OPEK Azərbaycanla
mövqeyini uzlaşdırır
Böyük iqtisadi potensiala malik Azərbaycan bütün dünyada öz zəngin təbii sərvətləri ilə yaxşı tanınır və onların arasında mühüm yerlərdən birini də neft tutur. Ümummilli lider Heydər Əliyevin "Neft Azərbaycan xalqının milli sərvətidir" devizi altında həyata keçirdiyi çoxşaxəli siyasət nəticəsində "qara qızıl" ölkəmizin iqtisadi tərəqqisində, əhalinin maddi rifahının yüksəlməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin ümummili lider tərəfindən əsası qoyulan bu siyasəti uğurla davam etdirməsi nəticəsində iqtisadi cəhətdən kifayət qədər güclənən Azərbaycanla dünyanın aparıcı dövlətlərini daha çox hesablaşmağa və mühüm məsələlərdə ölkəmizin mövqeyini nəzərə almağa başlayıblar. Azərbaycanın ilk dəfə olaraq Neft İxrac Edən Ölkələrin təşkilatı - OPEK-in bu gün Əlcəzairdə keçirilən sammitinə dəvət alması da bunun əyani təsdiqidir.
1961-ci il noyabrın 14-də Bağdadda keçirilmiş konfransda yaradılan OPEK dünya neft ehtiyatlarının 60 və neft bazarının 42 faizinə nəzarət edir. 13 ölkənin daxil olduğu təşkilat neft siyasətində vahid mövqedən çıxış edir. Lakin indi təşkilatda belə hesab olunur ki, bazarlarda ucuzlaşmaqda olan neftin qiymətinin bundan sonra da enməsinin qarşısını almaq üçün digər neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın da mövqeyini nəzərə almaq lazımdır. Məhz bu səbəbdən ilk dəfə olaraq Azərbaycan, Rusiya, Suriya və Omandan təşkilatın Əlcəzair sammitinə nümayəndə heyəti dəvət olunub.
Dəvətin isə Azərbaycan üçün əhəmiyyəti kifayət qədər böyükdür. Bu, faktiki olaraq, Azərbaycan neftinin dünya bazarında mühüm yer tutduğunun aydın göstəricisidir. Digər tərəfdən Aralıq dənizində neft amilinə görə məhz Azərbaycanın hakim mövqeyə malik olması ölkəmizin artıq OPEK üçün də əhəmiyyətinin artmasından xəbər verir.
Hazırda OPEK-də belə hesab edilir ki, neftin hasilatı onun satış qiymətindən baha başa gəlirsə, onda ixracatı azaltmaqla bu məhsulun qiymətini artırmaq olar. Təşkilatın prezidenti Şakib Xəlilin sözlərinə görə, qiymətlər bir barrel üçün 60-100 dollar arasında dəyişməlidir. Azərbaycan tərəfi də belə hesab edir ki, neft qiymətlərinin stabilləşməsi üçün hasilatın bir qədər azaldılmasına ehtiyac var. Əlcəzair sammitində ölkəmizi təmsil edən sənaye və energetika naziri Natiq Əliyev OPEK-in neft hasilatını azaltmaq barədə qərarını rəsmiləşdirəcəyi təqdirdə Bakının da bununla razılaşacağını istisna etmir: "Əgər orada belə bir qərar çıxarılsa, ola bilsin Azərbaycan bunu dəstəkləyəcək".
Azərbaycanla yanaşı, OPEK sammitinə dəvət olunan Rusiya rəsmiləri də bəyan ediblər ki, onlar neftin qiymətini tənzimləmək üçün bu təşkilatla səylərini birləşdirəcəklər. Təşkilata üzv İran isə bəyan edir ki, qiymətlərin tənzimlənməsi üçün hasilat 2 milyon barelədək azaldılmalıdır. Bu təklif OPEK üzvlərinin böyük əksəriyyəti, o cümlədən Venesuela tərəfindən dəstəklənir. Dünyanın ən böyük neft ehtiyatına malik Səudiyyə Ərəbistanı isə hasilatın elə də böyük həcmdə azaldılmasının tərəfdarı deyil. Cari ilin oktyabrında təşkilat neft hasilatını 1,5 milyon barel azaldıb. Ancaq bu, dünya bazarlarında neftin qiymətinin sabit saxlanmasında hər hansı mühüm rol oynamayıb. Bu səbəbdən bu gün Əlcəzairdə keçirilən sammitdə OPEK ikinci dəfə hasilatı azaltmaq barədə müzakirələrin keçirilməsinə qərar verib. Lakin təşkilat rəhbərliyi yaxşı başa düşür ki, hasilatı azaltmaqla qiymətlərin stabilliyinə nail olmaq üçün Azərbaycan kimi dövlətlərin də mövqeyini nəzərə almaq lazımdır. Əks təqdirdə OPEK qiymətlə bağlı siyasətin lazımi effekt verməyəcəyini yaxşı başa düşür. Bu fakt ABŞ Energetika Nazirliyinin gələn il üçün neftin hasilatına dair hazırladığı hesabatda da öz əksini tapıb. Hesabatda açıq şəkildə vurğulanır ki, 2009-cu ildə neft hasilatının kəskin şəkildə aşağı düşməsinin qarşısı Azərbaycan, Braziliya və Birləşmiş Ştatların hesabına alına bilər. Bu fakt Azərbaycanın dünya neft bazarında artıq öz yerini kifayət qədər möhkəmləndirdiyini və ölkə rəhbərliyinin həyata keçirdiyi yeni neft strategiyasının özünü doğrultduğunu tam təsdiqləməkdədir.
R.BAYRAMOV
Azərbaycan.-2008.-17 dekabr.-S.1.