Ulu öndər Heydər Əliyev xalqımızın mütəfəkkir və ziyalılarının xatirəsini həmişə uca tuturdu

 

Hər bir xalqın, hər bir millətin tarixini, kimliyini yazılı mənbələrlə yanaşı, həmin ərazidəki qədim tikililərlə, milli abidələrlə, muzeylərlə də müəyyənləşdirmək mümkün olur. Yeri gəlmişkən deyim ki, ermənilər sovet hakimiyyəti dönəmindən üzü bəri yaxalarını cıra-cıra yüksək çinli məmurların kabinetlərində bütün dünyaya sübut etmək istəyirlər ki, indiki Ermənistanın ərazisi, Dağlıq Qarabağ, eləcə də bəzi digər bölgələrimiz guya ermənilərin olubdur. Amma dünya dövlətlərinin gözləri qarşısında tarix və tarixçilər çox şeyi yerbəyer etdi: istər yazılı və şifahi mənbələrlə, istərsə yeraltı və yerüstü tarixi abidələrlə "tanışlıqdan" məlum oldu ki, bu yerlər qədim Oğuz yurdu - Azərbaycan torpaqlarıdır... Söhbətdən uzaqlaşmaq istəmirəm, yaşlı nəslin yaxşı yadındadır: sovet hakimiyyəti qədim tikililərimizi, milli memarlıq abidələrimizi, məscidlərimizi, inanc yerlərimizi də repressiyaya məruz qoymuşdu. Bu tarixi ədalətsizlik nəticəsində keçmişimizin minillik tərcümeyi-halını, qəhrəmanlıq tariximizi özündə yaşadan qalalarımız, milli memarlıq abidələrimiz, tarixi şəxsiyyətlər tərəfindən ucaldılmış tikililər, mülklər sovet ideologiyasının qurbanı oldu. Səsini çıxaranın səsini kəsdilər, danışanın ağzını yumdular...

Belə bir zamanda ürəyində Vətən və xalq sevgisi olan ulu öndər Heydər Əliyev "Uzaq sahillərdə", "Yanar ürək", "Ulduzlar sönmür", "Nəsimi", "İstintaq" və digər bu kimi milli koloritli filmlərin və bədii əsərlərin yaranmasının təşəbbüsçüsü olmuşdur. Şəxsən Heydər Əliyevin təklifi ilə "Doktor Nərimanov", "Nəsimi" və "İstintaq" filmləri Dövlət mükafatına layiq görülmüşdür. Sevimli şairimiz B.Vahabzadənin özünün və "Gülüstan" poemasının müdafiəsində əlindən gələni əsirgəməmişdir. Mənim sovet ideologiyasının "çətinlikləri"nə məruz qalan "Nəriman" poemamın "azadlığa" çıxmasında ulu öndərin əməyi əvəzsiz olmuşdur. Heç bilməzdim ki, bu məsələnin üstündən onilliklər ötəndən sonra Tbilisidə Nəriman Nərimanovun ev-muzeyinin açılışında iştirak edəcəyəm.

Ziyalı kimi məni sevindirən odur ki, Azərbaycan müstəqillik qazandıqdan, zəngin dövlətçilik təcrübəsinə malik ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bir çox sosial-iqtisadi problemlə yanaşı, tarixi yerlərə, uzaq keçmişimizdən söhbət açan abidələrə, qədim tikililərə xüsusi qayğı və diqqət göstərirdi. Milli dövlətçilik prinsiplərində çox mühüm ictimai-siyasi əhəmiyyət kəsb edən məsələlərdən söhbət gedərkən müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyev hamının düşüncəsinə və psixologiyasına güclü sirayət edəcək bir uzaqgörənliklə bəyan etdi ki: "İndi heç kəs, heç nədən qorxmasın. Belə şeylərdən ötrü heç kəsi cəzalandırmaq mümkün deyildir. Heç kəs müstəqil Azərbaycanın işinə qarışa bilməz. Mən Azərbaycan Prezidenti kimi sizə və bütün əhalimizə, bütün alimlərimizə, ziyalılarımıza bildirmək istəyirəm ki, Azərbaycanı, onun tarixini, mədəniyyətini, keçmişini dürüst, əsaslı şəkildə sübut edən hər bir əsər bəyəniləcəkdir. Bu barədə heç kəsə nə millətçi damğası vurulacaq, nə də kimsə günahlandırılacaqdır. Bununla bildirmək istəyirəm ki, indi müstəqil dövlət şəraitində bizim alimlərimizin böyük imkanları var."

Hadisələrin gərginləşdiyi dövrdə ulu öndər yarım milyondan çox soydaşımız yaşayan qonşu Gürcüstanla əlaqələri yaxşılaşdırmağı, burada azərbaycanlılara məxsus tarixi abidələrə qayğı göstərməyi, xüsusilə böyük ictimai-siyasi xadim Nəriman Nərimanovun, görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeylərini himayəyə götürməyi o zaman Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı işləyən Aslan Aslanova tapşırmışdı. Bu tapşırığın o biri üzündə isə həmin ərəfədə erməni daşnaklarının təzyiqindən, terrorundan, milli mənliyinin təhqir olunacağından qorxuya düşən soydaşlarımızın Gürcüstandan Azərbaycana axınının, köçhaköçünün qarşısının alınması dayanırdı. Tbilisinin fəxri vətəndaşı Aslan Aslanov az vaxt ərzində Gürcüstanda bu tapşırığın icra mexanizmini hərəkətə gətirə bildi. Şəmkir rayonu Azərbaycan ilə qonşu Gürcüstan Respublikası arasında dostluq körpüsünün yaradılmasına yeni töhfə verdi. Bu günün prizmasından 1993-1995-ci illərə nəzər salanda görürük ki, o prosesdə Heydər Əliyevin tövsiyələri necə uğurlu nəticələr verib. Ümummilli liderin tapşırığına əsasən Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına, daha da dərinləşməsinə, qonşu ölkədə yaşayan soydaşlarımızın problemlərinin həllinə və Gürcüstan ərazisində maddi-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı göstərilib. Nəticədə hər iki böyük şəxsiyyətin vaxtilə yaşadığı mülk Aslan Aslanov tərəfindən erməni əsilli ev sahiblərindən müəyyən çətinliklərə baxmayaraq, alınaraq özəlləşdirilmiş, yüksək səviyyədə təmir edilmiş, otaqlar eksponatlarla, o dövrün məişət və texniki avadanlıqları ilə müasirləşdirilmiş, son olaraq mülklərin girişinə Azərbaycan və gürcü dilində buranın ev-muzeyi olduğunu bildirən lövhə vurulmuşdu.

Bu mənada əvvəllər qəzetlərdən oxuduğum, radio və televiziyadan eşitdiyim məlumat məni çox sevindirdi. Vətənpərvər ziyalı Aslan Aslanov ölkə Prezidentinə müraciət edərək Gürcüstandakı bir çox milli-mədəni abidələrimizin Azərbaycanın əbədilik mənəvi pasportuna çevrilməsinə nail olmuşdur. Ölkə Prezidenti bu müraciətə razılıqla dəstək vermişdir. Bundan sonra qədim Tiflis şəhərində xalqımızın böyük ictimai xadimləri və mütəfəkkirləri, ədəbiyyat və mədəniyyət tariximizdə silinməz izlər qoymuş Nəriman Nərimanovun, eləcə də Cəlil Məmmədquluzadənin ev-muzeyləri respublika Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə verilmişdir.

1993-cü ildən başlayaraq təkcə Tbilisidəki səfalı Nəbatat bağında 200 kvadratmetrdən çox ərazi abadlaşdırılıb. Azərbaycanın görkəmli şəxsiyyətlərinin əbədiyyətə qovuşduğu bu müqəddəs yer indi əsl ziyarətgaha çevrilib. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə burada qoyulmuş böyük mütəfəkkir Mirzə Fətəli Axundovun büstü bərpa edilib, unudulmaz şairimiz Mirzə Şəfi Vazehin məzarı sahmana salınıb, qəbirüstü abidəsi düzəldilib. 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli Xan Xoyskinin dağılmış, itib-batmaqda olan məzarı tapılıb, qəbrinin üstü götürülüb, büstü ucaldılıb. Eləcə də görkəmli ziyalı Həsən bəy Ağayevin o vaxtacan heç kimə məlum olmayan məzarı tapılıb, büstü ucaldılıb və axirət evinin ətrafında abadlıq işləri aparılıb.

Bir dəfə həmkarlarımla mədəni-kütləvi tədbirlərdə iştirak etmək üçün şəmkirli ziyalılarla Tbilisiyə gedirdik. Yolda Aslan Aslanovdan Fətəli Xan Xoyskinin məzarı barədə maraqlandım. Aslan müəllim bir anlıq fikrə gedərək dedi: "1996-cı ilin soyuq qış günlərindən biri idi. Axşam saat doqquz olardı. Mənə məlumat verdilər ki, ağbirçək bir qadın mənimlə təklikdə görüşmək, söz demək istəyir. Həmin qadınla söhbətdən məlum oldu ki, bu müəllimə xalqımız üçün çox böyük əhəmiyyətə malik bir sirrin üstünü açmaq istəyir. Müəllimə illər boyu heç kimə bildirmədiyi - Fətəli Xan Xoyskinin dəfn edildiyi yerin harada olduğunu mənə açıqladı və dedi: "O zamanlar Fətəli Xan Xoyskini allahsız adam kimi Şeyx Sənan dağının ətəyindəki qəbiristanlıqda, mənim qardaşımın yanında basdırdılar".

Sonra qadın bizə həmin yeri göstərdi. O, "Buradakı ermənilər əgər bilsələr, Xoyskinin qəbrini dağıdarlar, bu məsələni cənab Heydər Əliyevin bilməsi çox vacibdir", - deyə tapıntı barədə Heydər Əliyevə məlumat verməyimi dönə-dönə məndən xahiş etdi.

Həmin gün axşam Şəmkirə qayıtdım və ulu öndər Heydər Əliyevlə əlaqə saxlayıb Gürcüstanla bağlı ümumi məlumat verdim. Sonda ölkə Prezidentinə ağbirçək müəllimənin dediklərini də çatdırdım. Heydər Əliyev dedi: "Bu məsələdən daha kimin xəbəri var?" Cavab verdim ki, məndən başqa sürücümün və daha iki nəfərin.

Heydər Əliyev soruşdu: "Yorulmamısan?" Dedim: - xeyr.

Tapşırdı ki: "Elə indi geri qayıdıb, orada keşik çəkin. Səhər isə Tbilisi Cümə məscidinin axundunu da götürüb, müsəlman adət-ənənəsi ilə, deputatlarımızın və digər ziyalılarımızın iştirakı ilə Xoyskinin qəbrinin M.F.Axundovun büstünün yanına köçürülməsini təmin edin. F.X.Xoyskiyə xüsusi məhəbbətim olduğu üçün qəbirüstü abidənin açılışında mən özüm iştirak edəcəyəm".

Ulu öndərin dediyi kimi də etdik.

Ulu öndər 1996-cı il mart ayının 9-da Gürcüstanda olarkən Fətəli Xan Xoyskinin büstünün açılışında şəxsən iştirak etdi.

Tbilisidə, F.X.Xoyskinin qəbirüstü abidəsi ucaldılan ərazidə - qədim müsəlman qəbiristanlığında Tiflis ədəbi mühitindən çıxmış, müstəqil Azərbaycan dövlətçiliyi uğrunda mübarizə aparmış mücahidlərin, ermənilər tərəfindən terror yolu ilə öldürülən, itkin salınan dəyərli insanların, tanınmış elm, mədəniyyət nümayəndələrinin, ictimai-siyasi xadimlərin adları əbədiləşdirilmiş Panteon-qalereya yaradılıb. Bu Panteonu müqəddəsləşdirən ikinci bir cəhət odur ki, ümummilli lider Heydər Əliyevin tapşırığı ilə burada iri mərmər lövhədə "Azərbaycan övladları" yazılmış, dövrünün adlı-sanlı ziyalıları, şəxsiyyətləri kimi tanınan soydaşlarımızın - Əliqulu Qəmküsar, Hüseyn Əfəndi Qayıbov, Eynalı bəy Sultanov, Behbudağa Şahtaxtınski, Hazlı xanım Məmmədquluzadə, Müzəffər Nərimanov (cəmi 26 nəfər) və başqalarının nəşi dəfn edilmişdir. Əbədiyyətə qovuşmuş müqəddəslərimizə, siyahıda adları əbədiləşdirilənlərə ehtiram əlaməti olaraq ərazidə səliqə-sahman yaradılıb, yaşıllaşdırma işləri aparılıb, dekorativ kollar əkilib, ərazinin yolu abadlaşdırılıb...

Tbilisinin mərkəzində, ana Kürün sağ sahilində böyük mütəfəkkir M.F.Axundovun ikimərtəbəli möhtəşəm mülkünün erməni və erməniqarışıq gürcü ailələrindən geri alınması elə-belə məsələ deyildi. Əvvəl-əvvəl mülkdə yaxşıca əsaslı təmir-bərpa işləri aparıldı, mənzillər dövrün məişət əşyaları və eksponatları ilə zənginləşdirildi. Yazıçının adına layiq ev-muzeyi yaradıldı. Sonralar bu ünvan gürcüstanlı azərbaycanlıların Mədəniyyət Mərkəzinə çevrildi.

Heydər Əliyevin tapşırığı əsasında burada ayda iki dəfə Azərbaycan və Gürcüstan ziyalılarının iştirakı ilə müxtəlif tədbirlər keçirilirdi. Bu tədbirlərin bir çoxunda mən də iştirak etmişəm.

1996-cı ilin mart ayında ulu öndər Heydər Əliyevin Gürcüstan Respublikasına rəsmi səfəri dostluq əlaqələrinin müasir tələblər səviyyəsində inkişafı üçün yeni perspektivlər açdı. Gürcüstan-Azərbaycan dostluğunun tarixinə dövlət səviyyəsində yeni-yeni səhifələr əlavə olundu. Bu səfər sadə insanlar, xüsusilə azərbaycanlılarla gürcülər arasında çox ilıq münasibət, xoş bir ovqat yaratdı. Şəmkir ziyalılarının təşəbbüsü ilə ədəbiyyat, mədəniyyət və incəsənət ustalarının geniş auditoriyalı görüşləri təşkil olundu, yubileyləri keçirildi. Heydər Əliyevin təşəbbüsü ilə Tbilisidə teatr truppası yaradıldı, respublikanın əməkdar mədəniyyət işçisi İftixar Piriyev isə truppanın rəhbəri təyin olundu. Milli təəssübkeşimiz olan "Gürcüstan" qəzeti yenidən fəaliyyətə başladı. Redaksiyaya xeyli qəzet kağızı, kompüter dəsti, digər avadanlıq verildi. Şəmkirlilər redaksiya əməkdaşlarının maliyyə xərclərini öz üzərlərinə götürdülər.

Şərqin böyük siyasətçilərindən hesab olunan yazıçı, həkim, ictimai-siyasi xadim Nəriman Nəcəf oğlu Nərimanov Tiflisdə anadan olub. Nərimanovun doğulub boya-başa çatdığı binanı Kərbəlayı Allahverdi şəhərin qədim müsəlman məhəlləsi hesab olunan ərazisində oğlu Nəcəf üçün - yəni Nəriman Nərimanovun atası üçün tikdirib... Sovet hakimiyyəti qurulanda, repressiya maşını işə düşəndə, daha dəqiq desək, 1929-1930-cu illərdə bu mülkün yiyələrindən hərə bir yana dağılıb, mülk əldən-ələ keçib... Bu tarixi tikilinin, eləcə də Cəlil Məmmədquluzadənin ("Qeyrət" mətbəəsi də burada yerləşir) ev-muzeyinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə keçirilməsi tarixi bir hadisədir.

Müstəqillik dövründə Gürcüstan-Azərbaycan dostluğunun əsası ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qoyulub. Sevindirici haldır ki, mehriban qonşuluq, milli həmrəylik və tarixi dostluq əlaqələrinə söykənən münasibətlər bu gün daha qlobal formada davam etdirilir.

Məhz bunlara görədir ki, ədəbi aləmdə böyük nüfuz sahibi, respublika ziyalılarının yaxın dostu, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Aslan Aslanova ünvanladığı məktubda yazır: "O illərdə Şəmkir Gürcüstanla Azərbaycanı birləşdirən dostluq körpüsünə çevrilmişdi. Bu işlərin görülməsində vətənpərvər və qeyrətli bir ziyalı kimi sizin əməyiniz danılmazdır. Siz o illərda gürcü ziyalılarını da darda qoymur, onlara öz köməyinizi əsirgəmirdiniz.

Əzizimiz Aslan müəllim, mən və həmkarlarım bilirik ki, Heydər Əliyevin böyük səyi, uzaqgörənliyi və sizin kimi fədakar insanların zəhməti sayəsində 1993-cü ildən sonra Gürcüstandakı soydaşlarımızın Azərbaycana köçünün qarşısı alındı və soydaşlarımız tarixən yaşadıqları torpaqlarımızdan perik düşmədilər.

Əziz dostumuz, bir daha bütün yazıçılarımız və ziyalılarımız adından sizə, bu nəcib və xeyirxah işinizə görə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun!"

Abdulla Şaiqin 120 illik yubileyi günlərində iştirak etmək üçün onun oğlu, peyğəmbər təbiətli insan kimi tanıdığım unudulmaz Kamal Talıbzadə ilə birlikdə Bakıdan Gürcüstana, Sarvan kəndinə mən də getməli oldum. Yolda, yəni Şəmkirdə Aslan müəllimin qonağı olduq. Aslan müəllim ulu öndər Heydər Əliyevin nə qədər böyük türkçü və türkə məhəbbətli olduğundan söz açdı. Dedi ki, 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndə atam Əli Aslanovu vəzifədə irəli çəkib - rayon icraiyyə komitəsinin sədri təyin edir. Aradan bir-iki il keçdikdən sonra - 1971-ci ildə babamın dəfn olunduğu qəbrin fotoşəklini çəkərək Mərkəzi Komitəyə göndərmişdilər ki, Əli Aslanov pantürkistdir...E O, türkçüdür! Məsələnin məğzində isə başqa şey dururdu. 1964-cü ildə babam rəhmətə gedəndə oğluna vəsiyyət etmişdi ki, qəbir daşımın üzərində ay-ulduz şəklini həkk etdirərsən. Atam da atasının vəsiyyətinə əməl etmişdir. Bundan istifadə edən bədxahlar müxtəlif ünvanlara məktublar yazırdılar. Ona görə atamı məşhər ayağına çəkirdilər, məcbur edirdilər ki, ay-ulduzu silsin, ya da qəbir daşını dəyişsin. Atam da buna etiraz edirdi. Məsələyə o vaxtkı Dövlət Təhlükəsizlik Komitəsi də qarışmışdı. Buna görə atam Əli Aslanovu təcili Mərkəzi Komitəyə çağırdılar. Məsələdən MK-nın katibi Kazlov da xəbərdar idi. Atama demişdilər ki, gedib atanın başdaşını uçurmalısan, yoxsa pantürkist kimi işdən qovulacaqsan.E

Atam isə ay-ulduzun silinməsinə və qəbir daşının dəyişdirilməsinə heç cürə razı deyildiE

Bu zaman təşkilat şöbəsinin müdiri bu barədə MK-nın birinci katibi Heydər Əliyevə məlumat verir. Heydər Əliyev atamı qəbul edib bir neçə dəqiqə söhbət edir. Atamdan soruşur ki, bu hadisə necə olub? Atam da məsələni olduğu kimi danışır və atasıgilin 1918-ci ildə Ermənistandan deportasiya olunmaları və türklərin bu çətin günlərdə onları necə xilas etmələri barədə məlumat verir.

Heydər Əliyev bildirir ki, əgər sən işdən qovulmaqdan qorxsaydın, gedib başdaşını uçurtsaydın, onsuz da səni bir neçə aydan sonra işdən azad edəcəkdim. Sən ki, mərhum atana qarşı bu cür kişilik etdin, mən səni işdən azad etmirəm və heç nədən çəkinmədən get işlə!

Şöbə müdirinə də tapşırıq verir ki, Əli Aslanov işləyəcək və göstəriş verir ki, bu söz-söhbətə son qoyulsun.

Aslan müəllim onu da xatırlatdı ki, o çətin dövrdə Heydər Əliyev məni Şəmkirə icra hakimiyyətinin başçısı təyin edəndə bu söhbəti mənə xatırlatdı və soruşdu ki, atan bunları sənə deyibmi? Dedim, bəli, hamısını bilirəm. Çox sağ olun!

Kamal müəllim: - bu fakt qarşısında Heydər Əliyevin türkə, türkçülüyə qoyduğu böyük hörmətə baş əyirəm, bunları mən bilmirdim, - dedi.

2007-ci ilin may ayında Tbilisidə Heydər Əliyevin büstünün təntənəli açılış mərasimində Gürcüstan Prezidenti Mixail Saakaşvili tarixin reallıqlarına söykənən çıxışında demişdir: "Regionumuzun geosiyasəti məhz Heydər Əliyevin qərarından sonra dəyişdi... Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, müasir Azərbaycan millətinin atasıdır. Sıx birləşmiş Azərbaycan, dost Azərbaycan, uğurlu Azərbaycan isə Gürcüstanın özünün daxilində inteqrasiya və müvəffəqiyyətin, ümumi gələcəyimizin rəhnidir".

Sevindirici haldır ki, Azərbaycan və gürcü xalqları arasında mehriban qonşuluq və qardaşlıq əlaqələrinin qorunub saxlanılmasında və möhkəmlənməsində ulu öndərin əvəzsiz xidmətlərini yüksək qiymətləndirən Gürcüstan Prezidenti Mixail Saakaşvilinin fərmanı ilə Tbilisi Azərbaycan Dövlət Dram Teatrına bu günlərdə ümummilli lider Heydər Əliyevin adı verilmişdir.

Ümumiyyətlə, hansı ölkədə, hansı şəhərdə olursa-olsun, xalqımızın unudulmuş və ya unutdurulmuş tarixi şəxsiyyətlərini axtarmaq-aramaq, soydaşlarımızın milli mənəviyyatlarını, tapdanmış hüquqlarını bərpa etmək, tarixin repressiya olunmuş illərinə, aylarına bəraət qazandırmaq, kimsəsizə, xəstəyə, əlilə, ümidsizə ümid olmaq ilk növbədə müstəqil Azərbaycan dövlətinin keçmişi üçün böyük ehtiram, bu günü və gələcəyi üçün şərəf və fəxarətdir, millət üçün başucalığıdır.

Heydər Əliyev uzaqgörənliyi nəticəsində bərpa olunmuş tarixi abidələrimizin, yaradılmış muzeylərimizin xalqımızın mülkiyyətinə çevrilməsi hamımızı sevindirir. Bu baxımdan Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev irsinə sadiq olaraq Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və orada xiyabanın yaradılması barədə irəli sürdüyü təşəbbüs təqdirəlayiqdir. Heydər Əliyev Fondunun yaxından köməyi və qayğısı sayəsində azərbaycanlılar yaşayan bölgələrdə bəzi kənd məktəblərinin təmiri davam etdirilir. Yollar abadlaşdırılır, körpülər salınır, bəzi kəndlərə su xətti çəkilir, bəzi kəndlərdə isə qaz problemi aradan qaldırılır. Gürcüstanlı orta məktəb şagirdlərinə hər il Azərbaycan dilində yüzlərlə dərslik, kompüter və avadanlıq göndərilir. Gürcüstanda yaşayan azərbaycanlı gənclərin yeni əsrin müasir, savadlı və hərtərəfi övladları olmaları üçün lazımi qayğı göstərilir. Fondun rəhbərliyi altında nümayəndələr, millət vəkilləri tez-tez bölgələrdə olur, soydaşlarımızın sosial qayğıları və digər problemləri ilə maraqlanırlar.

Bu gün müstəqil dövlət kimi Gürcüstan-Azərbaycan əməkdaşlığı, mədəni əlaqələri, hər iki xalqın əsrlərdən üzü bəri gələn dostluğu, qardaşlığı, ən başlıcası ümummilli lider Heydər Əliyevin siyasi kursu, uzaqgörənliyi uğurla davam etdirilir.

 

Nəriman HƏSƏNZADƏ,

xalq şairi

 

Azərbaycan.-2008.-12 dekabr.-S.6.