Ölkə iqtisadiyyatının dinamik inkişafı onun maliyyə imkanlarını genişləndirmişdir

 

Son vaxtlar ayrı-ayrı mətbuat orqanlarında qlobal maliyyə böhranının Azərbaycanın bank sisteminə, o cümlədən də bütövlükdə ölkə iqtisadiyyatına təsiri ilə bağlı həqiqəti əks etdirməyən yazılar dərc olunur. Guya hansısa bank müflisləşib, real sektorun maliyyə mənbələri məhdudlaşıb və bu üzdən də ölkə iqtisadiyyatı çökməyə doğru gedir və s.

Əslində, hazırda bütün dünyanın diqqət mərkəzində olan qlobal maliyyə böhranı ilə bağlı mətbuatda müzakirələr aparılması təqdir ediləsi haldır. Çünki cəmiyyət qlobal maliyyə böhranı ilə bağlı nə qədər çox məlumatlandırılsa, ona qarşı müqaviməti bir o qədər güclü olar. Ancaq belə ciddi müzakirələrə diletantlar yox, peşəkarlar qoşulmalıdırlar. Onlar cəmiyyət qarşısında öz yüksək mənəvi məsuliyyətlərini dərk etməli, həqiqəti yazmalı, faktları astar üzünə çevirməməlidirlər. Heç bir vəchlə yol vermək olmaz ki, belə həssas məsələnin müzakirəsində ambisiyalar, siyasi məqsədlər həqiqəti üstələsin. Təəssüf ki, son vaxtlar bəzi müxalifət qəzetlərində qlobal maliyyə böhranının Azərbaycana təsiri ilə bağlı dərc olunan yazılarda populizm ruhu hakimdir və onlar cəmiyyətdə süni ajiotaj yaratmağa, dövlətin iqtisadi kursunu qaralamağa yönəldilir. Məsələn, mətbuatda bəzi bankların iflasa uğraması barədə əsası olmayan məlumatlar yayılır.

Halbuki bu gün Azərbaycanın bank sektoru sağlam durumdadır və çox effektiv fəaliyyət göstərir. Bu fikrin təsdiqi kimi, ölkənin bank sisteminin inkişaf dinamikasını əks etdirən çoxsaylı faktlar mövcuddur. Ötən il bank sisteminin artım göstəriciləri son 4 ildə ən yüksək səviyyəyə - 70-80 faizə çatmışdır. Bütövlükdə ölkənin bank sisteminin aktivləri 2004-cü ildən etibarən 5 dəfə artmışdır və 2007-ci ildə bu göstərici 6,8 milyard manat təşkil etmişdir. Hazırda Azərbaycanın məcmu bank aktivləri Cənubi Qafqazın bank aktivlərinin təxminən 60 faizinə bərabərdir. Bütün bu və digər göstəricilər Azərbaycan iqtisadiyyatının inkişafının, həmçinin ölkədə sosial durumun getdikcə yaxşılaşmasının təzahürüdür.

Göründüyü kimi, qlobal maliyyə böhranının Azərbaycanın bank sektoruna və bütövlükdə iqtisadiyyatımıza birbaşa təsiri ilə bağlı bəzi müxalifət qəzetlərində qaldırılan hay-küyün əsası yoxdur. Bəli, hazırda dünyada qlobal maliyyə böhranı ilə bağlı ciddi narahatlıqlar yaşanılır və ayrı-ayrı ölkələr böhranın fəsadları ilə üz-üzə qalmışlar.

Lakin qlobal maliyyə böhranından söhbət açarkən hər ölkənin fərqli xüsusiyyətlərini nəzərə almaq lazımdır. Hər bir ölkə getdikcə daha çox dərəcədə qloballaşan dünya ilə sıx inteqrasiyaya can atmaqla yanaşı, həm də müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür. Bu mənada tam cəsarətlə deyə bilərik ki, bu gün Azərbaycan qlobal maliyyə böhranının birbaşa təsirindən qorunmaq iqtidarındadır və bu da səbəbsiz deyil.

Məlumdur ki, bu və ya digər ölkənin hərtərəfli inkişafında, milli maraqlarının maksimum dərəcədə qorunmasında onun iqtisadi potensialı əsas rol oynayır. Bu cəhətdən ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla irəli aparan dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən bəri iqtisadi sahədə qazanılan nailiyyətlər xüsusi qeyd olunmalıdır. Azərbaycanın iqtisadi siyasət kursunda bir-birindən fərqli, eyni zamanda bir-birini tamamlayan iki istiqamət daha çox diqqəti cəlb edir. Bu istiqamətlərdən biri neft amili ilə bağlıdır.

Unutmaq olmaz ki, Azərbaycan tarixən neft diyarı sayılır və respublikamız zəngin karbohidrogen ehtiyatlarına malikdir. Lakin bizim xoşbəxtliyimiz həm də ondadır ki, dövlət başçısının uzaqgörənliyi və iradəsi sayəsində Azərbaycanın neft amilindən asılılığını vaxtında aradan qaldırmağa imkan verən ardıcıl tədbirlər həyata keçirilib. Deməli, son illər ölkəmizdə aparılan iqtisadi siyasətin digər mühüm istiqaməti qeyri-neft sektorunun inkişaf etdirilməsi, o cümlədən bölgələrin inkişaf proseslərinə qoşulması, yeni istehsal sahələrinin yaradılması və iş yerlərinin açılması ilə bağlı olub. Dövlətin qeyri-neft sektorunun inkişafı strategiyasının əsasları artıq uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci illəri əhatə edən birinci Dövlət Proqramında öz əksini tapmışdır. Bundan başqa, ayrı-ayrı regionların sosial-iqtisadi inkişafı ilə bağlı ayrıca əlavə tədbir planı qəbul edilmişdir. Bütün bunlara istinadən deyə bilərik ki, ölkə iqtisadiyyatının çoxqütblüyünə nail olunması, bölgələrin potensialından maksimum istifadə edilməsi dövlətin iqtisadi konsepsiyasının prioritetini təşkil edir. Ən əsas məqam isə ondan ibarətdir ki, ölkənin iqtisadi potensialını bütün miqyası ilə hərəkətə gətirmək üçün lazımi dövlət dəstəyi göstərilir, layihələrin icrasına maliyyə təminatı verilir.

Bütün bunların nəticəsidir ki, son illər Azərbaycan iqtisadiyyatı dinamik inkişaf tempi ilə xarakterizə edilir. Son 4 ildə ölkə iqtisadiyyatında 3 dəfəyə yaxın artıma nail olunub. Azərbaycan iqtisadi inkişafı xarakterizə edən əsas makroiqtisadi göstəricinin - ümumi daxili məhsul istehsalının artım həcmini 25 faizə çatdıraraq bütün dünya üzrə lider mövqeyə yüksəlib. Əsas məqamlardan biri də odur ki, ümumi daxili məhsul istehsalında özəl bölmənin çəkisi getdikcə artır və hazırda bu göstərici 80 faiz civarındadır. Bunlardan əlavə, son 5 ildə paytaxtda və bölgələrdə 750 mindən artıq yeni iş yeri açılıb ki, onların da böyük əksəriyyəti daimidir.

Beləliklə deyə bilərik ki, bir tərəfdən ölkənin zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə olunması, digər tərəfdən isə qeyri-neft sektorunun potensialının hərəkətə gətirilməsi Azərbaycan iqtisadiyyatının davamlı və sabit inkişafına, hər hansı xarici təhlükədən qorunmasına, konkret halda qlobal maliyyə böhranının təsirlərindən sığortalanmasına etibarlı zəmin yaratmışdır.

İqtisadiyyatın dinamik inkişafı, təbii ki, ölkənin maliyyə imkanlarını da genişləndirmişdir. Artıq Azərbaycanın strateji valyuta ehtiyatları 20 milyard dollar həcminə çatmış, beynəlxalq maliyyə qurumlarından asılılığına son qoyulmuşdur. Təkcə ötən il daxili investisiyalarda hökumətin payı daha 12 faiz artaraq 64 faizə yüksəlmişdir. Ölkəmizin qlobal maliyyə böhranının birbaşa təsirinə məruz qalmadığını söyləməyə əsas verən başqa bir fakt - əgər Azərbaycanın xarici borclanmasının ümumi daxili məhsula nisbəti 2005-ci ildə 18, 2006-cı ildə 12, 2007-ci ildə 8 faiz olmuşdusa, hazırda bu rəqəm cəmi 6,5 faiz həddindədir. Müqayisə üçün deyim ki, bu, bütün dünya üzrə ən az riski olan göstəricidir. Yeri gəlmişkən, beynəlxalq maliyyə qurumlarının, o cümlədən Dünya Bankının təmsilçiləri də Azərbaycanın iqtisadiyyatının əsasən güclü daxili potensial üzərində qurulduğunu vurğulayaraq ölkəmizin qlobal maliyyə böhranının təsirindən qorunmağa daha yaxşı hazır olduğunu etiraf edirlər.

Qlobal maliyyə böhranının Azərbaycanın bank sektoruna təsirinə gəldikdə isə, hələlik bu, müşahidə olunmur və gələcəkdə də onun olacağını proqnozlaşdırmağa əsas verən arqumentlər yoxdur. Ölkənin bank sektoru sabit fəaliyyət göstərir, tam idarə olunur və bütün proseslər nəzarət altındadır.

Bu nikbinlik ilk növbədə Azərbaycanın bank sektorunun spesifik xüsusiyyətlərindən qaynaqlanır. İlk növbədə onu qeyd edək ki, Azərbaycan banklarının xarici kapitaldan asılılığı minimal səviyyədədir. Belə ki, hazırda ölkə banklarının xarici borclanması bank aktivlərinin cəmi 18 faizini təşkil edir. Halbuki bu göstərici, məsələn, Qazaxıstanda 78 faiz həddindədir. Bundan başqa, bizim bankların dünya birjalarında səhmləri dövriyyə olunmur və hazırda fəlakətlə üzləşən iri maliyyə qurumlarının səhmlərinə Azərbaycan banklarının portfel investisiyaları yerləşdirilməmişdir.

Azərbaycanın bank sektorunun qlobal maliyyə böhranının arzuolunmaz təsirlərindən qorunmasını şərtləndirən başqa bir amil ölkənin bank-maliyyə sisteminin kifayət qədər sabit olması ilə bağlıdır. Milli Bankın davamlı olaraq həyata keçirdiyi çevik monetar siyasət ölkədə bank sisteminin sabitliyini daha da möhkəmləndirir. Digər bir mühüm cəhət isə ondan ibarətdir ki, son illər ölkənin dinamik iqtisadi inkişafı bir xidmət sahəsi kimi bankların işinə güclü təkan vermişdir. Yəni banklarımız öz fəaliyyətlərini getdikcə daha çox dərəcədə daxili öhdəliklər hesabına genişləndirirlər. Bu, hər hansı xarici təsirdən qorunmaq üçün güclü amildir.

Yeri gəlmişkən qeyd edək ki, ölkənin bank şəbəkəsində dinamikanı saxlamaq, sağlam mühiti qorumaq, real sektoru qlobal maliyyə böhranının hər hansı dolayı təsirindən sığortalamaq məqsədilə hökumət və Milli Bank tərəfindən ardıcıl qabaqlayıcı tədbirlər görülür. Bu tədbirlər ilk növbədə əlavə maliyyə alətlərindən istifadə edilməsinə yönəldilmişdir. Milli Bank hələ ilin əvvəlində maliyyə böhranının ilk simptomlarını nəzərə alaraq bankların xarici borclanmasının idarəedilən təhlükəsiz səviyyədə saxlanılması üzrə konkret addımlar atmışdır və bu, hazırda öz bəhrəsini verir. Milli Bankın kreditlər üzrə uçot dərəcəsini və faiz dəhlizinin yuxarı həddini aşağı salması da ölkədə maliyyə sabitliyinin qorunmasına xidmət edir. Uçot dərəcələrinin aşağı salınması kommersiya banklarına kreditləri əvvəlki səviyyədə sabit saxlamağa imkan yaradır. Bankların daxili öhdəliklərinə görə yaradılan ehtiyat fondunun faiz dərəcəsinin endirilməsi, xarici öhdəliklərinə görə yaradılan məcburi ehtiyat fondunun ləğv edilməsi bütünlükdə bankların normal fəaliyyətinin tənzimlənməsinə xidmət edir. Hökumətin bank və sığorta təşkilatlarının mənfəətlərinin kapitala yönəldilən hissəsinin vergidən azad edilməsi barədə qərarı da real sektor üçün böyük maliyyə dayağıdır. Qeyd edim ki, bu qərar gələn ilin əvvəlindən qüvvəyə minir.

Belə səmərəli qabaqlayıcı tədbirlərin gələcəkdə də həyata keçirilməsi istisna deyil. Şübhə yoxdur ki, hökumət, eləcə də Milli Bank daxili vəziyyəti, dünya miqyasında baş verən prosesləri ciddi şəkildə izləyir və şübhə yoxdur ki, zəruri məqamlarda adekvat tədbirlər görəcəklər.

Bununla belə, indiki məqamda ölkə iqtisadiyyatını qlobal maliyyə böhranının dolayı təsirindən qorumaq üçün bank-maliyyə sektorunun üzərinə böyük məsuliyyət düşür. Banklar real sektorun maliyyə resurslarına yaranan ehtiyaclarını təmin etməlidirlər. Həmçinin, ölkə banklarının risk menecmenti real sektorun tələblərini ətraflı öyrənməli və müvafiq qiymətləndirmə aparmalıdır. İndiki durumda heç bir vəchlə real sektorun problemlərindən uzaqda durmaq olmaz. Eyni zamanda, banklar yaranan çətinlikləri maliyyə resursları hesabına bərpa etməyə çalışmalıdırlar. Təbii ki, bu zaman maliyyə resursları daha aşağı faizlə və daha uzun müddətə müəyyənləşdirilməli, bankların kredit siyasəti şəraitə uyğunlaşdırılmalıdır. Kreditləşmə bankların fəaliyyətinin mühüm istiqamətini təşkil etdiyindən onun dayandırılması bankların aqibətinə çox ağır zərbə olardı. Buna görə də ölkənin bank sektorunda kredit dövriyyəsi heç vaxt dayandırılmamışdır və bu barədə dolaşan söz-söhbətlərin əsası yoxdur. Hazırda bankların kredit portfeli 43 faiz artaraq 6,5 milyard manata çatmışdır. Təkcə son vaxtlar banklar tərəfindən 389 milyon manat məbləğində yeni kreditlər verilmişdir və bu proses normal qaydada davam etdirilir. O başqa məsələ ki, indiki şəraitdə kreditləşməyə daha konservativ yanaşma zərurəti yaranmışdır və banklar kredit verərkən daha ehtiyatlı davranırlar. Belə ehtiyat tədbirləri bankların öhdəliklərinin icrasını yaxşılaşdırmaq, kredit riskini azaltmaq məqsədilə həyata keçirilir. Xatırladım ki, hazırda dünyanı çalxalayan qlobal maliyyə böhranı öz başlanğıcını məhz riski çox olan ipoteka kreditlərindən götürmüşdür.

Əhalinin banklara qoyduqları əmanətlərin taleyi ilə bağlı yaşanan gərginlik isə başadüşüləndir. Bu, çox həssas məsələdir. İnsanlar zəhmət hesabına qazandıqları, qənaət etdikləri vəsaitlərini gələcəklərinin təminatı naminə banklarda yerləşdirmişlər. Həmin əmanətlərin taleyinin guya şübhə altında qaldığı barədə yayılan şaiələr, təbii ki, cəmiyyətdə müəyyən gərginlik yaradır. Nəticədə son vaxtlar bəzi insanlar öz əmanətlərini banklardan geri götürməyə başlamışlar. Halbuki belə ajiotaja heç bir real səbəb yoxdur. Hazırda Azərbaycanın bank sektorunda likvidlik problemi yaşanmır. Bank aktivlərinin təxminən 23 faizi likvid vəsaitlərdir ki, bu da bütövlükdə ölkə banklarına qoyulan əmanətləri qaytarmaq üçün yetərli həcmdir. Aparılan təhlillər göstərir ki, hətta bütün əmanətçilər eyni gündə əmanətlərini geri götürmək istəsələr belə, ölkənin bankları həmin əmanətləri yaradılmış resurslar hesabına ödəmək iqtidarındadır.

 

Etibar ƏLİYEV,

iqtisad elmləri namizədi

 

Azərbaycan.-2008.-18 dekabr.-S.1-3.