Qazaxıstanın milli bayramı şərəfinə
AzərTAc xəbər verir ki, dekabrın 15-də Qazaxıstanın Azərbaycandakı səfirliyi öz ölkəsinin milli bayramı - Müstəqillik gününün 17-ci ildönümü münasibətilə "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir.
Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov vurğulamışdır ki, 17 il əvvəl respublikanın Ali Soveti ölkənin müstəqilliyi haqqında Konstitusiya Qanunu qəbul etmişdir.
Diplomat ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışaraq bildirmişdir ki, hazırda Qazaxıstan dünya birliyində layiqli yer tutur, ən dinamik inkişaf edən beş ölkə sırasına daxildir.
S.Primbetov demişdir ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan və Qazaxıstanı çoxəsrlik mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Əminəm ki, bizim qarşılıqlı səylərimiz bundan sonra da bu nəcib ənənələrin artırılmasına, xalqlarımızın və ölkələrimizin tərəqqisi, regionda sülh, təhlükəsizlik və sabitlik naminə dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldiləcəkdir.
Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, Qazaxıstan xalqına əmin-amanlıq və firavanlıq arzularını yetirmişdir.
Z.Əsgərov bildirmişdir ki, ölkələrimiz arasında həmişə səmimi münasibətlər olmuşdur və bu münasibətlər müstəqillik qazanıldıqdan sonra intensiv inkişaf etməyə başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident Nursultan Nazarbayevin şəxsi dostluq münasibətləri bu əlaqələrin formalaşmasında mühüm rol oynamışdır.
Qəbulda Azərbaycanın
dövlət və hökumət rəsmiləri,
xarici ölkələrin
Bakıdakı səfirləri,
ictimaiyyətin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan.-2008.-16 dekabr.-S.4.