Cənubi
Qafqazın ən qüdrətli ordusu
Qüdrətli ordu müasir dövrdə hər bir dövlətin mövcudluğunun əsas meyarlarından birinə çevrilməklə, ona dünya miqyasında maraq və mənafeyini lazımi səviyyədə qorumaq, milli təhlükəsizliyini etibarlı təmin etmək, müstəqil siyasət yeritmək imkanı yaradır. Dövlətin əsaslarının, sərhədlərinin toxunulmazlığının qarantı olan qüdrətli ordu, əslində, güclü dövlət deməkdir. Son 15 ildə respublikamızda ordu quruculuğunun mühüm dövlət siyasətinə çevrilməsi - Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin maddi rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər də məhz bu reallıqla şərtlənir. Respublikamızın 20 faizdən çox ərazisinin Ermənistanın işğalı altında olması faktı Azərbaycan Silahlı Qüvvələrinə daim xüsusi diqqətin göstərilməsini - şəxsi heyətin döyüş hazırlığının, hərbi-vətənpərvərlik ovqatının yüksəldilməsini, sosial müdafiə tədbirlərinin gücləndirilməsini, bir sözlə, orduya hərtərəfli dövlət qayğısını zəruri tələb kimi önə çıxarır.
Silahlı
Qüvvələrə diqqət
ildən-ilə artır
Nizami ordu quruculuğu spesifik sahə, uzun sürən və gərgin səylər tələb edən mürəkkəb proses olsa da, müstəqil Azərbaycanın son 15 ildə qazandığı nailiyyətlər dövlətin etibarlı müdafiə sisteminin formalaşdığından xəbər verir. Ümummilli lider Heydər Əliyevin səyləri ilə atəşkəs rejiminin elan olunmasından sonra hərbi quruculuq sahəsində tamamilə yeni mərhələ başlanmış, ordunun elmi əsasda qurulması, peşəkar kadr potensialının formalaşdırılması, nizam-intizamın gücləndirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması baxımından vacib tədbirlər həyata keçirilmişdir. NATO standartlarına uyğun ordu quruculuğu siyasətinin son beş ildə uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri inkişafının yeni keyfıyyət mərhələsinə qədəm qoymuşdur. Bu gün Azərbaycan ordusunun sürətli inkişafını şərtləndirən əsas amillər sırasında respublikanın sosial-iqtisadi uğurları, balanslaşdırılmış daxili və xarici siyasəti, habelə dünyada və bölgədə artan nüfuzu az rol oynamır. İqtisadi sahədə əldə etdiyimiz davamlı nailiyyətlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə bu sahədə kompleks tədbirlər həyata keçirməyə, silahlı qüvvələrə dövlət büdcəsindən ayrılan vəsaitləri ildən-ilə artırmağa imkan verir.
2008-ci il iyunun 26-da "Azadlıq" meydanında keçirilmiş möhtəşəm hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin istər fiziki-mənəvi, psixoloji hazırlığı, istərsə də maddi-texniki təchizatı baxımından yüksək səviyyədə olduğunu bir daha təsdiqləmişdir. Hərbi paradda çıxış edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Milli Ordunun döyüş ruhunun yüksək olduğunu xüsusi diqqətə çəkmişdir. "Mən çox şadam ki, bu gün Azərbaycan ordusu ən yüksək standartlara cavab verir. Bildiyiniz kimi, mən hərbi hissələrdə tez-tez oluram, cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlərlə səngərlərdə görüşürəm. Tərtər, Ağdam, Füzuli rayonlarının ərazisində, cəbhə bölgələrində, digər bölgələrdə, Naxçıvanda və digər sərhəd bölgələrində zabitlərlə, əsgərlərlə görüşərkən bir daha görürəm ki, Azərbaycan ordusunun səviyyəsi çox yüksəkdir. Ruh yüksəkliyinin artırılması, peşəkarlıq, müasir standartlara uyğunlaşma prosesi çox sürətlə gedir. Əlbəttə ki, biz bunu böyük qürur hissi ilə qeyd edirik. Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənir".
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son beş ildə ordu hissələrində şəxsi heyətlə müntəzəm keçirdiyi görüşlər zaman keçdikcə, ordunun döyüş ruhunun yüksəlməsində və əzmkarlığının artmasında özünü büruzə verir. Dövlət başçısının hərbi hissələrdəki vəziyyətlə, əsgər və zabitlərin qayğıları ilə bilavasitə maraqlanması, xidmətdə fərqlənən əsgər və zabitlərə xüsusi hədiyyələr təqdim etməsi, bir sözlə, onlarla səmimi ünsiyyətdə olması özündən dərin mənəvi-psixoloji məzmun kəsb edən hadisə kimi şəxsi heyətdə özünəinam hissini gücləndirir. 2008-ci il aprelin 18-də və oktyabrın 4-də Füzuli və Beyləqan rayonları ərazisində düşmənlə təmas xəttində yerləşən N saylı hərbi hissələrə baş çəkən Ali Baş Komandan əsgərlərlə səmimi görüşərək onlarla söhbətləşmiş, qol saatları hədiyyə etmişdi.
"Düşmənə
hər an layiqli
cavab verməyə
hazırıq..."
Ordu quruculuğu işinin sürətli və keyfiyyətli aparılması baxımından dövlətlə yanaşı, ictimaiyyətin diqqəti, qayğısı da son dərəcə vacib amildir. Xalq öz ordusunu o zaman sevir ki, ona güvənir, döyüş qüdrətinə, qələbə əzminə inanır və mənəvi-psixoloji dəstəyini ondan əsirgəmir. Bu dəstək dövlət başçısının orduya, onun maddi-texniki təchizatının, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi qayğı ilə vəhdət təşkil edəndə aparılan islahatlar daha səmərəli nəticələr verir.
Bu gün ardıcıl və sistemli şəkildə həyata keçirilən ordu quruculuğu prosesi elə mühüm mərhələyə qədəm qoymuşdur ki, qazanılan nailiyyətlərlə yerində hərtərəfli tanış olmadan Azərbaycan ordusunun real vəziyyətini obyektiv canlandırmaq, dolğun fikir söyləmək mümkün deyildir. İndi nəinki arxa cəbhədə, hətta düşmənlə üzbəüz təmas xəttində yerləşən hərbi hissələrdə özünü qabarıq göstərən nizam-intizam, səliqə-sahman, yüksək döyüş ovqatı qürur və sevinc hissi doğurur. Əlində silah düşmənlə üz-üzə dayanaraq müşahidə aparan əsgər və zabitlərin vətən, torpaq sevgisini duymaq, döyüş ruhunu, düşmənlə mübarizə ovqatı üzərində köklənən yüksək mənəvi-psixoloji durumunu yaxından hiss etmək və bütün bunları olduğu kimi qələmə almaq əsl jurnalist üçün peşə fəaliyyətindən savayı, həm də mənəvi borcdur. Son bir ildə dəfələrlə cəbhə bölgəsindən - düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdən canlı reportajlar hazırlayan "Azərbaycan" qəzeti də Azərbaycan Silahlı Qüvvələrinin gerçək uğurlarını ictimaiyyətə hərtərəfli çatdırmaqla ordu haqqında cəmiyyətdə obyektiv ictimai rəyin formalaşmasına töhfəsini verir. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlunun köməyi ilə bu dəfə Füzuli və Beyləqan rayonlarında düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə üzləşdiyimiz real vəziyyəti canlandırmağa çalışdıq.
E"N" hərbi hissəsinin zabiti Sərvər Cəbrayılovun bələdçiliyi ilə hərbi təyinatlı avtomobilə əyləşib düşmənlə təmas xəttinə üz tuturuq. Bir qədər sonra öyrənəcəyik ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2008-ci il aprelin 18-də və oktyabrın 4-də yüksək səliqə-sahmanı, nizam-intizamı ilə seçilən bu komanda-müşahidə məntəqəsinə baş çəkib, əsgər və zabitlərlə görüşüb, onlara hədiyyələr təqdim edib. Şəxsi heyətdə ruh yüksəkliyi doğuran bu əlamətdar görüş zamanı xidmətdə fərqlənən əsgər və zabitlərə hərbi rütbələr də verilib.
Füzuli rayonu ərazisində düşmənlə təmas xətti sıldırım və yüksək dağ relyefinə malik olmasa da, sərt eniş-yoxuşlar, yan-yana "sıralanan" hündür təpələr "N" hərbi hissəsinin komanda-müşahidə məntəqəsinin məsuliyyətini artırır. Bu mürəkkəb ərazidə mətin əsgər və zabitlərimiz düşmənlə bəzi yerlərdə 600, bəzi yerlərdə isə cəmi 23 metr məsafədə qərarlaşıblar. Görünür, elə buna görədir ki, düşmənlə təmas xətti özünəməxsus rejimi, əsgər və zabit heyətinin sərt nizam-intizamı ilə fərqlənir. Burada xidmət keçən əsgər və zabitlərin mənəvi-psixoloji cəhətdən güclü, fiziki cəhətdən hazırlıqlı və sağlam olması vacib şərtlərdəndir. Komanda-müşahidə məntəqələrində əsgərlərin əsas vəzifəsi döyüş növbətçiliyini yüksək səviyyədə həyata keçirmək, düşmənin atəş mövqelərini nəzarət altında saxlamaqdır. Buradakı əsgərlər əvvəlcə rezerv bölmələrdə təlimlər keçir, zəruri hərbi biliklərə yiyələndikdən və atıcı silahlardan düzgün istifadə vərdişlərini əxz etdikdən sonra ön xəttə hazır vəziyyətdə gəlirlər. Burada xidmət edən əsgərlər seçilərkən onların fiziki və psixoloji-fiziki hazırlıqları da nəzərə alınır.
"Ali Baş
Komandanla
görüş bizdə
yüksək döyüş
əhval-ruhiyyəsi
yaratdı"
Düşmənin atəş mövqeyindən görünməyən, səngərdən bir qədər aralıda yerləşən hərbi sığınacağın sosial infrastrukturu, maddi və hərbi-texniki təchizatı, hərbi təyinatlı tikililəri səliqə-sahmanı, təmizliyi ilə diqqəti çəkir. Duşmənlə üz-üzə dayanan əsgər və zabitlərin bütün zəruri ehtiyacları dağ relyefinin imkan verdiyi dərəcədə nəzərə alınıb. Əsgərlərin xidmət keçməsi - hərbi hazırlığı, istirahəti, mütaliəsi, asudə vaxtını səmərəli keçirməsi üçün lazımi şərait yaradılıb. Əsgərlərin növbəlilik əsasında dincəldikləri hərbi kazarma normal şəraiti olan yataqxananı xatırladır. Çətin şəraitdə şəxsi heyətin yüksək səliqə-sahmanı, yataq dəstlərinin təmizliyi diqqəti çəkir. Eyni zamanda burada hamam və sanitariya qovşağı, hərbi tələblərə cavab verən yeməkxana da inşa olunub. Əsgərlər gigiyenik tələblərə riayət edir, vaxtlı-vaxtında yuyunur, özlərini diskomfort şəraitdə hiss etmirlər.
"N" hərbi hissəsinin komandanlığı düşmənlə təmas xəttində hərbi xidmət keçən əsgər-zabit heyətinin maddi-texniki və hərbi təchizatına əsasnamədə nəzərdə tutulmuş ciddiliklə, son dərəcə məsuliyyətlə yanaşır. Komanda-müşahidə məntəqəsinin ərzaq anbarı ilə tanışlıq zamanı bir daha əmin olduq ki, əsgərlərin gündəlik qidalanması lazımi səviyyədədir. Yeməkxanada səliqə-sahmana və təmizliyə tam riayət edilir. Gündəlik yemək hazırlanması ilə məşğul olan əsgərlərin xüsusi geyimdə olması da bu qənaəti bir daha gücləndirir. Ən sərt qış günlərində belə, əsgər və zabitlər isti yeməklə təmin olunurlar. Ön xətdə yerləşən postlarda keşik çəkən əsgərlərə isə isti yeməklər xüsusi termoslar vasitəsilə çatdırılır. Döyüş növbətçiliyindən qayıdan hər bir əsgərə isti yemək və çay verilir.
Əsgər və zabitlərlə söhbət zamanı onların mənəvi-psixoloji və döyüş hazırlığına, yüksək vətənpərvərliyinə, dövlətə, xalqa bağlılıqlarına bir daha əmin oluruq. Zabit Elşən Əliquliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Füzuli və Beyləqan rayonlarında ön xətdə əsgər və zabitlərlə görüşünü böyük minnətdarlıq duyğusu ilə xatırlayır: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu il ərzində iki dəfə - aprelin 18-də və oktyabrın 4-də ön xətdə olaraq əsgərlərin vəziyyəti, yaşayışı, şəraiti ilə maraqlandı, lazımi tapşırıq və tövsiyələrini verdi. Nümunəvi əsgər və zabitləri hərbi rütbələrlə, medalla təltif etdi. Bəzi əsgərlərə üzərində imzası olan qol saatı bağışladı, eyni zamanda səngərləri gəzərək əsgərlərlə söhbətləşdi, onlarla birliklə nahar etdi. Ali Baş Komandanın burada olması bizim hər birimizdə böyük ruh yüksəkliyi, xoş əhval-ruhiyyə yaratdı. Şübhəsiz, belə bir xoşbəxtlik hər əsgərə və zabitə qismət olmur ki, ön cəbhədə Ali Baş Komandan onun əlini sıxaraq medalla təltif etsin.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev də tez-tez ön xəttə gəlir, əsgərlərlə görüşür, onların vəziyyəti ilə maraqlanır. Cənab generalın yüksək diqqət və qayğısı ilə bütün məsələlər həllini qısa zamanda tapır. Əşya və ərzaq təminatı yüksək səviyyədədir. İnamla deyə bilərik ki, Azərbaycan ordusunun bugünkü ərzaq, geyim və silah-sursat təminatı bir sıra inkişaf etmiş dövlətlərin ordularındakı vəziyyətlə müqayisə edilə bilər. Azərbaycan ordusu bir çox MDB respublikalarının orduları ilə müqayisədə daha yaxşı təmin olunmuşdur".
Tovuz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Zabit Qasımov isə qısa müddətdə müxtəlif silahlardan istifadə etməyi öyrəndiyini, hərbçi kimi püxtələşdiyini bildirdi: "Qısa müddətdə mənim ön cəbhə ilə bağlı fikirlərim tamamilə dəyişib. Açığı, bəzən cəmiyyətdə ön cəbhənin ağırlığı ilə bağlı fikirlər ilkin mərhələdə məndə bir qədər tərəddüd yaratmışdı. Ancaq sonradan buradakı maddi-texniki təchizatı, yaradılmış yüksək şəraiti gördükdən sonra məndə ruh yüksəkliyi, döyüş əzmi daha da artdı. Çox şərəflidir ki, xidməti ön cəbhədə keçirirəm. Evdəkilərə, ümumiyyətlə, övladları ön cəbhədə xidmət edən bütün valideynlərə demək istəyirəm ki, bizim ərzaq təminatı, geyim, silah-sursatla bağlı heç bir problemimiz yoxdur. Gündəlik tələbatımız tam ödənir. Xidmətimiz də normal qaydada keçir. İnşallah, torpaqlarımızı işğaldan azad edəcəyimiz gün də çox uzaqda deyil".
Füzulidə "N" hərbi hissəsinin düşmənlə təmas xəttində yerləşən bölmələri ilə tanışlıq bizdə Azərbaycan ordusunun son illər əldə etdiyi uğurlar barədə daha dolğun və real təəssürat oyatmaqla yanaşı, bir qənaəti daha da gücləndirdi. Bəli, bu gün Azərbaycan Silahlı Qüvvələrinin döyüş və qələbə əzmi ilə bağlı nikbin mülahizələrin kifayət qədər obyektiv, real əsasları var. Azərbaycan ordusu dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, onun hərbi və maddi-texniki təchizatı ildən-ilə güclənir, şəxsi heyətin döyüş əzmi güclənir. Bütün bunlar isə Milli Ordumuzun qarşısında duran taleyüklü vəzifənin öhdəsindən uğurla gələcəyinə, torpaqlarımızı işğaldan tez bir zamanda azad edəcəyinə heç bir şübhə yeri qoymur.
(Ardı var)
İxtiyar HÜSEYNLİ,
Samir ELMANOĞLU
Azərbaycan.-2008.-14
dekabr.-S.3.