Dünyanın əmlak bazarında böyük ucuzlaşmalar yaşanır
Azərbaycanda həyata
keçirilən ardıcıl sosial-iqtisadi islahatlar ölkəmizin
bu sahədə inkişaf sürətinə görə
dünya dövlətləri arasında lider mövqeyə yiyələnməsi
ilə nəticələnmişdir. Bu səbəbdən Azərbaycan
son bir neçə ildə mütəmadi olaraq ümumi daxili
məhsulun artım tempinə görə dünya ölkələrinin
siyahısına rəhbərlik edir. Ölkədə
aparılan uğurlu iqtisadi siyasət, inkişaf
strategiyasının müvəffəqiyyətlə davam
etdirilməsi Azərbaycanın maliyyə resurslarının
çox böyük sürətlə artmasına da şərait
yaratmışdır. Bunun nəticəsində ölkənin
qeyri-neft sektoru özünün dinamik inkişaf mərhələsinə
qədəm qoymuşdur. Prezident İlham Əliyevin də
dediyi kimi, dövlətin aydın
düşünülmüş iqtisadi inkişaf
konsepsiyası ölkəmizin daha da müasirləşməsinə,
sənaye potensialının güclənməsinə və hərtərəfli
inkişafına gətirib çıxarmışdır.
Dinamik inkişaf
daşınmaz əmlak bazarına da təsirsiz
ötüşməmişdir. Son bir neçə ildə
tikinti sektorunda sürətli inkişaf, Bakıda və digər
iri şəhərlərdə tikilən çoxmərtəbəli
binaların sayının dinamik şəkildə artması da
bunun təsdiqi sayıla bilər. Ölkənin bu cür
inkişafı və iş adamlarına yaradılan şərait
onların tikinti sektoruna daha həvəslə investisiya
yatırmasına səbəb olmuşdur. Ancaq dünyada cərəyən
edən qlobal maliyyə böhranı yeni yaşayış mənzilləri
inşa edən bir çox özəl şirkətlərin bu
sahədə fəaliyyətini davam etdirmək
üçün müəyyən ciddi səhvlərə yol
verdiyini üzə çıxarmaqda və onların belə
böhrana tam hazır olmadığını göstərməkdədir.
Ümumiyyətlə, qlobal maliyyə böhranının
tikinti sektoruna vurduğu ziyan dünya üzrə artan xətlə
inkişaf edir. Artıq bir çox qabaqcıl ölkələrdə
bu sahə özünün ən dərin böhran
dövrünü yaşamaqdadır. Məsələn,
Rusiyanın iri şəhərlərində, o cümlədən
Moskvada yaşayış binaları tikən şirkətlərin
işində 80 faiz geriləmə qeydə alınıb. Moskvadakı
Qloballaşma Problemləri İnstitutunun direktoru Mixail Delyaginin
sözlərinə görə, maliyyə böhranı tikinti
şirkətlərini əksər layihələri, hətta
80-85 faiz hazır olan binaların inşaatını dayandırmağa
vadar edib. Hazırda belə hesab olunur ki, yaxın günlərdə
Rusiyada daşınmaz əmlak bazarı sürətlə
ucuzlaşmağa başlayacaq. Rusiya Əmanət Bankı
2009-cu ilin son rübündə ölkədə mənzillərin
qiymətinin 40-60 faiz ucuzlaşacağını
proqnozlaşdırıb. Ucuzlaşma prosesi Moskvada regionlara nisbətən
daha yüksək templə gedəcək. Rusiya Əmanət
Bankının analitikləri hesab edir ki, qiymətlərin bu qədər
sürətlə düşməsi ölkədə tikinti
sektorunun fəaliyyətini tam iflic vəziyyətinə salaraq əmlak
bazarında qeyri-stabilliyi artıracaq.
Beynəlxalq Əmək
Təşkilatının baş direktoru Xuan Somavia bildirir ki,
hazırkı maliyyə böhranı ən çox tikinti,
avtomobil, turizm və maliyyə sektorundakı məşğulluğa
mənfi təsir edir. Əlbəttə ki, qlobal
dünyanın tərkib hissəsi olan Azərbaycanda da beynəlxalq
miqyasda baş verənlərlə əlaqədar tikinti
sektorunda müəyyən çətinliklər
yaşanmaqdadır. Aparılan araşdırmalar göstərir
ki, ölkənin tikinti sektorundakı əsas problemlərdən
biri daşınmaz əmlak bazarında aktivliyin azalması ilə
bağlıdır. Bu isə, ilk növbədə,
satış şirkətlərinə, yəni rieltorlara təsir
edib. Əvvəllər belə şirkətlərdə
satış aktivliyi yüksək olduğu halda indi onun bir qədər
azaldığı bildirilir. Ancaq məsələnin maraqlı
tərəfi bu vəziyyətdə əslində tikinti sahəsində
çalışan özəl şirkətlərin özlərinin
günahkar olmasıdır.
Aparılan tədqiqatlar
göstərir ki, 2003-2006-cı illərdə tikinti şirkətləri
binaları əsasən vətəndaşlardan
aldıqları pullar hesabına tikiblər. Daha doğrusu, yeni
binanın bünövrəsi qoyulduqdan sonra mənzillərin
bir qisminin hələ hazır olmadan satılması tikinti
şirkətlərinin əlində müəyyən
kapitalın cəmləşməsinə şərait
yaradırdı ki, bu da son nəticədə müvafiq işlərin
görülməsi üçün maliyyə
ehtiyacını təmin edirdi. Həmçinin tikilən
binadan əldə edilən mənfəət hesabına da
növbəti yaşayış binasının inşasına
start verilirdi. Bütün bunlar tikinti şirkətlərinin
kredit cəlb etmədən fəaliyyət göstərməsinə
imkan verirdi. Ancaq sonrakı dövrdə vətəndaşların
daha çox hazır mənzil almağa meyillənməsi, həmçinin
mənzil alqı-satqısında aktivliyin bir qədər
aşağı düşməsi, tikinti şirkətlərinin
bu üsuldan istifadəsinin qarşısını aldı. Yerli
bankların isə bir müddət kredit verilişini
dayandırması özəl tikinti şirkətlərini daha
ciddi problemlərlə üzləşdirdi. Ancaq tədqiqatlardan
o da meydana çıxdı ki, özəl tikinti şirkətləri
hazır etdikləri mənzilləri maya dəyərindən bəzi
hallarda 250-300 faiz baha satır. Bu hal "Əmlak Bazarı
İştirakçıları" İctimai Birliyi tərəfindən
tikinti bazarında aparılan monitorinq zamanı da öz təsdiqini
tapıb. Belə baha qiymətə mənzil
satışına baxmayaraq, hazırda tikinti şirkətləri
satış tempini yüksəltmək üçün qiymətlərin
endirilməsinə bir o qədər də meyil etmirlər. Son
üç ay ərzində özəl tikinti şirkətləri
orta hesabla mənzillərin satışında təxmiən 5
faiz endirim edib ki, bu da çox cüzi rəqəmdir. Həmçinin
cüzi qiymət endirimi satış bazarında aktivliyin
yüksəlməsinə də imkan vermir. Halbuki tikinti sahəsində
fəaliyyəti davam etdirmək üçün indi daha
münbit şərait yaranıb. Belə ki, tikinti
materiallarının qiymətində ciddi ucuzlaşma qeydə
alınıb. Dünyada baş verən maliyyə
böhranı, daxili istehsal artımı tikinti
materiallarının qiymətinin oktyabr ayı ilə
müqayisədə orta hesabla 26,3 faiz ucuzlaşdırıb. Tikinti
sahəsində daha çox istifadə edilən armaturun qiymətində
35 faizlik ucuzlaşma qeydə alınıb. Armaturla
yanaşı, taxta, dam örtüyü, dəmir təbəqə,
şüşə və bir sıra digər tikinti məhsullarının
qiymətində də enmələr müşahidə
olunmaqdadır. Analoji hal torpaq bazarında da özünü
göstərməkdədir. Noyabr ayı üçün
bazarda təklif olunan bir sot torpağın qiymətində 1,3
faiz azalma baş verib. Araşdırmalar göstərir ki,
kommersiya məqsədilə alqı-satqı predmeti olan
torpaqlar hesabına ötən ay bu bazarda aktivliyi nisbətən
qoruyub saxlamaq mümkün olub. Amma hesab olunur ki, torpaq
bazarında alqı-satqı mövsümünün başa
çatması ilə əlaqədar dekabrın sonlarından
etibarən bazarın bu seqmentində də qiymət
azalmasının həcmi artacaq. Bütün bunlar bir daha
tikinti sahəsində daha aktiv fəaliyyət baxımından
özəl şirkətlər üçün münbit
şəraitin yarandığını təsdiqləyir. Lakin
belə şirkətlərin böyük əksəriyyətinin
hələ də inşa etdikləri yaşayış
binalarında mənzilləri daha baha qiymətə satmaq istəyi
onların yaranmış fürsətdən maksimal dərəcədə
faydalanmasına imkan vermir. Bu isə son nəticədə mənzil
bazarında aktivliyin azalmasına gətirib
çıxarır. Belə vəziyyətdən isə həm
tikinti şirkətlərinin özü, həm də sadə
vətəndaşlar uduzur. Real vəziyyət göstərir
ki, yaranmış durum hazırda tikinti bazarında təklifin
tələbi üstələməsi ilə nəticələnib.
Analoji hal təkrar mənzil bazarında da özünü
göstərir. Burada da qiymətlər hələ baha
olduğundan və əsasən, mənzil
alqı-satqısı ilə məşğul olan şirkətlər
tərəfindən həyata keçirildiyindən yüksək
aktivlik nəzərə çarpmır.
Rasim BAYRAMOV
Azərbaycan.-2008.-17 dekabr.-S.7.