Əfqanıstan Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləyir
Dekabrın 17-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Əfqanıstanın xarici işlər naziri Rangin Dardfar Spanta ilə görüşdü. Qonağı salamlayan spiker Oqtay Əsədov qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verdiyini bildirdi. Milli Məclisin Sədri Əfqanıstan parlament nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana səfərini xatırlatdı və dövlətlərimiz arasında münasibətlərin dərinləşməsində qanunverici orqanların rolunu xüsusi qeyd etdi. Bildirdi ki, Milli Məclisdə Azərbaycan-Əfqanıstan parlamentlərarası dostluq qrupu yaradılıb. Qarşı tərəfdə də belə bir qrupun yaradılması dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verdi, Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyinə görə Əfqanıstan hökumətinə və xalqına minnətdarlıq etdi, bu siyasətin dəyişməyəcəyinə ümidvar olduğunu vurğuladı.
Ölkəsi ilə Azərbaycan arasında tarixi və mədəni oxşar cəhətlərin olduğunu vurğulayan Əfqanıstanın xarici işlər naziri Rangin Dardfar Spanta Azərbaycanın Əfqanıstana bugünkü çətin vəziyyətində göstərdiyi yardıma görə təşəkkür etdi. R.D.Spanta Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin Azərbaycanın mövqeyini dəstəklədiyini bir daha diqqətə çatdırdı və bildirdi ki, bu məsələ Əfqanıstanın xarici siyasətinin əsas istiqamətlərindəndir.
Görüşdə Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında iştirakı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.
Azərbaycan.-2008.-18 dekabr.-S.2.