir.
Elegiya
Ulduzlara uçan quşa dönəydim,
Ay da yollarıma nur ələyəydi.
Məğrur yerişinlə
qoşa dönəydin,
Sənə yer üzündə
yer eləyəydim.
Dinlə kədərimin
pıçıltısını -
Mən yaxşı bilirəm
ayrılıq nədi!..
Küləklər
könlümün qışqırtısını
Kaş ki kainata yaya biləydi.
Könüllər
yaşadır gur nəfəsini,
Sənsiz hər bir anın
öz qüssəsi var.
Müqəddəs səsinin
xatirəsini
Anlada bilərmi
çağlayan çaylar?
Bulud karvanına qoşulum
yenə,
Gəzim asimanı, hardasan
görüm.
Çatıb ucalığa,
yetişim sənə,
Əlimi əlindən
yapışan görüm!
Acı göz
yaşını sel elə gəlsin,
Ey yağış, soyumur dərdimin
odu.
Qüssədən qocalan Ay
dilə gəlsin,
Söyləsin, ruhunun
haradı yurdu?
Dağ idin, çiynimi
dağlara verdim,
Dağların dərdini
çəksə, dağ çəkər.
Sənə məhəbbətim
dağlar qədərdi,
Yerini dağlardan soruşum bəlkə?
Bəlkə çinarlarla
baş-başa verim,
Görən qovuşarmı
boyum boyuna?
Gərək sənə yetə
bu qəmli şeirim,
Gərək sənə yetə...
haqqım var buna.
Nurunu gözümdə
saxlayım necə? -
Möcüzə yaratmaq gəlmir
əlimdən.
Parçalan, ey zülmət,
çəkil, ey gecə,
Günəşə
qovuşmaq istəyirəm mən!
Leyla İlham qızı ƏLİYEVA
Nazirlər Kabinetinin ölkə
iqtisadiyyatının doqquz ayının yekunlarına həsr
olunmuş müşavirəsində bütün sahələrdə
əldə edilən nailiyyətlərin geniş bucağı
hər kəsi düşünməyə, müsbət
dönüşlərin sirrini axtarmağa, uğurların ana
xəttinin qayəsinin kim tərəfindən, nə vaxt və
necə cızılmasını araşdırmağa sövq
edir. Belə maraqlı sualın cavabını bugünkü
statistik rəqəmlərin sırasında, həmçinin
onların qarşılıqlı müqayisəsində və
təhlilində də tapmaq mümkündür. Amma son illər
Azərbaycanı irəli aparan, bölgədə liderə
çevirən iqtisadi islahatların aparıcı qüvvəsini
özülü ötən əsrin 70-ci illərində ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan milli
kadr siyasətində axtarmaq daha düzgün olardı. Bu
tarixin araşdırılması, öyrənilməsi və bəzi
unudulmuş məqamların yenidən xatırlanması ötən
əsrin 70-ci illərindən başlayaraq qəbul
imtahanlarında yüksək keçid balı toplayan məzunların
keçmiş İttifaqın ən nüfuzlu təhsil
ocaqlarına göndərilməsi XXI əsrin astanasında
qloballaşan dünyada Azərbaycanın möhtəşəm
intellektual bazasının təməl daşının kim tərəfindən
qoyulmasını aydın görməyə imkan verir. Məhz
həm də bu yolla respublikanın minlərlə savadlı gənci
Azərbaycan xalqının qenofondu kimi qorundu, biliklərini
seçdikləri ixtisasa uyğun elmi mühitin daha münbit
olduğu ən müasir və aparıcı təhsil müəssisələrində
oxumaq şansını qazandı.
Bizim hələ tam dərk
etmədiyimiz, üstün və
çatışmazlıqlarını yetərincə
araşdırmadığımız nəhəng
qloballaşma müasir sivil iqtisadi münasibətlər sistemləri
sırasında planetin inkişafına təkan verən faktor
kimi ən vacib real güc xarakteristikasıdır. Bu qüvvəni
inkar etmək və onunla hesablaşmamaq mümkün deyil. Və
dünya düzəninin ən yüksək, perspektivli və
kifayət qədər yetərli inkişaf mərhələlərindən
biri də beynəlxalq iqtisadiyyatın və intellektual
mülkiyyətin inteqrasiyası, qarşılıqlı
mübadiləsidir. Şaxələnmiş iqtisadi münasibətlər
milli iqtisadiyyatların yaxınlaşması ilə
yanaşı, eyni iqtisadi münasibətlər müstəvisində
intellektual mülkiyyət sahiblərinin də birgə fəaliyyətinə
təkan verir.
O zaman keçmiş
SSRİ-də də qloballaşma prosesləri gedirdi və dəqiq
elmlər, yüksək elmi potensial tələb edən yeni
istehsal sahələri mərkəzdə və paytaxta yaxın
şəhərlərdə yaradılır və inkişaf
etdirilirdi. Respublikalarda, ucqar bölgələrdə isə əsasən
ilkin emal və iqtisadiyyatın dövlət üçün
önəmli strateji əhəmiyyət daşımayan sahələri
qurulurdu. Ölkədaxili qloballaşma prosesləri civarında
qismən də olsa milli maraqlarını qorumaq və iqtisadi
islahatları bu mənafelərin məcrasında istiqamətləndirmək
böyük iradə və intellektdən başqa ciddi
düşünülmüş siyasi gedişlər tələb
edirdi.
Ötən əsrin 70-ci illərindən
başlayaraq Azərbaycanda mərkəzin milli ucqarlarla
bağlı siyasəti çərçivəsində, onun əsas
prinsiplərini bəzi məqamlarda məharətlə adlaya
bilən sərbəst milli kadr siyasətinin Azərbaycan KP
MK-nın birinci katibi Heydər Əliyev tərəfindən
yeridilməsi heyrətamiz bacarıq, siyasi istedad tələb
edən və respublikanın gələcək müstəqilliyinin
təməlini qoyan kompleks tədbirlər idi. İtaətkar
sovet idarəçiliyi sistemləri daxilində yüzlərlə,
minlərlə savadlı mütəxəssisin yetişdirilməsini
Heydər Əliyev digər respublikaların rəhbərlərindən
fərqli olaraq daha dərin, daha böyük uzaqgörənliklə
düşünür və çəkinmədən həll
edirdi. Sərbəst əqidəyə, siyasi gücə malik,
riskli gedişlər edən ulu öndər siyasi opponentlərini
və rəqiblərini Kreml səviyyəsində belə iradəsi
ilə razılaşmağa sövq edə bilirdi. Bu lider
keyfiyyəti ona milli kadrların keçmiş SSRİ-nin ən
nüfuzlu ali məktəblərində hazırlanmasında
bütün müttəfiq respublikaların rəhbərlərini
qabaqlamağa, bu istiqamətdə daha böyük imtiyazlara
sahib olmağa imkan verdi. Nəticədə Azərbaycandan
keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə
oxumağa göndərilən tələbələrin
sayı hər il sürətlə artaraq digər
respublikaları nəzərəçarpacaq dərəcədə
arxada qoyurdu. 1970-ci ildə Moskva, Leninqrad və keçmiş
İttifaqın başqa şəhərlərindəki ən
nüfuzlu təhsil ocaqlarına cəmi 60 nəfər tələbə
göndərilmişdisə, 5 il ötdükdən sonra bu rəqəm
600-ə çatdırıldı. Bundan əlavə, yüzlərlə
gənc keçmiş sovetlər birliyinin məşhur hərbi
məktəblərinə göndərilirdi, Azərbaycanın
ən ucqar dağ kəndindəki sadə və kasıb ailənin
savadlı uşağı da ölkənin ən nüfuzlu təhsil
müəssisəsində oxumaq şansını qazana bilirdi.
Bu zaman onların bir qismi rus dilini bilməsə də, ana
dilində imtahan verib Sovet İttifaqının böyük
şəhərlərindəki aparıcı təhsil
ocaqlarına oxumağa yola düşürdü. Moskvadakı
institutlarda milli kadrlardan rus dilini zəif bilənlər
uçun əlavə illik kurslar təşkil olunurdu.
Onların qəbul olunduğu məktəblərin
sırasında isə keçmiş SSRİ-nin ən
nüfuzlu təhsil ocaqlarının - Moskva Bauman adına Ali
Texniki Məktəbi, Moskva Fizika Texnologiya İnstitutu, Moskva
Aviasiya İnstitutu və Moskva Dövlət Universitetinin
adları vardı.
Respublika
başçısının tapşırığı ilə
Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyi milli
kadrların təhsili, həyatı və qayğıları
ilə ciddi maraqlanır, araya çıxan problemləri təcili
həll edir, Moskva Şəhər Partiya Komitəsinin nümayəndələri
ilə birlikdə azərbaycanlı tələbələrin təhsil
aldığı ali məktələrin yataqxanalarını gəzir,
onların həyat tərzi və çətinlikləri ilə
tanış olurdular.
Heydər Əliyev respublikada
ən yüksək bal toplayan tələbələri
keçmiş SSRİ-nin ali məktəblərinə
başqa respublikalardan fərqli qaydada yerləşdirirdi. Onlara
göstərilən qayğı, diqqət, onlara qarşı
irəli sürülən tələblər də fərqli
idi. Ali məktəblərə qəbul olunan tələbələrin
hətta ilk dəfə yol pulu ödənilirdi. Moskvanın ən
güclü texniki təhsil müəssisələrində dəqiq
elmlərlə - elektronika, fizika, aviasiya ilə bağlı sahələrdə
oxuyan tələbələrin sayı başqa respublikaları
sayca üstələyirdi. Məsələn, Moskva Energetika
İnstitutunun yalnız elektron texnikası fakültəsində
təhsil alan azərbaycanlı tələbələrin
sayı burada oxuyan özbəklərdən xeyli artıq idi.
Azərbaycan KP MK büro üzvləri və respublikanın
digər rəsmi nümayəndələri Moskvada mütləq
azərbaycanlı tələbələrlə
görüşür, onların Bakıya dönmələri
ilə yanaşı, elmi işləri ilə
maraqlanırdılar. Azərbaycan mədəniyyət və
incəsənət xadimlərinin Moskvada təhsil alan gələcək
milli kadrların yubileylərinə və digər tədbirlərə
dəvət olunması isə adət halını
almışdı.
Ulu öndər indiki Heydər
Əliyev sarayında hər il kənara oxumağa göndərilən
tələbələrlə görüşürdü. 33 il
öncə belə təntənəli mərasimlərin birində
ümummilli lider Heydər Əliyev tələbələrin
qarşısında çıxış edərkən
demişdi: "Tələbəlik illəri qısadır. Bu
illər ərzində siz nə öyrənəcəksinizsə,
hamısı sizin sərvətiniz olacaqdır. Həyata bu sərvətlə
atılacaqsınız. Nə bilirsənsə, nəyin varsa,
hamısını dövlətə, xalqa qaytarmaq vaxtı gəlib
çatır. Həm də bunlar heç bir güzəştə
yol verilmədən, səxavətlə
qaytarılmalıdır". Ötən əsrin ikinci
yarısının ortalarında Azərbaycan gəncliyi
qarşısında qoyulan bu tələblərin indi
reallaşmasının şahidi oluruq. 2008-ci ildə Davosda
keçirilən Ümumdünya İqtisadi Forumu texnoloji
hesabatında ölkəmizin İKT-nin inkişaf səviyyəsinə
görə MDB dövlətləri məkanında birinci yerə
çıxmasının ən maraqlı səbəblərindən
biri də bu sahəyə rəhbərlik edən nazirin Heydər
Əliyevin milli kadrlarından biri kimi Moskva Energetika
İnstitutunun məzunu olmasıdır.
Azərbaycan tarixinə
adları Heydər Əliyevin milli kadrları kimi yazılan
"inoqorodniklər" artıq bu gün Heydər Əliyevin
"qızıl fond"unu təşkil edir və dövlət
idarəçiliyinin ən mürəkkəb intellektual tutumlu
sahələrində nüfuz sahibidirlər. Bu
"qızıl fond" Azərbaycan dövlətinin dayaq
sütunlarıdır.
Qərb sosioloqları
qloballaşmanın müasir kapitalist iqtisadiyyatı ilə
paralel məlumatlar və məlumat texnologiyaları
bazasından qidalanaraq inkişaf etdiyini bildirirlər. Ulu
öndər Heydər Əliyev minlərlə gənci
SSRİ-nin müxtəlif yönümlü institut və
universitetlərinə yola salarkən milli kadr siyasətini məhz
bu vacib amil üstündə qururdu. O, ozərbaycanlı gəncləri
keçmiş İttifaqın ən müasir məlumatlarla zəngin,
elmin və iqtisadiyyatın yeni sahələri üzrə
mütəxəssislər yetişdirən təhsil müəssisələrinə
göndərirdi. Beləliklə, gələcək mütəxəssislər
müasir texnologiyalara, yeni biliklərin məlumatlar bazasına
yiyələnmək üçün geniş imkanlar
qazanırdı.
70-ci illərin Azərbaycan
mühitində belə kadrların yetişdirilməsinə
neçə onilliyin lazım gəlməsini hesablamaq mənasızdır.
Çünkü bu nə 10 ilin, nə də 100 ilin
işiydi. Gənc tələbə-"inoqorodniklər"
ciddi biliklərə yiyələnir, yeni mədəniyyətlərə
qovuşur, rus dilini öyrənir və müasir dünyaya
sürətlə inteqrasiya olunurdular. Qloballaşma, əslində,
insan həyatının bütün istiqamətlərinə -
iqtisadiyyata, sosial sferaya, siyasətə, ideologiyaya, mədəniyyətə,
ekologiyaya, təhlükəsizlik sistemlərinə, həyat tərzi
və hətta insanın yaşadığı mühitin
şəraitlərinə və onun daxili aləminə
nüfuz edən, dünyanın
görünüşünü əsaslı surətdə dəyişmək
qüdrətinə malik qüvvələr toplusundan ibarətdir.
O zaman başqa şəhərlərdə oxuyan tələbələr
bütün bu proseslərdən keçərək zənginləşirdilər,
özlərini təsdiq edirdilər. Onların biliklərində,
mənəviyyatında və iç dünyasında ciddi dəyişikliklər
baş verirdi.
Bu yerdə
uşaqlığım yadıma düşür. Ən
böyük arzum atam kimi gedib Saratovda alma satmaq, sonra Bakıya
qayıdıb "trapes" şalvar, "aerodrom
şapka" alıb, Malakan bağında çırtma vurub,
meyxana demək olub. Moskvada oxuyub qayıtdıqdan sonra isə kənddə
oturub Vivaldiyə, Motsarta qulaq asırdım. Dayım da iri əllərini
başına çırpıb anama deyirdi: "Sənə
demədimmi bu tifili Moskvaya oxumağa göndərmə,
başı pozulacaq?!" Başımızsa necə
"pozulmuşdu"? Biz keçmiş İttifaqın ən
məşhur yazıçıları, aktyorları ilə
görüşlərdən zövq alırdıq, sevdiyimiz
müəllimlərin imtahanlarına tələbə kimi
sınağa çəkilməyə yox, zəmi kimi
biçilməyə gedirdik. Bax beləcə, minlərlə gənc
Heydər Əliyevin sayəsində yüksək mədəniyyət
və müasir biliklər sistemlərinə qovuşdu.
Onların təbiəti, səviyyəsi,
dünyagörüşləri ağlasığmaz dərəcədə
dəyişdi və böyük əksəriyyəti
dünyada ən qiymətli sərvətin - intellektual
mülkiyyətin sahibi oldu. İlk məhəbbətindən
yarımayıb Almaniyaya oxumağa göndərilən Paşa
Nağıyev indi də yuxularında ac quzulara görə
süfrədəki lavaşa uzanan əlinə dəyən
çubuğun ağrısını hiss edir. Amma bu gün o,
xəbərin işıq sürəti ilə
ötürülməsi nəzəriyyəsini Avropada birinci kəşf
edən mütəxəssisdir.
Heydər Əliyevin
böyüklüyü onun tutduğu vəzifələrin
ucalığında deyil. Onun böyüklüyü
ömrünün ən ixtiyar çağında belə
iş qabiliyyətini, döyüş əzmini, siyasi mətinliyini,
sərkərdə cəsurluğunu, əqidə dönməzliyini
qoruyaraq gənclərə məxsus, gəncliyə xas
mübariz bir sərtliklə ideyalarını həyata
keçirməsində, döyüşlərdən qalib
çıxmasındadır. Azərbaycan xalqı
qarşısında ən böyük xidmətlərindən
biri isə yarım əsrə yaxın bu ölkə, bu
dövlət üçün milli kadrların yetişdirilməsi
istiqamətində göstərdiyi səylər, həyata
keçirdiyi sistemli tədbirlərdir. Bu gün minlərlə
yüksək səviyyəli mütəxəssis də, vətən
də bu qənirsiz xidmətlərinə görə ulu
öndərə minnətdardır.
Yaxşı
yadımdadır. Qara Qarayevin cənazəsini Bakıya yola
salarkən Azərbaycanın Daimi Nümayəndəliyi
Moskvada təhsil alan milli kadrlara "Tək Azərbaycanın
yox, bütün sovetlərin dahisi dünyasını dəyişib.
Onu son mənzilə yola salmağa dostlarınızla, qrup
yoldaşlarınızla birgə gəlin" deyərək
müraciət etməsi kədərə qürurdan don geyindirən,
bütün azərbaycanlı tələbələri və
onların başqa millətlərdən olan dostlarını
birləşdirən vida mərasimlərinin ən ləyaqətlisi
idi. Biz Moskvada yaşayarkən vətəni sevməyi öyrəndik,
orada bildik ki, musiqisini qanmadığımız Vaqif Mustafazadə
dünyanın ən güclü caz ustası imiş, biz orada
R.İbrahimbəyovun "Səhranın bəyaz günəşi"
ilə fəxr etdik, İttifaqlar Evinin Sütunlu zalında
mikrofonsuz oxuyan Müslüm Maqomayevin səsinə orada heyran
olduq. İçimizdə vətən sevgisi belə doğdu,
belə yandı bir çıraq kimi.
Aradan illər ötəndən
sonra bu sevgi bizi Naxçıvana apardı. 1992-ci ilin may
ayında Türkiyənin "Hürriyyət" qəzetinin
əməkdaşı Ramiz Əsgər və mən WTN-in
(Ümumdünya Televiziya Xəbərləri) əməkdaşı
kimi blokadada olan muxtar respublikaya həm Heydər Əliyevlə
görüşmək, həm də silsilə materiallar
hazırlamağa getdik. Muxtar respublika müharibənin ən
ağır günlərini yaşayırdı.
Ölüm-dirim savaşı gedirdi. Mən ən çətin,
ölüm qoxuyan səngərdə belə insanlarda nikbinlik,
mərdlik gördüm. Heç kim ölüm haqda
düşünmürdü. Bəlkə burada ölüm də
bir mükafat idi. Vətən ən təhlükəli
"Ucu Biz" postunda belə şirin və sevilən idi. O
zaman gündən qaralmış, dodaqları cadar-cadar "Qəqəni"
ləqəbli uşaq snayperlərin güllələri altından
şiviyib keçərək əsgərlərə su
daşıyırdı. Yalnız 16 ildən sonra mənə
öz su payını zorla içirən balacanın əsl
adının Azər Məmmədov olduğunu öyrəndim.
Naxçıvan Ali Məclisinin
binasında iş otağında Heydər Əliyev bizi
Türkiyədən gələn millət vəkillərinə
belə təqdim etdi: "Bu cavanları Lomonosov adına Moskva
Dövlət Universitetinə oxumağa mən göndərmişdim.
İndi də sağ olsunlar, məni yoluxmağa gəliblər.
O vaxt keçmiş sovetlərin Baş Bakanlığında
işləyəndə mən həmişə
çalışırdım ki, azərbaycanlı gənclər
dünyanın ən güclü ali məktəblərində
- Türkiyədə, Almaniyada, Amerikada təhsil alsınlar.
Amma gücüm Moskvaya çatırdı. Onu da edirdim".
Heydər Əliyevin
apardığı milli kadr siyasətinin ikinci ən vacib mərhələsi
təhsilini başa vuran milli kadrların vəzifələrə
yerləşdirilməsi idi. Bu məsələyə
birbaşa Azərbaycan KP MK nəzarət edirdi. Artıq tələbələr
sonuncu kursda Bakıya gəlir, MK-ya müraciət edərək
respublikanın ən vacib strukturlarında təhsillərinə
uyğun işlə təmin olunacaqlarına təminat
alırdılar. Bu məsələdə süründürməçilik
yox idi, istənilən milli kadr ən yüksək dövlət
məmurunun qəbuluna rahatlıqla düşə bilirdi və
dinlənilirdi. Onların bütün problemləri ilk növbədə
həll olunurdu. Bu gün Azərbaycan dövlətinin ən məsul
vəzifələrində, istehsalatın ən mürəkkəb
sahələrində çalışan milli kadrların
sayı minlərlədir. Bircə onu demək kifayətdir ki,
bu siyahının önündə gedən ölkə
Prezidenti də Heydər Əliyevin yetişdirdiyi minlərlə
kadrdan biri kimi Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun məzunudur.
Heydər Əliyev deyirdi:
"Əsl mütəxəssis zamanla ayaqlaşmalı deyil, həmişə
zamanı bir qədər qabaqlamalıdır". Bu gün qətiyyətlə
demək olar ki, 40 il bundan qabaq ulu öndər tərəfindən
özülü qoyulan kadr siyasəti bəhrəsini verib. Bu
gün dövlətimizin bütün strukturlarında Heydər
Əliyev cəsarəti ilə həyata atılan,
qarşıya çıxan sədləri Heydər Əliyev qətiliyi
ilə aşmaq gücünə malik intellektual mülkiyyət
sahiblərinin böyük ordusu çalışır.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2008.-12 dekabr.-S.5.