Azərbaycanın Moskvadakı səfirliyində xatirə
günü qeyd olunmuşdur
Azərbaycanın
Rusiyadakı səfirliyində ümummilli lider, görkəmli
siyasət və dövlət xadimi Heydər Əliyevin vəfatının
beşinci ildönümü qeyd olunmuşdur.
Mərasimdə Moskva
ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri,
habelə bir vaxtlar Heydər Əliyevlə işləmiş və
ünsiyyətdə olmuş insanlar
toplaşmışdılar.
Tədbir
iştirakçıları Azərbaycan xalqının dahi
oğlu, müasir Azərbaycanın memarı və qurucusu Heydər
Əlirza oğlu Əliyevin xatirəsini anmış, ulu
öndərin səfirliyin qarşısındakı
büstü önünə güllər qoymuşlar.
Səfir Polad
Bülbüloğlu toplaşanlara müraciətlə
demişdir ki, bu kədərli gün Moskvada hər il qeyd
olunur, insanlar Azərbaycanın dahi liderinin nurlu xatirəsini
anmaq üçün buraya gəlirlər. Böyük rəhbər
özündən sonra inkişafda olan və çiçəklənən
bir ölkə qoymuşdur, onun banisi olduğu dövlət
siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Diplomat
xatırlatmışdır ki, məhz Heydər Əliyev
1990-cu il yanvarın 21-də ölkəmizin Rusiyadakı daimi
nümayəndəliyində mətbuat konfransı
keçirmiş və sovet rəhbərliyinin Azərbaycan
xalqına qarşı təcavüzkarlıq aksiyası həyata
keçirdiyini birinci olaraq bəyan etmişdir. O vaxt bu, olduqca əhəmiyyətli
ictimai-siyasi akt, cəsarətli addım, vətəndaşlıq
hünəri idi.
Sonra Azərbaycan səfirliyində
ehsan verilmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2008.-13 dekabr.-S.2.