Ədliyyə Nazirliyində görüş

 

Respublikamızda həyata keçirilən demokratik hüquqi islahatlardan söhbət açan nazir dövlətimizin siyasi iradəsi sayəsində ədliyyə orqanlarının, o cümlədən penitensiar sistemin müasirləşdirilməsinə xüsusi diqqət yetirildiyini, məhkumların hüquqlarının genişləndirilməsi, yeni cəzaçəkmə müəssisələrinin inşası, ərzaq və dərman təminatının köklü surətdə yaxşılaşdırılması və digər istiqamətlərdə kompleks tədbirlərin həyata keçirildiyini vurğulamışdır.

Ölkəmizdə onların fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığına görə minnətdarlığını ifadə edən qonaqlar penitensiar müəssisələrə baş çəkmələri ilə bağlı ilkin hesabatları təqdim edərək, Komitənin əvvəlki tövsiyələrinin icrası vəziyyətini dəyərləndirmiş, o cümlədən cəzaların humanistləşdirilməsi ilə bağlı qəbul olunmuş yeni qanunun əhəmiyyətini xüsusi qeyd etmişlər. Eyni zamanda, məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin daha da yaxşılaşdırılması və digər məsələlərlə bağlı müəyyən tövsiyələr verilmişdir.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılmış, verilmiş tövsiyələrin əksəriyyətinin yeni cəzaçəkmə müəssisələrinin inşası ilə öz həllini tapacağı bildirilmişdir.

Nümayəndə heyətinə penitensiar xidmətin işçilərinin peşəkarlıq səviyyəsinin artırılması, məhkumların maarifləndirilməsi, ictimai nəzarətin təmin olunması və digər işlərə dair hazırlanmış sənədlər paketi təqdim olunmuşdur.

 

Azərbaycan.-2008.-16 dekabr.-S.4.