Azərbaycan nümayəndəsi Moldovadan - Hökumətlərarası Şuranın iclasından qayıtmışdır

 

Xəbər verildiyi kimi, Moldovanın paytaxtı Kişinyov şəhərində MDB-nin Aqrar-Sənaye Kompleksinin Hökumətlərarası Şurasının iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasını kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov təmsil etmişdir.

A.Aslanov AzərTAc-a bildirmişdir ki, iclasda əsasən MDB üzvü olan ölkələrin ərzaq təhlükəsizliyinin qorunması, onların şəkər bazarının yaradılması, formalaşdırılması, bu dövlətlər arasında meyvə-tərəvəz, kartof məhsullarının mübadiləsinin aparılması, yaşıl dəhlizin yaradılması digər məsələlər müzakirə olunmuşdur.

Azərbaycan nümayəndəsi çıxışında dövlətimizin başçısı İlham Əliyev tərəfindən 2008-ci il sentyabrın 25-də "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın imzalandığını bildirmiş göstərmişdir ki, ölkədə aqrar islahatların yeni dövrü başlamışdır. Qeyd edilmişdir ki, aqrar sahədə məhsul istehsalının həcminin artması ilə yanaşı, keyfiyyətinin yüksəldilməsi, yeni texnologiyaların tətbiqi, ixrac imkanlarının artırılması, məhsuldarlığın yüksəldilməsi səmərəliliyinin artırılması da nəzərdə tutulmuşdur. O, ölkə başçısı tərəfindən 2004-cü il oktyabrın 23-də MDB- ilk dəfə olaraq Azərbaycanda "Aqrolizinq" ASC yaradılması barədə fərman imzalandığını qeyd etmiş, "Aqrolizinq" ASC-nin yerlərdə 55-dən çox servis xidmətlərinin yaradıldığını diqqətə çatdırmışdır. Məlumat vermişdir ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağa, motor yağlarına görə hər hektara 40 manat (buğda çəltiyə 80 manat) verilir mineral gübrələrin dəyərinin 50 faizi dövlət vəsaiti hesabına ödənilir. Bütün bunlar MDB ölkələri nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir.

Azərbaycan təmsilçisi 2015-ci ilədək dövrü əhatə edən Ərzaq Təhlükəsizliyinə dair Dövlət Proqramında nəzərdə tutulmuş əsas hədəfləri qeyd edərək 2015-ci ilə respublikada taxıl istehsalının 2,8 milyon tona, hər hektarın məhsuldarlığının 32 sentnerə, kartof istehsalının 1 milyon 120 min tona, tərəvəz-bostan məhsulları istehsalının 1,72 milyon tona, yağlı bitkilərin əkin sahəsinin 135 min hektara, yem bitkilərinin əkin sahəsinin 500 min hektara, ət istehsalının 340 min tona, süd süd məhsulları istehsalının 2,4 milyon tona, quş əti istehsalının 80 min tona çatdırılacağını vurğulamışdır.

 

Azərbaycan.-2008.-14 dekabr.-S.6.