Əfqanıstan Dağlıq
Qarabağ münaqişəsinin
həllində Azərbaycanın
mövqeyini tam dəstəkləyir
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 16-da Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər naziri Ranqin Dadfar Spanta ilə görüşmüşdür.
İki dövlət arasında əlaqələrin sürətlə inkişafını alqışlayan nazirlər yüksək səviyyəli səfərlərin və görüşlərin baş tutmasını müsbət qiymətləndirmişlər.
Əfqanıstan rəsmisi ölkəsi ilə Azərbaycan arasında tarixi və mədəni oxşar cəhətləri vurğulamış, Azərbaycanın Əfqanıstana onun bugünkü çətin vəziyyətində göstərdiyi yardıma görə təşəkkür etmiş, ölkəmizdə əldə olunan nailiyyətlərdən fərəh duyduğunu bildirmişdir.
R.D.Spanta həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin Azərbaycanın mövqeyini dəstəklədiyini bir daha diqqətə çatdırmışdır.
Nazirlər iqtisadi sahədə də əməkdaşlığı dərinləşdirməyi, müqavilə-hüquq bazasını təkmilləşdirməyi, müxtəlif sahələrdə əməkdaşlıq qurmağı zəruri saymışlar.
Qonaq Azərbaycanın diplomatik xidmət, elm və təhsil, tibb, kənd təsərrüfatı və digər sahələrdə təcrübəsinin öyrənilməsində maraqlı olduğunu da diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı
maraq doğuran digər məsələlər
müzakirə olunmuşdur.
Azərbaycan.-2008.-17 dekabr.-S.4.