Fövqəladə Hallar Nazirliyinin yaradılmasının üç illiyi qeyd olunmuşdur

 

AzərTAc xəbər verir ki, dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramlarını qeyd etmişlər.

Bu münasibətlə keçirilmiş təntənəli iclasın iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üstünə tər güllər düzülmüşdür.

Onlar Şəhidlər xiyabanını da ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən oğullarının xatirəsini anmış, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Sonra Fövqəladə Hallar Nazirliyinin inzibati binasında nazirliyin yaradılmasının üçüncü ildönümünə həsr olunmuş təntənəli iclas keçirilmişdir.

Nazir, general-polkovnik Kəmaləddin Heydərov işçiləri peşə bayramı münasibətilə təbrik etmiş, onlara çətin, lakin şərəfli vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulamışdır. Bildirmişdir ki, bu günlərdə Prezident, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlarla nazirliyin xidmətdə fərqlənən bir qrup əməkdaşının ali hərbi rütbələr və orden və medallarla təltif edilməsi dövlət başçısının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə verdiyi yüksək dəyər, göstərdiyi diqqət və qayğının bariz təzahürüdür.

Kəmaləddin Heydərov qeyd etmişdir ki, tariximizin ötən hər bir ili Azərbaycanın müstəqilliyini, xalqının tərəqqisini və xoşbəxtliyini özünün başlıca fəaliyyət istiqaməti kimi müəyyənləşdirən ulu öndər Heydər Əliyev ideyalarının ölməzliyinə sübutdur. Azərbaycan xalqı xoşbəxtdir ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir və möhkəmləndirir. Uğurla həyata keçirilən islahatlar, müvəffəqiyyətlə yerinə yetirilən dövlət proqramları Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Hazırda respublikamızda irimiqyaslı infrastruktur layihələrinin reallaşdırılması davam etdirilir. Ölkə iqtisadiyyatına külli miqdarda investisiya cəlb olunmaqla yanaşı, Azərbaycan özü bir neçə regional proqramlarda yaxından iştirak edir. Həyata keçirilən çoxşaxəli islahatlar nəticəsində dinamik iqtisadi inkişaf təkcə neft sektorunda deyil, həmçinin qeyri-neft sektorunda da müşahidə edilir. Əhalinin həyat səviyyəsi gündən-günə yaxşılaşır, müxtəlif istehsal müəssisələri, yollar və körpülər tikilir, mövcud infrastrukturlar yenidən qurulur, müasir avadanlıqla təchiz olunur, yeni idman kompleksləri, müasir standartlara cavab verən yaşayış və ictimai-iaşə obyektləri inşa olunur. Əhalinin məşğulluq səviyyəsi yüksəlir, vətəndaşların rahat, firavan və təhlükəsiz yaşaması üçün hər cür diqqət və qayğı göstərilir. Beləliklə, ərazilərin və infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsi dövlətin prioritet vəzifələrindən birinə çevrilmişdir. Bu vəzifələrin yerinə yetirilməsində Fövqəladə Hallar Nazirliyi çox mühüm rol oynayır.

2008-ci ildə görülmüş işlər barədə məlumat verən Kəmaləddin Heydərov vurğulamışdır ki, nazirliyin maddi-texniki təchizatının gücləndirilməsi ilə əlaqədar ilin əvvəlindən bəri Fransadan "İveco-Camiva" markalı 68 və Almaniyadan "Man-Zieqler" markalı 22 yanğınsöndürən avtomobil, 10 "Mercedes-Benz" şassisi üzərində quraşdırılmış yük avtomobili, 16 qəza-xilasetmə avtomobili və 5 motosikl, ABŞ-dan 14 ağır texnika (uçqunların təmizlənməsi üçün ekskavator), Rusiyadan 2 "Mİ-17-1B" vertolyotu, 1 "BE-200 ÇS" amfibiya tipli təyyarə, "Qaz-3302" markalı 9 xüsusi texnika, Yaponiyadan "Yamaha" tipli 4 qayıq, xeyli sayda digər xüsusi texnika və avadanlıq alınıb istifadəyə verilmişdir. Eyni zamanda, bina və qurğuların texniki müayinəsi üçün 1 dəst mobil diaqnostik kompleks, nazirliyin inzibati binasında telekommunikasiya sisteminin genişləndirilməsi üçün xüsusi avadanlıq, yanğınsöndürənlər üçün Birləşmiş Ərəb Əmirliklərindən 4500 dəst xüsusi təyinatlı geyim və onlara aid avadanlıq, Mülki Müdafiə Qoşunları üçün xüsusi təyinatlı geyimlər, Xüsusi Riskli Xilasetmə Xidməti üçün müxtəlif adda xüsusi texniki vasitələr, Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin qurulması üçün vacib texniki vasitələr və digər avadanlıq alınmışdır. Fəaliyyət göstərdiyi qısa müddət ərzində nazirliyin hüquqi-normativ bazasının təkmilləşdirilməsi üçün onlarla müvafiq akt layihələri hazırlanmış, qüvvədə olan bir sıra qanunvericilik sənədlərinə əlavələr və dəyişikliklər edilmişdir.

Nazir bildirmişdir ki, hesabat dövründə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına dair xəbərdarlıq sisteminin təkmilləşdirilməsi məqsədilə inzibati-ərazi vahidləri üzrə məlumat bazasının yaradılması istiqamətində işlər davam etdirilmişdir. Respublika ərazisində istismar olunan iri inzibati və ictimai binaların, o cümlədən mehmanxana və ofislərin, əhalinin kütləvi toplaşdığı ticarət, idman və konsert komplekslərinin, ictimai iaşə obyektlərinin, səhiyyə ocaqlarının və təhsil müəssisələrinin təhlükəsizlik baxımından yoxlanılması üçün müvafiq komissiya tərəfindən Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının ərazilərində yerləşən və ayrı-ayrı fiziki və hüquqi şəxslərə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına məxsus ümumilikdə 1335 obyektə baxış keçirilmişdir. Baxış zamanı obyektlərin hüquqi-texniki sənədlərinə, yükdaşıyan konstruksiyaların vəziyyətinə, istifadə olunmuş tikinti materiallarının keyfiyyətinə, yanğın təhlükəsizliyinə, qaz təchizatı, qazanxana təsərrüfatı, qaldırıcı qurğuların mövcud norma və qaydalara uyğun istismar olunmasına və s. məsələlərə diqqət yetirilmiş, aşkar olunmuş nöqsanlar yerində araşdırılaraq onların aradan qaldırılmasına dair məsul şəxslərə müvafiq tövsiyələr verilmişdir.

Kəmaləddin Heydərov onu da qeyd etmişdir ki, fövqəladə hallar barədə xəbərdarlıq, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasının mühüm istiqamətləri üzrə fəaliyyət göstərən sahələrdən ötrü yüksək ixtisaslı mütəxəssislər hazırlamaq məqsədilə Rusiya, Ukrayna və Belarusun əlaqədar qurumları ilə danışıqlar aparılmışdır. Nəticədə 259 əməkdaş hazırda bu dövlətlərin müvafiq tədris müəssisələrində təhsil alır.

Prezident İlham Əliyevə kollektivə göstərdiyi yüksək diqqət və qayğıya görə dərin minnətdarlığını bildirən Kəmaləddin Heydərov demişdir ki, dövlət başçısının göstərdiyi etimadı doğruldaraq baş verə biləcək hər hansı fövqəladə hadisə barədə vətəndaşların vaxtında xəbərdar edilməsi, onun qarşısının alınması və nəticələrinin operativ surətdə aradan qaldırılması, ölkə əhalisinin təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi məqsədilə bundan sonra da bütün qüvvə və bacarığımızı əsirgəməyəcəyik.

Mərasim iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Azərbaycan.-2008.-17 dekabr.-S.4.