Şəxsiyyət ucalığı

 

1970-80-ci illər xalqımızın intibah dövrü olmuşdur. Ən ucqar kəndlərdə belə klublar, kitabxanalar, mədəniyyət evləri yaradılmışdı. Bədii özfəaliyyət kollektivləri, xalq teatrları, yaradıcılıq cəmiyyətləri fəaliyyətə başlamış, dövlət teatrlarına qayğı artmışdı. Lənkəranda, Balakəndə, Şəkidə, Şirvan ərazisində, Şuşada tarixi abidələr bərpa edilmiş, xalqımızın nüfuzlu şəxsiyyətlərinə abidələr ucaldılmışdı. M.P.Vaqifin Şuşada, Cıdır düzünün ətəyində monumental abidəsinin açılışı zamanı ulu öndərin dediyi sözlər hələ yaddaşlarda qalıb: "Milli mənliyi uca tutan, vətənin seyrəngahı ilə yanaşı, gözəllərini tərənnüm edən Vaqif poeziyasını uşaqlıq, gənclik illərindən sevmişəm. Bu gün sizlərlə bərabər mən fəxr edirəm ki, yaradıcılığı ilə özünə əbədi heykəl ucaltmış unudulmaz şairimizin abidəsinin açılışında iştirak edirəm".

Belə fəxarət, qürur hissi keçirmək ulu öndərə çox yaraşırdı. Ümummilli lider xalqına xidmət etməkdən, qurub-yaratmaqdan mənəvi zövq alardı. Bakı şəhərində dünya şöhrətli Nəsiminin monumental abidəsinin açılışı zamanı öndər demişdi ki, Nəsimi ona görə diri-diri soyuldu ki, məslək əqidəsindən dönmədi. "Mənəm haqq, mənəm ədalət, məndədir həyatın qalibiyyəti, təntənəsi", - dedi. Onun xarakteri bu gün zəfərlərimiz, nailiyyətlərimiz uğrunda nümunə, örnək olmalıdır.

Böyük şəxsiyyət Heydər Əliyev təkcə yaşadığı günlər, illər yox, işıqlı, xoşbəxt sabahlar barədə düşünən lider idi. Akademik Ramiz Mehdiyev "Əsl vətəndaş, böyük şəxsiyyət qüdrətli lider haqqında bəzi düşüncələr" əsərində yazıb: "1969-cu il Azərbaycanın dövrü tarixində yeni dönüş ili oldu. Respublikamızın dinamik inkişafının təmin edilməsinə dair kompleks proqramlar işlənib hazırlandı. Bu yorulmaz fəaliyyət nəticəsində 1970-1985-ci illər ərzində baş vermiş dəyişikliklərin vüsəti, rifahın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından, sözün tam mənasında, müstəqil Azərbaycanın yaranması salnaməsində ən parlaq səhifədir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublika iqtisadiyyatının hərtərəfli tərəqqisi intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən edən həmin qərarların xalqımızın mənafeyi baxımından tarixi əhəmiyyəti vardı. Tam inamla demək lazımdır ki, indiki mərhələdə Azərbaycanın suverenliyi iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslanır".

Ötən əsrin 70-ci illərində Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişaf etmiş, pambıqçılıq, taxılçılıq, üzümçülük sahələrində rekord göstəricilər qazanılmışdı. Bunun hesabına əməkhaqqı yüksəlmişdi.

Ucqar kəndlərdə belə, əhali firavan yaşayırdı. Məktəb, mədəni-maarif müəssisələrinə göstərilən qayğı bəhrəsini verirdi. Ölkəmizdən minlərlə tələbə keçmiş İttifaq respublikalarına təhsil almağa göndərilirdi. Neçə-neçə əməkçi Sosialist Əməyi Qəhrəmanı, digər yüksək fəxri adlar almışdı. Sürücü-mexanik Sərdar İmrəliyevdən eşitdiyimiz bu sözləri hələ unutmamışıq: "Heydər Əliyev mənim üçün gündüzümün Günəşi, gecələrimin Ayı olub. Mən dahi şəxsiyyətdən güc alıb çalışdım, hünər göstərdim. O da məni ucaltdı".

Bu da Yaxın Uzaq Şərq ölkələrində yaratdığı əsərləri ilə tanınam, sevilən məşhur heykəltəraş, hazırda Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, çoxsaylı fəxri adlara, mükafatlara layiq görülmüş Ömər Eldarovun fikridir: "Bənzəri az olan şəxsiyyət Heydər Əliyevi ötən əsrin 50-ci illərindən tanıyırdım. Yaratdığım, ucaltdığım bütün əsərlərimin ilk tamaşaçısı məhz ulu öndər olmuşdu. O, sənəti sənətkarlardan daha yaxşı bilirdi. Elə məsləhətlər, tövsiyələr verərdi, heyran qalardım".

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Cəfər Qiyasi: "Ümummilli lider Heydər Əliyev dahi, işıqlı təfəkkür sahibiydi. O, memarlıq sənətini peşə sahiblərindən daha yaxşı bilirdi. Bugünkü abadlaşma, yenidənqurma işləri onun ideyalarının, tövsiyələrinin nəticəsidir. Ulu öndər olduqca həssas qəlbli, zərif duyumlu şəxsiyyət idi. Gərgin əməyin bəhrəsindən həzz alar, yaradıcı şəxslərə hörmətini, məhəbbətini bildirərdi. Ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri onun qayğısından ruhlanıb daha həvəslə yazıb-yaradardılar".

Ulu öndər Heydər Əliyev elə bir qüdrət sahibi idi ki, ahıllara qayğı göstərərdi, körpələrə himayədar olardı. Azərbaycanı kənd-kənd, oba-oba gəzərdi. Qayğısını, humanistliyini, insanpərvərliyini insanlardan əsirgəməzdi. Ölkəmizi tanıtdıran, iri addımlarla irəliyə aparan məhz Heydər Əliyev olmuşdu. Məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı, mərhum Fərman Salmanov demişdi: "Heydər Əliyev sağlam xarakter sahibiydi. Olduqca cəsarətliydi. Onun qüdrətinə, təfəkkürünə inanıb Sibirdə ilk nefti tapan mən oldum. Əvəzində neçə-neçə fəxri adlara layiq görüldüm".

Ulu öndərin diqqəti, qayğısı sayəsində bir çox ədəbiyyat, incəsənət xadimləri dövrün ən ali mükafatlarına layiq görülmüşdü. Bu barədə Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Mikayıl Abdullayev başqaları çox yazıblar. Dünya şöhrətli fırça ustası Tahir Salahovun fikrini xatırlayırıq: "Heydər Əliyev rəssamla rəssam kimi, yazıçı ilə yazıçı kimi danışardı. O, Qara Qarayevin yaradıcılığını elə təhlil edərdi ki, sənətşünas onun yanında kirimiş dayanardı. Məhz onun dövründə onlarla fırça, tişə ustaları, bəstəkar ifaçılar, yazıçı şairlər ən yüksək mükafatlara, fəxri adlara layiq görüldülər".

Ümummilli lider xalqımızın ümid bəslədiyi böyük şəxsiyyət idi. O lazım gələndə milli mənafe naminə canından belə keçməyə hazırdı. 1990- ilin 20 Yanvarında xalqımız dəhşətli faciə ilə üzləşdi. Keçmiş sovet hərbi kontingenti Bakıda azadlıq, müstəqillik arzulayan yüzlərlə silahsız insanı məhv, şikəst etdi. Respublika rəhbərləri susdu, haqq səslərini ucaltmadılar. Lakin ulu öndər öz ənənəsinə sadiq qalaraq Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gəlib bəyan etdi: sovet ordusu törətdiyi cinayətə görə dünya ictimaiyyəti qarşısında cavab verməlidir.

Günlər ötüb-keçirdi. Azərbaycanın, azərbaycanlıların taleyi saatbasaat ağırlaşır, gərginləşirdi. Qarabağımız od tutub yanırdı. Ermənilər tərəfindən yurd yerlərimiz, mədəniyyət abidələrimiz dağıdılır, soydaşlarımıza zülm edilirdiE Bu olayları təsvir, təsəvvür etmək, xatırlamaq olduqca çətindir. Körpələrin sevincləri çöhrələrində, təbəssümləri dodaqlarında donmuşdu. "Qırmızı tabut"ların sayı-hesabı yoxdu. Ən dar məqamda, çətin anda onlar kömək gözləyirdilər. Respublika rəhbərliyi isə susur, ölkə daxilində baş verənləri sakitcə kənardan müşahidə edirdilər.

Bax, belə bir məqamda xalq dözmədi, tələb etdi ki, inandığı, çətin sınaqlardan üzüağ çıxmış, idarəçilikdə, təşkilatçılıqda əvəzsiz şəxsiyyət Heydər Əliyev yenidən respublika rəhbərliyinə qayıtsın. İnsanlar axır ki, istədiyinə çatdı. Ulu öndərin fəaliyyəti, ictimai-siyasi mövqeyi müstəqil Azərbaycanı yenidən dirçəltdi, inkişaf etdirdi. Hazırda məhz onun uzaqgörən siyasəti nəticəsində ölkəmizi dünya tanıyır, əməkdaşlıq edir. Bütün bunlar bütöv xarakter sahibi, şöhrət ucalığına yüksəlmiş ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bu gün layiqli davamçısı var. Prezident İlham Əliyev onun siyasi kursunu uğurla davam etdirir. Ölkəmizi yaxın-uzaq ellərdə tanıtdırır. Yüksək idarəçiliyi, təşkilatçılığı ilə insanların rifah halının daha da yüksəlməsinə çalışır. Torpaqlarımızın işğaldan azad olunması uğrunda qətiyyətlə mübarizə aparır. Bir sözlə, Azərbaycanımız işıqlı sabahlara doğru böyük həvəslə, qətiyyətlə gedir.

 

Telman AĞAOĞLU

 

Azərbaycan.-2008.-14 dekabr.-S.1-4.