Cənubi Qafqazın ən qüdrətli ordusu: Silahlı Qüvvələrin şəxsi heyətinin hərbi hazırlıq səviyyəsi ildən-ilə yüksəlir

 

Qüdrətli ordunun müsəlləh əsgəri

 

Ordu quruculuğu konkret zamanla məhdudlaşmayan, daim gərgin səy göstərilməsini tələb edən çətin və mürəkkəb prosesdir. Bu sahədə uğurları təmin edən başlıca amillərdən biri də polad nizam-intizamın yaradılması, habelə şəxsi heyətin yüksək vətənpərvərlik ovqatında yetişdirilməsidir. Təcrübə göstərir ki, döyüş ruhu olmayan orduya uğur qazanmaqda ən müasir silahlar belə kömək etmir. Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji durumu, habelə hərbi-vətənpərvərlik əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bunun əsas səbəblərindən biri də ön xətdə yerləşən hərbi hissələrdə yüksək vətənpərvərlik əzmi ilə düşmənlə üz-üzə dayanan, hücum əmrinə daim hazır olan hərbçilərimizin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsidir.

 

Təminat yüksək səviyyədədir

 

Dövlətin hərtərəfli qayğısını hər addımda hiss edən mətin əsgər və zabitlərimiz üzərlərinə düşən məsuliyyəti yetərincə dəyərləndirir, komandanlığın əmr və göstərişlərini yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Müdafiə Nazirliyinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində bu gün ön xətdə keşik çəkən əsgər və zabitlərin vəziyyəti əhəmiyyətli dərəcə yaxşılaşıb. Hər cür qayğı və ehtiyacdan azad olan şəxsi heyətin əsas diqqəti nizam-intizama, hərb elminin incəliklərini dərindən mənimsəməyə yönəlib. Xüsusən də düşmənlə təmas xəttində xidmət keçən hərbçilərin geyim və silah-sursatla təchizatı, normativə uyğun şəkildə qidalanması, gigiyenik-sanitar tələblərə riayət etməsi üçün bütün şərait yaradılıb. İnşa olunmuş əsgər sığınacaqları zəruri hərbi ləvazimat və əşyalarla təmin olunub. Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissənin rəhbərliyi də səngərdə keşik çəkən əsgərlərin qayğı və problemlərinin operativ həlli üçün zəruri tədbirləri həyata keçirir.

...Düşmənlə təmas xəttində vəziyyətlə əyani tanışlıq üçün səngərə enib əldə silah düşmənin mövqelərini müşahidə altında saxlayan əsgər və zabitlərlə söhbətləşirik. Son illərdə Azərbaycan Ordusunda əhəmiyyətli dəyişikliklərin baş verdiyini hərbçilərimiz də razılıqla təsdiqləyirlər. Məsələn, əgər 10 il əvvəl onların zəruri qış geyimi ilə təminatında bəzən problemlər yaranırdısa, hazırda geyim, silah-sursat və ərzaq təminatı ilə bağlı bütün məsələlər həllini tapıb. Qış rejiminə keçidlə bağlı əsgər və zabitlər bu il də isti geyimlərlə təmin olunublar.

Səngərlərdə ciddi yenidənqurma işləri aparılıb - böyük bir ərazidə divarlar suvanaraq hərbi tələblərə müvafiq şəkildə rənglənib. Qış aylarında hərəkətin asanlaşdırılması üçün səngərlərdə torpağın üzərinə daş lövhələrin düzülməsinə isə xoş təəccübümüzü gizlədə bilmirik. Müdafiə-istehkam qurğularının, müşahidə məntəqələrinin möhkəmliyi, buradakı səliqə-sahman ilk baxışdan diqqəti cəlb edir. Müxtəlif atıcı silahlarla düşmənin mövqelərini nəzarətdə saxlayan əsgər və zabitlər döyüşə müntəzir vəziyyətdə dayanıblar. Burada düşmənin atəş mövqeləri nisbətən uzaq məsafədə yerləşsə də, hərbçilərimiz sayıqlığı və məsuliyyəti bir an belə itirmirlər. Qarşı tərəf xüsusən gecə saatlarında atəşkəs rejimini tez-tez pozsa da, bu, əsgər və zabitlərimizi qətiyyən qorxutmur, düşmənin istənilən həmləsi dərhal və layiqincə dəf edilir.

Komanda müşahidə məntəqələrinin sığınacağı işləmək və döyüş tapşırığını yerinə yetirmək üçün normal vəziyyətdədir. Burada şəxsi heyətlə iş, hərbi-vətənpərvərlik təbliğatı nizamnaməyə uyğun formada həyata keçirilir. Bacarıqlı manqa və bölük komandirləri gənc əsgərlərə hərb elminin incəliklərini öyrədir, onlara lazımi tapşırıq və tövsiyələr, eyni zamanda düşmənlə təmas xəttində təhlükəsizlik tədbirlərini nəzərdə tutan təlimatlar verirlər. Hərbi sığınacağın divarlarında vurulmuş xüsusi lövhələrdə ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbçilərlə görüşlərinə dair fotoşəkillər, onların Azərbaycan Ordusu ilə bağlı dəyərli fikirlərindən sitatlar yer alıb. Əsgərlərin hərbi hazırlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən xüsusi hərbi təlimatlar, döyüş tapşırığı planı məzmununa görə maraq doğurur. Eyni zamanda divarda vurulmuş lövhələrdə Silahlı Qüvvələrin hərbi andının və Azərbaycanın dövlət himninin mətnləri ilə tanış olmaq mümkündür.

 

Hava hücumundan müdafiə etibarlı təşkil olunub

 

Düşmənlə təmas xəttinin səciyyəvi cəhətlərindən biri də burada əsgər və zabitlərin daim döyüşə hazır vəziyyətdə - növbətçilik rejimində olmasıdır. Bu baxımdan ön xətdə təkcə motoatıcı bölüyün deyil, eyni zamanda zenit-artilleriya bölüyünün hissələri də düşmənin hər hansı həmləsini dəf etməyə, habelə alçaqdan uçan hədəflərini məhv etməyə hazır vəziyyətdədir.

Zenit-Raket Manqasının start mövqeyində növbə çəkən əsgərlərlə söhbət zamanı onların yüksək döyüş hazırlığının bir daha şahidi oluruq. Masallı Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Elnur Abbasov ön cəbhədə düşmənin hava hücumundan müdafiə bölüyünün əsgəri kimi üzərinə düşən vəzifələri aramla izah edir. Dediyinə görə, qısa müddətdə raket kompleksindən düzgün istifadə etməyi, düşmənin hava hücumundan müdafiəni yüksək səviyyədə mənimsəyə bilib.

Əsgər Nadir Nemətov 2008-ci ilin iyulunda Bakının Suraxanı rayonunun Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Onun fikrincə, cəmiyyətdə bəzən ön cəbhədə əsgərlərin və zabitlərin vəziyyəti ilə bağlı təhrif olunmuş, həqiqətə uyğun gəlməyən məlumatlar səsləndirilir. Belə yanlış fikirlərin təəssüf hissi doğurduğunu bildirən əsgər Nadir Nemətov ön cəbhə ilə bağlı narahatlıqları da əsassız sayır: "Hər bir valideyn cəbhə bölgəsi deyiləndə müəyyən qədər tərəddüd edir, narahatlıq keçirir. Amma buraya bircə dəfə gələn valideynin fikirləri tamamilə dəyişir. Burada əsgərin normal xidmət keçməsi üçün hər cür şərait yaradılıb. Düşmənlə üz-üzə xidmət keçmək, şübhəsiz, şərəflidir. Əlbəttə, hərdən düşmən atəşkəsi pozmağa, vəziyyəti gərginləşdirməyə çalışır. Amma bu hallarda biz komandanlığın əmrinə müvafiq olaraq qarşı tərəfi tez bir zamanda susdururuq".

Zabit Tahir Əliyev isə Bakı Ali Hərbi Məktəbinin yetirməsi kimi yüksək hərbi-nəzəri biliklərini burada praktik şəkildə tətbiq etmək imkanında olduğunu deyir: "Zabit kimi 7 ildir vətənə qulluq edirəm. Ali Hərbi Məktəbin məzunu kimi orada aldığım bilikləri praktik olaraq tətbiq etməyə, əsgərləri yüksək səviyyədə döyüşə hazırlamağa çalışıram. Əsgərlərimiz vətənini, xalqını, torpağını sevən gənclər kimi zabitlərin bütün əmr və göstərişlərini yüksək səviyyədə yerinə yetirməyə, döyüş bölgəsi üçün zəruri olan hərbi bilik və məlumatları öyrənməyə çalışırlar. Əsgərlərin əhval-ruhiyyəsi çox yüksəkdir. Dövlətin, Ali Baş Komandanın qayğısını daim hiss edirik. Azərbaycan xalqı əmin olmalıdır ki, onun Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır".

Dəvəçi Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Nəriman Əliyev zabit heyətinin diqqət və qayğısını yüksək dəyərləndirir: "Zabitlərimiz bizlərə hərb elminin sirlərini öyrətməklə bərabər, mənəvi dəstək olurlar. Fürsətdən istifadə edib qəzetiniz vasitəsilə yaxınlarıma, ailəmə, dostlarıma salam göndərirəm. Narahat olmasınlar, bir əsgər kimi dövlətimizin daim qayğısını hiss edirik. Qidalanmağımız, geyimimiz yüksək səviyyədədir. İnşallah, hərbi xidməti layiqincə başa vuraraq alnıaçıq, başıuca onların yanına qayıdacağıq. Biz gənc əsgərlər müharibə başladığı təqdirdə döyüşə atılmağa və lazım gələrsə, canımızı belə fəda etməyə hazırıq. Bu gün biz vətəni göz bəbəyi kimi qoruya bilməsək, işğal altında olan torpaqlarımızı azad edə bilməsək, gələcək nəsil bizi bağışlamayacaq".

2007-ci ilin oktyabrından hərbi xidmətə çağırılmış əsgər Əli Aşurovun minaatanlardan istifadə məharəti, bu sahədəki dərin nəzəri-təcrübi bilikləri isə təkcə bizi deyil, həm də onun komandirlərini razı salır. Silahın təyinatı barədə verdiyi izahdan aydın görünür ki, əsgər 82 millimetrlik minaatandan istifadə qaydalarını yetərincə mənimsəyə bilib. "N" saylı hərbi hissənin rəhbərliyi əsgərin bilik səviyyəsini, nizam-intizamını nəzərə alaraq ona Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 7 günlük növbədənkənar məzuniyyət təyin edib. Verilən məlumatlardan aydın olur ki, bu, xidmətdə fərqlənən sıravi əsgərlərin daha da həvəsləndirilməsi üçün atılmış ilk addım deyil. Nizam-intizamı ilə fərqlənən, döyüş tapşırıqlarını yüksək peşəkarlıq və həvəslə yerinə yetirən əsgərlər komandanlıq tərəfindən tez-tez mükafatlandırılırlar.

Kəşfiyyat bölüyünün əsgəri Loğman Rzayev da hərbi xidmətdə olduğu müddətdə əldə etdiyi hərbi biliklər barədə həvəslə danışır: "Müasir döyüş əməliyyatlarının aparılmasında kəşfiyyat bölüyünün üzərinə ciddi vəzifələr düşür. Kəşfiyyat bölmələrinin şəxsi heyəti ilk olaraq düşmən haqqında düzgün məlumatları toplayan bölmələrdir. Düşmən bölmələrinin ehtiyatlarını, komanda məntəqələrini, komanda müşahidə məntəqələrini, onun texnikasının dislokasiyası haqqında məlumatları toplayır. Buna görə də döyüşün taleyini məhz kəşfiyyat zamanı toplanmış məlumatlar müəyyən edir. Çox hallarda kəşfiyyatçılar düşmən arxasında gizli şəkildə fəaliyyət göstərirlər. Bu baxımdan bizim də üzərimizə ciddi vəzifələr düşür. Çalışırıq ki, komandirlərimizin əmr və tapşırıqlarını yüksək səviyyədə yerinə yetirək".

Düşmənlə təmas xəttində üzləşdiyimiz vəziyyət bizdə xoş hisslər doğurur. Bütün bunlarla tanışlıq zamanı Azərbaycan Ordusunun yüksək inkişaf mərhələsində olduğunu bir daha aydın görür, böyük sevinc və fəxarət hissi keçirirsən...E

 

Müasir tələblərə cavab verən rabitə sistemi

 

Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissənin düşmənlə təmas xəttində yerləşən komanda müşahidə məntəqəsindən xoş təəssüratla ayrılıb Beyləqana yola düşürük. Yolətrafı kəndlərin səliqə-sahmanı, ürəkaçan görünüşü, işgüzar insanları diqqəti dərhal çəkir. Cəbhə zonası olmasına baxmayaraq, bu yaşayış məntəqələrində həyat öz axarı ilə davam edir. Bir vaxtlar "ilanmələyən" Haramı düzü indi taxıl sahələrinə çevrilib. Çalışqanlıqları, toprağa, yurda bağlılıqları ilə diqqəti cəlb edən rayon sakinlərinin çöhrəsindəki arxayınlığı, gələcəyə inamı, dövlətinə və ordusuna inamı dərhal sezmək olur. İnsanlar əkinçilik, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olur, ön cəbhənin bir addımlığında olduqlarının fərqinə varmırlar.

...Beyləqanda "N" saylı hərbi hissənin rabitə bölməsinin fəaliyyəti ilə tanışlıq zamanı əmin oluruq ki, Azərbaycan Silahlı Qüvvələrinin rabitə bölmələri bu gün tarixi təməl üzərində yeni uğurlu nəticələr əldə etməyə, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Döyüş əməliyyatları zamanı rabitənin necə böyük əhəmiyyət daşıdığı hər kəsə bəllidir. Hərbi rabitə qurğularının köməyi ilə hərbçilər təkcə bir-biri ilə əlaqə saxlamır, həm də döyüşü təşkil edir, düşmənin planları barədə operativ məlumatları çatdırır, komandanlığın əmr və göstərişləri ilə tanış olurlar. Rabitə bölməsi fasiləsiz işləyərək zəruri məlumatları, döyüş tapşırıqlarını ön xəttə ötürür.

Son illər Azərbaycanda rabitəçi hərbçi hazırlığı da yüksək səviyyədə aparılır. Azərbaycan Ali Hərbi Məktəbinin yetirmələrinin bilik səviyyəsi və hazırlığı xüsusilə diqqəti cəlb edir. Belə vətənpərvər zabitlərin rabitə bölməsində xidmət etməsi rabitəçi əsgər hazırlığında da mühüm rol oynayır. Rabitə bölməsinin çavuşu Elşən Məmmədov hərbi xidmət dövründə yüksək biliklərə yiyələndiyini bildirir: "Tarixi torpaqlarımızın işğalçılardan təmizlənməsində rabitəçilərin də üzərinə böyük məsuliyyət düşür. Onlar müxtəlif qoşun növləri arasında əlaqə yaratmalı, səmərəli hücum strategiyasının təmin olunmasına dəstək verməli, düşmənin istehkam qurğuları, artilleriya batareyaları, sığınacaqları, eləcə də digər strateji hərbi obyekt və məntəqələri, canlı qüvvəsi barədə koordinatları ön xəttə ötürməlidirlər. Eyni zamanda taborlarla qərargahlar arasında rabitəni təmin etməlidirlər. R-142 komanda-qərargah maşını yuxarı rəislərlə və taborlarla əlaqənin yaradılması baxımından geniş imkanlara malikdir".

Cəlilabad Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış əsgər Əsədağa Nağıyev isə 11 aydır ki, rabitə bölməsində xidmət edir. Dediyinə görə, peşəkar zabit heyətinin köməyi ilə ötən müddətdə komanda-qərargah maşınlarından istifadəni yaxşı səviyyədə mənimsəyib: "Hərbi xidmətə gələnə qədər əsgər həyatı barədə müəyyən məlumatım olsa da, ümumilikdə təsəvvürüm az idi. Bu hərbi hissədəki vəziyyəti, əsgərlər üçün yaradılan şəraiti görəndə, həqiqətən də, qüdrətli dövlətin vətəndaşı olduğumu bir daha yəqin etdim. Ordumuzun günbəgün qüdrətlənməsi, əsgərə olan xüsusi diqqət və qayğı bizim hamımızın mənəvi-psixoloji vəziyyətinə də birbaşa təsir edən amildir. Arxamızda güclü dövlətin durduğunu hiss edəndə daha mübariz olur, torpaqlarımızın işğaldan azad edilməsi üçün alışıb-yanırıq. Biz gənc əsgərlər tez-tez cəbhə xəttində xidmətimizə dair söhbətləşirik. Hiss edirik ki, hamımız məhz səngərdə xidmət istəyirik".

 

Bu gün Azərbaycan Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün zəruri addımlar atılır. Ordu quruculuğuna dair bütün mühüm tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə, mövcud siyasi kursun tələblərinə uyğun şəkildə yerinə yetirilir. Silahlı Qüvvələrin sıralarında hərbi xarakterli cinayətlərin, xüsusən də fərarilik hallarının azalması da məhz ordumuzun gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin, hərbi-vətənpərvərlik əhval-ruhiyyəsinin nəticəsidir. Azərbaycan Ordusunun mütəşəkkilliyi sahəsində görülən irimiqyaslı işlər ictimaiyyət tərəfindən də son dərəcə razılıqla qarşılanır.

 

(Ardı var)

 

İxtiyar HÜSEYNLİ,

Samir ELMANOĞLU,

"Azərbaycan"

 

Azərbaycan.-2008.-16 dekabr.-S.3.