Vətəndaşların müraciətlərinə baxılması diqqət mərkəzindədir

 

AzərTAc xəbər verir ki, dekabrın 16-da Prezidentin İcra Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Vətəndaşların müraciətlərinə baxılması işinin vəziyyəti" mövzusunda seminar-müşavirə keçirmişdir.

Seminar-müşavirədə 75 dövlət orqanının və digər qurumların, o cümlədən nazirliklərin, dövlət komitələri və şirkətlərinin, hüquq-mühafizə və məhkəmə orqanları və digər orqanların, mərkəzi təşkilatların, səhmdar cəmiyyətlərinin vətəndaşların müraciətlərinə baxılmasına cavabdeh olan rəhbər işçiləri iştirak etmişlər.

Prezidentin İcra Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov seminar-müşavirəni açaraq bildirmişdir ki, tədbirin keçirilməsindən məqsəd vətəndaşların müraciətlərinə baxılması işinin vəziyyəti ilə bağlı müzakirələrin aparılması, bu sahədə fəaliyyətin yaxşılaşdırılması yollarının müəyyən olunmasıdır.

Respublikamızda dövlət səviyyəsində bu məsələyə xüsusi diqqət yetirildiyini bildirən şöbə müdiri demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev şəxsən vətəndaşların müraciətlərinin araşdırılmasını diqqət mərkəzində saxlayır və həmin sahədə dövlət orqanları və qulluqçuları qarşısında mühüm vəzifələr qoymuşdur. Ona görə də bu işin "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Qanuna və dövlət başçısı tərəfindən təsdiq edilmiş müvafiq normativ hüquqi aktlara uyğun olaraq təşkili günün vacib tələbidir.

Son illər respublikamızda böyük quruculuq işlərinin aparıldığını, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayan şöbə müdiri başa çatmaqda olan 2008-ci ilin də Azərbaycan üçün uğurlu olduğunu, bütün sahələrdə dinamik inkişaf və yüksək nailiyyətlər ili kimi yadda qalacağını bildirmişdir. O demişdir ki, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin başladığı şərəfli yol xalqımızın alternativsiz lideri Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Cari il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində tam üstünlüklə yenidən dövlət başçısı seçilən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin qüdrəti gündən-günə artır, xalqın həyat səviyyəsi daha da yaxşılaşır. Xalqımız öz Prezidentinə böyük inam bəsləyir, onun rəhbərliyi altında müstəqillik tariximizin şanlı səhifələri yazılır. Respublikamızın vətəndaşları məhz ölkə Prezidentinə bəslədikləri dərin inama görə öz arzu və istəkləri, təklifləri, ölkə üçün mühüm əhəmiyyətə malik və onları narahat edən problemlər barədə dövlət başçısına, onun İcra Aparatına böyük ümidlə müraciət edirlər. Qətiyyətlə deyə bilərik ki, bu müraciətlərin heç biri diqqətdən kənarda qalmır.

Prezident İlham Əliyevin vətəndaşların müraciətlərini hakimiyyətin onlarla intensiv dialoq vasitəsi hesab etdiyini xatırladan S.İsmayılov bildirmişdir ki, dövlətimizin başçısı hər bir müraciətə diqqət və qayğı ilə yanaşılmasını bütün rəhbər şəxslər, dövlət qulluqçuları qarşısında mühüm bir vəzifə kimi qoyur. "Dövlət qulluğu haqqında" Qanunda da bu məsələyə xüsusi yer ayrılmışdır və bildirilir ki, dövlət qulluqçusu vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri daxilində onları qərəzsiz həll etməlidir.

Prezidentin İcra Aparatına daxil olan müraciətlər barədə ətraflı danışan şöbə müdiri demişdir ki, son illər şikayətlərin sayı getdikcə azalır. Bununla yanaşı, əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də müraciətlərin ərizə və ya şikayət olmasından, müəllifindən asılı olmayaraq, bunların hamısında bir xarakterik cəhət vardır. Bu da ondan ibarətdir ki, xalqımızın bütün təbəqələri ölkə Prezidentini dəstəkləyir, ona ürəkdən inanır. Ötən prezident seçkilərindən sonra əhalinin bütün təbəqələrindən dövlət başçısının ünvanına daxil olmuş təbrik məktubları bunu bir daha təsdiq edir. Eyni zamanda Prezidentin poçtunda dövlət başçısının fəaliyyətinə, regionlarda aparılan böyük abadlıq və quruculuq işlərinə, habelə Prezidentə edilmiş müraciətlərin müsbət həllinə görə minnətdarlıq və təşəkkür məktubları mühüm yer tutur.

Azərbaycan Prezidenti vətəndaşlarla dialoqa həmişə ciddi əhəmiyyət verir. Elə buna görə də dövlət başçısının rəsmi internet saytı yeniləşdirilmiş, hər bir vətəndaşın bu sayt vasitəsilə Prezidentə müraciət etməsinə imkan yaradılmışdır. İndi respublika vətəndaşları, eləcə də xarici vətəndaşlar rəsmi internet saytı vasitəsilə dövlət başçısına nəinki birbaşa müraciət edə, həm də onları düşündürən problemlər haqqında öz fikirlərini söyləyə, birbaşa dialoqa qoşula bilirlər. Təkcə bu ilin əvvəlindən bəri Prezidentin rəsmi internet saytına 6400-dək müraciət daxil olmuşdur.

Prezidentin İcra Aparatında vətəndaşların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığını söyləyən S.İsmayılov bildirmişdir ki, bu sahədə əsas iş prinsipi bundan ibarətdir ki, hər bir müraciətin arxasında yaşından, sosial vəziyyətindən, milliyyətindən, dinindən asılı olmayaraq, canlı insan - Azərbaycan vətəndaşı dayanır. Bu insanların hər biri öz Prezidentinə, dövlətinə inanır və bu inam ona ürək sözlərini yazmağa, onu düşündürən, narahat edən problemlər barədə danışmağa cəsarət verir. Vətəndaş bilir ki, onun Konstitusiya hüquqlarının təminatçısı ölkə Prezidentidir və ona ünvanladığı müraciət heç vaxt cavabsız qalmayacaqdır.

Prezidentin İcra Aparatına daxil olan şikayətlər üzərində xüsusi dayanan S.İsmayılov demişdir ki, əgər ərizələr daha çox şəxsi problemlərlə bağlıdırsa, şikayətlərdə toxunulan məsələlər əslində narahatlıq və təəssüf doğurur. Ölkədə aparılan abadlıq və quruculuq işlərinin genişləndirilməsi vətəndaşların rahat yaşamasını təmin edir, elektrik enerjisi, su, qaz təchizatı, nəqliyyat və rabitə ilə bağlı problemlər respublika rəhbərliyinin səyləri sayəsində aradan qaldırılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müvafiq layihələr bunun üçün güclü iqtisadi baza yaratmışdır.

Şöbə müdiri xüsusi vurğulamışdır ki, yerlərdə qayda-qanunun və ədalətin bərpa edilməsi, vəzifəli şəxslərə qarşı tələbkarlığın artırılması sayəsində vətəndaşların qarşılaşdığı gündəlik məsələlər indi daha operativ həll edilir və şikayətlərin sayı ilbəil azalır. 2007-ci ildə, eləcə də cari ilin ötən dövründə Prezidentin İcra Aparatına vətəndaşlardan daxil olan müraciətlərin ümumi sayında şikayətlərin miqdarı kəskin surətdə azalaraq, cəmi 33,4 faiz təşkil etmişdir ki, bu da bütövlükdə əvvəlki illərdən çox azdır.

S.İsmayılov vətəndaşların qəbulu məsələlərindən də ətraflı danışmış, onların fərdi və ya kollektiv qəbulunun vətəndaşlarla dövlət arasında birbaşa ünsiyyət vasitəsi olduğunu vurğulamışdır. O demişdir ki, son illərdə müxtəlif şəhər və rayonlarda bir sıra mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin keçirdikləri səyyar qəbullar bütövlükdə müsbət nəticə vermiş, vətəndaşlar tərəfindən razılıqla qarşılanmışdır.

Bununla yanaşı, S.İsmayılov müxtəlif dövlət orqanlarında vətəndaşların müraciətlərinə baxılması işində nöqsanların olduğunu da xatırlatmış, bu barədə konkret faktlar əsasında iradlarını söyləmiş, bu sahədə işin yaxşılaşdırılması üçün diqqət və tələbkarlığın artırılmasının zəruriliyini bildirmişdir.

Respublikada belə geniş tərkibdə ilk dəfə keçirilən seminar-müşavirədə dövlət hakimiyyəti orqanlarında vətəndaşların gündəlik qayğı və problemlərinə daha həssaslıqla yanaşılmasının hər bir şəxsin və dövlət qulluqçusunun ümdə vəzifəsi olduğu xüsusi qeyd edilmişdir.

Seminar-müşavirədə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavinləri İsrafil Qurbanov 2008-ci ilin birinci yarısında respublikanın dövlət orqanlarında və digər qurumlarında vətəndaşların müraciətlərinə baxılması vəziyyəti barədə şöbədə aparılmış təhlillərin diaqramlarda əks etdirilən yekunları, Fikrət Əzizov Prezidentin İcra Aparatına daxil olmuş təkrar müraciətlər və arxiv işinin təşkili məsələləri haqqında məlumat vermişlər. Şöbənin məsul işçisi Minayə Əliyeva isə dövlət orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin təhlilini yaxşılaşdırmaq üçün müxtəlif cədvəllərin hazırlanması qaydalarını izah etmişdir.

Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsi rəisinin müavini Sübhi Kazımov və Dövlət Neft Şirkətinin icraya nəzarət və kargüzarlıq şöbəsinin rəisi Nəsibə Səmədova təmsil etdikləri qurumlarda vətəndaşların müraciətlərinə baxılması sahəsindəki müsbət təcrübədən, bu işdə yeni texnologiyaların tətbiqindən danışmış, mövzu ilə bağlı rəy və təkliflərini bildirmişlər.

Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov belə seminar-müşavirələrin kargüzarlıq işinin təşkili və vətəndaşların müraciətlərinə baxılması üçün əhəmiyyətini vurğulamış, müzakirə edilən məsələ ilə bağlı rəhbərlik etdiyi təhsil müəssisəsində qısamüddətli kursların təşkilinin mühüm səmərə verəcəyini bildirmişdir.

Seminar-müşavirədə nəzarət və icra intizamının möhkəmləndirilməsi, vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması, onların qəbulu işinin təşkilinin daha da yaxşılaşdırılması, təkrar müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması barədə ciddi və ətraflı söhbət getmiş, iştirakçıları maraqlandıran suallara ətraflı cavab verilmişdir.

Tədbirə yekun vuran şöbə müdiri S.İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin "Əsas tələb ondan ibarətdir ki, hər bir vəzifəli şəxs, hər bir məmur öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsin, öz əməyi ilə, öz zəhməti ilə ümumi işimizə öz töhfəsini versin, insanlara diqqət, qayğı göstərsin və beləliklə, öz məsuliyyətini dərk etsin" sözlərini xatırladaraq, əmin olduğunu bildirmişdir ki, seminar-müşavirədə aparılmış müzakirələr vətəndaşların müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılmasına öz müsbət təsirini göstərəcəkdir.

 

Azərbaycan.-2008.-17 dekabr.-S.2.