"Siyasi hakimiyyət onun
üçün yalnız özünüifadə vasitəsi
idi..."
Albert Sergeyeviç
Çernışev... 1987-1994-cü illərdə əvvəlcə
Sovet İttifaqının, sonralar isə Rusiya
Federasiyasının Türkiyədəki səfiri olduğuna
görə onu burada yaxşı tanıyır, xətrini istəyirlər.
Mərmərənin qırçınlı ləpələrinin
sahilini döyəclədiyi möhtəşəm
Dolmabahçe sarayında düzənlənən
açıq hava ziyafətlərindən birində söhbətimizin
güzarını Heydər Əliyev mövzusundan saldım. Məmnuniyyət
dolu heyranlıqla qoşuldu söhbətə.
- Siz Heydər Əliyevin siyasi
hakimiyyətdə olduğu illərin canlı şahidlərindən
birisiniz. Sovet diplomatiyasının çox önəmli ismlərindən
biri kimi sizin o vaxtlar Kremldə çox yüksək vəzifə
tutan Heydər Əliyevlə bağlı hansısa özəl
xatirələriniz varmı?
- Bəri başdan deyim ki,
Heydər Əliyev hələ sovet dövrünün
tanınmış, sayılıb-seçilən siyasi
fiqurlarından biri idi. Azərbaycanda işləyərkən
qazandığı nüfuz, təcrübə onu digər
ittifaq respublikalarının birinci şəxslərindən əhəmiyyətli
dərəcədə fərqləndirirdi. Bu fərq o qədər
kəskin və əyani idi ki, onu görməmək, yaxud
görməməzliyə vurmaq sadəcə mümkün
deyildi. Buna görə də Heydər Əliyev Moskvaya gələrkən
mərkəzi siyasi elita onunla əyalət kadrı kimi deyil,
siyasətdə püxtələşmiş, hətta mən
deyərdim ki, ustad səviyyəsinə yüksəlmiş rəhbər
işçi kimi hörmət və ehtiramla davranmağa
başladı. Bir çoxları hesab edirdi və mən
düşünürəm ki, bu qənaətlər heç də
boş yerdən yaranmamışdı, Azərbaycanı
sıradan bir Asiya ölkəsindən, əyalət
çapından SSRİ kimi dövrünün nəhəng
dövlətinin iqtisadi-mədəni göstəricilərinə
görə öncül respublikalarından birinə çevirən
məhz Heydər Əliyev olmuşdur. O təkcə
güclü təsərrüfatçı deyil, həm də
sözlərinin çəkisi və sanbalı olan, kütləni
arxasınca aparmağı, auditoriyanı inandırmağı
bacaran bir siyasi xadim, harizmatik lider idi. Və etiraf etmək
lazımdır ki, tarixi hadisə və həqiqətlərin o
dövrkü sahmanında Heydər Əliyev kimi kadrlara mərkəzdə
ehtiyac vardı. Yəni mən bu fikrimlə Heydər Əliyevin
Brejnev, yaxud Andropovla yaxın əlaqələrinə görə
Moskvaya irəli çəkildiyini iddia edənlərin məntiqinin
real həqiqətlə səsləşmədiyini
vurğulamaq istəyirəm. Kremldə vəziyyət heç
də göründüyü kimi rəvan deyildi. Bu,
güclü və güclü olduğu qədər də kirəcləşmiş
sistemə yeni nəfəs, yeni qan lazım idi. Və əgər
belə bir, təbiri caizsə, "donor" məhz Heydər
Əliyevin simasında seçilmişdisə, deməli, bu məsələdə
çoxlarının bixəbər olduğu məna və mətləblər
gizlənmişdir.
Heydər Əliyev SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini kimi hökumətin
işinə yeni impuls verdi. O, özünün tükənməz
enerjisi, təşəbbüskarlığı və zəhmətsevərliyi
ilə ətrafındakıları, münasibətdə
olduğu adamları həvəsləndirirdi. Hamı əmin
idi ki, hər şeyə qadir "birinci müavin" rəhbərlik
etdiyi sahələri dartıb ətalət yuxusundan
ayıldacaq, həmin infrastrukturlarda davamlı və dinamik inkişafın
bazasını yaradacaqdır. Bu, belə də oldu.
Sonralar, Qorbaçov hakimiyyətinin
bərqərar olduğu dövrdə, Heydər Əliyevin həyatı
bir qədər təlatümlü keçdi. İllərlə
ürəklərdə mürgü döyən xəbislik,
xılt, qısqanclıq sanki vulkan kimi püskürüb onun
yollarını qapadı. Görünəni o idi ki,
Qorbaçov Əliyevi "həzm" edə bilmir və yeni
Baş katib illərlə onu təqib edərək az qala
kompleksə çevrilmiş bu məngənədən nəhayət
ki, qurtulduğuna sevinərək Əliyevə qarşı sərt,
amansız və çoxları belə hesab edir ki, ədalətsiz
mövqe tutdu.
Sonrakı illər həm
Sovet İttifaqı, həm də ayrılıqda Azərbaycan
və digər müttəfiq respublikalar üçün
çətin və əziyyətli oldu. Heydər Əliyevin
20 Yanvar Bakı faciəsindən sonrakı dövrdə
Moskvadan Bakıya deyil, məhz Naxçıvana dönməsi
xatirimdədir. O vaxt mən burada (Türkiyədə - X.N.) səfir
işləyirdim və belə bir məlumat bizə də
çatmışdı.
İş elə gətirdi
ki, Türkiyə Heydər Əliyevi səfərə dəvət
etdi. O vaxt onun heç bir rəsmi statusu yox idi və
keçmiş ittifaq respublikalarından yalnız Rusiyanın səfiri
kimi fəaliyyət göstərdiyimə görə müəyyən
məsələləri məndən soruşurdular. Və mən
də təbii ki, bu şəxsin nəinki vətəni Azərbaycanda,
eyni zamanda keçmiş SSRİ-də böyük nüfuz və
hörmət sahibi olduğunu bildirib onun layiqincə
qarşılanmalı olduğunu diqqətə
çatdırdım. Beləliklə, Heydər Əliyev
yüksək səviyyədə qarşılandı, mənim
də iştirak etdiyim protokol və digər xarakterli
görüşlər oldu. Həmin dövrdə Azərbaycanda
cərəyan edən proseslər, mürəkkəb
ictimai-siyasi vəziyyət insanlarda belə bir isti ümid
qığılcımı yaratmışdı ki, Heydər Əliyev
yenidən ölkə rəhbərliyinə qayıda bilər.
Onunla görüşlərimiz çox idi...İstanbul, Ankara,
müxtəlif tədbirlər... keçmişlə
bağlı kövrək və zəngin xatirələrin
körpü saldığı şirin söhbətlər Heydər
Əliyevin mənə təkcə zəmanəsinin
böyük siyasi dövlət xadimi kimi deyil, həm də səmimi,
kübar, haqqında az qala rəvayətlər qoşulmuş
fenomen yaddaşlı, duzlu məcazlı və bir də Vətənini
hədsiz məhəbbətlə sevən bir insan kimi
tanıtdı. Mən onu özüm üçün yenidən
kəşf etdim... sakitliyini bütün situasiyalarda qoruyub
saxlamağı bacaran, müsahibini təmkinlə dinləyən
və ağıllı replikaları ilə
düşündürən Heydər Əliyev, xeyirxahlıq və
alicənablıq, inam və etibar mücəssəməsi. Bu
isti təmaslar zamanı mənə elə gəldi ki, o da mənə
səmimi hisslər bəsləyir.
Hələ o vaxtlar
hansısa bir sövq-təbii mənə inadla
pıçıldayırdı ki, o, hakimiyyətə
qayıdacaq. Onun kimi siyasət patriarxının, müdrik və
təcrübəli dövlət xadiminin ölkəsinin dar
macalında kənarda qalması tarixi ədalətsizlik
olardı. Və ictimai-siyasi təlimlər tarixindən az-çox
xəbərdar bir adam kimi qətiyyətlə deyə bilərəm
ki, son illərin siyasi dövlətçilik tarixində
hakimiyyətə 1993-cü ildəki kimi parlaq
qayıdış fenomeni də məhz Heydər Əliyevə
məxsusdur. Həmin dövrdə mən artıq Rusiya xarici
işlər nazirinin müavini idim və vəzifə
bölgüsünə görə Qara və Xəzər dənizləri
hövzəsi, Qafqaz bölgəsi, habelə İran, Türkiyə,
Əfqanıstan və digər ölkələrin də daxil
olduğu Cənub regionuna kurasiya etdiyim üçün tez-tez
səfərlər etməli olurdum. Belə səfərlər
zamanı mən Azərbaycanı da ziyarət edirdim və
bizim Heydər Əliyevlə köhnə tanışlara xas
mehriban görüşlərimiz olurdu. Biz onunla Rusiya-Azərbaycan
münasibətləri, Xəzər dənizi, Dağlıq
Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlığın
ən müxtəlif spektrlərini əhatə edən
faydalı və səmərəli söhbətlər
aparırdıq. Birmənalı faktdır ki, Prezident Heydər
Əliyevin zamanında Azərbaycan çox güclü keyfiyyət
sıçrayışı etdi. Bu inkişaf, sabitqədəm
dinamika ölkə həyatının istisnasız olaraq
bütün sahələrini əhatə edirdi. Yalnız Heydər
Əliyev kimi fenomenal istedada malik bir şəxsiyyət
müharibə girdabında çabalayan arxasız-köməksiz,
transnasional qüvvələrin diş
qıcıdığı balaca bir ölkəni böyük
bir regionun geosiyasi faktına çevirə, kiçik bir
coğrafiyada dünyanın nəhəng güc mərkəzlərinin
maraqlarını təmərküzləşdirə bilərdi.
Tək elə Bakı-Tbilisi-Ceyhan nəyə desən dəyər.
Sonralar mən Hindistana səfir
getdim və təəssüf ki, biz Heydər Əliyevlə
bir daha görüşə bilmədik. Bu böyük
insanın xəstəliyi və vəfatı məni möhkəm
sarsıtdı. Çünki bu dünyanı sadəcə bir
insan tərk etməmişdi. Tarixi yazan və yaradan, onu yönəltməyi
və fövqündə durmağı bacaran, dövlət
idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını
öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən
biri haqq dünyasına qovuşmuşdu. Bu cür ölümə
vaxtsız ölüm də demək mümkündür.
- Albert Sergeyeviç, zəngin
və çoxillik diplomatik fəaliyyətiniz tarixində yəqin
ki, bir çox dövlət başçıları, siyasi
liderlərlə görüşmək imkanınız olub. Əgər
kiçicik bir müqayisə aparmaq imkanınız olsa idi,
Heydər Əliyevi həmin insanlardan fərqləndirən
hansı məziyyətləri qeyd edərdiniz?
- Bilirsiniz, liderlər var ki,
siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində
uzun illər çalışıb püxtələşdikdən
sonra tanınırlar. Ancaq adamlar da var ki, bu, onlarda fitrətən
mövcuddur, genlərində kodlaşdırılıb, bir
sözlə, İlahi vergidir. Bizdə buna Allahdan lider deyirlər.
Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam
səlahiyyət məsələsidir. Heydər Əliyev tək
Azərbaycan səviyyəsində deyil, bütöv bir region,
MDB məkanı, hətta Qərb miqyasında
sözünün keçəri, urvatı olan lider idi. O tək
Bakı, Azərbaycan, Qafqaz çapında deyil, beynəlxalq səviyyədə
düşünməyi və təhlillər aparmağı
bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli
dərəcədə fərqləndirən professional cizgilərdəndir.
O ki qaldı şəxsi məziyyətlərə, müasir
siyasi texnologiyalarda lider üçün harizma məsələsi
çox vacib ünsürdür. Heydər Əliyev məhz
güclü harizmatik şəxsiyyət idi. Təmkin, səmimiyyət,
zəka, səbat, xeyirxahlıq, diqqət onun fərdi
naturasının özgün çalarlarıdır.
Xalid QÜDRƏTOĞLU
Azərbaycan.-2008.-13 dekabr.-S.6.