Azərbaycan Avro-atlantika məkanına daxil olan tərəfdaş ölkələrlə əlaqələrin daha da gücləndirilməsinə xüsusi önəm verir

 

Bu sözləri Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov dekabrın 16-da NATO Baş katibinin müavini Klaudio Bizonyero ilə görüşündə vurğulamışdır.

Nazirliyin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, nazir Eldar Mahmudov hazırda Şimali Atlantika Alyansı ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının müvəffəqiyyətlə həyata keçirildiyini və ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini demişdir. Eldar Mahmudov bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin NATO ilə əməkdaşlığın daha da intensivləşdirilməsi və Avro-atlantika məkanına inteqrasiyasının gücləndirilməsi üzrə qəbul etdiyi qərarların, verdiyi müvafiq göstərişlərin mühüm rol oynadığını qeyd etmişdir.

Milli təhlükəsizlik naziri terrorçuluqla mübarizədə Azərbaycanın birmənalı mövqeyini bir daha vurğulayaraq, bu sahədə fəaliyyətin Milli Təhlükəsizlik Nazirliyinin vəzifələri sırasında prioritet istiqamətlərdən olduğunu və beynəlxalq təhlükəsizliyin təmin olunmasında Avro-atlantika məkanına daxil olan tərəfdaş ölkələrin müvafiq qurumları ilə əlaqələrin daha da gücləndirilməsinə xüsusi önəm verildiyini söyləmişdir.

Səfəri çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirən Klaudio Bizonyero Azərbaycanın Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının icrası üzrə müvafiq dövlət qurumlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlərdən NATO tərəfinin razı qaldığını vurğulamışdır. Qonaq bu mənada Şimali Atlantika Alyansının ölkəmizlə münasibətlərə xüsusi önəm verməsinin çatdırılması missiyasının ona həvalə olunmasından məmnunluğunu ifadə etmişdir.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə Azərbaycanla NATO arasında münasibətlərin ardıcıl inkişafı ilə bağlı və maraq doğuran digər məsələlər üzrə müzakirələr aparılmışdır.

 

Azərbaycan.-2008.-17 dekabr.-S.4.