Prezident seçkiləri Azərbaycanın demokratik dünyaya inteqrasiyasını daha da sürətləndirib

 

Müstəqil Azərbaycanın XXI yüzillikdəki tarixində keçirilən ikinci prezident seçkiləri xalqın qarşıdakı 5 ildə də ölkənin taleyini kimə etibar etdiyini bir daha aydın şəkildə göstərdi. Demokratik standartlara cavab verən yeni Seçki Məcəlləsi əsasında ölkə vətəndaşları öz iradələrini sərbəst ifadə edərək Prezident İlham Əliyevi növbəti dəfə bu yüksək ali vəzifəyə seçərək ona etimad göstərdiklərini nümayiş etdirdilər. Xarici ölkələrdən, müxtəlif rəsmi beynəlxalq təşkilatlardan, o cümlədən, ATƏT-dən, Avropa Şurasından, Avropa Parlamentindən, MDB-dən dəvət olunan müşahidəçilər də seçkinin azad, ədalətli və demokratik standartlara uyğun olduğunu təsdiq etdilər. Məntəqələrdə müşahidə aparan qeyri-hökumət təşkilatlarının, "exit-poll" və seçkinin monitorinqini keçirən digər beynəlxalq qurumların nümayəndələri də seçkilərin şəffaflığını, hər hansı ciddi qanun pozuntusu olmadığını bildirdilər. Bu hallar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun prezident seçkilərinə hazırlıq, onun gedişi və nəticələri barədə yaydığı aralıq hesabatlarda da öz əksini tapdı. Bunun nəticəsidir ki, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərin nəticələri ilə bağlı yekun hesabatında da bir daha seçkilərin ATƏT qarşısında götürülmüş öhdəliklərə və yerli qanunvericiliyə uyğun olduğu bildirilir.

 

Beynəlxalq müşahidəçilərə bütün şərait yaradılıb

 

Yekun hesabatın giriş hissəsində xüsusi olaraq vurğulanır ki, 15 oktyabr prezident seçkilərini müşahidə etmək üçün dəvət Azərbaycan hakimiyyəti tərəfindən göndərilib. Həmin dəvətə uyğun olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 2008-ci il sentyabrın 1-də Seçki Müşahidə Missiyası yaratmışdı. Seçki günü isə Müşahidə Missiyasına Avropa Şurası Parlament Assambleyasından və Avropa Parlamentindən də nümayəndə heyətlərinin qoşulduğu bildirilir: "Seçki Müşahidə Missiyasına Sloveniyadan səfir Boris Frlek rəhbər təyin olunub və ATƏT-in 23 ölkəsindən 12 komanda üzvü, 28 uzunmüddətli müşahidəçi seçilib. Seçki günü isə Bakıya daha 349 qısamüddətli müşahidəçi gəlib. Seçki günü ümumilikdə Beynəlxalq Seçki Müşahidə Missiyasından 440 müşahidəçi prosesi izləyib".

Seçki prosesində göstərilən əməkdaşlığa görə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyası tərəfindən Prezidentin İcra Aparatına, Mərkəzi Seçki Komissiyasına (MSK), Azərbaycan Xarici İşlər Nazirliyinə və digər hakimiyyət orqanlarına, eləcə də Azərbaycan cəmiyyətinə minnətdarlıq ifadə olunur və müşahidəçilərə bütün lazımi şəraitin yaradıldığı bildirilir.

 

Prezident İlham Əliyev digər namizədlərə daha çox imkan vermək məqsədilə şəxsən kampaniya aparmaqdan imtina edib

 

Hesabatın siyasi kontekst bölümündə bildirilir ki, 15 oktyabr 2008-ci il seçkisi 1995-ci ildə qəbul olunan Konstitusiyaya uyğun olaraq, sayca üçüncü prezident seçkisi olub. 2003-cü ildə keçirilən seçkilərdə də Prezident İlham Əliyevin rəqiblərinə 77 faiz səs çoxluğu ilə qalib gəldiyi xatırlanır. Burada ona da xüsusi diqqət çəkilir ki, Azərbaycanda 40-dan artıq siyasi partiyanın rəsmən qeydiyyatdan keçməsinə baxmayaraq, onlar arasında hakim Yeni Azərbaycan Partiyası daha yaxşı təşkilatlanıb və bu partiyanın üzvlərinin sayı 450 mindən artıqdır.

Hesabatın seçki kampaniyası bölümündə qeyd olunur ki, bu müddət Seçki Məcəlləsinə edilən son düzəlişlərdən sonra 60 gündən 28 günə endirilib: "Son seçkidə isə rəsmi seçki kampaniyası sentyabrın 17-də başlanıb və oktyabrın 14-də sona çatıb".

Hesabatda bildirilir ki, Prezident İlham Əliyev digər namizədlərə daha çox imkan vermək məqsədilə şəxsən kampaniya aparmaqdan imtina edib. Az ictimai dəstəyə malik digər namizədlərin isə öz baxışlarını effektiv şəkildə seçicilərə çatdıra bilmədikləri vurğulanır. O da xatırlanır ki, cari il avqustun 6-da Prezident İlham Əliyev bərabər rəqabət mühitinin təmin olunması məqsədilə öz portretlərinin yığışdırılması barədə göstəriş verib: "Rəsmi kampaniyaya start verildikdən sonra YAP Prezident İlham Əliyevin adından aydın və fəal təşviqata başlayıb. Bu məqsədlə keçrilən yürüşlərin və digər kampaniyanın böyük əksəriyyəti Seçki Müşahidə Missiyası tərəfindən izlənib". Digər namizədlər isə hakim partiyanın namizədilə müqayisədə daha zəif kampaniya aparıblar və bu xüsusilə paytaxtdan uzaq bölgələri əhatə edib.

Hesabatda Prezident İlham Əliyevin ölkənin müxtəlif bölgələrinə tez-tez səfər etdiyi və bir çox yeni infrastruktur müəssisələrinin, o cümlədən yeni fabriklərin, yolların, məktəblərin, muzeylərin, hava limanının, parkların təntənəli açılış mərasimində iştirak etdiyi və hərbi hissələrə baş çəkdiyi vurğulanır. Seçki prosesinə isə dövlət və yerli icra hakimiyyətləri tərəfindən müdaxilə olunmadığı bildirilir.

 

Seçkidə ciddi irəliləyişlər əldə olunub

 

Hesabatda xüsusi olaraq qeyd edilir ki, seçki prosesində ATƏT öhdəlikləri və digər beynəlxalq standartlar, xüsusilə seçkilərin texniki aspekti baxımından ciddi irəliləyişlər əldə olunub: "Seçkilər sakit mühitdə keçib. Hakimiyyət bütün namizədlər üçün bərabər rəqabət şəraitinin yaradılmasına çalışıb".

Hesabat müəlliflərinin fikrincə, Seçki Məcəlləsi demokratik seçkilərin keçirilməsinə imkan verir. Məcəlləyə sonuncu dəfə cari ilin iyun ayında düzəlişlər edildiyi və düzəlişlərin bir çoxunun ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, həmçinin Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrinə əsasən edildiyi qeyd olunur. "Sərbəst Toplaşmaq Azadlığı Haqqında" yeni qanunun bu ilin may ayında qəbul edildiyi və onun da beynəlxalq standartlara uyğun gəldiyinə də diqqət yetirilir.

 

Mərkəzi Seçki Komissiyası fəal işləyib

 

Hesabatda Mərkəzi Seçki Komissiyasının qanunların və digər aktların dəqiq işlənib hazırlanmasında, geniş seçici proqramları və seçkilərlə məşğul olan işçilərin təlimatlandırılmasında çox fəal olduğu qeyd edilir: "Mərkəzi Seçki Komissiyası tez-tez media nümayəndələrinin və müşahidəçilərin də dəvət olunduğu iclaslar keçirib və ləngimədən qərarlarını, təlimatlarını vebsaytında yerləşdirib. Bəzi seçki məntəqələrində şəffaflığın artırılması və hər hansı saxtakarlığın qarşısının alınması üçün vebkameralar quraşdırılıb. Qanunla müəyyən olunmuş müddət ərzində seçici siyahılarını təftiş etmək mümkün olub. Mərkəzi Seçki Komissiyası onların siyahısını öz vebsaytında da yerləşdirib və seçicilər üçün telefon vasitəsilə qaynar xətt yaradıb. Seçici siyahıları ilə bağlı hər hansı ciddi problem yaranmayıb. MSK tərəfindən prezidentliyə yeddi namizəd qeydə alınıb. Seçki Məcəlləsinə edilən son düzəlişlərdən sonra isə namizədlərin MSK-ya təqdim etməli olduğu imzaların sayı 45 000-dən 40 000-ə endirilib".

Seçki Məcəlləsinin namizədlərə İctimai Televiziyada və dövlət tərəfindən təsis olunan mətbuat orqanlarında pulsuz təbliğat aparmaq imkanı verdiyi də xüsusi qeyd olunur. Belə bir şəraitdə seçkilərin dinc mühitdə keçməsi, 75 faizdən artıq seçicinin öz səsvermə hüququndan istifadə etməsi, səsvermə prosesinin standartlara cavab verməsi müsbət qiymətləndirilir.

 

Milli azlıqlar bərabər seçki hüququna malikdir

 

Hesabatın milli azlıqlar bölümündə isə qeyd edilir ki, bu qəbildən olan insanlar Azərbaycan əhalisinin 10 faizini təşkil edir: "Milli azlıqlar bərabər vətəndaşlıq və seçki hüququna malikdir. Onların bəzilərinin nümayəndələri isə indiki parlamentin üzvüdür".

Seçkilərin gedişini izləyən yerli müşahidəçilərlə əlaqədar olaraq bildirilir ki, bu məqsədlə 21 mindən artıq bitərəf şəxs qeydiyyata alınıb. Elə bir o qədər də müxtəlif partiyaları təmsil edən siyasi partiya üzvlərinin müşahidə məqsədilə qeydiyyata düşdüyü vurğulanır. Hesabatın "Seçki günü" adlanan hissəsində Beynəlxalq Seçki Müşahidə Missiyasından olan müşahidəçilər tərəfindən də yüksək seçici fəallığının qeydə alındığı etiraf olunur: "Digər müsbət məqam isə MSK-nın ilkin nəticələri operatv şəkildə öz vebsaytında yerləşdirməsi olub". O da bildirilir ki, səsvermə məntəqələrinin 89 faizinə baş çəkilib və Beynəlxalq Seçki Müşahidə Missiyası tərəfindən hər hansı ciddi prosedur pozuntusu qeydə alınmayıb. Məntəqələrin 94 faizində prosesin daha mükəmməl şəkildə təşkil olunduğu hesabatda xüsusi yer alıb.

Beynəlxalq Seçki Müşahidə Missiyasının səslərin hesablanması prosesini izlədikləri və burada da ciddi qanun pozuntularının olmadığı diqqətə çatdırılır. Yüksək fəallıqla müşahidə olunan seçki nəticəsində Prezident İlham Əliyevin 88,73 faiz səs toplamaqla, digər rəqibləri üzərində inamlı qələbə çaldığı da bildirilir. Qeyd olunur ki, seçkidə iştirak edən namizədlərdən heç biri seçkidən sonra proseslə, səslərin hesablanması ilə bağlı hər hansı şikayət etməyib və qalib namizədi təbrik ediblər.

Hesabatın sonunda isə Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycan hakimiyyətinin və vətəndaş cəmiyyəti qurumlarının ATƏT-in tələblərinə uyğun şəkildə seçkilər keçirmək cəhdlərini dəstəkləməyə daim hazır olduğu bildirilir.

 

Rasim BAYRAMOV

 

Azərbaycan.-2008.-18 dekabr.-S.1.