Dənizlərin çirklənməsinin
qarşısının alınması
ekoloji problemlərin həllində vacib vəzifələrdəndir
Azərbaycan
Respublikası Dövlət Dəniz Administrasiyasının
Beynəlxalq Dəniz Təşkilatı ilə birgə
keçirdiyi regional konfransda zamanın bu zəruri tələbinin
necə yerinə yetirilməsi başlıca leytmotivdir. Paytaxtın
"Hyatt-Regency" mehmanxanasında işinə başlayan
konfransda Dövlət Dəniz Administrasiyasının rəisi
Qüdrət Qurbanov çıxış edərək tədbirdə
iştirak edən Qara dəniz və Xəzəryanı
ölkələrin, respublikada fəaliyyət göstərən
müvafiq təşkilatların nümayəndələrini
salamlamış, bu konfransın ekoloji problemlərin həllində
mühüm nəticələr verəcəyinə ümidvar
olduğunu bildirmişdir.
Qüdrət Qurbanov
vurğulamışdır ki, sənaye və radioaktiv
tullantıların dənizdə basdırılması ilə
meydana çıxan problemlərin həlli, eləcə də
bu sahəyə nəzarətin həyata keçirilməsi
üçün normativ-hüquqi mexanizmin yaradılması zərurəti
"Dənizin tullantılar və digər maddələr
atılması yolu ilə çirkləndirilməsinin
qarşısının alınması barədə (London
Konvensiyası kimi tanınan) Konvensiya"nın
hazırlanmasına və 1972-ci ildə Londonda
keçirilmiş konfransda qəbul edilməsinə səbəb
olmuşdur. Konvensiyanın mahiyyəti qlobal mənada çox
genişdir. Bu mühüm sənəd dənizin çirkləndirilməsinin
qarşısının alınmasına yönəlmiş beynəlxalq
nəzarəti və bu sahədə gələcəkdə
görüləcək tədbirləri, dənizdə
basdırılması qadağan edilən təhlükəli
maddələrin, eləcə də əvvəlcədən
xüsusi icazə alınmaqla dənizdə
basdırılmasına yol verilən maddələrin
siyahısını özündə ehtiva etməklə dəniz
mühitinin qorunması ilə əlaqədar digər beynəlxalq
normativ-hüquqi aktlarla yanaşı, operativ və effektiv nəzarət
və tənzimləmə mexanizminə çevrilmişdir.
Dövlət Dəniz
Administrasiyasının rəisi bir faktı da diqqətə
çatdırmışdır ki, bu mühüm beynəlxalq
sənədin xüsusiyyətləri və
nizamladığı sahənin aktuallığı nəzərə
alınaraq London Konvensiyası Azərbaycan Respublikası Milli
Məclisinin 13 may 2003-cü il tarixli qanunu ilə ratifikasiya
edilmişdir. Bu da öz növbəsində zəngin dənizçilik
tarixinə malik ölkəmiz üçün dəniz nəqliyyatının
və ətraf mühitin təhlükəsizliyinin prioritet
istiqamətlərdən olmasını sübut edir.
Konfrans
iştirakçılarının nəzərinə
çatdırılmışdır ki, müstəqillik
dövründə dövlətimiz tərəfindən Beynəlxalq
Dəniz Təşkilatının 23 müxtəlif
konvensiyası və protokolları ratifikasiya edilmişdir. Bu
konvensiyaların əsasını təşkil edən maddələrdən
8-i məhz dənizin çirkləndirilməsinin
qarşısının alınması ilə
bağlıdır. Hazırda sənədlərin icra
olunmasına nəzarət ölkə
başçısının müvafiq sərəncamı ilə
dəniz nəqliyyatı sahəsində müvafiq icra hakimiyyəti
orqanı olan Dövlət Dəniz Administrasiyasına həvalə
edilmişdir.
Konfransın ilk iş günündə çıxış edənlər bu mühüm regional tədbirin xüsusi önəm daşıdığı barədə fikirlərini bildirdilər. Natiqlər vurğuladılar ki, regional konfransın keçirilməsində məqsəd adıçəkilən məsələdə qarşılaşdığımız çətinliklər, onların müzakirəsi, təcrübə mübadiləsinin aparılması və bir deviz olaraq "Dənizin gələcək nəsillər üçün saf, şəffaf qorunub saxlanılması"ndan ibarətdir.
Xəzər və Qara dəniz ölkələri dəniz təşkilatlarının nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Xəzər Dəniz Gəmiçiliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dəniz Neft Donanmasının və digər mühüm strukturların təmsilçilərinin iştirak etdiyi regional konfrans dekabrın 17-dək davam edəcək. Tədbirdə dənizin tullantılar və digər maddələrlə çirkləndirilməsi problemlərinin həlli yolları və alternativləri, bununla bağlı ümumi fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək, qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlərlə bağlı müvafiq sənədlər qəbul ediləcək.
Akif CABBARLI
Azərbaycan.-2008.-16 dekabr.-S.5.