Prezident İlham Əliyevin fəaliyyətinə yardımçı olmaq hər bir gəncin əsas amalı olmalıdır

 

Azərbaycanda gənclərin analoqu olmayan yeni möhtəşəm strukturu yaranacaqdır

 

Prezident İlham Əliyevin gənclərə xüsusi diqqət və qayğısı onların humanitar, təhsil, iqtisadiyyat və digər sahələrdə, həmçinin ictimai-siyasi proseslərdə yaxından iştirakına, cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə əvəzolunmaz töhfələr bəxş etmişdir. Bu cür reallığın nəticəsi olaraq üç il öncə 6 fəal gənc tərəfindən "İrəli" Gənclər Hərəkatı təsis edildi. 550 layihənin, onlarla proqramın həyata keçirilməsini reallaşdıran "İrəli" Gənclər Hərəkatı bir neçə gün əvvəl fəaliyyətini dayandırmışdır. Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı əməkdaşımızla söhbətində "İrəli"nin buraxılması səbəblərinə aydınlıq gətirdi:

- "İrəli" Gənclər Hərəkatının yaranması ilə gənclər siyasətində keyfiyyətcə yeni mərhələyə start verildi. Bu, həm də yeni gənclər təşkilatlarının yaradılmasına təkan verdi. Hazırda respublikamızda kifayət qədər çoxlu sayda yeni gənclər təşkilatları fəaliyyət göstərməkdədir. "İrəli" isə qeyri-ənənəvi metodlarla idarə olunmuşdur. Yəni təşəbbüslərə əsaslanan inkişaf modeli var idi. Biz bu modelimizlə inkişafımızın son həddinə çatdıq. Altı gənc tərəfindən təsis edilmiş "İrəli" Gənclər Hərəkatı çox keçmədən altı min gənci özündə birləşdirdi. Biz bu müddətdə 550 layihəni həyata keçirdik, 30 regionu, 20 ali məktəbi əhatə etdik. İlk mərhələdə bu böyük rəqəm idi. "İrəli" Gənclər Hərəkatı Azərbaycanın gənclər siyasətində elitanı yeniləşdirdi, Azərbaycan siyasətinə yüzlərlə yeni gənc sima bəxş etdi. "İrəli" Gənclər Hərəkatının yaradılması bu Hərəkatın sıralarından çıxmış gənclərin yüzə yaxın təşkilat təsis etməsinə səbəb oldu. Hazırda fəaliyyət göstərən bir sıra təşkilatlar məhz "İrəli" Gənclər Hərəkatının bazası ətrafında yaradılmışdır. "İrəli" Gənclər Hərəkatının buraxılması o demək deyil ki, biz gənclər olaraq aktiv fəaliyyətimizi birdəfəlik dondururuq. Hesab edirik ki, altı min nəfərlik gənclər potensialının yeri boş qala bilməz. Bu say artmalı, inkişaf etməlidir. Biz "İlhamla irəli" brendinin müəllifiyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bizim liderimizdir. Bu fikrimiz qətidir hər zaman qalacaqdır. Hesab edirik ki, hər birimiz Prezidentə kömək etməliyik. Biz öz fəaliyyətimizlə yeni Azərbaycan vətəndaşı simasını, yeni Azərbaycan düşüncə tərzini yaradaraq Prezidentə dəstək verə bilərik. Eyni zamanda Azərbaycan vətəndaşının müasir obrazını yaradaraq ölkəsini düşünən, cəmiyyətdə gedən proseslərdə yaxından iştirak edən şüurlu gənc timsalını formalaşdırmalıyıq. Bütün bu nailiyyətləri ümumiləşdirərək Prezident İlham Əliyevin arzu etdiyi Azərbaycanın yaranmasına töhfə verməliyik. Yəni həm öz təbii sərvətləri, gözəllikləri ilə, həm insanlarının çalışqanlığı, savadı mədəniyyəti ilə dünyaya nümunə olacaq Azərbaycan yaratmalıyıq. Gənclər kimi təqdim etdiyimiz gənclər təşkilatlarının idarə olunmasına, bütün Azərbaycan gəncliyini əhatə edən böyük bir meqastruktura ehtiyac var. Biz indi həmin meqastrukturun necə formalaşması barədə fikir mübadilələri aparırıq. Yaradacağımız yeni qurumun necə adlandırılmasından, necə olmasından asılı olmayaraq biz yenə Prezident İlham Əliyevi, dəstəkləyəcəyik. Hazırda Azərbaycan cəmiyyətinin indiyə qədər şahidi olmadığı bir strukturun yaradılması ərəfəsindəyik. Məqsədimiz mövcud olan proqramları daha da genişləndirməkdən ibarətdir. Yaranacaq yeni güc mərkəzi gənclərə verdiyimiz dəstəkdən 30 dəfə böyük imkanlara malik olacaq. Hesab edirəm ki, gənclərimizin potensial imkanlarının genişləndirilməsinə xidmət edən proqramlar daha da genişlənəcəkdir.

- "İrəli" Gənclər Hərəkatı qarşısına qoyduğu məqsədlərə nail oldumu?

- Biz hərəkat formatında qarşıya qoyduğumuz bütün məqsədlərə nail olduq. Amma "İrəli" Gənclər Hərəkatındakı gənclərin ideyalarının sonu yoxdur. Gənclərin məqsədlərinin, ideyalarının hamısı həyata keçməyib. Ona görə hesab edirik ki, belə olan təqdirdə yeni, möhtəşəm bir qurumun yaradılması zəruridir. Həmin ideyaların həyata keçirilməsi istiqamətində addımlar atmalıyıq. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamçısı cənab İlham Əliyevin xalq tərəfindən yenidən Prezident seçilməsindən sonra Azərbaycanda bir sıra yeniliklərin əsası qoyulub. Qeyd edim ki, Azərbaycanı daha da güclü, qüdrətli dövlətə çevirmək üçün 5, 8, 10, 12 illik proqramlar hazırlanıb. Həmin proqramların həyata keçirilməsi davam edir. Biz Azərbaycanda insan kapitalı fondunun yaradılması ilə bağlı hökumətlə müzakirələri davam etdiririk. İnfrastruktur layihələri, ölkəmizdə baş verən proseslər, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması hamının gözü qarşısında həyata keçirilir. Biz bununla yanaşı, təhsil sahəsində böyük islahatlar gözləyirik. İstəyirik ki, Azərbaycanın bütün ali məktəbləri Bolonya sistemini tətbiq etsin, təhsilimiz daha da müasirləşsin. Gənclərimizin bütün arzuları əslində, məhz təhsil islahatları ilə bağlıdır.

Fəaliyyətimizin əsas xətti Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara yardımçı olmaq, dəstək vermək hər bir Azərbaycan gəncinin əsas amalı olmalıdır.

 

Anar TAĞIYEV

 

Azərbaycan.-2008.-14 dekabr.-S.6.