Azərbaycan qlobal iqtisadi böhrandan uğurla çıxır

 

Qlobal maliyyə böhranının günü-gündən öz təsir dairəsini daha da genişləndirməsi və gözlənildiyindən də çox iqtisadi fəsadlara yol açması dünya dövlətlərinin hazırda diqqət yetirdiyi bir nömrəli məsələyə çevrilməkdədir. Nüfuzlu beynəlxəlq maliyyə institutu sayılan Dünya Bankının son hesablamalarına görə gələn il qlobal böhran səbəbindən dünyada iqtisadi artım kəskin şəkildə azalacaq. Bankın hesablamalarına əsasən 2009-cu ildə iqtisadi artım cəmi 0,09 faiz təşkil edəcək. Dünya Bankının hesabatında o da vurğulanır ki, qlobal maliyyə böhranı inkişaf etməkdə olan ölkələrin iqtisadi artımını zəiflədəcək. Amerika Energetika Nazirliyinin açıqlamasına görə isə ötən əsrin 80-ci illərindən bu yana ilk dəfə olaraq dünyada neftə tələbat azalacaq.

Lakin elə dünyanın aparıcı maliyyə institutları onu da etiraf edir ki, bir sıra dövlətlər bu böhrandan digərləri ilə müqayisədə az zərərlə çıxacaq və onlarda iqtisadi artım tempi daha yüksək olacaq. Belə ölkələr sırasına Azərbaycan da aid olunur. Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsinin cari ilin ilk 10 ayı ərzində apardığı hesablamalarına görə, Azərbaycan iqtisadi inkişaf tempinə görə, MDB-də yenə də liderdir. Ölkəmizdə bu müddət ərzində 12,7 faiz artıq ümumdaxili məhsul istehsal olunub. Sənaye istehsalının inkişaf tempində isə 8,4 faiz artım qeydə alınıb.

MDB-nin Statistika Komitəsinin ekspert qrupunun rəyinə görə ilin sonuna kimi ölkəmizdə ümumi daxili məhsulun artım tempi ən azı 20 faiz çoxalacaq. Ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun payı 11,3 faizə çatacaq. Adambaşına düşən məhsul istehsalı isə 4 min 600 manat təşkil edəcək. Xarici ölkələrlə ticarət münasibətlərinin də uğurla inkişaf etdiyi və 39 milyard dollara yaxın ixrac əməliyyatı aparıldığı, idxalın isə cəmi 5 milyard dollar təşkil etdiyi bildirilir ki, bu da 34 milyard dollarlıq müsbət saldo deməkdir. Komitənin hesablamalarına əsasən, yanvar-sentyabr ayları ərzində ölkəmizdə kənd təsərrüfatı istehsalı 8,3 faiz artaraq 2,8 milyard manata çatıb. Komitənin proqnozuna görə, Azərbaycan ümumi daxili məhsulun artımında liderliyi gələn il də qoruyub saxlaya bilər və növbəti ildə bu rəqəmin 15 faizə yaxın olacağı proqnozlaşdırılır. Sənaye istehsalının 17, kənd təsərrüfatının 4, ixracın 10, idxalın 25, investisiya cəlbinin isə 20 faiz aratacağı proqnozlaşdırılır.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarında isə idxal-ixrac əməliyyatlarının həcmi MDB Statistika Komitəsində səsləndirilən rəqəmlərdən daha artıqdır. Belə ki, Dövlət Statiska Komitəsinin məlumatına görə, 2008-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 137 ölkə ilə faydalı ticarət əməkdaşlığı nəticəsində 51,9 milyard dollar məbləğində idxal-ixrac əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 46 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 5,9 milyard dollarını isə idxal edilmiş məhsullar təşkil edib. Gələn il bu rəqəmlərin bir qədər də artacağı proqnozlaşdırılır.

Həm MDB Statistka Komitəsinin, həm də Dövlət Statiska Komitəsinin səsləndirdiyi rəqəmlər Dünya Bankının iqtisadi artımla bağlı inkişaf etməkdə olan ölkələr üçün açıqladığı proqnozların Azərbaycana aid olmadığını göstərir.

Qlobal böhran nəticəsində gələn il dünyada neftə olan tələbatın azalması və onun qiymətinin enməsi də Azərbaycan üçün təhlükəli heç nə vəd etmir. Əvvəla, onu qeyd etmək lazım gəlir ki, gələn il üçün neftin qiymətilə bağlı fərqli göstəricilər səslənir. Məsələn, ABŞ Energetika Nazirliyinin İnformasiya İdarəsinin proqnozlarına görə 2009-cu ildə neftin bir barelinin qiyməti orta hesabla 51 dollar təşkil edəcək. Halbuki OPEK rəsmiləri bu qiymətin 70-90 dollar arasında dəyişəcəyini bildirir. Azərbaycan isə bu qiymətin ən azı 70 dollar təşkil edəcəyini proqnozlaşdırır. Digər tərəfdən növbəti il ərzində Azərbaycanın dünya dövlətlərinin neftlə təchizatında yenə də əsas rol oynayacağı gözlənilir.

ABŞ Energetika Nazirliyinin İnformasiya İdarəsi bidirir ki, gələn il dünyada neft hasilatı gündəlik hasilatın 450 min barel azalmasına səbəb olacaq: "Lakin OPEK üzvü olmayan ölkələrdə neft hasilatı gündəlik olaraq 410 min barel artacaq. Belə artımın əsas aparıcı mənbələri rolunda isə Azərbaycan, Braziliya və Birləşmiş Ştatlar çıxış edəcək".

Azərbaycan gələn il üçün gündəlik hasilatı artırmasına rəğmən, qiymət məsələsində də ölkəmizi hər hansı problem gözləmir. Dünyanın bir çox neft ixracatçısından fərqli olaraq, Azərbaycanda neftin maya dəyəri ucuz başa gəlir. Dövlət Neft Şirkətindən bildirdilər ki, dünya neft bazarındakı böhran Azərbaycana ciddi təsir göstərməyəcək. Çünki Dövlət Neft Şirkəti planlarını bugünkü vəziyyətə uyğun qurub. Neft sahəsində hər hansı durğunluq yaransa, Azərbaycan dərhal bunu qaz istehsalını artırmaqla kompensasiya etməyə də hazırdır. Həmçinin təbii qazın kifayət qədər alıcısı var. Azərbaycan isə özünün qazla bağlı təhlükəsizliyni tam təmin etdiyindən "mavi yanacaq" hesabına dünya enerji bazarında neftlə bağlı böhranın təsirindən bu yolla da sığortalanmış vəziyyətdədir.

Enerji ehtiyatlarının satışından əldə olunan gəlirlərdən istifadə sahəsində də Azərbaycan uğurlu siyasət həyata keçirməkdədir. Bunu qonşu Rusiya ilə müqayisədə də aydın şəkildə görmək mümkündür. Rusiyada yaranan qlobal maliyyə böhranı ilə bağlı olaraq strateji qızıl-valyuta ehtiyatlarının ilin sonuna kimi 600 milyard dollardan azalaraq 450 milyarda enəcəyi gözlənir. Gələn il bu rəqəmin bir qədər də aşağı düşəcəyi proqnozlaşdırılır. Bu, xarici banklarda saxlanılan Rusiya vəsaitlərinin həcminə də ciddi təsir edir.

Azərbaycanda isə vəziyyət fərqlidir. Neft satışından əldə olunan və Dövlət Neft Fondunda cəmləşən valyuta ehtiyatlarının bir qismi yüksək reytinqli qiymətli kağızlarda cəmləşib. Fondda olan pulların digər əsas hissəsi isə uzunmüddətli depozitdə saxlanılır. Bu baxımdan Azərbaycanı Rusiya və Qazaxıstanın valyuta ehtiyatları ilə bağlı üzləşdikləri indiki problem gözləmir.

Bank sektorunun da böhrandan az əziyyət çəkməsi üçün Azərbaycan mühüm qabaqlayıcı tədbirlər görüb. Dekabr ayının 1-dən Azərbaycan Milli Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 10 faizdən 8 faizə endirilib. İdarə Heyətinin qərarı ilə bankların həm manat, həm də xarici valyutada öhdəlikləri üzrə məcburi ehtiyat normaları 9 faizdən 6 faizə kimi endirilib. Milli Bankın bu preventiv pul siyasəti əlbəttə ki, ölkədə kredit bazarının daha da fəallaşmasına şərait yaratmaqdadır. Görülən tədbirlər nəticəsində qlobal maliyyə böhranına görə, kredit verilişini dayandıran bir sıra bankların yenidən kreditlərin verilməsinə hazırlıq görmələri üçün stimullaşdırıcı amillərin davam etdiriləcəyi gözlənilir. Buraya Milli Bank tərəfindən yerli kommersiya banklarına kreditlərin verilməsi və onların xarici maliyyə qurumlarından asılığının azaldılması da daxildir. Ümumiyyətlə, gələn ilin dövlət büdcəsindən maliyyə böhranı ilə mübarizə tədbirləri üçün Milli Banka 550 milyon manat vəsait ayrılıb.

Bütün bunlar istənilən halda qlobal maliyyə böhranının Azərbaycana təsir effektinin çox aşağı və hiss olunmayacaq dərəcədə olacağını göstərir. Bu fakt Prezident İlham Əliyev tərəfindən də bəyan edilib: "Nə dünya böhranı, nə də ki, regiondakı hadisələr bizim planlara təsir göstərmir".

Azərbaycanın dünya maliyyə böhranına daha yaxşı hazırlığı mötəbər beynəlxalq maliyyə təsisatları tərəfindən də etiraf olunur. Dünya Bankının Bakı ofisinin rəhbəri Qreqori Yedjeyçak bildirir ki, keçid iqtisadiyyatına malik digər ölkələrlə müqayisədə Azərbaycan qlobal maliyyə böhranına daha yaxşı hazırlaşıb: "Bu, Azərbaycan banklarının daha az borc almasının nəticəsidir. Azərbaycan Milli Bankı da kommersiya qurumlarının xarici valyuta risklərinə daha az məruz qalması üçün çox ehtiyatlı siyasət həyata keçirib.

Həm Milli Bank, həm də Dövlət Neft Fondu bankların borclarının yenidən maliyyələşdirilməsilə bağlı kifayət qədər ehtiyatlara malikdir. İndiki halda Dünya Bankının və yaxud Beynəlxalq Valyuta Fondunun Azərbaycana hər hansı yardımı haqqında danışmaq çox tezdir. Buna hələ ehtiyac da yoxdur".

Qlobal maliyyə böhranının yaratdığı işsizlik probleminin də ölkəmizə hər hansı aidiyyəti yoxdur. Əslində Azərbaycan işsizlik problemini demək olar ki, tam arxada qoyub. Halbuki dünyanın ən aparıcı dövlətləri indi bu problemi daha qabarıq şəkildə yaşamağa başlayıb. Məsələn, ABŞ Əmək Nazirliyinin məlumatına əsasən təkcə noyabr ayında Amerika şirkətləri 533 min iş yerini ixtisara salmalı olub. Bu, son 34 ildə ən pis göstəricidir. 1974-ci ilin dekabında bu rəqəm 604 min olub. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama isə həmvətənlərini ölkədəki iqtisadi vəziyyətin bir qədər pisləşə biləcəyilə bağlı xəbərdar edib.

 

Rasim BAYRAMOV

 

Azərbaycan.-2008.-17 dekabr.-S.1.