Prezident İlham Əliyevin uğurlu siyasəti sosial sahədəki nailiyyətlərin
ana xəttini təşkil edir
Cənab İlham Əliyevin
prezidentliyinin birinci dövrü çağdaş tariximizə
bütün istiqamətlərdə milli
maraqlarımızın təmin edilməsi,
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
tikintisinin başa çatdırılması, sürətli
iqtisadi inkişafa nail olunması ilə yanaşı,
xalqımızın sosial rifahının daha da
yaxşılaşdırılması, vətəndaşlarımızın
yaşayış səviyyəsinin yüksəldilməsi
istiqamətində misilsiz uğurların qazanılması mərhələsi
kimi daxil oldu.
Bütün
kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi, əhalinin aztəminatlı təbəqəsinin
təminatının yaxşılaşdırılması,
yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət
siyasətinin başlıca istiqamətlərindən biridir. İlbəil
güclənən Azərbaycan iqtisadiyyatının dinamik
inkişafı isə bütün parametrləri ilə
yanaşı, həm də xalqın sosial rifahının,
güzəranının daha da
yaxşılaşdırılması, sosial problemlərin həlli
istiqamətində atılan addımların real nəticələri
ilə müşayiət olunmaqdadır. Cənab İlham Əliyevin
birinci prezidentlik dövrü regionların tarazlı
inkişafına və beləliklə də sosial problemlərin
aradan qaldırılmasına xidmət edən kompleks tədbirlərin
işlənib hazırlanması və uğurla
reallaşması ilə əlamətdar olmuş, bazar
iqtisadiyyatına keçid yolunda aparılan islahatların
sosial yönümü təmin edilmişdir. Ölkə
iqtisadiyyatının ardıcıl və dinamik
inkişafı, həyata keçirilən köklü dəyişikliklər
iqtisadi sabitliyi təmin etməklə yanaşı, dövlətin
sosial yönümlü siyasətinin daha da gücləndirilməsinə
geniş yol açaraq əhalinin sosial vəziyyətini
yaxşılaşdırmaq üçün möhkəm zəmin
yaratmışdır. Bu baxımdan Prezident İlham Əliyevin
verdiyi bütün vədləri yerinə yetirməsi, əhalinin
sosial müdafiəsinin gücləndirilməsi
üçün zəruri addımlar atması ölkəmizin
sosial sahədəki nailiyyətlərinin əsasını təşkil
etmişdir.
Keçən 5 ildə əməkhaqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Minimum əməkhaqqının, pensiya və müavinətlərin, büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının artırılması, eyni zamanda ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində əhalinin adambaşına düşən orta aylıq gəlirləri davamlı olaraq yüksəlməkdədir. Konkret olaraq 2003-2008-ci illərdə minimum əməkhaqqının məbləği təxminən 8,3 dəfə artırılaraq 9 manatdan 75 manata çatdırılmış, tələbələrin təqaüdü isə 20 dəfəyə qədər artırılmışdır. Orta aylıq əməkhaqqı 4 dəfə artaraq 250 manatı ötmüşdür.
Təbii ki, Prezidentin xalq tərəfindən sevilməsinin, onun rəğbətini qazanmasının kökündə ilk növbədə uğurlar, o cümlədən sosial-iqtisadi problemlərin aradan qaldırılması dayanır. Bu baxımdan Azərbaycan xalqı özünün layiqli rəhbəri ilə yalnız fəxr edə bilər. Verilən vədlərin özünü doğrultmasının və xalqın hakimiyyətin siyasi kursuna alternativ görməməsinin nəticəsi idi ki, 2008-ci il oktyabrın 15-də cənab İlham Əliyev ölkə vətəndaşlarının böyük əksəriyyətinin etimadını qazanaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ötən illərdə olduğu kimi, başa çatmaqda olan 2008-ci il də Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dövlət proqramlarının uğurla icra edilməsi və eyni zamanda əhalinin sosial rifahının daha da yaxşılaşması ilə əlamətdardır. Bəzi göstəricilərə nəzər salmaqla son illər əhalinin rifahının daha da yaxşılaşdığının şahidi olarıq. Məlum olduğu kimi, Prezident İlham Əliyev davamlı olaraq əməkhaqlarının, pensiya və müavinətlərin, minimum əməkhaqqının artırılması ilə bağlı siyasət yürüdür. Ölkə rəhbəri bəyan etmişdi ki, 2008-ci ildə minimum əməkhaqları yaşayış minimumuna çatdırılacaq. Artıq bu hədəfə nail olunub. Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının və əmək pensiyalarının baza hissəsinin artırılması haqqında 25 avqust 2008-ci il, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması ilə bağlı 26 avqust 2008-ci il tarixli sərəncamları bir daha göstərdi ki, dövlətimiz hər bir vətəndaşın güzəranının yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayır.
Minimum aylıq əməkhaqqının məbləğinin 25 faiz artırılaraq 75 manat müəyyənləşdirilməsi əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımdır. Çünki minimum əməkhaqqının artımı ölkə üzrə orta aylıq əməkhaqqının məbləğinin artırılmasına birbaşa təsir edir. Hazırda ölkədə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 75 manat təşkil edir ki, bu da 2003-cü illə müqayisədə 5,4 dəfə çoxdur. Pensiyanın baza hissəsinin artırılması həm də orta pensiyanın məbləğinə təsir göstərir.
Ölkəmizdə hər bir vətəndaşın sosial rifahının yaxşılaşması - maaşların, təqaüdlərin artırılması, aztəminatlı ailələrə sosial müavinətlərin verilməsi, qaçqınlara və məcbüri köçkünlərə yardımların göstərilməsi, şəhid ailələrinə və müharibə veteranlarına verilən müavinətlərin çoxaldılması dövlətin öz vətəndaşlarının qayğılarına biganə yanaşmamasının göstəricisidir.
Dövlət başçısının sosial sahəyə xüsusi diqqət yönəltməsinin nəticəsidir ki, son illərdə Azərbaycan Respublikasının dövlət büdcəsi sosialyönümlülüyü ilə seçilir. Elə buna görə gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisinin 33 faiz və ya 4024 milyon manat nəzərdə tutulması təsadüfi sayılmamalıdır. Bu, göstərici 2008-ci illə müqayisədə 790,4 milyon manat və ya 24,4 faiz çoxdur. 2009-cu ildə də əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin prioritet xəttini təşkil edəcəkdir. 2009-cu ildə də sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən əhalinin yoxsulluq səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyət kəsb edən minimum əmək haqqının, yaşa görə əmək pensiyasının baza hissəsinin, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin, tələbələrin və aspirantların təqaüdlərinin stabil maliyyələşdirilməsi, pensiyaların baza hissəsinin minimum yaşayış həddinə yaxınlaşdırılması, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə əməkhaqqı sisteminin təkmilləşdirilməsi, ölkənin sığorta və pensiya sistemlərində islahatların dərinləşdirilməsi qarşıya məqsəd kimi qoyulmuşdur.
Azərbaycanda sürətli iqtisadi inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindən sayılan sosial problemlərin yoluna qoyulması üçün geniş imkanlar yaratmışdı. Bütün kateqoriyalardan olan vətəndaşların sosial rifahının yüksəlməsi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Ölkəmizin dinamik iqtisadi inkişafı isə vətəndaşların sosial rifahının üzümüzə gələn illərdə daha da yaxşılaşacağını qətiyyətlə söyləməyə əsas verir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2008.-14 dekabr.-S.1.