Heydər Əliyev siyasəti özünün ən əhəmiyyətli mərhələsini yaşayır

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə xalqın seçimi ilə növbəti dəfə hakimiyyətə qayıdışı ölkədə 1988-ci ildən davam edən siyasi və iqtisadi xaos dönəminə təsadüf etdi. Ümummilli lider özünün uzaqgörən siyasəti nəticəsində öncə siyasi xaousun aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər gördü. Həmin dövrə bu günümüzdən nəzər salsaq görərik ki, o vaxtkı tədbirlər kifayət qədər dəqiq hesablanmışdı.

Ulu öndər Heydər Əliyev siyasi xaosu aradan qaldırmaqla Azərbaycanı dünyaya sabit siyasi vəziyyətə malik olan ölkə kimi təqdim etdi, iqdisadi tənəzzülə son qoydu, onun yerinin tərəqqiyə verilməsi üçün prosesi sürətləndirdi. Azərbaycanın yeni və ciddi layihələrə imza atması onu öncə regionun lider ölkəsinə, sonra isə dünyanın favorit dövlətlərindən birinə çevirdi. Bakı - Novorossiyski, Bakı-Supsa, Bakı-Tibilisi-Ceyhan kimi iri layihələr baş tutmaqla, sonra isə tam gücü ilə işə düşməklə ölkə iqtisadiyyatinin inkişafında, dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli rol oynadı.

Məlum olduğu kimi, noyabrın 13-də və 14-də Bakıda IV Beynəlxalq Enerji Sammiti keçirildi. Bu cür tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın dünya üçün əhəmiyyətli məkana çevrilməsinin göstəricisidir. Sammitdə 5 ölkənin - Türkiyənin, Gürcüstanın, Litvanın, Ukraynanın, Polşanın prezidentləri, Bolqarıstanın vitse-prezidenti, Macarıstan və Estoniyanın isə baş nazirləri səviyyəsində iştirak etməsi də fikirlərimizin əyani təsdiqidir. Bundan başqa, əgər III Kiyev Beynəlxalq Enerji Sammitində cəmi 6 ölkə təmsil olunurdusa, Bakı Sammitində 22 iştirakçı ölkə var idi.

Bu kimi ciddi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycana özünün neft-qaz-kimya kompleksini qurmaqda da yardımçı olur. Yeni layihələrlə Avropa enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edən Azərbaycan dünya ölkələri üçün çox güclü tərəfdaşdır. Uzunluğu 3300 km nəzərdə tutulan, illik daşınma həcmi 31 milyard kubmetr olacaq Nabukko layihəsinə əsasən Türkmənistan və Azərbaycan qazının Avropaya daşınmasında Azərbaycanın nəinki iştirakı, hətta əhəmiyyətli rolu enerji siyasətinin düzgün qurulmasının göstəricisidir. Sammitin sonunda 9 Avropa ölkəsinin və Avropa Komissiyasının iştirakı ilə imzalanan Bakı Bəyannaməsində enerji daşıyıcılarının beynəlxalq bazara təhlükəsiz çatdırılmasının, hasilatçı ölkələrin faydalı əməkdaşlığının möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olundu. Bundan başqa, sənəddə Xəzər hövzəsindən neftin və qazın Avropa bazarlarına çatdırılmasının şaxələndirilməsi siyasətinin davamı olaraq Azərbaycanda enerji daşıyıcılarının nəqlində tranzit üçün çoxvektorlu infrastrukturun yaradılması da öz əksini tapdı. Bu isə ölkənin yeni inkişaf tempindən xəbər verir. Həmçinin sammitdən sonra Qazaxıstanın sənaye və energetika naziri ilə ARDNŞ arasında Qazaxıstan neftinin Xəzər dənizindən və Azərbaycan ərazisindən keçməklə Avropa və dünya bazarlarına nəql edilməsi, eyni zamanda Gürcüstanın neft və qaz sektorunun Azərbaycan dövləti tərəfindən idarə olunması ilə bağlı müqavilələrin imzalanması öz əhəmiyyətləri ilə seçilir. Yuxarıda qeyd olunan bütün məsələləri ümumiləşdirsək və konkretləşdirsək o nəticəyə gələrik ki, ümummilli lider Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti artıq özünün əhəmiyyətli mərhələsinə qədəm qoyub.

Dünya bir neçə aydır ki, iqtisadi böhrandan ciddi əziyyət çəkir. Problem özünü daha çox iqtisadi inkişafin ən yuxarı həddində qərarlaşmış ölkələrin həyatında hiss etdirir. ABŞ, İsveç, Böyük Britaniya, Almaniya kimi dövlətlər iqtisadi böhranın daha acınacaqlı xarakter almaması üçün əmanətlərin sığortalanması, bankların milliləşdirilməsi istiqamətində ciddi fəaliyyət göstərirlər. Bütün görülən tədbirlər hələlik səmərəli nəticə vermir. Böyük şirkətlər tam müflis olmamağın yeganə yolunu işçi qüvvəsinin azaldılmasında görürlər. Son statistik məlumata görə, Fransada işsizlik 7 faizi ötüb. Bu cür dövlətlər üçün belə göstərici kiritik vəziyyətdən xəbər verir. İxrac əməliyyatlarına görə nəinki özəl sektorda, hətta dünyada böyük şirkətlər hesab edilən avtomobil istehsalçıları olan müəssisələrin birləşmə təklifləri ekspertlər tərəfindən öncə reklam xarakterli iş kimi dəyərləndirilsə də, son anda bu prosesin özünü xilas instinkti olduğu aşkarlandı. Eyni zamanda, həmin şirkətlərin fəaliyyət göstərdiyi ölkələrin hökumətlərindən yardım istəklərinə rədd cavabının verilməsi həmin hökumətlərin iqtisadi göstəricilərinin ürəkaçan olmadığından xəbər verir. Onu da qeyd etmək yerinə düşər ki, iqtisadi vəziyyət bütün zamanlarda siyasi vəziyyətin yaradıcısıdır. Azərbaycandakı iqtisadi vəziyyət isə hətta dünyanın ən ciddi inkişaf etmiş ölkələrindən də fərqlidir.

Bu yaxınlarda Milli Məclis 2009-cu ilin dövlət büdcəsini təsdiq etdi. Növbəti ilin büdcəsinin reallaşması, formalaşması, eyni zamanda hədəflərin düzgün müəyyənləsdirilməsi hər bir normal təfəkkürə malik ölkə vətəndaşının maraq dairəsində olmalıdir. Dünya maliyyə sisteminin gərgin bir dövr yaşadığı zamanda 2009-cu il büdcəsinin formalaşması və paylanması sisteminə nəzər salsaq görərik ki, Azərbaycan hökumətinin növbəti il üçün cəmiyyət qarşısında götürdüyü öhdəliklərin tam yerinə yetirilməsi istiqamətində heç bir narahatlığı yoxdur. Çünkü əvvəlki illərin vaxtaşırı qiymət artımı yönündə hökumətin müdaxiləsi, artımı kompensasiya etməsi, sosial müavinətlərin, pensiya və əməkhaqlarının artırılması, bir sözlə, çevik iqtisadi siyasət yürütməsi bu inamın qətiləşməsinə xidmət edir. Azərbaycanın 2009-cu il üçün dövlət büdcəsi gəlirləri 12 milyard 177 milyon manat, xərcləri isə 12 milyard 355 milyon manat nəzərdə tutuldu. Növbəti ilin büdcə gəlirləri 2008-ci il üçün nəzərdə tutulan gəlirlərlə müqayisədə 16,1, xərcləri isə 11,7 faiz çox proqnozlaşdırılıb. Azərbaycandakı real işgüzar fəallağın 2009-cu ilin büdcəsinə təsiri böyük olacaqdır. Eyni zamanda, bu prosesdə qeyri-neft sektorunun vergi ödənişlərində mütləq artım proqnozlaşdırılır. Qəbul olunmüş büdcəyə ekspert nəzəri ilə diqqət yetirsək görərik ki, 2009-cu ildə sosial müdafiə və sosial təminat xərclərinin büdcədəki payı da artacaq. Bu iş Dövlət Sosial Müdafiə Fonduna transfertlərin, sosial müavinətlərin, əməkhaqqı və pensiya təminatı sisteminin təkmilləşdirilməsinə və vəsaitlərin artmasına imkan yaradacaq.

Büdcədə əvvəlki illərdə olduğu kimi pensiyaların baza hissəsinin əhəmiyyətli dərəcədə artırılması ölkədə bu sahədə problemin həlli istiqamətində görüləcək növbəti müsbət işdir.

Yeni qəbul olunmuş büdcədə Prezidentin Ehtiyat Fondundakı vəsaitin miqdarının 180 milyon manata çatdırılması Prezident İlham Əliyevin humanistliyinin göstəricisidir. Mən uzun illər Azərbaycanda yaşayan və fəaliyyət göstərən bir şəxs kimi zaman-zaman elmi nailiyyətlər, müxtəlif sahələrdəki fərqlənmələr zamanı ayrı-ayrı şəxslərin qiymətləndirilməsi istiqamətində cənab İlham Əliyevin bu fonddan xoşməramlı ayırmalarını böyuk ədalətin bariz nümunəsi hesab edirəm. Yeri gəlmişkən qeyd edim ki, postsovet məkanında, ümumiyyətlə dünyada, qonşu Gürcüstan istisna olmaqla, bu cür fondlar fəaliyyət göstərmir.

Azərbaycanda qlobal maliyyə böhranının ölkəyə təsirini minimuma endirmək üçün qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində ciddi işlər gedir. Buna misal olaraq Milli Bankın uçot dərəcələrinin aşağı salınması və kommersiya banklarına resursların verilməsi haqqında təkliflərini qeyd etmək olar. Mən bir iş adamı olaraq hesab edirəm ki, uzun müddətli və az faizli kreditlərin verilməsi prosesinə start vermək kommersiya banklarının xarici borclanmasının qarşısının alınmasında kifayət qədər faydalı ola bilər.

 

Ötən həftə Türkmənistanda əsas məqsədi Nabukko qaz kəməri layihəsinin reallaşması ilə əlaqədar olan üştərəfli - Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə sammit keçirildi. Enerji daşıyıcıları sahəsində əməkdaşlıq edən ölkələrin bir araya gəlməsində Avropa, xüsusən Azərbaycanı özünə iqtisadi və siyasi tərəfdaş hesab edən Amerika Birləşmiş Ştatları kifayət qədər maraqlıdır. Yuxarıda qeyd olunduğu kimi, bu layihənin fəlsəfəsi Azərbaycan və Türkmənistan qazını Türkiyə üzərindən Avropaya çıxarmaqdır. Və bu layihənin reallaşması Avropanın enerji asılılığını minimuma endirməklə, dünyanın yeni siyasi düzənini də formalaşdıracaq. Kimlər və hansı ölkələr üçünsə kiçik dövlət hesab olunan Azərbaycan ümummilli lider Heydər Əliyevin 15 il öncə bünövrəsini qoyduğu siyasətin müsbət nəticəsini davamlı olaraq görməkdədir. Çünki bu siyasət maşınının sükanı bu gün Prezident İlham Əliyevin timsalında etibarlı əllərdədir.

 

Osman GEZEKER,

"Özkaya Group"

şirkətinin prezidenti

 

Azərbaycan.-2008.-16 dekabr.-S.5.