Prezidentin iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyət demokratik prinsiplər xalqın maraqları ilə uzlaşmır

 

Dekabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti iclası keçirildi. Deputatlar əvvəlcə cari məsələlərlə bağlı fikirlərini bildirdilər. İlk olaraq söz alan deputat Əli Əhmədovun təklifi Azərbaycanda ölkə prezidentinin iki dəfədən artıq seçilməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması barədə oldu.

Əli Əhmədovun sözlərinə görə, Azərbaycanda prezidentin səlahiyyət müddəti ilə əlaqədar artıq bir neçə ildir ki, müzakirələr gedir. Bu müzakirələr nəticəsində ortaya çıxan reallıq ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasının vaxtı çatmış həqiqət olduğunu açıq şəkildə ifadə edirlər. Əslində bir şəxsin iki müddətdən artıq prezident seçilməsinə məhdudiyyətin qoyulması bir yandan vətəndaşın seçilmək hüququnu, digər yandan xalqın seçmək hüququnu məhdudlaşdırır. Belə məhdudiyyətin tətbiqi xalqın öz iradəsini tam şəkildə ifadə etməyə imkan vermir. Bir vətəndaşın iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyətin olduğu şəraitdə xalqın həqiqi mənada prezident görmək istədiyi şəxsə səs vermək imkanı olmadığından başqa bir şəxsin - xalqın dövlət başçısı kimi görmək istəmədiyi şəxsin prezident seçilmək imkanı yaranır. Bu da xalqın və ölkənin gələcəyinin taleyin hökmünə buraxılması demək olardı. Əli Əhmədov ictimai müzakirələrin nəticələrinə istinad edərək bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün referendum keçirilməsi ilə bağlı məsələnin Milli Məclisin növbəti iclaslarının birinin gündəliyinə salınmasını və müzakirələrdən sonra referendum keçirilməsinə dair parlamentin qərar qəbul etməsini təklif etdi.

Deputat Zahid Oruc Azərbaycanda prezidentin iki dəfədən artıq seçilməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması barədə Əli Əhmədovun təklifini dəstəklədi. Bu məsələ ilə əlaqədar dünya praktikasından misallar gətirən Zahid Orucun fikrincə, Konstitusiyadan bu müddəanın götürülməsi demokratik prinsiplərə tam uyğundur. Onun sözlərinə görə, bu addım həm də Konstitusiyanın təkmilləşdirilməsinə xidmət edər.

Deputat Siyavuş Novruzovun sözlərinə görə, əgər hakimiyyətin mənbəyi xalqdırsa, onun seçim baryerini əlindən almaq olmaz. Xalqın seçim hüququna hörmətlə yanaşmaq lazımdır. Konstitusiyada prezidentin iki dəfədən artıq seçilməsi ilə bağlı məhdudiyyət isə xalqın seçimi hüququna uyğun gəlmir. Siyavuş Novruzov müxalifətçi deputatların eks-prezidentlər haqqında qanunun qəbulu ilə bağlı təkliflərinə də münasibət bildirdi. Qeyd etdi ki, belə bir qanun lazımdır. Amma bu qanun səlahiyyətlərini tam yerinə yetirən, xalqa ləyaqətlə xidmət edən prezidentlərə şamil olunmalıdır.

Deputat Mübariz Qurbanlı Əli Əhmədovun təklifinə münasibət bildirərək dedi ki, prezidentin iki dəfədən artıq seçilməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması cəmiyyətdən gələn sosial sifarişdir. İstənilən ölkədə Konstitusiyaya zaman-zaman dəyişikliklər edilir. Azərbaycanın indiki Konstitusiyası 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb. Amma 1995-ci ildən indiyədək Azərbaycan cəmiyyəti böyük inkişaf yolu keçib və Konstitusiyaya dəyişiklik etmək zərurəti yaranıb. Mübariz Qurbanlının sözlərinə görə, prezidentin iki dəfədən artıq seçilməsi ilə bağlı məhdudiyyətin aradan götürülməsi təklifinin əleyhinə olan bəzi insanlar anlamalıdırlar ki, bu, xalqın istəyidir. Ona görə də Konstitusiyada dəyişiklik yalnız və yalnız xalqın iradəsi ilə baş tuta bilər. Mübariz Qurbanlı bu məsələyə əvvəlcə parlamentin daimi komissiyalarında baxılmasını və sonra Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim olunmasını təklif etdi.

Əli Əhmədovun irəli sürdüyü təklif deputatlardan Sabir Hacıyev, Həvva Məmmədova və Hüseynbala Mirələmov tərəfindən də dəstəkləndi.

Cari məsələlər üçün ayrılmış vaxtın sonunda spiker Oqtay Əsədov Konstitusiyaya dəyişikliklərlə bağlı bütün təkliflərin daimi komissiyalarda baxılmasını təklif etdi. Təklif deputatlar tərəfindən dəstəkləndi.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Deputatlar ilk olaraq "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə yeni işçi qruplarının yaradılması, mövcud işçi qruplarının yenidən təşkil olunması və tərkibində dəyişikliklər edilməsi haqqında" Milli Məclisin qərar layihəsinə müsbət münasibət bildirdilər. Qərar layihəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin Cənubi Afrika Respublikası və Əfqanıstan İslam Respublikası parlamentləri ilə əlaqələrini daha da inkişaf etdirmək məqsədi ilə Azərbaycan-Cənubi Afrika Respublikası və Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradıldı. Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu isə yenidən təşkil edildi. Deputat Arzu Səmədbəyli Azərbaycan-Almaniya, Azərbaycan-Fransa və Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Asəf Hacıyev isə Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə daxil edildilər.

İclasda "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə" Konstitusiya Qanununun layihəsi və "Böyük Vətən müharibəsinin əlil və iştirakçılarının, eləcə də onlara bərabər tutulan şəxslərin güzəştli gediş-gəliş hüquqlarının qarşılıqlı tanınması haqqında" 1993-cü il 12 mart tarixli Sazişə dəyişiklik və əlavələr edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə" qanun layihəsi təsdiq edildi.

Parlament həmçinin Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında humanitar sahədə əməkdaşlıq haqqında, ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı üzrə gələcək tədbirlər haqqında, vergi sahəsində əməkdaşlıq və məlumat mübadiləsi haqqında, məxfi informasiyanın qarşılıqlı mühafizəsi haqqında, dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirməsi üzrə tədbirlər və kombinə edilmiş daşımaların inkişafı haqqında sazişləri ratifikasiya etdi. Deputatlar "Azərbaycan Respublikası və Niderland Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanın və ona dair Protokolun təsdiq edilməsi barədə" qanun layihəsinə də müsbət münasibət bildirdilər.

Daha sonra bir sıra qanunlara təklif olunan əlavə və dəyişikliklərlə bağlı məsələlər müzakirə edildi. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" qanuna təklif olunan əlavə və dəyişikliklər barədə məlumat verdi. Qısa müzakirədən sonra qanun layihəsi qəbul edildi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyanın sədri Əli Hüseynov "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" qanun layihəsi barədə məlumat verdi. Bildirildi ki, əlavə və dəyişikliklərə əsasən seçki pozuntuları ilə bağlı məsuliyyətin artırılması nəzərdə tutulur. Qanun layihəsi qəbul olundu.

Parlamentin iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik və əlavələr də təsdiq olundu.

Fasilədən sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov "Məhkəmələr və hakimlər haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında, "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" və "Terrorçuluğa qarşı mübarizə haqqında" qanunlara edilən dəyişikliklər barədə məlumat verdi. Komissiya sədri bildirdi ki, qanun layihələrinə edilən texniki xarakterli dəyişikliklərə parlamentin Sosial siyasət və Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyalarında da müzakirə edilərək müsbət rəy verilib. Sənəd səs çoxluğu ilə qəbul edildi.

"Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Yol hərəkəti haqqında" qanunda edilən dəyişiklikləri də komissiya sədri Əli Hüseynov təqdim etdi. Bildirdi ki, edilən dəyişikliklərə əsasən, yetkinlik yaşına çatmayan şəxsin sağlamlığı pozulduğu təqdrdə, zərərin əvəzi şərti maliyyə vahidi məbləğinin beş mislindən az olmamaqla ödəməyə borcludur. Deputatlardan Elmira Axundova, Gülər Əhmədova zərərçəkən azyaşlı olduğu halda ödəniləcək məbləğin artırılmasını vacib saydılar. Bu qanun layihəsi də səsə qoyularaq qəbul edildi.

İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə edilən əlavə və dəyişiklikləri diqqətə çatdırdı. Deputatlar qanunlara edilən dəyişiklikləri dəstəklədilər.

"Yeyinti məhsulları haqqında" Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən texniki xarakterli dəyişiklikləri Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov təqdim etdi. Bu sənəd də yekdilliklə qəbul olundu.

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" layihə barədə məlumat verdi. Bildirdi ki, bu qanun layihəsi Xəzər dənizi bölgəsində və digər regionlarda ixrac məqsədli neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün ölkəmizdə xüsusi iqtisadi rejimin yaradılması və tətbiqinin əsaslarını müəyyən edəcək, bu sahədə dövlət, hüquqi və fiziki şəxslər arasında yaranan münasibətləri tənzimləyəcək. Deputatlar qanun layihəsinə birinci oxunuşda müsbət münasibət bildirdilər.

Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü Məlahət Həsənova "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsini təqdim etdi. Qeyd etdi ki, bu qanun reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə xidmətlərin əldə olunması və reproduktiv hüquqların həyata keçirilməsi üçün hüquqi əsasları müəyyən edəcək. Deputat sonsuzluğun müalicəsi hüququ, analığın mühafizəsi və analıq hüququ, süni mayalanma və enbrionun implantasiyası maddələri barəsində ətraflı məlumat verdi. Bəzi deputatlar qanun layihəsində əks olunan bir sıra maddələrin milli-mənəvi dəyərlərimizə zidd olduğunu bildirdilər.

Qanun layihəsinin müzakirəsinin Milli Məclisin növbəti iclasında davam etdirilməsi qərara alındı.

 

Azərbaycan.-2008.-17 dekabr.-S.1-2.