İstanbulda "Heydər Əliyev" kitabının təqdimat mərasimi keçirilmişdir

 

 

Dekabrın 12-də İstanbulda görkəmli insanların həyatı silsiləsindən "Heydər Əliyev" kitabının təqdimat mərasimi keçirilmişdir. Milli Məclisin deputatları Hadi Rəcəbli, Eldar İbrahimov, Nizami Cəfərov, Hüseynbala Mirələmov, ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran, Türkiyənin millət vəkilləri Mustafa Kabakçı, Orhan Erden, Ərtoğrul Kumcuoğlu, şəhər bələdiyyəsinin və valiliyin nümayəndələri, Türkiyədə yaşayan həmvətənlərimiz mərasimdə iştirak etmişlər.

Mərasim iştirakçıları əvvəlcə ümummilli liderimizin İstanbulun mərkəzində yerləşən Sarıyer rayonundakı abidəsini ziyarət etmiş, önünə əklil qoymuş, gül dəstələri düzmüşlər. Burada keçirilmiş mərasimdə çıxış edən deputatlar Hadi Rəcəbli, Eldar İbrahimov, Nizami Cəfərov ümummilli lider Heydər Əliyevin zəngin həyatı və siyasi fəaliyyətindən, türk dünyasının birliyi üçün gördüyü mühüm işlərdən danışmışlar.

Sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının inzibati binasında Azərbaycanın İstanbuldakı baş konsulluğu və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə tanınmış rus yazıçısı və publisisti Viktor Andriyanov və Milli Məclisin deputatı Hüseynbala Mirələmovun birgə yazdıqları görkəmli insanların həyatı silsiləsindən "Heydər Əliyev" kitabının təqdimatı olmuşdur. Kitabı türk dilinə Yasəmin Bayer tərcümə etmişdir.

Hüseynbala Mirələmov bildirmişdir ki, bu kitabda ümummilli liderin dövlət təhlükəsizliyi orqanında çalışdığı dövr və 1991-1993-cü illərin ağır hadisələri öz əksini tapmışdır. O, rus, ərəb dillərində nəşr olunmuş əsərin Türkiyə oxucusu ilə qovuşmasından duyduğu məmnunluğu dilə gətirmişdir.

Daha sonra mərasimdə çıxış edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, deputatlar Eldar İbrahimov və Nizami Cəfərov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mustafa Kabakçı və digərləri bu kitabın Heydər Əliyev haqqında yazılmış ən uğurlu əsərlərdən biri olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, kitab indiyədək 6 dildə nəşr olunmuş və daha 4 dildə də işıq üzü görəcəkdir. Mərasimdə o da bildirildi ki, İstanbuldakı Aydın Universitetində Heydər Əliyev Araşdırmalar Mərkəzi yaradılmışdır və bu mərkəzdə ulu öndərin zəngin siyasi irsinin öyrənilməsi və təbliği həyata keçiriləcəkdir.

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2008.-13 dekabr.-S.2.