Lənkəranda Fövqəladə
Hallar Nazirliyinin Cənub Regional Mərkəzi istifadəyə
verilmişdir
AzərTAc-ın müxbiri xəbər
verir ki, Lənkəran şəhərində Fövqəladə
Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi istifadəyə
verilmişdir.
Üçmərtəbəli
inzibati binanın həyətində salınmış
bağda ümummilli lider Heydər Əliyevin büstü
qoyulmuşdur.
Cənub bölgəsinin 7 rayonuna xidmət göstərəcək mərkəz ilkin mərhələdə 4 ədəd yanğınsöndürən maşınla və 1 "Reonomobil"lə, çadır, elektrik generatorları ilə təmin edilmişdir. Mərkəz tədricən lazımi avadanlıq və texnika ilə kifayət qədər təmin ediləcək, beləliklə də cənub bölgəsində baş verən təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün əlavə qüvvələr gətirilməsinə ehtiyac qalmayacaqdır.
Bölgənin iş adamları tikililər üçün lisenziyaların alınmasında, layihə-smeta sənədlərinin təsdiq edilməsində və müayinəsində "Bir pəncərə" prinsipi ilə mərkəzin xidmətindən istifadə edə biləcəklər. Burada FHN-nin bütün idarələrinin şöbələri fəaliyyət göstərəcəkdir.
Regional Mərkəzin açılış mərasimində iştirak edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov əvvəlcə ümummilli lider Heydər Əliyevin mərkəzin həyətindəki büstünün önünə gül dəstələri qoymuş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Kəmaləddin
Heydərov və Süleyman Mikayılov rəmzi
qırmızı lenti kəsdikdən sonra mərasim
iştirakçıları mərkəzin otaqları və
burada işçilər üçün yaradılan şəraitlə
yaxından tanış olmuşlar.
Azərbaycan.-2008.-16 dekabr.-S.4.