NATO Azərbaycanla əməkdaşlığın səviyyəsindən razıdır

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 16-da nazir Elmar Məmmədyarov NATO Baş katibinin müavini Klaudio Bizonyero ilə görüşmüşdür.

Görüşdə Azərbaycan NATO arasında münasibətlərin vəziyyətindən söhbət getmiş, ölkəmizin təşkilatla əməkdaşlığı çərçivəsində "Fərdi tərəfdaşlığa dair əməliyyat planı"nın (FTƏP) yerinə yetirilməsi prosesi nəzərdən keçirilmişdir. NATO Baş katibinin müavini planın icrasının uğurla davam etdiyini bildirmişdir.

K.Bizonyero xüsusilə NATO-nun Əfqanıstandakı sülhməramlı əməliyyatında Azərbaycanın yaxından iştirakını, sülhməramlı kontingentinin sayını artırmasını yüksək qiymətləndirmişdir.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində aparılan sülh danışıqları haqqında məlumat vermiş, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu bildirmişdir.

Görüşdə beynəlxalq regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2008.-17 dekabr.-S.4.