Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü, hazırlıqlı və təminatlı ordudur

 

Müsahibimiz Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar SABİROĞLUDUR

 

 - Bu gün Azərbaycanda ordu quruculuğu prosesi daha sistemli hal alıb. Bu sahədə son dövrlərdə əldə edilən hansı yeni nailiyyətlər var?

- İndi bizim ordumuz 90-cı illərin əvvəllərindən tamamilə fərqlənir. Əgər müqayisə aparsaq, o zaman aydın görərik ki, haradan haraya gəlib çıxmışıq. Doğrudur, çətin yol olub, amma ordumuz bunu keçə bilib! Burada ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini, sarsılmaz iradəsini xüsusilə qeyd etmək istərdim. Çətin şəraitdə, ağır tələblər qarşısında, xarici təzyiqlərin sağdan-soldan sanki qaya parçalarını Azərbaycanın üzərinə səpələdiyi bir zamanda ordu quruculuğu prosesini başlamaq və onu təkidlə davam etdirmək çox da asan deyildi. Ordunun pərakəndə şəkildə, ayrı-ayrı silahlı dəstələr halında fəaliyyət göstərməsi hamıya məlum idi. Bunu vahid komandanlıq formasına gətirmək ən başlıca vəzifə kimi qarşıda dururdu. Əks təqdirdə bugünkü inkişaf etmiş orduya sahib ola bilməzdik. Heydər Əliyevin göstərmiş olduğu böyük səylər xalqı narahat edən bu problemdən xilas etdi, ordunun idarə edilməsi vahid komandanlıq altına alındı. Mən bu prosesi Silahlı Qüvvələrimiz üçün tarixi nailiyyət hesab edirəm! Bütün inkişaf da bundan sonra başlamışdır.

İndi Milli Ordumuz Cənubi Qafqazda ən güclü ordu hesab olunur. İstər maddi-texniki, istərsə də əsgərin döyüş ruhuna görə uğurlarımız ilbəil artır. Bu məsələdə dövlətimizin, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin diqqət və qayğısını hər an hiss edirik. Bircə faktı söyləmək mənə belə gəlir ki, çox mətləblərə aydınlıq gətirmiş olar. Bu, müdafiə xərcləri ilə əlaqədardır. 10-15 il əvvəl bu barədə nikbin danışa bilməzdik. Çünki ölkəmizin iqtisadi səviyyəsi hələ öz yerini tapa bilməmişdi. İndi isə sürətli iqtisadi inkişaf bütün sahələri dirçəltdiyi kimi, ordumuzun yüksəlişinə də böyük təkan vermişdi. Əgər 2003-cü ildə müdafiə xərcləri cəmi 163 milyon dollar təşkil edirdisə, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon dollara çatdırılmışdır. Ümumiyyətlə isə, 2003-2008-ci illərdə hərbi məqsədlər üçün 4,5 milyard dollar vəsait sərf edilmişdir. Fərq, tərəqqi göz qabağındadır! Bu rəqəmlər hərbi qulluqçularımızın sosial şəraitinin yaxşılaşdırılması, yeni hərbi infrastrukturun yaradılmasından tutmuş, ordunun müasir silahlarla təmin edilməsinədək bütün zəruri məsələləri əhatə edir. Bu gün ordu üçün nə tələb olunursa, dövlətimiz onu edir.

- Yeri gəlmişkən, bir məsələyə toxunmaq istərdik. Bizim torpaqlarımız təcavüzə məruz qalıb. Belə bir vəziyyətdə ölkənin hərbi qüdrətinin artması tamamilə anlaşılandır. Lakin bəzi xarici dairələr, xüsusilə də Ermənistan hakimiyyəti bundan narahatdırlar. Müdafiə Nazirliyinin buna münasibəti necədir?

- Bəli, bu cür yanaşma var. Bəs Azərbaycan nə etməlidir? Torpağının 20 faizi işğal altındadır, onun azad edilməsi üçün hansısa tədbirlər görməlidir, ya yox? Belə mülahizələr irəli sürənlər böyük səhvə yol verirlər! Həmin fikirləri səsləndirən bəzi xarici ölkə nümayəndələrinin vətənində Dağlıq Qarabağ kimi ağır problemləri yoxdur, yaxud torpaqlarının 1 qarışı belə təcavüz altında deyil! Onda sual doğur, nədən özləri hərbi büdcələrini ildən-ilə artırırlar? Buna bir lüzum varmı? Azərbaycan müharibə etmək arzusunda deyil, yaxşı olar ki, münaqişə dinc yolla həllini tapsın. Lakin göründüyü kimi, illər uzunu bu, bir səmərə vermir. Minsk qrupunun fəaliyyəti də demək olar ki, istənilən nəticəni verməyib. Onda belə çıxır ki, bu qarışıq situasiya ilə Azərbaycan razılaşmalıdır?! Qətiyyən belə ola bilməz! Andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminin konkret həlli istiqamətlərini bir daha bütün təfərrüatı ilə açıqlayaraq bildirdi ki, biz sülh istəyirik, əks halda ərazi bütövlüyümüzü təmin etmək üçün bütün vasitələrdən istifadə etmək hüququmuzu özümüzdə saxlayırıq! Bu, prezidentin problemə strateji yanaşması idi. Çox aydın şəkildə xalqına bəyan etdi ki, burada milli maraqlara zidd olan heç bir güzəştdən söhbət belə gedə bilməz! Ali Baş Komandanımızın birmənalı mövqeyindən ordumuzun hansı nəticəyə hazır olmasını geniş izah etməyə yəqin ki, ehtiyac yoxdur.

- Regionda baş verən son hərbi olaylar kontekstində bizim Silahlı Qüvvələrimiz hansı nəticələr əldə etdi?

- Əlbəttə, son hadisələr region üçün çox ağrılı keçdi, Rusiya-Gürcüstan arasında gedən iki-üç günlük savaş demək olar ki, bölgədə yeni hərbi-siyasi vəziyyət yaratdı. Lakin Azərbaycan rəhbərliyinin, şəxsən cənab İlham Əliyevin milli maraqlarımıza tam cavab verən qətiyyətli mövqeyi, düşünülmüş siyasəti ölkəmizin təməl prinsiplərini bir daha, özü də daha güclü şəkildə qoruyub saxlaya bildi. Qeyri-sabit bir regionda Azərbaycanı hər cəhətdən sabit ölkə kimi qoruyub saxlamaq və inkişaf etdirmək inanın ki, elə də asan məsələ deyil, olduqca çətindir. Cənab prezidentin rəhbərliyi altında Azərbaycan ordusu hər cür ekstremal vəziyyətə hazırdır. Onu indi qorxutmaq mümkün deyil...

- Bu gün Azərbaycan Ordusunda mənəvi ab-hava, əsgərlərin hərbi vətənpərvərlik əhval-ruhiyyəsi barədə nə demək olar?

- Toxunduğunuz məsələ hədsiz əhəmiyyət kəsb edən amildir. Bir anlığa təsəvvür edin ki, hər şey - lazım olan bütün silah-sursat var, lakin əsgərin döyüş ruhu yoxdur. Ona görə də birinci növbədə hansı orduda olur-olsun, orada əsgərin vətənpərvərlik hissləri, duyğuları hər şeydən qabaqda durmalıdır. Bu mənada Azərbaycan xalqı öz ordusundakı mənəvi mühitdən, əhval-ruhiyyədən arxayın ola bilər. Müdafiə Nazirliyinin rəhbərliyi, şəxsən general-polkovnik cənab Səfər Əbiyev bu məsələyə çox ciddi önəm verir, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyəyə qaldırılması üçün lazım olan bütün tədbirləri görür. Bunu yaxından görmək üçün səngərdə əsgərin yanında olmaq kifayətdir. Cəbhə bölgələrində elə ərazilər var ki, Azərbaycan əsgərini düşmən səngərindən cəmisi 100 metr məsafə ayırır. Buna baxmayaraq, əsgərimiz şaxtalı-soyuqlu günlərdə belə cəsurcasına Vətən keşiyini çəkməkdən usanmır. Bu, təkcə hərbi nizamnamələrin və qaydaların tələblərini yerinə yetirməklə bağlı deyil! Bu həm də Azərbaycan əsgərinin Vətənə bağlılığına içdən gələn sevginin, məhəbbətin göstəricisi kimi diqqəti cəlb edir! Əsgərimiz hər an, hər saat sayıqdır və Ali Baş Komandanın hər bir əmrini icra etməyə tam hazırdır.

- Müdafiə Nazirliyinin beynəlxalq əlaqələri necədir?

- Təqdirolunası işlərimiz bu sahədə də çoxdur. İndi 50-dən artıq ölkə ilə Azərbaycanın Müdafiə Nazirliyinin hərbi əlaqələri mövcuddur. Bu ölkələrdən 24-ü ilə hərbi saziş bağlamışıq. Daha 30 ölkə ilə hərbi əməkdaşlıq sazişi bağlanması üzərində iş gedir. Əməkdaşlığın miqyası ABŞ və Avropa ölkələrindən tutmuş, Şərq və MDB ölkələrinə qədər gedib çıxır. Siz coğrafiyaya fikir verin. Müharibə vəziyyətində olan ölkə görün hansı inkişaf yolunu seçib? Bu bizim ordumuzun müasirliyinə dəlalət edən ciddi faktordur. İndi Azərbaycanın hərbi təhsil müəssisələrində xarici ölkə vətəndaşları oxuyurlar. Əgər ordumuz zəif olsa idi, şübhəsiz, onunla təmas qurmağa tərəddüd edərdilər. İndi biz yaxşı mənada bunun əksini görürük. Müdafiə Nazirliyi ilə əlaqələr yaratmaq istəyən ölkələrin sayı ilbəil artır. Bunlar müsbət hallardır. Mən bu yaxınlarda Brüsseldə olarkən Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar barədə NATO Mənzil qərargahında səlahiyyət sahiblərinin əhəmiyyətli fikirlərinin şahidi olanda çox sevindim.

NATO ilə əməkdaşlıq sahəsində Azərbaycanın uğurları daha cəlbedicidir. İndi ölkəmiz bu nüfuzlu hərbi-siyasi təşkilatla Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində əlaqələrini inkişaf etdirir. Proqramın birinci mərhələsini yerinə yetirən Azərbaycan artıq ikinci mərhələnin icrasına başlamışdır. Ümid edirik ki, yenə də yaxşı nəticələr əldə edə biləcəyik. Ümumiyyətlə, Müdafiə Nazirliyi sistemində aparılan islahatlar, strateji və taktiki məsələlərin planlaşdırılması, hərbi təlimlərin və təhsilin NATO standartlarına uyğunlaşdırılması öz praktik nəticəsini verir. Bu gün Quru Qoşunlarımızın, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrimizin bütün ştat-strukturları və digər sənədləşmə işləri NATO standartlarına uyğunlaşdırılmışdır. Gəlin etiraf edək ki, bu məsələlərin həyata keçirilməsi həm vaxt, həm də lazımi iradə tələb edirdi. Bu mənada hər iki amil Azərbaycanın xeyrinə işləmişdir. NATO ilə əməkdaşlıqla bağlı çoxlu misallar gətirə bilərik. İndi bizim zabitlərimiz Avropanın və ABŞ-ın müxtəlif şəhərlərində fəaliyyət göstərən NATO qərargahlarında əməkdaşlığa layiqli töhfələrini verirlər.

Bu həftə Bakıya gələn NATO Baş katibinin müavini Klaudio Bizoneron Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşündə də ordumuzda aparılan islahatlardan və Azərbaycan-NATO əməkdaşlığının mövcud durumundan razılığını bildirdi.

- Son dövrlərdə bəzi mətbuat orqanlarında orduda xoşagəlməz halların baş verməsi barədə çoxsaylı materiallar gedir. Lakin sonradan bunların bir qisminin həqiqətə uyğun olmadığı müəyyənləşir. Sizcə ordu ilə bağlı məlumatların ziddiyyət təşkil etməsinin səbəbi nədir və Müdafiə Nazirliyi ilə mətbuat arasında daha sıx, effektiv əməkdaşlığın qurulması üçün hər iki tərəfdən hansı addımlar atılmalıdır?

- Ordu böyük bir ailədir. Buraya fərqli dünyagörüşə, müxtəlif psixoloji xarakterlərə malik olan gənclər gəlir. Birdən-birə başqa mühitdən digər mühitə düşür. Onun yeni mühitə, müəyyən dərəcədə sərt qaydalara malik olan şəraitə dərhal alışması əlbəttə ki, asan olmur. Bəzən görürsən ki, çox sadə bir məsələnin üstündə bir əsgərlə digəri arasında arzuolunmayan mübahisələr yaranır. Halbuki bir qədər soyuqqanlı yanaşılarsa, bunlar baş verməz.

Ordu cəmiyyətin bir hissəsidir. Burada gənc necə böyüyür, həyata necə hazırlanırsa, orduda da özünü o cür nümayiş etdirir. Ancaq gəlin razılaşaq ki, Milli Ordumuzda əsasən vətənpərvər, nizam-intizama riayət edən gənclər çoxluq təşkil edir. Bəzi istisnalar da baş verir ki, bu da təəssüf doğurur. Bu gün ordumuzun ruhunu sarsıda biləcək, onu zəiflədəcək elə bir problem yoxdur. Buna xalqımız tam əmin ola bilər. Bəzən ordu haqqında həqiqətə uyğun olmayan uydurma, şişirtmə, qərəzli yazılara da rast gəlirik. Təəssüf etməkdən başqa çarəmiz qalmır. Mən bunu mətbuatın hamısına şamil edə bilmərəm. Çünki KİV-in çoxluq təşkil edən hissəsi Milli Ordunun dostlarıdır. Müdafiə Nazirliyi onlarla sıx əməkdaşlıq edir və açıq deyim ki, belə bir ünsiyyət bizə çox böyük fayda gətirir. Onlar bizdən istənilən informasiyanı öyrənə bilirlər. Bəzən baxırsan ki, narazı qalanı da olur. Bunu da təbii başa düşürük. Hamını eyni dərəcədə razı salmaq, sadəcə, mümkün deyil. Bir sözlə, Müdafiə Nazirliyi mətbuatla əməkdaşlıqda daha çox maraqlıdır. Biz mətbuatı ordu ilə cəmiyyət arasında ən möhkəm və ən etibarlı körpü hesab edirik.

Qoy bizi tənqid etsinlər, amma əsaslı olsun bu tənqid. Elə qəzetlər və yazarlar var ki, onlar Müdafiə Nazirliyinə qarşı düşünülmüş kampaniya aparırlar. Yazdıqlarının böyük əksəriyyəti də yalan və iftira! Nəyinsə qisasını alan yazarlar da var. Qələm əllərindədir deyə sağa-sola çırpırlar! Beləsi ilə normal əməkdaşlığın hər hansı effekt verəcəyinə inanmıram.

- Orduya ictimai nəzarət məsələsinə necə baxırsınız?

- Çox yaxşı! Müdafiə naziri Səfər Əbiyevin tapşırığı ilə bu proses ardıcıl surətdə aparılır. Hərbi hissələrə Milli Məclis deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, qəzet redaktorları müntəzəm səfər edirlər. Bundan başlıca məqsəd ordunun fəaliyyəti ilə yaxından tanış olmaq və bu haqda ictimaiyyəti məlumatlandırmaqdır. Bu üsulun özünü doğrultduğunu təcrübədən gördük və prosesin gələcəkdə də davam etdirilməsinin fərqindəyik. Hərbi hissələrə baş çəkən mülki nümayəndələr hiss etdikləri problem olursa, Müdafiə Nazirliyinə bu barədə müraciət edir və birgə şəkildə onun aradan qaldırılmasına nail oluruq.

Bu yaxınlarda Milli Məclisin deputatları və QHT rəhbərləri ilə birlikdə çox faydalı müzakirələr apardıq. KİV nümayəndələri də həmin tədbirə dəvət edilmişdi. Hər kəs öz fikrini açıq söylədi, tənqidi münasibətlərə geniş şərait yaradılmışdı. Orada sizin qəzetin Baş redaktoru, hörmətli millət vəkilimiz Bəxtiyar Sadıqov da iştirak edirdi. Yaxşı söhbətlərimiz oldu. Müzakirələrimizi bundan sonra da davam etdirmək fikrindəyik. Yaxın günlərdə yeni bir heyətlə cəbhə bölgəsinə səfər təşkil etmək istəyirik. Bunlar gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradacaqdır. Ümumiyyətlə, münasibətlərdə çarpazlaşan elə bir xətt görmürəm ki, bunlar bizim görüşlərimizə və birgə nəticələrə gəlməyimizə maneçilik törətsin. Bu ordu xalqındır. Onun inkişafına hər bir vətəndaş öz töhfəsini verməlidir. Bu mənada ictimai nəzarətin təmin edilməsini Müdafiə Nazirliyi öz fəaliyyətinin əsas tərkib hissəsi sayır.

- Cəmiyyətin güzgüsü olan orduda elə cəmiyyətə xarakterik olan neqativ halların, bəzən hətta cinayətlərin baş verməsi də olur və bu, təbii qarşılanmalıdır. Bəs belə halların aradan qaldırılması, onun nəticələrinin təhlili və bir daha baş verməməsi üçün nazirlik tərəfindən nə tədbirlər görülür? Bu proseslərin mətbuatda işıqlandırılması mümkündürmü?

- Sizin müqayisəniz tamamilə məntiqidir. Ordu cəmiyyətin davamıdır. Onu ayrılıqda təsəvvür etmək və qiymətləndirmək doğru yanaşma olmazdı. Hadisələrə gəlincə isə qeyd etməliyəm ki, bəzən gözlənilmədən elə narahatlıqlar baş verir ki, onun qarşısını kəsmək bir qədər çətin olur. Ümumiyyətlə isə, son illər görülən təsirli tədbirlər nəticəsində nizamnamə pozuntularının, cinayət tərkibli hadisələrin sayı xeyli dərəcədə azalmışdır. Bu bir sıra amillərlə bağlıdır. Əsasən komandir heyətinin məsuliyyət hissinin artırılması, hərbi hissələrdə əsgərlə yalnız nizamnamə qaydaları çərçivəsində davranış normalarının bərqərar olması xidməti işdə böyük dönüşə səbəb olmuşdur. Komandir öz cavabdehliyini dərindən hiss etməlidir. O, bilsə ki, hansısa kobud səhvinə görə bağışlanan deyil, öz vəzifə borcunu həmişə layiqincə yerinə yetirəcəkdir. Odur ki, Müdafiə Nazirliyinin rəhbərliyi işin bu cəhətini daima ciddi nəzarət altında saxlayır. İndi hərbi hissə və birləşmələrdə qarşılıqlı məsuliyyət hissi - əsgərin komandir, komandirin isə, tabeliyində olan əsgər qarşısında cavabdehliyi yüksək səviyyədə qurulmuşdur. Mən bunu tam səmimiyyətlə deyirəm.

Ayrı-ayrı hallarda nəzərəçarpan hadisələrə görə isə ordunun fəaliyyətini aşağılatmağı ədalətli mövqe saymıram. 100-200 illik tarixi olan ordularda bu gün elə hadisələr, cinayətlər baş verir ki, adam təsəvvür belə edə bilmir. Götürün elə erməni ordusundakı vəziyyəti. Fərarilik, cinayət xarakterli digər hadisələr artıq əməlli-başlı problemə çevrilib. Ayrı-seçkilik erməni ordusunu içindən dağıdır. Öz mətbuatlarının verdiyi məlumata görə, təkcə 2007-2008-ci illərdə Qarabağda xidmət edən Ermənistan vətəndaşlarına qarşı törədilmiş 483 döyülmə və işgəncə faktları ilə bağlı 97 zabit və 124 gizir barəsində cinayət işi qaldırılmışdır. Mən bunu özümüzə bəraət üçün demirəm. Ancaq müharibə apara-apara qısa müddətdə bu cür mütəşəkkil orduya nail olmağı dəyərləndirməyi unutmamalıyıq.

Qaldı mətbuatda baş verən bu və ya digər hadisənin işıqlandırılmasına, məncə burada bir problem yoxdur. Vaxtaşırı biz bunu diqqətdə saxlayırıq. Bu nəinki mümkündür, həm də çox zəruri məsələdir.

- Əsgər valideyinləri, QHT təmsilçiləri və eləcə də mətbuat nümayəndələri tərəfindən ordudakı hər hansı bir xoşagəlməz fakt barədə məlumat alanda bunun içtimailəşdirmədən aradan qaldırılması müharibə şəraitində olan dövlət üçün zəruridir. Elə bir mexanizm yaratmaq olarmı ki, həm nöqsanlar aradan qalxsın, həm də içtimai nəzarətin effektiv təmini mümkün olsun?

- Bu barədə yuxarıda fikirlərimizi müəyyən dərəcədə bildirdik. Ordu elə bir təşkilatdır ki, xüsusilə indiki həssas zamanda onun fəaliyyəti içtimaiyyəti daha çox maraqlandırır. Biz bunu başa düşürük. Ona görə də nə qədər informasiya, məlumat verilərsə, bunun yalnız müsbət təsiri olar. İnformasiya qıtlığı isə, əksinə, içtimaiyyətlə ordu arasında boşluq yarada bilər. Bu səbəbdən Müdafiə Nazirliyi maksimum dərəcədə çalışır ki, həm baş verən hadisə, həm də onun aradan qaldırılması barədə görülən tədbirlərdən içtimaiyyət vaxtında xəbərdar olsun. Təcrübə göstərir ki, cəmiyyətə açıqlıq münasibətlərin formalaşması və inkişaf etdirilməsində daha böyük rol oynayır.

- Atəşkəsin işğalçı qüvvələr tərəfindən tez-tez pozulması son illərdə "normal hal" sayılır. Ancaq son vaxtlar bu sahədə şəxsi heyətin daha çox tələfatı müşahidə olunur. Bu nə ilə bağlıdır: sayıqlıq itir, yoxsa?..

- Xeyr! Sayıqlıq itməyib! Buna tam əmin ola bilərsiniz. Təxminən 1000 km-ə yaxın təmas xəttində düşmənlə üz-üzə dayanan Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələri Vətən torpaqlarının keşiyini cəsurcasına çəkirlər. Səngər sanki əsgərin xidmət illərində evinə çevrilir. Səhər açılır, əl-üzlərini orada yuyur, səhər yeməyini, nahar və axşam yeməklərini də orada edirlər. Bax əsgərimiz belə ağır şərait altında gecəni-gündüzə qataraq əlində silah qəhrəmanlıq nümayiş etdirir. Bu bizim hamımız üçün qürur mənbəyidir. İndi lokal müharibə getməsə də, atəşkəs rejiminin intensiv şəkildə pozulmasını bəlkə də mövqe müharibəsi kimi qiymətləndirmək olar. Bu mənim subyektiv mülahizəmdir. Bu cür vəziyyətdə təkcə Azərbaycan yox, düşmən tərəfdən də itkilər olur. Və bunun sayı az deyil.

Atəşkəsin son zamanlar tez-tez pozulması əsasən ermənilərin günahı ucbatından baş verir. Bu da daha çox təxribatçılıq məqsədi güdür. Xatırlayırsınızsa bu il martın əvvəllərində Ermənistanda hökumətə etiraz əlaməti olaraq küçələrə axışan dinc sakinləri gülləbaran edən xüsusi təyinatlı qüvvələrin cinayətini ört-basdır etmək, daxili gərginlikdən beynəlxalq içtimaiyyətin diqqətini yayındırmaq məqsədilə cəbhə xəttində Azərbaycan əsgərinə düşmən qəfildən hücüm etdi. Təxminən bir sutka döyüş getdi. 12 itki, 15 yaralı verməklə düşmən geri çəkildi. Bircə bu hadisəni yada salmaqla lazımi nəticə çıxarmaq mümkündür.

Hazırda bizim ordumuz öz qüdrətinə görə Cənubi Qafqazda ən güclü ordulardan hesab olunur. Torpaqlarımızı işğalçılar dinc yolla azad etməzlərsə, Azərbaycanın ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu taleyüklü məsələni xalqımızın istəyinə uyğun həll edəcəkdir! Üçüncü yol yoxdur!

 

Müsahibəni apardı:

İ.HÜSEYNLİ

 

Azərbaycan.-2008.-17 dekabr.-S.3.