Azərbaycan və Əfqanıstan arasında
iqtisadi və humanitar əlaqələrin
genişləndirilməsi barədə
razılıq əldə
olunmuşdur
AzərTAc xəbər
verir ki, dekabrın 16-da Azərbaycan Respublikasının
Baş naziri Artur Rasizadə Əfqanıstan İslam
Respublikasının xarici işlər naziri Rangin Dadfar
Spantanın rəhbərliyi ilə ölkəmizdə səfərdə
olan nümayəndə heyəti ilə
görüşmüşdür.
A.Rasizadə Azərbaycanı beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə Əfqanıstan hökumətinə və xalqına təşəkkürünü bildirmişdir.
Rangin Dadfar Spanta səmimi qəbul üçün minnətdarlığını bildirərək demişdir: "Əfqanıstan sülh və həmrəylik siyasəti yeridir, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ölkəmizin çoxsaylı problemləri olmasına baxmayaraq, biz Azərbaycan xalqının yanındayıq və onun haqq işini dəstəkləyirik".
Nazir Azərbaycan Respublikasının Əfqanıstana maliyyə və hərbi yardımına görə ölkəsinin hökuməti və xalqı adından təşəkkür etmişdir. Ölkəsinin uğurlarından söhbət açan qonaq demişdir ki, son illərdə təqribən 6 milyon uşaq məktəbə getmişdir. Uzun illər ərzində ilk dəfədir ki, ölkə parlamentində qadınlar da təmsil olunmuşdur. Lakin terrorçuluq və dövlət strukturlarının zəifliyi hələ də Əfqanıstanın ən böyük problemi olaraq qalır.
R.Dadfar Spanta Bakıya səfəri müddətində keçirilmiş görüşlər barədə də məlumat vermiş, bildirmişdir ki, Azərbaycan Xarici İşlər Nazirliyində aparılmış danışıqlar zamanı iki ölkə arasında mədəni, iqtisadi və elmi əlaqələrin genişləndirilməsi haqqında razılıq əldə edilmişdir. O demişdir ki, Əfqanıstanda mütəxəssislərə kəskin ehtiyac var və əfqan tələbələrin təhsil almasında Azərbaycan bizə kömək edə bilər.
Qonaq ölkəsinin hökuməti adından Azərbaycanın Baş naziri Artur Rasizadəni Əfqanıstana səfərə dəvət etmişdir.
Dəvət razılıqla
qəbul olunmuşdur.
Azərbaycan.-2008.-17 dekabr.-S.1.