Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert

 

AzərTAc xəbər verir ki, dekabrın 12-də Mstislav Rostropoviç adına II Beynəlxalq festival çərçivəsində Heydər Əliyev Sarayında konsert olmuşdur.

Konsertdə Cüzeppe Verdi di Milano orkestri və xoru Cüzeppe Verdinin "Rekviyem" əsərinin ifasını görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsinə həsr etmişdi. Dirijor Yucin Kon idi.

Həmin gün saraya gələnlərin hər biri ulu öndərimizi dərin minnətdarlıq və sevgi hissləri ilə yad edir, Vətənimiz Azərbaycanın, xalqımızın öz müstəqilliyinə görə daim borclu olduğu bu dahi insan haqqında düşünürdü.

Salona toplaşanlar Bakının qonaqlarının ifasını ürəkdən alqışlamış, bu kədərli gündə dərdimizə şərik olduqlarına görə onlara təşəkkürlərini bildirmişlər.

Mstislav Rostropoviç adına II Beynəlxalq festivalın iştirakçılarının - Cüzeppe Verdi di Milano orkestri və xorunun çıxışına bilet ala bilməyənlər də bu konserti dinləmək imkanı əldə etmişlər: yeni texniki vasitələr həmin konserti Heydər Əliyev Sarayından kənara translyasiya etməyə imkan verib.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konsertdə olmuşlar.

 

 

Azərbaycan.-2008.- 13 dekabr.-S.2.