Təbiət vurğunu
Görkəmli torpaqşünas, coğrafiyaşünas
alim, akademik Həsən Əliyev Azərbaycanda ekologiya problemləri haqqında
ilk həyəcan təbili
çalan vətənpərvər
ziyalı, müdrik şəxsiyyət olmuşdur.
O, Zəngəzur
qəzasının ucqar
bir kəndində - Comərdlidə dünyaya
göz açmışdır.
Kiçik yaşlarından əməksevərliyi ilə
fərqlənmiş, ailənin
böyük oğlu kimi atasına dayaq durmuşdur. Böyüklərə məxsus qayğı,
ailə dolanışığı
onu uşaqlıq dünya-sından çox
tez ayırmışdı.
O, 1924-cü ildə Naxçıvan
şəhərində axşam
məktəbinə daxil
olmuş, 1930-cu ildə
Kənd Təsərrüfatı
Məktəbini bitirmiş,
1932-ci ildə Gəncə
Kənd Təsərrüfatı
İnstitutunun tələbəsi
olmuş, 1935-ci ildə
keçmiş SSRİ EA Azərbaycan filialının torpaqşünaslıq
bölməsinə elmi
işçi qəbul
edilmişdi, 1941-1943-cü illərdə
İkinci Dünya müharibəsində iştirak
etmiş, 1952-ci ildə
akademik seçilərək
Azərbaycan EA-nın
akademik-katibi olmuşdu.
Ağrılı-acılı bir insan ömrü yaşamış
Həsən Əliyev
800-ə qədər elmi
məqalə, monoqrafiya
və elmi-kütləvi
əsərin müəllifi
olmuşdur. Yüksək insani keyfiyyətləri özündə birləşdirən
böyük alim nəinki Azərbaycanda, həm də onun hüdudlarından çox-çox uzaqlarda tanınmış görkəmli
elm xadimi idi. O, cəfakeş, fədakar, yorulmaq bilmədən çalışan tədqiqatçı
idi. Alim böyük təsərrüfat
əhəmiyyətli elmi
nəticələri olan
irimiqyaslı müxtəlif
layihələrə müəlliflik
etmişdi. Həsən
Əliyevin yaxın həmfikirləri ilə birgə Böyük Qafqazın Şərq qurtaracağındakı dağ
yüksəkliklərində, geniş sahələrdə
saldırdıqları meşə örtükləri bu gün öz görünüşü, yaratdığı
mikroiqlim şəraiti
və bol məhsulları ilə (püstə, badam və s.) insanın düşünülmüş səmərəli fəaliyyətinin
nə qədər sonsuz imkanlara malik olduğunu göstərir.
Həsən Əliyev Azərbaycanın
bütün bölgələrini
qarış-qarış gəzərək
harada hansı bitkinin və ya ağacın yaxşı yetişməsi
barədə dəyərli
məsləhətlər verirdi. O, eyni zamanda keçmiş
SSRİ-nin müxtəlif
guşələrini gəzmiş,
dünyanın bir çox yerlərində olmuş və onların flora və faunası ilə maraqlanmışdı. Alim beynəlxalq
miqyasda torpaq, ətraf mühitin mühafizəsi və coğrafiya üzrə keçirilmiş elmi simpoziumlarda, konfranslarda və konqreslərdə iştirak etmiş, aktual mövzularda olan məruzələri böyük maraqla qarşılanmışdır. O, həm də gördüklərini yazmış,
xarakterik təbiət
mənzərələrini fotolentlərə
köçürmüş və vətənə daim zəngin materiallarla dönmüşdür.
Həsən Əliyevin məruzələri
çox vaxt slaydlarla müşayiət
olunduğundan dinləyicilərin
yaddaşına əbədi
həkk olunurdu. Çünki dinəyici akademikin
həm təəssüratlarını
eşidir, həm də haqqında danışılan obyektin
surətini ekranda əyani görürdü.
Onun güclü hafizəsi vardı.
Alim torpaqşünaslıq, aqrokimya
və coğrafiya elmləri sahəsində uğurlara malik idi. Onun ətraf mühitin
mühafizəsi sahəsində
gördüyü işlərin
misli-bərabəri yoxdur.
Ətraf mühitin mühafizəsinin həyati
vacibliyini hiss etdiyindən
o, keçmiş SSRİ EA sistemində ilk dəfə
olaraq respublika EA Rəyasət Heyəti yanında Təbiəti Mühafizə şöbəsi
açmışdır. Ölkədə
təbiəti mühafizə
üzrə yaradılmış
Cəmiyyət, Azərbaycan
Ali Sovetinin sessiyasında
təbiəti mühafizə
üzrə xüsusi məsələnin müzakirəyə
qoyulması, respublika hökuməti tərkibində
Təbiəti Mühafizə
üzrə Komitənin
yaradılması, Coğrafiya
İnstitutunda təbiəti
mühafizə şöbəsinin
açılması birbaşa
Həsən Əliyevin
adı ilə bağlıdır.
Həsən Əliyevin
təşəbbüsü ilə yaradılmış
və 15 ildən artıq baş redaktoru olduğu "Azərbaycan təbiəti"
jurnah onun respublikamıza verdiyi ən dəyərli töhfələrdən biridir.
Burada dərc edilmiş elmi, elmi-kütləvi məqalələr, elmi-təşkilati
informasiyalar, ətraf mühitin mühafizəsinə
dair dünya miqyasında görülən
işlər barədə
xəbərlər Azərbaycan
oxucularına geniş
bilgilər vermiş və ölkədə təbiətin düzgün
qorunmasının təşkilinə
ciddi kömək göstərmişdir.
Akademik Həsən Əliyev torpaqlardan səmərəli
istifadə işinin düzgün təşkilinə
çox ciddi fikir verirdi. Bu məqsədlə öz əməkdaşlarını istifadəsiz
qalmış torpaqların
tədqiqinə yönəldərək təsərrüfatçılara
həmin ərazilərdən
üzümçülükdə, bağçılıqda, dənli
bitkilər əkinində
istifadə etməyi tövsiyə edərdi.
Belə hallarda alimin yeganə məqsədi xalqın güzəranının
yaxşılaşdırılmasına kömək etmək idi. Torpaqdan səmərəli istifadə işində Həsən müəllimin
təcrübəsi və
səriştəsi olduqca
çox idi.
Alim təbiətən demokratik
fikirli bir şəxsiyyət idi. O, daim haqqın, ədalətin tərəfində durar, onu tapdamağa çalışanlara vaxtında
öz yerini göstərməyi bacarırdı.
Akademik Həsən Əliyev
Azərbaycan üçün can yandıran, onun hər
qarışından səmərəli istifadə edilməsini
məsləhət görən və öz ideyalarına sadiq
qalan əsl vətəndaş idi. Təbiət aşiqi olan
alim "Biz təbiətdən mərhəmət gözləməməli,
onu öz iradəmizə tabe etməliyik" -
şüarına istehza ilə "tabe et görüm, necə
edəcəksən" - deyərdi. Onun bu barədə
yazdığı "Həyəcan təbili" kitabı təbiətin
mühafizəsinə qalxan vətəndaş alimin vətənpərvərlik
narahatçılığı idi. Quruyan çeşmə və
çaylarımızın, qırılan meşələrimizin,
şoranlaşan torpaqlarımızın dərdi Həsən Əliyevin
ürəyini yandırıb keçirdi. Adamları təbiəti
mühafizə ideyası ilə maarifləndirməyə
çalışar, mühazirələr oxuyar, məqalələr
yazardı. Akademikin imzası oxuculara çox yaxşı
tanış idi. O, dövri mətbuatda tez-tez
çıxışlar edər, təbiətin qorunması, zənginləşdirilməsi
problemlərindən söz açar, çox halda məhv
edilmiş təbiət gözəlliklərinin halına
acıyar, onu mühafizə etmək yollarını
araşdırardı. O deyərdi ki, hər kəs sənətindən,
vəzifəsindən və tutduğu mövqedən
asılı olmayaraq, təbiətə xüsusi qayğı
ilə yanaşmalıdır.
Alim çox yerdə əsrlərin
şahidi kimi çıxış edər, müqayisələr
aparar, faktlar, rəqəmlər sadalayar, dünəndən bu
günə necə gəlmiş təbiətin, bu gündən
sabaha necə çatdırılması məsələlərinə
toxunardı. Həsən Əliyev insanları gördüklərini
qoruyub artırmağa, görmədiklərini isə
duymağa, hiss etməyə çağırardı.
Alim konkret faktlarla
danışar, əli baltalının biləyindən
yapışıb, gövdəsində oturduğu ağacı
kəsdiyini ona başa salmağa çalışardı. O, təşvişlə,
təkrar-təkrar adambaşına düşən məhsuldar
torpağın sahəsinin sürətlə
azaldığını vurğulayırdı.
Akademik Həsən Əliyev
respublikanın bütün rayonlarında təbiətin
qorunmasına aid ictimai nəzarət mərkəzləri
yaratmışdı. Hər bir məktəbdə təbiətin
qorunmasına aid şagird müxbirlər işləməyə
başlamışdı.
Alim quraq təbiəti
olan alçaq dağlıq ərazilərdə meşəsalma
fikrini irəli sürərək onunla ardıcıl məşğul
olmağa başlamışdı. Son nəticədə Dəvəçi-Siyəzən
istiqamətində arid (quraq) iqlimli alçaq dağ
yamacları döşündə əsasən iynəyarpaqlı
ağac növlərindən meşə
salınmışdı. Əfsuslar olsun ki, hazırda
dağlıq ərazilərdə aridsevər meşəsalma ənənəsi
arxa plana keçmişdir.
Akademik Həsən Əliyevə
Azərbaycanda ekologiya ilə bağlı bir çox problemlərin
həllində rəsmi səlahiyyət verilmişdi. O
dövrdə istilik-elektrik stansiyalarından axıdılacaq
isti sular üçün çəkiləcək
kanalların istiqaməti və uzunluğu, eləcə də
bir cox ekoloji məsələlərin həlli
üçün alim mühüm mövqe tutar və həmin
problemlərin hamısını elmi əsaslarla ölkənin
xeyrinə həll etməyə çalışardı.
1968-cı ildə Həsən
Əliyev Coğrafiya İnstitutunun direktoru təyin edildikdən
sonra bu sahə üzrə aparılan elmi-tədqiqat işlərinin
son nəticələrinin praktiki əhəmiyyətinə
ciddi diqqət yetirərdi.
Akademik Həsən Əliyev
Azərbaycanın sosial-iqtisadi və mədəni
inkişafının yüksəldilməsinə xidmət edən
bütün məsələlər ilə maraqlanar və
onların lazımi səviyyədə təşkilinə hər
cür kömək göstərərdi. 1950-ci illərin əvvəllərində
Azərbaycan EA-da akademik-katib vəzifəsində işləyərkən
respublikanın bu əsas elm mərkəzinin təşəkkül
tapmasında, istedadlı gənclərdən ibarət yeni elmi
kadr potensialının yaranmasında Həsən Əliyevin
böyük xidmətləri olmuşdur. Alim xüsusilə
iqtisadiyyat elminin inkişafına böyük töhfə
vermişdir. O dövrdə Azərbaycanda iqtisadiyyat üzrə
tədqiqatçılar çox az idi. Akademik bunu öz təcrübəsində
hiss edərək iqtisadiyyatın aqrar problemləri üzrə
yüksək ixtisaslı kadrlar hazırlanmasına çox
zaman bilavasitə qəyyumluq edərdi.
"Torpaq - Vətən deməkdir"
-fikrini daim uca tutan alim yarım əsrlik elmi fəaliyyətini
respublikamızda torpaqların tədqiqinə, onların tipləşdirilməsinə
həsr etmişdir. O, Azərbaycan şəraitində
geniş sahələrdə ildə iki-üç dəfə
məhsul yetişdirilməsi sahəsində böyük
imkanlar olduğunu göstərən ilk tədqiqatçılardan
olmuşdur.
Akademik Həsən Əliyev
respublikada üzümçülüyün elmi əsaslarla
inkişaf etdirilməsinə də xüsusi fikir vermişdir. O,
düzənlik və dağətəyi rayonlarda üzümə
yararlı torpaqların seçilməsi, həmin
torpaqların tədqiq edilməsi işinə bilavasitə rəhbərlik
etmişdir. Təkcə bunu demək kifayətdir ki, alimin təşəbbüsü
ilə bir neçə ildə respublikanın müxtəlif
bölgələrinin 50 min hektar sahəsində üzüm
plantasiyaları salınmışdır.
Akademik Həsən Əliyevi
düşündürən problemlər çox idi. Həsən
Əliyev təbiətə münasibətlə bağlı
demişdir: "Bəlkə toya, yasa və digər mərasimlərə
yubanmaq da olar. Təbiətə münasibətdə yubanmaq isə
yaşamağa yubanmaqdır.
Akademik Həsən Əliyev
yalnız təbiət elmlərini deyil, Azərbaycan tarixini,
onun ədəbiyyatını, incəsənətini, mədəniyyətini
çox dərindən bilən alim idi. O, xalqın şifahi
yaradıcılığından, folklorundan yeri gəldikcə
məharətlə istifadə edərdi. Akademik Həsən Əliyev
xalqının sabahını düşünər,
özündən sonra bir iz qoymağa
çalışardı. Məhz buna görə ekoloji problemlərin
həlli, nəsli kəsilməkdə olan ağac və
kolların çoxaldılması sahəsində xeyli iş
görmüşdü.
"Azərbaycanın
1:600000 miqyaslı torpaq xəritəsi"nin, "Azərbaycanın
1:200000 miqyaslı torpaq örtüyünün struktur xəritəsi"nin
yaranma tarixi və həyatda yaşama hüququ məhz alimin
adı ilə bağlıdır. Həsən Əliyev
respublikamızda təbiət və Yer haqqında olan elmlər
sisteminin başında duran azmanlardan biri idi. Məhz buna
görə onun xatirəsi daim böyük ehtiramla yad edilir. 2007-ci
ildə Prezidentin sərəncamı ilə Həsən Əliyevin
100 illiyinin yüksək səviyyədə qeyd edilməsi bu
böyük ehtiramın bir nümunəsi idi.
Akademik Həsən Əliyev
Azərbaycanın Böyük Qafqaz hissəsinin torpaqlarına
həsr etdiyi sanballı əsərlərini qoyub getmişdir. Morfoloqlara
aid fundamental əsərləri, Azərbaycan təbiətinin
deqradasiyasını görərək çaldığı
həyəcan təbili, yüksək təşkilati qabiliyyəti
onu müasir həyatımızda bu gün də
xatırladır, sabah da xatırladacaqdır.
Adilə QOCAYEVA
Azərbaycan.-2008.-14 dekabr.-S.4.